Sosialyönümlü islahatların yeni mərhələsi
Son illər Azərbaycanda
ən müxtəlif sahələrdə həyata keçirilən
islahatlar vətəndaş maraqlarının etibarlı təminatına,
eləcə də sosial problemlərin aradan
qaldırılması yolu ilə əhalinin firavan, layiqli həyat
tərzinin təmin olunmasına yönəlmişdir. Hakimiyyəti
ilk gündən xalqa və dövlətə layiqli xidmət
vasitəsi kimi dəyərləndirən dövlət
başçısı İlham Əliyev sosial-liberalizm xəttinə
üstünlük verməklə keçid dövrü
üçün xarakterik sosial problemlərin həlli istiqamətində
kompleks tədbirlər həyata keçirmiş, ilk növbədə,
bütün ölkələr üçün səciyyəvi
olan işsizlik probleminin aradan qaldırılmasına
çalışmışdır.
Azad bazar iqtisadiyyatı
yolunu seçmiş Azərbaycanda sosialyönümlü siyasətin
məqsədi vətəndaşların maddi vəziyyətindəki
kəskin fərqliliyi aradan qaldırmaq, təbəqələşməyə
yol verməmək, cəmiyyətin bütün üzvlərini
layiqli həyat səviyyəsi ilə təmin etmək
üçün fərdin ictimai statusunu artırmaqdır. Bu
siyasət eyni zamanda, insan amilini nəzərdə tutan liberal
bazar iqtisadiyyatı xəttini əsas götürür. Bazar
iqtisadiyyatı prinsiplərinin cəmiyyətdə özünə
dayaqlar tapması, özəl sektorun inkişafına
yaradılmış şərait, iqtisadiyyatın
liberallaşdırılması sosial himayəyə ehtiyacı
olan vətəndaşların maraqları ilə qətiyyən
ziddiyyət təşkil etmir. Əksinə, ölkənin
iqtisadi inkişafından, neft strategiyasının səmərəli
nəticələrindən əldə edilən dividendlər
insanların sosial problemlərinin həllinə, vətəndaşların
həyat səviyyəsinin
yaxşılaşdırılmasına yönəldilir. Dövlət
başçısı İlham Əliyevin
vurğuladığı kimi, bazar iqtisadiyyatı ilə sosial
müdafiənin bu cür kombinasiyası isə əldə
olunan uğurların əsasını təşkil edən əsas
amillərdəndir.
Azərbaycanın son 5
illik büdcəsində sosialyönümlü xərclərin
dominantlıq təşkil etməsi də deyilənləri təsdiqləyir.
2009-cu ildə dövlət büdcəsinin sosial xərcləri
2008-ci ilə nisbətən 24,4 faiz artırılaraq 4 milyard
24 milyon manata çatdırılmışdır və bu da
ümumilikdə dövlət büdcəsinin 33 faizini təşkil
edir. Dövlət başçısı İlham Əliyev
Nazirlər Kabinetinin 2009-cu ilin birinci rübünün
sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasında
demişdir: "Sosial problemlərin həlli, ümumiyyətlə,
ölkənin inkişaf imkanlarını göstərir. Azərbaycanda
bu sahəyə daim böyük diqqət göstərilmişdir
və əlbəttə ki, bizim artan maddi imkanlarımız
sosial məsələlərin həllinə çox müsbət
təsir etmişdir. Növbəti illərdə də bu sahə
diqqət mərkəzində olmalıdır. Təhsil, səhiyyə,
mədəniyyət problemləri, ailə problemləri,
uşaqların tərbiyəsi - bütün bu məsələlər
diqqət mərkəzindədir. Bütün istiqamətlər
üzrə konkret tədbirlər planı, proqramlar, icra
mexanizmləri və maliyyə resursları var. Məhz bunun
hesabına biz son beş ildə 2 minə yaxın məktəb
tikdirə bilmişik. Yüzlərlə tibb, mədəniyyət
ocaqlarının tikintisi, təmiri - bütün bunlar, əlbəttə
ki, maliyyə resursları tələb edir. Eyni zamanda, siyasi
iradə tələb edir. Azərbaycanda bu istiqamətdə
görülmüş işlər onu göstərir ki, sosial
məsələlər, sözün əsl mənasında,
bizim üçün prioritetdir".
Hökumətin
sosial-liberalizm xəttinə üstünlük verdiyini Azərbaycan
Prezidenti İlham Əliyevin 14 aprel 2009-cu il tarixli "Azərbaycan
Respublikası regionlarının 2009-2013-cü illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı" bir
daha təsdiqləyir. Proqramda nəzərdə tutulan işlərin
böyük bir qisminin sırf sosialyönümlü mahiyyət
daşıması Azərbaycan hökumətinin sosial məsələlərə
necə böyük həssaslıqla yanaşdığına
daha bir sübutdur. Proqramın təhlili göstərir ki, əvvəlki
illərdə olduğu kimi, növbəti beş ildə də
ölkədə sosial siyasətin başlıca məqsədi
əhalinin, o cümlədən regionlarda yaşayan vətəndaşların
həyat şəraitinin daha da
yaxşılaşdırılmasını təmin etməkdən
ibarətdir. Əhalinin sosial müdafiəsi sahəsində
aparılan tədbirlərin əsas istiqamətlərindən
biri də aztəminatlı əhali qrupları üzrə
sosial müavinətlərin artırılması, sosial
müdafiəyə ehtiyacı olan şəxslərin sosial vəziyyətinin,
həyat şəraitinin yaxşılaşdırılması
və ümumilikdə, ölkədə yoxsulluq səviyyəsinin
azaldılmasından ibarət olacaqdır.
Dövlət
proqramında birmənalı göstərilir ki, sosial təminat
sahəsində dövlət siyasətinin mühüm istiqamətlərindən
biri də sosial müavinətlərin
ünvanlılığının təmin edilməsi, əlillərə,
müharibə veteranlarına, gənc ailələrə, əhalinin
aztəminatlı hissəsinə xüsusi diqqətin yetirilməsi
ilə bağlıdır. Dövlət proqramında əhalinin
sosial müdafiəsinin gücləndirilməsi sahəsində
aztəminatlı ailələrə ünvanlı sosial
yardımın göstərilməsi üçün
müvafiq tədbirlərin davam etdirilməsi, əhalinin,
xüsusilə, gənc ailələrin mənzilə olan
ehtiyaclarının daha yaxşı ödənilməsi məqsədilə
ipoteka kreditlərinin verilməsi, Qarabağ əlilləri və
şəhid ailələrinin mənzil şəraitinin
yaxşılaşdırılması, ana və
uşaqların sosial müdafiəsinin və mühafizəsinin
gücləndirilməsi, uşaq və ailə mərkəzlərinin,
o cümlədən xüsusi istirahət müəssisələrinin
və uşaqlar üçün ixtisaslaşmış xidmət
müəssisələrinin yaradılması və digər tədbirlər
nəzərdə tutulur.
Son illərdə
hökumətin regionların inkişafına xüsusi diqqətlə
yanaşması, ilk növbədə, Azərbaycanda uzun illər
özünü ciddi sosial problem kimi göstərmiş
işsizliyin aradan qaldırılması, əhalinin faydalı
məşğulluğunun təmin edilməsi məqsədindən
irəli gəlmişdir. Prezident İlham Əliyev sosial
inkişaf və tərəqqi baxımından işsizliyi
ciddi problem kimi dəyərləndirdiyi üçün hələ
24 noyabr 2003-cü il tarixdə imzaladığı "Azərbaycan
Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi
tədbirləri haqqında" fərmanda bu məsələyə
geniş yer vermişdir. İcrası 2008-ci ildə başa
çatmış regionların sosial-iqtisadi inkişafına dair
Dövlət Proqramı isə fundamental əhəmiyyətli
sənəd kimi sahibkarlığın inkişafını
sürətləndirməklə, oradakı əmək
ehtiyatlarından, təbii və iqtisadi resurslardan kifayət qədər
səmərəli istifadəyə imkan yaratmaqla
iqtisadiyyatın dinamik inkişafına, əhalinin məşğulluğunun
artırılmasına, yoxsulluğun səviyyəsinin
azaldılmasına mühüm töhfələr vermişdir.
Dövlət proqramı əsasında Azərbaycan hökuməti
2004-2008-ci illər ərzində regionlarda kənd təsərrüfatının,
qeyri-neft sektorunun inkişafına yardım göstərmiş,
emal müəssisələrinin yaradılması, xidmət və
digər infrastruktur obyektlərinin, turizmin inkişafı,
bütün bunların fonunda isə 766 min yeni iş yerinin
açılması təmin edilmişdir.
2009-2013-cü illəri əhatə
edən regionların sosial-iqtisadi inkişafına dair Dövlət
Proqramında işsizliyin aradan qaldırılması istiqamətində
tədbirlərin davam etdirilməsi mühüm vəzifələrdən
biri kimi müəyyənləşdirilmişdir. Proqramda
göstərilir ki, qarşıdakı illərdə məşğulluq
siyasətində əsas məqsəd əmək
ehtiyatlarından daha dolğun istifadə olunmaqla əhalinin səmərəli
məşğulluğunu təmin etməkdir. Bu məqsədə
nail olmaq üçün sahibkarlığın, xüsusilə,
kiçik və orta sahibkarlığın inkişafına
daha münbit şəraitin yaradılması, məşğulluğun
səmərəli inkişafını təmin edən
investisiya fəallığının dəstəklənməsi,
işaxtaran və işsiz vətəndaşların sosial
müdafiəsinin gücləndirilməsi, qeyri-formal əmək
münasibətlərinin leqallaşdırılması istiqamətində
tədbirlərin həyata keçirilməsi, əmək
bazarında tələb və təklif arasında dinamik
uyğunluğun gücləndirilməsinə yönəldilmiş
infrastrukturun təkmilləşdirilməsi, kadr
hazırlığı sisteminin, o cümlədən peşə
hazırlığı və ixtisasartırma şəbəkələrinin
fəaliyyətinin dinamik inkişaf edən əmək
bazarının tələblərinə
uyğunlaşdırılması nəzərdə tutulur.
Proqramda mühüm vəzifələrdən
biri də daxili əmək bazarının inzibati qaydada tənzimlənməsidir.
Ölkə iqtisadiyyatı inkişaf etdikcə, daxili əmək
bazarında iştirak edən əcnəbilərin
sayının artması müəyyən neqativ proseslərə
yol açır. Bu baxımdan, dövlət proqramında
miqrasiya proseslərindən ölkənin inkişafı
üçün səmərəli istifadə olunması,
miqrasiya proqramlarının və bu sahədə tədbirlərin
həyata keçirilməsində dövlətin və cəmiyyətin
mənafelərinin nəzərə alınması,
miqrantların mövcud sosial-iqtisadi vəziyyətə
adaptasiyasını sürətləndirən şəraitin
yaradılması, qeyri-qanuni miqrasiyanın
qarşısının alınması kimi tədbirlərə
geniş yer ayrılmışdır.
Dövlət proqramı
vətəndaşların səhiyyə sahəsində
problemlərinin həllinə də geniş diqqət
ayırır. Bu məqsədlə dövlətin maliyyə
imkanları çərçivəsində pulsuz səhiyyə
xidmətlərinin genişləndirilməsi və keyfiyyətinin
artırılması, əhalinin sosial cəhətdən aztəminatlı
təbəqələrinə tibbi yardımın göstərilməsi
ilə bağlı tədbirlər sisteminin hazırlanması
və həyata keçirilməsi, analar və uşaqlar
arasında qidalanmanın və mikro-nutrientlərlə təminatın
yaxşılaşdırılması, tibbi-profilaktika tədbirlərinin
əhatəliliyinin və keyfiyyətinin yüksəldilməsi,
səhiyyə sektorunun tələblərinə uyğun olaraq
tibbi kadr hazırlığının
planlaşdırılması və ailə həkimlərinin
hazırlanması, səhiyyə müəssisələrinin dərman
və avadanlıq təminatının
yaxşılaşdırılması məqsədilə tibb sənayesi
müəssisələrinin yaradılmasının və fəaliyyətinin
dövlət tərəfindən dəstəklənməsi,
rayonlarda yeni səhiyyə müəssisələrinin
inşası, bütün ölkə üzrə səhiyyə
sahəsində coğrafi məlumat sisteminin yaradılması
mühüm vəzifələr kimi müəyyən
edilmişdir.
Göründüyü
kimi, 2009-2013-cü illərdə respublikanın
regionlarının inkişafına xidmət edən dövlət
proqramı ölkə həyatının müxtəlif sahələrində
islahatları sürətləndirməyə, inkişaf
prosesində ahəngdarlığı, yüksək dinamizmi və
məqsədyönlülüyü təmin etməyə
yönəlmişdir. İnkişaf, sosial təminat və
strukturyönümlü bu proqram, eyni zamanda, hər bir vətəndaşın
layiqli həyat tərzinin təmin olunmasına, hüquq və
azadlıqlarının təminatına, bir sözlə,
davamlı və sabit inkişafa xidmət edir.
S.ELMANOĞLU
Azərbaycan.- 2009.- 20 iyun.- S. 4.