Azərbaycan yaxın gələcəkdə türk dünyasının mərkəzinə çevriləcək

 

Tarixi araşdıranda gördüm ki, Güney Azərbaycan, Quzey Azərbaycan və İraq türkmanları bir bütövün parçalarıdır.

 

Heydər ƏLİEV

 

Ötən ay Bakıda Dünya Türk Gəncləri Birliyinin (DTGB) VIII liderlər toplantısı keçirildi. Həmin toplantıda 28 dövlət toplumunun, muxtar dövlətin və Avropanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın nümayəndələri iştirak edirdilər. Birliyin əsas məqsədi türksoylu xalqları təmsil edən gəncləri bir-birinə yaxınlaşdırmaq, bu xalqların böyük bir ərazidə yaratdıqları ortaq mədəniyyəti öyrənmək və təbliğ etmək, türk dövlət və topluluqlarında baş verən ictimai-siyasi, elmi-mədəni, ekoloji, sosial problemlərə münasibət bildirmək, azsaylı türk xalqlarının hüquqlarının dünya birliyi tərəfindən qorunması işinə kömək etməkdən ibarətdir. Bakıda belə bir möhtəşəm tədbirin keçirilməsi bir daha sübut etdi ki, Azərbaycan artıq türk dünyasının mərkəzinə çevrilməkdədir.

Tədbirə gələnlər arasında İraq türkmanlarının nümayəndəsi, tanınmış yazıçı, qəzetçi, şair Şəmsəddin Küzəçi də var idi. Ömrünün 50 ildən çoxunu Azərbaycan-türkman ədəbi əlaqələrinin yaranıb inkişaf etməsinə, təşəkkülünə, eləcə də İraq ədəbi mühitinin araşdırılmasına həsr etmiş professor Qəzənfər Paşayev söylədi ki, Şəmsəddin Küzəçi Əbdüllətif Bəndəroğludan sonra ikinci şəxsiyyətdir ki, Azərbaycan-türkman ədəbi əlaqələrinin dərinləşməsində, yaşamasında böyük xidmət göstərir. Şəmsəddin Küzəçi türk dünyası ədəbiyyatının ən önəmli nümayəndələrindən biridir. İllərdir ki, dünyanın sülhsevər xalqları yaralı Kərkükün səsini onun poetik avazında eşidirlər:

 

Türk oğlu türk əslim mənim,

Oğuz boyu nəslim mənim,

Şan-şöhrətli ismim mənim,

Mən kərküklü bir türkmanam.

 

Ömrünü ədəbiyyata bağlayan Şəmsəddin Küzəçi türk dünyasını yaxşı tanıyan, əməli ilə sözü bir, maarifpərvər, milli düşüncəyə, təfəkkürə malik bir şəxsiyyətdir. O, Kərkükdə anadan olub. İlk təhsilini burada alıb. Mosulda universitet bitirib. Uzun illər Kərkük televiziyasının Bağdad türkman radiosunda çalışıb. O, İraq, Türkiyə Azərbaycan yazıçılar birliklərinin üzvüdür, Dünya Türk Gəncləri Birliyinin həmsədridir. Şəmsəddin Küzəçinin rəhbərliyi ilə Türk Dünyası Gənc Jurnalistlər Birliyi yaradılıb. O, həmçinin İraq-Türkman Ədəbiyyatçılar Birliyinin uluslararası koordinatoru kimi fəaliyyət göstərir. Xeyli sayda məqalə dərc etdirən Şəmsəddin Küzəçi 11 kitabın müəllifidir.

O, türk ərəb dünyasında yaxşı tanınan məşhur bir nəslin övladıdır. Əmisi Əbdülvahid Küzəçioğlu çox məlahətli güclü səsə malik tanınmış müğənni idi. Şərq ölkələrinin əksəriyyətində bu ifaçının dəfələrlə konsert proqramı olmuşdur. 1966-cı ildə Kərkükdə Küzəçioğlunun "Xoyrat bəstələr" kitabı çapdan çıxıb. Orada Azərbaycan şairlərindən Səməd Vurğunun "Gülə-gülə" Rəsul Rzanın "Layla, balam, ay layla" şeirlərinə bəstələnən mahnılar da var. Əbdülvahid Küzəçioğlu "Olum boyun qurbanı", "Ay qız, mənə bax, bax", "Vəfasız", "Samovar almışam, silənim yoxdur" adlı Azərbaycan xalq, eləcə bəstəkar mahnılarını məhəbbətlə oxuyardı. Məhz onun fəaliyyəti sayəsində ötən əsrin ortalarında Azərbaycan mahnıları Kərkükdə məşhurlaşmışdı.

Qəzənfər Paşayev bildirdi ki, 1994-cü ildə Kərkükdə Füzulinin 500 illik yubileyi keçirilən zaman səhnədə Azərbaycan mədəniyyət xadimlərindən Arif Babayev, Canəli Əkbərov, Mələkxanım Əyyubova çıxış ediblər. Onların məlahətli ifası qocaman xanəndəni valeh edib. O, səhnəyə çıxaraq "Azərbaycan musiqi alətləri bizdə olsaydı, mən dünyanı çevirərdim" deyərək soydaşlarımızla birgə ortaq mahnılarımızı ifa edib.

Şəmsəddin Küzəçi söyləyir ki, mənim Azərbaycana sevgim hələ uşaqlıq illərimdən baş qaldırmışdı. İraqlı Sinan Səidin Azərbaycan radiosu vasitəsilə apardığı verilişlərə diqqətlə qulaq asar, onun söylədiyi şeirləri, eləcə müğənni Nərminə Məmmədova ilə birlikdə oxuduğu mahnıları dinləməkdən doymazdım. Günlərin birində Şəmsəddin Küzəçi Azərbaycan Radiosuna məktub göndərərək şeir kitabları istəyir. O günləri xatırlayan Şəmsəddin Küzəçi dedi:

"1975-ci il idi. Mənim 15 yaşım vardı. Qəflətən məktəbin müdiri məni kabinetinə çağırdı soruşdu:

- Sənin Azərbaycanda kimin var?

- Kimsəni tanımıram.

- Bəs necə olur ki, oradan sənə məktub bağlama göndəriblər?

Həqiqətən Bakıdan mənə Səməd Vurğunun kitabını göndərmişdilər. Biz türkmanlar Qəzənfər Paşayevə çox minnətdarıq. Azərbaycandakı qardaşlarımızla əlaqələrimizi o yaratdı. Bizim İraqda digər yerlərdə kitabımız basılsa, birinci göndərəcəyimiz yer, ünvan Azərbaycan olur. Yadımdadır ki, unudulmaz Heydər Əliyevin təlimatı ilə 2001-ci ildə Bakıda Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyində "Azərbaycan-İraq (türkman) ədəbiyyatı mədəniyyəti ekspozisiyası" zalı yaradıldı. Biz ora əslində İraq-türkman ocağı kimi baxırdıq. Bu gəlişimdə həmin salonu görmədim. Muzey təmirdən sonra yeni həyatına başlasa da, nədənsə bizim böyük maraq göstərdiyimiz ekspozisiyanın əşyaları sərgilənmir. Bu məni bir qədər məyus etdi. Çünki harada yaşamağımızdan asılı olmayaraq Azərbaycan bizim üçün çox önəmlidir. Xüsusilə İraqda yaşayan türkmanlar üçün Məkkə Mədinə qədər müqəddəsdir".

Şəmsəddin Küzəçi onuncu dəfədir ki, Azərbaycanda olur. Son dəfə 2007-ci ildə Bakıda bir tədbirə dəvət alıb. Söhbət zamanı söylədi ki, Bakı çox dəyişib, gözəlləşib. Xüsusilə yeni salınmış körpülər, yollar şah əsərlərdir. Dünyanın çox yerində olmuşam. Bu cür sürətlə yeniləşməni, inkişafı mən ilk dəfə Bakıda gördüm. Yadıma ötən əsrin 80-ci illərində dəyişən Bağdad düşdü. Bakı doğrudan da dünyanın ən gözəl, cazibədar şəhərlərindən biridir. Düşünürəm ki, çox keçməz, bu sevimli şəhər bütün türk dünyasının mərkəzinə çevrilər. Mən buna əminəm. Bir arzum da var ki, Azərbaycan həmişə olduğu kimi, İraq türkmanlarına mənəvi baxımdan, mədəniyyət yolu ilə həmişə dəstək olsun. Biz unudulmaz Heydər Əliyevin söylədiyi kimi, bir bütövün ayrı-ayrı parçalarıyıq. Birliyimizdən, bir araya gəlməyimizdən çox şey qazanarıq. Hər il İraqda Füzuli festivalı keçirilir. Çalışırıq ki, dünyanın başqa-başqa yerlərində yaşayan soydaşlarımız Füzulini ziyarət etsinlər. Doğrudur, indi Kərkükün durumu sıxıntılıdır. Amma inamımız, ümidimiz üzülməyib. İnanırıq ki, haqq-ədalət yerini tapacaq. Heç bir mənəvi fiziki təzyiq bizim özgünlüyümüzü əlimizdən ala bilməz. Türkman da, özbək , qazax da, azəri - hamısı bir dildə danışan, bir qandan olan insanlardır. Vaxtilə İraqla Azərbaycan arasında mənəvi körpüləri qurub-yaradanlar olub. Bu, təkcə mənəvi əlaqə deyildi, həm əsl vətəndaşlıq qayələrini əks etdirən bir amal, bir məqsəd olub. Bizim üçün xoşdur ki, Əbdüllətif Bəndəroğlu, İhsan Doğramacı, Qəzənfər Paşayev, eləcə onların timsalında neçə-neçə soydaşımız dünya türklərinin ədəbi əlaqələrinin yaranmasına, inkişaf etməsinə, yaşamasına canı-dildən çalışıb.

Bakı mənim üçün çox əzizdir. Burada özümü kəndi evimdə hiss edirəm. O qədər fərəhlənirəm ki, hava limanından tutmuş rəsmi tədbirlərə, mərasimlərə kimi hamı eyni dildə danışır. Bu, böyük xoşbəxtlikdir.

İndi bütün dünyanın gənclərinin bir araya gəlməsi, toplantı keçirməsi sübut edir ki, türk dünyası beynəlxalq siyasi arenada da böyük nüfuz qazanmış kifayət qədər güclənmişdir. Ulu öndər Heydər Əliyevin ən böyük arzusu idi ki, soydaşlarımız bir araya gəlsinlər, necə deyərlər, çəkici bir zindana vursunlar. Bu gün həmin arzuları gerçəkləşdirən Prezident İlham Əliyev təkcə Azərbaycan gənclərinin deyil, dünyanın türk dövlətlərində yaşayan bütün insanların sevimlisidir.

Biz inanırıq ki, tezliklə bu gözəl xalq üzləşdiyi Qarabağ savaşından da qalib çıxacaq dünyada öz sülhsevərliyi, humanistliyi, insanpərvərliyi ilə yeni zirvələrə ucalacaq".

 

 

Flora XƏLİLZADƏ

 

Azərbaycan.- 2009.- 19 iyun.- S. 7.