Tovuzda ilk torpaq
hərracı özünü
doğrultdu
İlk torpaq hərracına xeyli adam yığışmışdı. Qonşu Şəmkir rayonundan da gələnlər var idi. İlk hərraca və müsabiqəyə Tovuz şəhər bələdiyyəsi ilə yanaşı, Qovlar qəsəbəsindən və Düz Qırıqlı kəndlərindən 7 torpaq sahəsi çıxarılmışdı.
Rayon torpaq və xəritəçəkmə şöbəsinin müdiri Mahir Abbasov hərrac komissiyasının üzvlərini təqdim etdi və tədbirin mahiyyəti barədə ətraflı məlumat verdi. Sonra isə növbə ilə hər sahə üzrə iddiaçıları müsabiqə otağına dəvət etdi. İlk meydan Düz Qırıqlı bələdiyyəsinə verildi. 520 kvadratmetr satış sahəsi üçün 2 iddiaçı var idi - Məhbubə Allahverdiyeva və Fəridə Məmmədova. İlkin qiymət - 310 manat elan olundu. Hər ikisi bu məbləğlə razılaşdı. Sonra qiymət pillə-pillə artmağa başladı. Bir azdan F.Məmmədova geri çəkildi. Məhbubə Allahverdiyeva qalib gəldi. Torpağın ona satılması barədə qərar qəbul edildi.
Tovuz rayonunda keçirilən ilk torpaq hərracının ilk qalibi ilə görüşdüm. Məhbubə xanım ixtisasca müəllimdir. Deyir ki, məişət xidmətinin təşkili və avadanlığın təmiri ilə maraqlanır. Bu torpaq onun üçün göydəndüşmə oldu. Evin düz yanıdır. Kredit götürüb yığcam bir sex tikmək istəyir. Sonra Düz Qırıqlı bələdiyyəsində sahibkarlıq məqsədilə hərrac yolu ilə 24 sot torpaq satıldı. Fərdi ev tikintisi üçün müsabiqə yolu ilə 2 nəfər də hərəsi 900 kvadratmetr torpaq aldı.
Qovlar qəsəbəsində sahibkarlıq obyektinin inşası üçün hərracda isə Şahin Allahverdiyev qalib gəldi. Tovuz bələdiyyəsi də hərraca 2 sahə çıxarmışdı. İkisi də ədalətlə, qarşılıqlı anlaşma yolu ilə sahibini tapdı.
Sonra fərdi ev tikmək istəyənlərin müsabiqəsi başlandı. Bunun üçün 8 sot torpaq ayrılmışdı. İlkin qiymət 645 manat qoyulmuşdu. İddiaçıların zərfləri açıldı. Akif Məmmədov həmin sahəni 650 manata almaq istədiyini bildirmişdi, Kənan Əhmədov isə 700 manat təklif etmişdi. Müvafiq qaydaya görə, daha yüksək qiymət verən iddiaçı Kənan Əhmədov qalib hesab olundu.
K.Əhmədov cavan oğlandır. İki uşağı var. Ata-anası və evli qardaşı ilə bir yerdə yaşayır. Deyir ki, özünə ayrıca ev tikmək istəyir. Neçə vaxtdır torpaq almaqda çətinlik çəkirdi. Müsabiqə üsulu ürəyincə olub. Allah qoysa, bu yaxınlarda yeni mənzilin inşasına başlamaq fikrindədir.
Beləcə, Tovuzda ilk hərrac və müsabiqə uğurla keçdi. Heç bir mübahisə, münaqişə müşahidə edilmədi. Tərəflər səmimiyyətlə, razılıqla, bir-birinin əllərini sıxaraq ayrıldılar.
Əhməd İSAYEV
Azərbaycan.- 2009.- 19 iyun.-
S. 6.