Milli Məclisdə görüşlər

 

Sədr qonağı ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibəti ilə təbrik edərək, ona gələcək işlərində uğurlar arzuladı. Ümidvar olduğunu bildirdi ki, səfir ölkələrimiz arasındakı mövcud əməkdaşlığın daha da inkişafı üçün səylərini əsirgəməyəcək. Qeyd edildi ki, Azərbaycan Çin Xalq Respublikası ilə əlaqələrin dərinləşməsinə böyük əhəmiyyət verir. Bu sahə Azərbaycanın xarici siyasətində prioritet istiqamətlərdən biridir.

Milli Məclisin Sədri ölkə başçılarının görüşləri zamanı aparılan danışıqları yüksək qiymətləndirərək ölkələrimiz arasında imzalanmış 30-dan artıq sənədin münasibətlərimizin möhkəm hüquqi bazasını təşkil etdiyini diqqətə çatdırdı. Parlamentlərarası əlaqələrin dövlətlərarası münasibətlər sistemində rolunu yüksək qiymətləndirdi. Hər iki ölkənin qanunvericilik orqanlarında parlamentlərarası əlaqələr üzrə dostluq qruplarının fəaliyyət göstərməsini təqdirəlayiq hesab etdi. Spiker deputatlarımızın müxtəlif beynəlxalq qurumlarda əməkdaşlığının və nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin əhəmiyyətindən danışdı. Bildirdi ki, iqtisadi sahədə də əlaqələrimiz yüksələn xətlə inkişaf etməkdədir. Bununla yanaşı, bu sahədə əlaqələrin daha da dərinləşməsində geniş imkanlar mövcuddur və bunun üçün müvafiq hüquqi baza yaradılmışdır.

Spiker Dağlıq Qarabağ münaqişəsindən söz açaraq Çinin bu məsələdə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsini yüksək qiymətləndirərək gələcəkdə də Azərbaycanın ədalətli mövqeyini müdafiə edəcəyinə inamını bildirdi.

Səfir Ç.Yannyan Çin-Azərbaycan münasibətlərinin daha da dərinləşməsi üçün öz qüvvə və bacarığını əsirgəməyəcəyini bildirdi. O, Azərbaycanda keçirdiyi görüşlərdən və ölkəmizdə gördüyü inkişafdan məmnun qaldığını söylədi.

Əlaqələrimizin dərinləşməsində parlamentlərin rolunu xüsusi vurğulayaraq, gələcəkdə nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinə xüsusi diqqət yetirməyi vacib saydı. Qeyd etdi ki, Çin ölkəmizdə iqtisadi, mədəni, humanitar sahələrdə əməkdaşlığın daha da dərinləşməsinə böyük maraq göstərir.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıldı.

 

 

Azərbaycan.- 2009.-  19 iyun.- S. 2.