Polşa Respublikası Seyminin nümayəndə heyətinin üzvləri Qubadakı kütləvi məzarlığı ziyarət etmişlər

 

Polşa-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Vieslav Vodanın başçılığı ilə Azərbaycanda səfərdə olan Polşa Seyminin nümayəndə heyəti erməni quldurlarının Qubada törətdikləri vəhşiliklərin bariz təsdiqi olan kütləvi məzarlığı ziyarət etmişlər.

Qonaqlara 1918-ci ildə ermənilərin Qubada törətdikləri vandalizm aktı, terroru və soyqırımı faktını sübut edən kütləvi məzarlıqla bağlı ətraflı məlumat verilmişdir.

Gördüklərindən və eşitdiklərindən təsirlənən işçi qrupunun rəhbəri Vieslav Voda demişdir: "Bizim xalqların taleyində çox böyük oxşarlıq var. Belə faciələr və kütləvi məzarlıqlar Polşada da mövcuddur. Gördüklərimdən çox sarsıldım. İnsan necə qəddar olmalıdır ki, bu cür işgəncə metodlarına əl atsın? Belə bir məzarlığın qorunub saxlanılması və bütün dünyaya nümayiş etdirilməsi tarixin təhrif olunmaması baxımından çox vacibdir".

Ermənilərin Azərbaycanda həyata keçirdikləri soyqırımına beynəlxalq hüquqi qiymət verilməsinin vacibliyini qeyd edən polşalı parlamentarilər Quba məzarlığında gördükləri mənzərənin Polşa mətbuatında əks olunacağını qeyd etmişlər.

YAP icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov yaxın müddətdə Quba məzarlığında beynəlxalq ekspertlərin iştirakı ilə müvafiq tədqiqat işlərinin aparılacağını bildirmişdir.

 

 

Azərbaycan.- 2009.- 19 iyun.- S. 5.