Azərbaycan
Yazıçılar Birliyinin Aran bölməsi 2002-ci ilin
payızında yaradılıb. Bu qurumun fəaliyyətə
başlaması bölgədə yaşayıb-yaradan qələm
sahiblərinin uzun illər arzuladıqları bir amalın
gerçəkləşməsi idi. AYB-nin sədri Anar, birinci
katibi Fikrət Qoca, bölgənin yetirmələri və digər
yazarların iştirakı ilə keçirilən tədbirdə
yeni bölmənin fəaliyyətinə rəvac verildi. Aran
bölməsi Sabirabad, Saatlı, Biləsuvar və
İmişlidə yaşayıb-yaradan istedadlı insanları
bir mənəvi ocaq başında cəm edə bildi.
Bölmənin mərkəzi
İmişli seçildi. Bəllidir ki, bu bölgədə ədəbi
həyatın yaşı elə də qədim deyildir. Burada
yaradıcılıq prosesinin inkişaf yolu asan olmayıb.
Ötən əsrin ortalarında Rəhim Rəmzi, Balaxan
İbadlı kimi yerli şairlər məhəlli çərçivədə
tanınmışdılar. Cəfər Qarayevin, Şükür Seyfullayevın,
Zülfüqar Miriyevin yazıları yerli qəzetdə dərc
edilirdi. Lakin hələ də ədəbi qüvvələrin
bir araya gələrək bir ocaq başında fəaliyyət
göstərməsi alınmamışdı. Sonralar rayonda
çıxan "Qızıl ulduz" (indiki "Xalq
sözü") qəzeti redaksiyası nəzdində
"Ümid" ədəbi dərnəyi fəaliyyətə
başladı. Bu dərnəyə uzun illər Siyab Məmmədov
rəhbərlik edib. Onun fədakar əməyi sayəsində
İmişlidə gənc ədəbi qüvvələrin əsl
sənət yoluna istiqamətləndirilməsində
yaşıl işıq yandı. Sonralar bu işi Murad
Qoçuoğlu və Qəşəm Nəcəfzadə
davam etdirərək Aranda yaşayan ədəbi qüvvələrin
bir araya gəlməsində əhəmiyyətli rol
oynadılar. Bir danılmaz fakt da var ki, Aran bölgəsinin gəncləri
adətən Gəncədə ali təhsil almağa gedirdilər.
Yazıya marağı olanlar isə yazıçı Qərib
Mehdinin Gəncə Alimlər Evi nəzdində
yaratdığı "İlham" ədəbi birliyinin
üzvü olurdular. Həmin gənclər ali məktəbi
bitirib İmişliyə qayıtdıqdan sonra Gəncədə
öyrəndikləri ənənələri doğma
ocağın ədəbi mühitinə tətbiq edirdilər.
Vaxtilə İmişlidə yaşayıb-yaradan Valeh
Bahaduroğlu, Qəşəm Nəcəfzadə, Sərvaz
Hüseynoğlu Qərib Mehdinin yetirmələridir. O,
heç vaxt unudulmur. Qərib Mehdi həqiqətən öz
yetirmələrini Rəsul Rza, Əli Kərim, Bəxtiyar
Vahabzadə, Məmməd Araz ruhunda tərbiyə etmişdi və
bu ruhla dünya ədəbiyyatına pəncərə
açmalarına köməkçi olmuşdu.
Azərbaycan
Yazıçılar Birliyinin Aran yazıçılar bölməsinin
sədri, 2009-cu ildən Prezident təqaüdünə layiq görülmüş
Sərvaz Hüseynoğlu həm də "Aran"
jurnalının baş redaktorudur. Ondan çox şeir kitabının
müəllifi olan Sərvaz Hüseynoğlu xalq
yazıçısı Anar, tanınmış pedaqoq, əməkdar
müəllim İmamverdi Əbilov və digərlərinin
yaradıcılığına həsr edilmiş elmi monoqrafiyaların
müəllifidir. Özünəməxsus
yaradıcılıq yolu, orijinal şeir üslubu var.
Maraqlı poetik düşüncəyə malikdir:
"Dünya köhnə qalayçıdı - gəldim, təzələnib
gedim". Həqiqətən də Aranda yaşayıb-yaradan
qələm əhlinin əksəriyyətini
respublikamızın çox yerində tanıyırlar.
Onların yaradıcılığı ilə təkcə Azərbaycanda
deyil, türk dünyasında da tanışdırlar. Bəzilərinin
qardaş ölkədə bir neçə kitabı
işıq üzü görüb. Söhbət zamanı Sərvaz
Hüseynoğlu belə dedi:
"AYB-nin Aran bölməsinin
fəaliyyətə başladığı ilk günü
böyük minnətdarlıq hissilə xatırlayıram. Bu bölmə hələ rəsmən
yaradıldığı gündən çox-çox əvvəl
bizim düşüncələrimizdə, xəyallarımızda
yaranmışdı. Açığı, həsəd
aparırdıq ki, Yazıçılar Birliyinin
Naxçıvan, Gəncə, Şəki, Lənkəran,
Qazax, Quba, Mingəçevir, Şamaxı və Sumqayıtda
bölmələri fəaliyyət göstərir.
Həmkarlarımızın
həmin bölgələrdə ədəbiyyat
işığının daim gur yanması üçün
ürək yanğısı ilə
çalışdıqlarından xəbərdar idik. Ona görə də çox isitəyirdik
ki, belə bir mənəviyyat ocağı bizim bölgədə
də yaradılsın. Bu, adicə arzu deyildi, həqiqətən
bölgədə respublikanın ədəbi həyatında
öz imzalarını yetərincə təsdiq etmiş xeyli qələm
adamları yaşayıb-yaradırdı. Keçid
dövrünün ilk ağırlığı, çətin
illəri çoxunu ruhdan salmışdı. Hərə
öz hücrəsinə çəkilərək əlaqələrdən
uzaqlaşmışdı və təbii ki, bölgənin ədəbi
həyatında bir susqunluq hökm sürürdü. Belə
bir vaxtda belə bir yaradıcılıq qurumuna böyük
ehtiyac var idi. Yaxşı ki, Yazıçılar Birliyinin rəhbərliyi
o vaxt köməyini qəti bizdən əsirgəmədi".
Beləliklə, AYB-nin
Aran bölməsi inamla fəaliyyətə başladı və
öz işində daha çox əmələ söykəndi.
Sabirabadda, Saatlı və
Biləsuvarda ədəbi görüşlər keçirildi.
Rüblük "Aran" jurnalı işıq üzü
gördü. Bölgədə yaşayıb-yaradan müəlliflərin
əsərlərindən ibarət "Aran" toplusu nəşr
olundu. Yeni nəşrlərin Yazıçılar Birliyində
təqdimatı keçirildi. Biləsuvarda Muxtar Əhmədin,
Ziya Şəkərlinin, Sabirabadda Nisə Bəyimin,
Saatlıda Qənbər Əhmədin, Şöhrət
Qaraoğlunun, İmişlidə Əlağa Mərdanlının,
Mirələkbər Cövhərlinin, Səməd
İsmayılovun, Binnət Nəsibovun yaradıcılıq
gecələri təşkil olundu. Oxucularla görüşləri
keçirildi. Görkəmli şair-yazıçılardan Səməd
Vurğunun, Süleyman Rüstəmin, İlyas Əfəndiyevin,
İsmayıl Şıxlının xatirələrinə həsr
edilmiş mərasimlərdə həm
yazıçı-şairlər, ədəbiyyat həvəskarları,
həm də oxucular iştirak edirdilər.
Bu gün AYB-nin Aran
bölməsi öz ətrafında ədəbi həyatda
kifayət qədər tanınan neçə-neçə
istedadlı şəxsi birləşdirib: Şöhrət
Qaraoğlu, Cabir Savalan, Ağasəlim Hacıyev, Çingiz
Bahaduroğlu, Şahnaz Nəsirova, Qalib Bayram, Malik Aranlı,
Firudin Həsənağa, Məryəm Şahverdiyeva,
Şahsuvar Şirin kimi şair və
yazıçıların bir araya gəlməsi bölgədə
ədəbi həyatın qaynar olmasını təmin edir.
Məhz bu zəmin əsasında
ədəbiyyata öz dəst-xətti olan gənc ədəbi
qüvvələr də qədəm qoyurlar. Əbdülkərim Paşayev, Nazim
Zahid, Ağamirzə Babayev, Camal Nikbin, Alim Cövhərli, Əli
Aşiq, Şamil Hüseynov və başqalarının
yaradıcılığı böyük ümid doğurur.
Ölkə Prezidenti
İlham Əliyevin sərəncamı əsasında yubileyləri
qeyd olunacaq şair və yazıçıların bu bölgədə
də xatirə günləri keçirilir, onların
yaradıcılığından geniş söhbət
açılır.
AYB-nin Aran bölməsinin
sədri Sərvaz Hüseynoğlu bildirir ki, ədəbi-mədəni
həyatın inkişafına İmişli Rayon İcra
Hakimiyyətinin rəhbərliyi də həssaslıqla
yanaşır, bölmənin xətti ilə reallaşdırılmış
bütün tədbirlərdə mənəvi yardım həmişə
hiss edilir. Əlbəttə, hər bir işin uğurla nəticələnməsi
ona göstərilən qayğıdan, diqqətdən
çox asılıdır. Bu mənada bölgələrdə
yaşayan, fəaliyyət göstərən istedadlı şəxsiyyətlərə
yerli icra hakimiyyətlərinin diqqət göstərməsi
yaradıcı insanlarda xoş əhvali-ruhiyyə oyadır.
F.XƏLİLZADƏ
Azərbaycan.- 2009.- 19 iyun.- S. 7.