Yaponiya Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü suverenliyi, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipi əsasında həllinə tərəfdardır

 

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, görüşdə ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran qlobal məsələlər müzakirə olunmuşdur.

Nazirlər Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı ildə Yaponiyaya səfəri çərçivəsində imzalanmış "Azərbaycan Respublikası və Yaponiya arasında dostluq və əməkdaşlığın gələcək inkişafı haqqında birgə Bəyannamə"ni xatırladaraq, bugünədək əldə olunmuş nailiyyətləri yenidən nəzərdən keçirmiş və ikitərəfli münasibətlərin inkişaf istiqamətinə dair fikir mübadiləsi aparmışlar.

E.Məmmədyarov və H.Nakasone son illər ölkələrimiz arasında aparılan fəal və məhsuldar dialoqu, eyni zamanda Prezident İlham Əliyevin Yaponiyaya səfərindən sonra həm Bakıda, həm də Tokioda dörd dəfə aparılmış siyasi məsləhətləşmələri yüksək qiymətləndirmişlər. Xarici işlər nazirlikləri arasında əlaqələri genişləndirmək məqsədi ilə nazirlər bir çox məsələləri, o cümlədən ikitərəfli münasibətləri və qarşılıqlı maraq doğuran beynəlxalq məsələlərin bütün aspektlərini müzakirə etmək üçün mütəmadi görüşlər keçirməyi qərara almışlar. Hər iki tərəf əmin etmişdir ki, konstruktiv və sabit dialoq gələcək ikitərəfli əlaqələrin inkişafına öz töhfəsini verəcəkdir.

Nazir E.Məmmədyarov "Əyalətlərin su təminatı və kanalizasiya layihəsi" üzrə və azimkanlı fermerlərə Yaponiyanın ayırdığı Rəsmi İnkişaf Yardımına (ODA) və qranta görə minnətdarlığını bildirmişdir.

Nazir H.Nakasone isə geosiyasət və enerji siyasəti baxımından Yaponiya üçün əhəmiyyətli olan Azərbaycanın sabitliyinin Cənubi Qafqazda inkişaf və sülhə töhfə verəcəyini bildirmişdir. O, demokratikləşmə və bazar iqtisadiyyatı istiqamətində daha çox nailiyyət əldə etmək üçün Azərbaycan tərəfindən atılan addımlarla bağlı əməkdaşlığın genişləndirilməsinin davam etdirilməsi niyyətini ifadə etmişdir.

Ölkələrimiz arasında ticarət əlaqələrinin və sərmayələrin artımında Yaponiya-Azərbaycan İqtisadi Komissiyasının oynadığı rolun əhəmiyyətini nəzərə alaraq, nazirlər komissiyanın yaxın gələcəkdə növbəti görüşünün keçirilməsinin vacibliyini vurğulamışlar. Bununla bağlı, Azərbaycan əlverişli sərmayə mühitini daha da yaxşılaşdırmaq niyyətini elan edir. Hər iki tərəf Azərbaycanın Dünya Ticarət Təşkilatına daha tez qəbul olunması üçün dövlətlərimiz arasında indiyədək aparılan danışıqları yüksək qiymətləndirmişdir.

Nazirlər bundan sonra da enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsi niyyətində olduqlarını ifadə etmişlər. Onlar Yaponiyanın özəl şirkətlərinin Azərbaycanda "Azəri-Çıraq-Günəşli" və Bakı-Tbilisi-Ceyhan layihələrindəki iştirakını yüksək qiymətləndirmişlər.

Hər iki tərəf dövlətlərimiz arasında millətlərarası və mədəni mübadilənin gücləndirilməsinin elm, təhsil, mədəniyyət və səhiyyə sahələri üzrə qarşılıqlı anlaşmanın və əməkdaşlığın genişləndirilməsində əhəmiyyətli olduğunu vurğulamışdır.

Azərbaycan tərəfi Yaponiyanın GUAM-a verdiyi dəstəyə və Yaponiya ilə GUAM arasında fəal əməkdaşlıq və dialoqun aparılmasına görə dərin minnətdarlığını ifadə etmişdir. Nazirlər "GUAM-Yaponiya" dialoqunun cari ilin fevralında Tokioda Milli Əlaqələndiricilər Görüşü ilə davam etdirilməsinin və "Ticarət və sərmayələrin dəstəklənməsi" mövzusunda seminarın keçirilməsinin turizm, ticarət və sərmayələr, enerjiyə qənaət və ətraf mühitin mühafizəsi kimi qarşılıqlı maraq doğuran sahələrdə gələcək əməkdaşlıq üçün möhkəm bünövrənin yaranmasına kömək edəcəyini bildirmişlər.

Hər iki tərəf Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipi əsasında müxtəlif yollarla, o cümlədən ATƏT-in Minsk qrupu çərçivəsində sülh yolu ilə nizamlanmasının əhəmiyyətini vurğulamışlar. Nazir H.Nakasone Yaponiyanın regionda sülhün və sabitliyin əldə olunmasına istiqamətlənmiş cəhdləri dəstəklədiyini, Cənubi Qafqazın sülh və tərəqqi regionuna çevrilməsi üçün böyük potensialın olduğunu, beynəlxalq tərəfdaşların konstruktiv müdaxiləsini gözlədiyini demişdir.

Nazir E.Məmmədyarov Azərbaycanda minaların və partlamamış hərbi sursatın təmizlənməsinə Yaponiyanın göstərdiyi yardıma görə minnətdarlığını bildirmişdir.

Nazirlər BMT daxilində yaxından əməkdaşlıq, təşkilatın Təhlükəsizlik Şurasında (TŞ) islahatların keçirilməsində, o cümlədən şuranın daimi və daimi olmayan üzvlərinin sayının artırılması sahəsində nəzərdə tutulan işlərdə yaxından və fəal iştirak etməyə hazır olduqlarını vurğulamışlar. Bildirilmişdir ki, Azərbaycan Yaponiyanın BMT-nin TŞ-da daimi üzvlüyünə dəstək verir.

Görüşdə qarşılıqlı maraq doğuran beynəlxalq məsələlərə, o cümlədən Koreya Xalq Demokratik Respublikasındakı (KXDR) vəziyyətə dair fikir mübadiləsi aparılmışdır. Hər iki nazir BMT TŞ-nin qəbul etdiyi 1874 saylı Qətnaməni bir daha təsdiq etmiş və vurğulamışlar ki, KXDR BMT TŞ-nin bu və digər müvafiq qətnamələrinin tələblərini yerinə yetirməlidir. Tərəflər KXDR ilə əlaqədar vacib olan, o cümlədən zorla qaçırma (abduksiya) məsələlərinin tam şəkildə həll olunmasının vacibliyini qeyd etmişlər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 19 iyun.- S. 4.