Özündən çox dostları
sevinirdilər
İsmayıllı
rayonundakı İ.Həsənov adına şəhər 1
saylı orta məktəbin direktoru, respublikanın əməkdar
müəllimi Şəfaqət Rəsulov ləyaqətlə
ömür sürənlərdəndir. 1951-ci ildə rayonun
Mican kəndində doğulub. Gəncədə Pedaqoji
İnstitutun kimya fakültəsini bitirib. Sonra ordu
sıralarında hərbi xidmət keçib, ayrı-ayrı
orta məktəblərdə kimya fənnindən dərs deyib,
rayon təhsil şöbəsində müxtəlif vəzifələrdə
işləyib. Ötən il ölkə Prezidentinin sərəncamı
ilə onun rəhbərlik etdiyi təhsil ocağı
"İlin ən yaxşı məktəbi" müsabiqəsinin
qalibi olub.
Şəfaqət müəllimi
insanlara sevdirən həm də xeyirdə-şərdə
yaxından iştirak etməsi, davranışındakı səmimilikdir.
Bir neçə ay əvvəl ürəyi onu sınağa
çəkəndə, İsmayıllı şəhər xəstəxanasında
müalicə olunanda bir daha yəqin etdi ki, dostları onu
heç vaxt intizarda saxlamaz, darda qoymazlar.
Şəfaqət müəllim
bu barədə deyir: "Dost-tanışlarımın məsləhəti
ilə Mərkəzi Neftçilər Xəstəxanasında
yüksək ixtisaslı, tanınmış həkim Abasəli
Abasəliyevə müraciət etdim. Müayinədən sonra
bəlli oldu ki, ürəyimdə üç damarın fəaliyyəti
məhdudlaşır, cərrahla məsləhətləşmək
lazım oldu. Xəstəxananın cərrahiyyə şöbəsinin
müdiri Rəşad Mahmudov təkrar müayinələrdən
sonra əməliyyatın aparılması qənaətinə
gəldi. Düzü, bunun üçün xeyli ödəniş
tələb olunurdu. Kiçik qardaşım Moskvada
yaşayır. Analizi və ürəyin fəaliyyətini əks
etdirən diskləri ona göndərdim ki, moskvalı həkimlərlə
də məsləhətləşsin. Bu faktı deməkdə
məqsədim odur ki, Moskvadakı təcrübəli və məşhur
ürək-damar cərrahları Azərbaycan
kardioloqlarının çox bacarıqlı olduqlarını
bildirmiş və Bakıda müalicəyə
üstünlük vermişdilər. Bu sözləri eşidəndə
ümidim xeyli artdı və nəhayət, aprel ayında
İsmayıllı rayon xəstəxanasının baş həkimi
Aftandil Rəhimov mənə bildirdi ki, qonşu Qəbələ
rayonunda istifadəyə verilmiş Diaqnostika Mərkəzində
Neftçilər Xəstəxanasının həkimləri
Dövlət Neft Şirkətinin vəsaiti hesabına ürək-damar
əməliyyatı edəcəklər.
Həmin xəstəxanada
hərtərəfli müayinə edilərək əməliyyata
hazırlandım. Aprelin 21-də Qəbələ Diaqnostika Mərkəzində
mənimlə birlikdə üç nəfər (Füzuli
rayonundan qaçqın Tərxan Bayramov və Qəbələ
sakini, 21 yaşlı Rəhman Xəlilov) üzərində
açıq ürək əməliyyatı aparıldı. Əməliyyat
uğurla keçdi və aprel ayının 30-da evə
buraxıldıq.
Mənim təhsil
sektorunun inkişafı ilə əlaqədar Azərbaycan
Prezidentinin və hökumətin həyata keçirdiyi tədbirlərdən
kifayət qədər məlumatım var idi. İndi isə səhiyyə
sahəsində görülən qlobal işlərin şahidi
oldum. Ən müasir tibbi avadanlıqlarla təchiz edilmiş,
hər cür şəraiti olan, dünya standartlarına cavab
verən diaqnostika mərkəzlərimiz var. Lənkəranda,
Naxçıvanda, Gəncədə, Yevlaxda, Zaqatalada inşa
edilən belə tibb ocaqlarında ən ağır xəstəliklər
müalicə olunur.
Mənim müalicəmə
kömək edən həkimlərin, dostların
adlarını çəksəm, uzun siyahı alınar. Fürsətdən
istifadə edib onların hamısına dərin minnətdarlığımı
bildirirəm. Məni ən çox sevindirən bir də odur
ki, dövlətimiz vətəndaşının
qayğısına qalır. Onun fiziki cəhətdən
sağlam olması üçün vəsait əsirgəmir.
Necə deyərlər, hətta mənim kimi xəstələnənləri
də dağa-daşa düşməyə qoymur.
Mənim Şəfaqət
müəllimlə bu söhbətimdə iştirak edən
dostları Valeh Salehov və Hafiz Rəhimov onun sağlam həyata
qayıtmasına özündən çox sevinirdilər.
Telman NƏZƏRLİ
Azərbaycan.- 2009.- 19 iyun.- S. 7.