Böyük Britaniya parlamentində Qarabağ həqiqətlərini əks etdirən fotosərgi açılmışdır

 

Avropa Azərbaycan Cəmiyyətinin (AAC) təşkilatçılığı ilə Londonda - Böyük Britaniya parlamentinin binasında AzərTAc-ın fotomüxbiri İlqar Cəfərov, fotoqraflar Mirnaib Həsənov, Elnur Babayev, habelə əcnəbi fotoqraflar Frederik Lengaigne, Klaus Resinger, Oleq Litvinin müəllifləri olduğu və Qarabağ həqiqətlərini əks etdirən 200 fotoşəkildən ibarət sərgi açılmışdır.
Fotosərgidə nümayiş etdirilən əsərlər Xocalı qətliamı, ermənilərin Azərbaycan torpaqlarını işğalı nəticəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş insanların faciəsi, Dağlıq Qarabağda dağıdılmış abidələr və humanitar faciələri əks etdirir.

ərginin açılışında Böyük Britaniya parlamentinin üzvü Maykl Hənkok, Avropa Azərbaycan Cəmiyyətinin sədr müavini Neil Vatson iştirak etmişlər.

Neil Vatson jurnalistlərə bildirmişdir ki, bu ilin yanvarında Bakıda yaradılmış AAC-nin təşkil etdiyi bu sərginin məqsədi Avropa ictimaiyyətinin diqqətini 17 ildir davam edən Qarabağın işğalı nəticəsində yaşanan faciələrə cəlb etməkdir. Cəmiyyətin üzvləri Dağlıq Qarabağ münaqişəsi, o cümlədən Xocalı faciəsi barədə sənəd, fotoşəkillər, kitab və broşürləri Avropa və Amerikadakı millət vəkillərinə göndərirlər.

Bundan başqa, ilin sonuna qədər Qarabağ həqiqətlərindən bəhs edən sənədli filmin də çəkilişi başa çatdırılacaqdır.

 

 

Oqtay BAYRAMOV,

AzərTAc-ın xüsusi müxbiri

Ankara

 

Azərbaycan.- 2009.- 19 iyun.- S. 7.