Parlamentin Sədri
bildirdi ki, müstəqil Azərbaycan dünyanın nüfuzlu
beynəlxalq qurumları, o cümlədən ATƏT və
onun Parlament Assambleyası ilə əlaqələrin
inkişafına böyük diqqət yetirir. Təqdirəlayiq
haldır ki, təşkilatın müxtəlif qurumları ilə
əməkdaşlığımız daim inkişaf edir. Hüquqi,
dünyəvi, demokratik dövlət quruculuğu yolunda inamla
addımlayan Azərbaycanın ölkənin milli maraqları
baxımından BMT, ATƏT, Avropa Şurası kimi təşkilatlarla
bu cür əməkdaşlığı ölkədə gedən
ictimai-siyasi proseslərin məntiqi nəticəsidir.
Milli Məclisin nümayəndə
heyəti ATƏT-in Parlament Assambleyasının müxtəlif
tədbirlərində fəal iştirak edir. Azərbaycan ATƏT-in
münaqişələrin həllində və təhlükəsizliyin
qorunmasında rolunun gücləndirilməsinin tərəfdarıdır.
ATƏT-in Minsk qrupu
artıq uzun müddətdir ki, bütöv bir bölgənin
inkişafına və Avratlantik məkana inteqrasiyaya
böyük maneə törədən Dağlıq Qarabağ
probleminin həlli ilə məşğul olur. Təəssüf
ki, real nəticə hələ yoxdur. Ermənistan
münaqişə ilə bağlı BMT-nin və digər
nüfuzlu beynəlxalq qurumların qətnamələrinə
məhəl qoymur, işğalçılıq siyasətini davam
etdirir. Bütün bunlar Azərbaycan tərəfini narahat
edir. Ərazi bütövlüyü məsələsinin sual
altına qoyulması yolverilməzdir.
Bu münaqişə təkcə
Cənubi Qafqazın deyil, Avropanın da təhlükəsizliyini
təhdid edir. Azərbaycan ATƏT-dən və onun Minsk
qrupundan münaqişənin tezliklə beynəlxalq hüququn
norma və prinsipləri əsasında həlli
üçün səylərinin artırılmasını
gözləyir.
Spiker belə bir fikri də
söylədi ki, Dağlıq Qarabağ münaqişəsinin
həllinin yubadılması Avropanın enerji təhlükəsizliyi
sisteminə də böyük təhlükədir. Biz beynəlxalq
birliyin səyi nəticəsində problemin beynəlxalq
hüquq normalarına uyğun tezliklə ədalətli həllinə
inanırıq.
Azərbaycan ATƏT-in
iqtisadi və ətraf mühit sahələrinə aid fəaliyyətini
dəstəkləyir, bu sahədə ATƏT-in Bakı Ofisi ilə
sıx əməkdaşlıq edir. Biz gələcəkdə
də bu əlaqələri davam etdirmək niyyətindəyik.
Səmimi keçən
söhbətdə qonaq təmsil etdiyi qurumun Azərbaycanla əlaqələrin
inkişafına böyük maraq göstərdiyini diqqətə
çatdırdı. Dedi ki, Azərbaycanın Avratlantik
strukturlara inteqrasiya sahəsində atdığı
addımlar təqdirəlayiqdir. Qurumun Bakı Ofisi Azərbaycanda
iqtisadiyyatın və sahibkarlığın inkişafı, bu
sahədə hüquqi bazanın təkmilləşdirilməsi
və biznes mühitinin daha da
yaxşılaşdırılması istiqamətində gələcəkdə
də öz köməyini əsirgəməyəcəkdir.
Görüşdə tərəfləri
maraqlandıran digər məsələlər ətrafında
da fikir mübadiləsi aparıldı.
Azərbaycan.- 2009.- 19 iyun.- S. 2.