"İlham Əliyev. İnkişaf - məqsədimizdir" çoxcildliyinin
ikinci cildi çapdan çıxmışdır
"ATƏT-in Parlament
Assambleyasının regiondakı vəziyyətə,
xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinə böyük diqqət
yetirməsini yüksək qiymətləndirirəm. Bu
münaqişə uzun illərdir davam edir. Ermənistan tərəfindən
Azərbaycan torpaqlarının işğal olunması nəticəsində
ölkəmizə böyük ziyan dəymiş, bir milyona
yaxın insan qaçqın və məcburi
köçkün vəziyyətinə düşmüş və
onların çox çətin şəraitdə
yaşadıqlarını diqqətinizə
çatdırıram.
ATƏT-in Minsk qrupunun fəaliyyətinin
hələlik səmərə vermədiyini təəssüflə
vurğulayıram. Gələcəkdə bu qurumun fəaliyyətinin
beynəlxalq normalar əsasında hansısa bir nəticə
verəcəyinə ümidvar olduğumu da bildirirəm.
Bilirsiniz ki,
danışıqlar prosesi davam edir, eyni zamanda bildirim ki,
münaqişənin həllində beynəlxalq ictimaiyyətin
daha çox fəallıq göstərməsi də zəruridir.
Bu prosesdə əsas vasitəçi olan ATƏT-in Minsk qrupu
ilə yanaşı, digər beynəlxalq təsisatlar - ATƏT-in
Parlament Assambleyası, Avropa Şurası, Avropa İttifaqı
da səylərini artırmalıdır. Mənim fikrimcə,
onların bu sahədə fəaliyyətinin gücləndirilməsi
münaqişənin sülh yolu ilə həlli yollarının
tapılmasında böyük əhəmiyyətə
malikdir".
Bu sözlər Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin yenicə
çapdan çıxmış "İnkişaf - məqsədimizdir"
adlı çoxcildliyinin 2-ci cildindən, 2004-cü il
fevralın 4-də ATƏT-in Parlament Assambleyası sədrinin
Dağlıq Qarabağ münaqişəsi üzrə
xüsusi nümayəndəsi Qoran Lenmarkerin
başçılıq etdiyi nümayəndə heyəti ilə
görüşdəki söhbətindən
götürülmüşdür.
Nəşrin
buraxılışına məsul Azərbaycan Prezidenti
Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevdir.
Dövlətimizin başçısı İlham Əliyevin Prezident seçilməsi ilə əlaqədar andiçmə mərasimindəki nitqi ilə açılan bu cilddə Azərbaycan dövlətçiliyinin möhkəmləndirilib daha da inkişaf etdirilməsinə, respublikamızın sürətli iqtisadi tərəqqisi və yüksəlişinə, sosial sahələrdə aparılan islahatlara dair materiallar - nitqlər, çıxışlar, bəyanatlar, müsahibələr, məktublar, məruzələr, müraciətlər əksini tapmışdır. Bu materiallar 2003-cü ilin oktyabrından 2004-cü ilin fevralınadək olan dövrü əhatə edir.
Kitabda dövlətimizin başçısının Cenevrədə keçirilən İnformasiya Cəmiyyəti üzrə Dünya Sammitindəki nitqi, BMT-nin Baş katibi Kofi Annan, həmçinin bir sıra dövlət və hökumət başçıları ilə görüşlərdəki söhbətləri də verilmişdir. Eyni zamanda, xaricə - Fransaya ilk rəsmi səfəri zamanı Prezident Jak Şirakla, Fransa Senatının rəhbərləri və üzvləri, nüfuzlu işgüzar dairələrin, ölkənin xarici işlər, müdafiə, iqtisadiyyat, maliyyə, sənaye nazirliklərinin nümayəndələri, sahibkarlar təşkilatının üzvləri, Fransa Beynəlxalq Əlaqələr İnstitutunun kollektivi ilə görüşləri, çıxışları, nitqləri, ölkənin ən nüfuzlu mətbuat orqanlarına və televiziya kanalına verdiyi dolğun bəyanat və müsahibələri, "Kastel" qrupunun, "Total" şirkətinin prezidentləri ilə söhbətləri verilmişdir.
İkinci cilddə, həmçinin Prezident İlham Əliyevin Rusiya Federasiyasına ilk rəsmi səfərinə, Moskvada keçirdiyi yüksək səviyyəli görüşlərə, apardığı danışıqlara, verdiyi bəyanata, imzalanmış dövlətlərarası sənədlərə dair materiallar da yer almışdır.
Kitaba "Qeydlər", "Şəxsi adlar göstəricisi", "Coğrafi adlar göstəricisi" də daxil edilmişdir.
"Azərnəşr"də buraxılmış cildin hazırlanmasında Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) materiallarından istifadə olunmuşdur.
AzərTAc
Azərbaycan.- 2009.- 19 iyun.- S. 3.