Azərbaycanda Dünya Qaçqınlar
günü qeyd edilmişdir
İyunun 18-də
M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında
Dünya Qaçqınlar günü qeyd edilmişdir.
Milli Məclisin
deputatlarının, nazirlik, dövlət komitəsi və
agentliklərinin, Azərbaycanda fəaliyyət göstərən
beynəlxalq və yerli humanitar təşkilatların,
diplomatik korpus nümayəndələrinin iştirak etdiyi tədbirin
iştirakçıları foyedə qaçqınların və
məcburi köçkünlərin əl işlərindən
ibarət sərgiyə baxmışlar.
Tədbirdə əvvəlcə
BMT-nin Qaçqınlar üzrə ali komissarı Antonio
Quterreşin videomüraciəti nümayiş etdirilmişdir.
Baş nazirin müavini,
Qaçqınların və Məcburi Köçkünlərin
İşləri üzrə Dövlət Komitəsinin və
Beynəlxalq Humanitar Yardım üzrə Respublika
Komissiyasının sədri Əli Həsənov məlumat
vermişdir ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycan
torpaqlarını işğal etməsi nəticəsində
ölkəmizdə 1 milyona yaxın qaçqınlar və məcburi
köçkünlər ordusu yaranmışdır. Bundan əlavə,
Azərbaycanda 3-cü ölkələrdən gələn
qaçqınlar və "qaçqın" statusu almaq niyyətində
olan (sığınacaq axtaran) şəxslər vardır. Bu
gün Azərbaycanda BMT-nin Qaçqınlar üzrə Ali
Komissarlığının 1951-ci il Konvensiyasına və
1967-ci il Protokoluna uyğun olaraq məcburi köçkünlərin
hüquqlarını və sosial müdafiəsini tənzimləyən
mükəmməl hüquqi baza yaradılmış və
bütün bunlar beynəlxalq standartlara
uyğunlaşdırılmışdır. Baş nazirin
müavini BMT-nin bəzi konvensiyalarına münasibət də
bildirmiş, onların bir çoxunun, xüsusilə
qaçqınlarla bağlı olanlarının köhnəldiyini,
həmin sənədlərin qəbul edildiyi vaxt "məcburi
köçkün" anlayışının
olmadığını söyləmişdir.
Əli Həsənov son
illər Azərbaycan dövlətinin qaçqın və məcburi
köçkünlərin çoxsaylı problemlərinin həlli
istiqamətində həyata keçirdiyi tədbirlərdən,
qarşıya çıxan problemlərin aradan
qaldırılması yollarından, doğma yurd-yuvasından
didərgin düşmüş insanların statusunun müəyyənləşdirilməsi
və hüquqlarının tənzimlənməsi istiqamətində
görülən işlərdən ətraflı söhbət
açmışdır. Qeyd etmişdir ki, xüsusilə neftdən
gələn gəlirlərdən bu istiqamətdə səmərəli
istifadə etmək məqsədilə yaradılmış
Dövlət Neft Fondunun vəsaiti hesabına məcburi
köçkünlər üçün son illər
bütün sosial-texniki infrastrukturu ilə birlikdə
salınmış yeni qəsəbələr və həyata
keçirilən digər tədbirlər bu kateqoriyadan olan
insanların istər həyat şəraitinin
yaxşılaşdırılmasında, istərsə də
onların gələcəkdə doğma ocaqlarına
qaytarılması istiqamətində həyata keçirilən
tədbirlərin əsas qayəsini təşkil edir. Komitə
sədri müasir Azərbaycan dövlətinin memarı və
qurucusu Heydər Əliyevin "...işğal olunmuş
bütün rayonlardan didərgin düşmüş, indi
qaçqın vəziyyətində, köçkün vəziyyətində
yaşayan vətəndaşların problemləri bizim
üçün və şəxsən mənim
üçün bir nömrəli problemdir" sözlərini
xatırlatmış, Prezident İlham Əliyevin doğma
yurd-yuvalarından didərgin düşmüş
soydaşlarımızın mənzil-məişət şəraitini
yaxşılaşdırmaq məqsədi ilə
gördüyü işləri minnətdarlıq hissi ilə
yada salmışdır. Natiq dövlətimizin
başçısının doğma torpaqlarından didərgin
düşmüş insanların problemlərinə həmişə
həssaslıqla yanaşdığını
vurğulamış, bu istiqamətdə
görülmüş ardıcıl tədbirləri
sadalamışdır.
Komitə sədri məlumat
vermişdir ki, son 15 ildə beynəlxalq humanitar təşkilatlar
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi nəticəsində zərər çəkmiş
qaçqınlara və məcburi köçkünlərə
humanitar yardım göstərilməsi sahəsində ölkəmizdə
böyük iş görmüşlər. Xüsusilə
ölkəmizin çətinlik çəkdiyi 1994-1995-ci illərdə
BMT qurumlarının, digər beynəlxalq təşkilatların
qaçqınlara və məcburi köçkünlərə
himayədarlığını minnətdarlıqla
xatırladan Ə.Həsənov vurğulamışdır ki,
bu yardım olmasaydı, o zaman Azərbaycanda humanitar böhran
baş verərdi. Hazırda ölkədə yüzdən
artıq beynəlxalq humanitar və milli qeyri-hökumət təşkilatı
qaçqın və məcburi köçkünlərə
kömək edir. Bütün beynəlxalq humanitar təşkilatlar
tərəfindən 1993-cü ildən bəri 753 milyon ABŞ
dolları məbləğində müxtəlif layihələr
həyata keçirilmişdir. Bunun 360 milyon dolları
ABŞ-ın qeyri-hökumət təşkilatlarının
payına düşür. Azərbaycan dövləti isə
qaçqınların və məcburi köçkünlərin
sosial-məişət qayğılarının
yaxşılaşdırılmasına, digər problemlərinin
həllinə 2 milyard manat xərcləmişdir.
Əli Həsənov
Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq
normalara əsasən, Azərbaycanın ərazi
bütövlüyü çərçivəsində həll
olunana, bütün qaçqın və məcburi
köçkünlərin doğma yurdlarına qayıdana qədər
respublika hökumətinin qarşısında duran prioritet məsələlər
barədə məlumat vermişdir. Demişdir ki, bunlar iş
yerlərinin yaradılması, mikrokredit və infrastruktur layihələrinin
həyata keçirilməsi, təhsil, səhiyyə
proqramları, hüquqi yardımlar, vətəndaş cəmiyyətinin
inkişafı, reabilitasiya proqramları və sairdir.
Qeyd edilmişdir ki, məcburi
köçkünlərin doğma torpaqlarına
qayıdacağı zaman lazımi şəraitlə təmin
edilməsini nəzərdə tutan "Böyük
qayıdış" proqramı tam hazırdır. Torpaqlar
işğaldan azad olunan kimi Azərbaycan dövləti həmin
ərazilərdə bərpa işlərinə
başlayacaqdır.
BMT-nin Qaçqınlar
üzrə Ali Komissarlığının Azərbaycanda
nümayəndəsi Arun Sala Nqarm dünyada qaçqınlar,
məcburi köçkünlər, onların vəziyyəti
barədə məlumat vermiş, bu insanlara qayğı və
diqqətin vacibliyini vurğulamışdır. Qeyd etmişdir
ki, beynəlxalq aləmdə "qaçqın" və
"məcburi köçkün" arasında fərq
qoyulur. Həmin adamlar üçün bu, absurddur.
Çünki sərhədi keçib-keçməməsindən
asılı olmayaraq, onların qayğıya ehtiyacı
vardır. Ali Komissarlıq məcburi köçkünlər
probleminin həllinə çalışır. Əlbəttə,
bu sahədə dövlətin rolu çox böyükdür.
Natiq
qaçqınların və məcburi köçkünlərin
statusunun müəyyənləşdirilməsində, problemlərinin
həllində Azərbaycanın səylərini, Azərbaycan
hökumətinin nümayəndəliyə dəstəyini
yüksək qiymətləndirərək demişdir: "Məhz
bu dəstəyin sayəsində biz mandatımızı yerinə
yetiririk".
Tədbir Məhsəti
türklərinin, İraq, Pakistan, əfqan, İran,
çeçen icmalarının, Azərbaycanın
Dağlıq Qarabağ bölgəsindən məcburi
köçkün uşaqların ifasında maraqlı konsert
proqramı ilə başa çatmışdır.
Dünya
Qaçqınlar günü "Real insanlar, real ehtiyaclar"
devizi altında qeyd olunmuşdur.
AzərTAc
Azərbaycan.- 2009.- 19 iyun.- S. 4.