"İnsan vətəndaş hüquq azadlıqlarının qorunması Azərbaycan Prokurorluğunun fəaliyyətinin prioritet istiqamətidir" mövzusunda seminar

 

İyunun 18-də Baş Prokurorluğun Kadrlar İdarəsinin Tədris Mərkəzində "İnsan və vətəndaş hüquq və azadlıqlarının qorunması Azərbaycan Prokurorluğunun fəaliyyətinin prioritet istiqamətidir" mövzusunda seminar keçirilmişdir.

Seminarı giriş sözü ilə açan baş prokurorun birinci müavini Rüstəm Usubov 1993-cü ilin ikinci yarısından etibarən ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu istiqamətində atılan addımların, milli dövlətçilik ənənələrinə, beynəlxalq standartlara əsaslanan hüquq islahatlarının insan hüquq və azadlıqlarının təminatı sahəsində əsaslı dönüşə səbəb olmasını vurğulayaraq, Azərbaycan Prezidenti İlham Əliyevin 2007-ci il 18 iyun tarixli sərəncamı ilə hər il iyun ayının 18-nin Azərbaycan Respublikasında insan hüquqları günü kimi qeyd edilməsini diqqətə çatdırmışdır.

Seminarda iştirak edən Azərbaycan Respublikası Milli Məclisi Aparatının dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri Lətif Hüseynov, Baş Prokurorluğun idarə rəisi Nazim Abbasov, şöbə rəisləri Eldar Əfəndiyev və Natiq Hüseynov çıxış edərək dövlətimizin başçısı İlham Əliyevin 2006-cı il 28 dekabr tarixli sərəncamı ilə "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı"nın təsdiq edilməsinin respublikamızda insan hüquq və azadlıqlarının müdafiəsi, demokratiyanın və qanunun aliliyinin təmin edilməsi sahəsində mühüm mərhələ olmasını qeyd etmiş, eyni zamanda, Azərbaycan Respublikası Prokurorluğunda insan hüquqlarının müdafiəsi sahəsində görülmüş işlər barədə ətraflı məlumat vermişlər.

Tədbirdə seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 19 iyun.- S. 4.