"Real insanlar,
real ehtiyaclar"
Uzun illər əvvəl,
SSRİ dönəmində dünyanın müxtəlif
guşələrində yaşadıqları yerlərdən
didərgin salınmış
qaçqın-köçkün insanları televiziya
ekranlarında görürdük, əsasən də,
Moskvanın "Vremya" xəbərlər proqramında. Aclıq
və susuzluqdan arıqlamış, günün altında
qaralmış yarımçılpaq qaradərili
uşaqları və məskunlaşdıqları
çadırların qarşısında oturan
boynubükük anaları görən hər bir sovet adamı
yaşayışından qürur və məmnunluq duyurdu.
Üzərində
ingilis dilində "BMT humanitar yardım" yazılan
maşınlarda onlara su və çörək gətirirdilər.
Qaçqın-köçkünlük deyiləndə,
gözümüzün qarşısına yalnız onlar gəlirdi.
Dünya qaçqınlar gününün bizlərə heç
bir aidiyyəti yox idi. Ağlımıza da gəlməzdi ki,
quruluşun bizə göstərəcəkləri
gördüklərimizdən qat-qat ağır olacaq.
Bu gün
Ümumdünya Qaçqınlar Günüdür. Ötən
gün M.Maqomayev adına Azərbaycan Dövlət
Filarmoniyasında bu tarixə həsr olunmuş tədbir
keçirildi. BMT-nin Qaçqınlar üzrə Ali
komissarı Antonio Quterreşin videomüraciəti səsləndi.
Ali komissarın
müraciətində humanitar fikirlər, təskinlikverici ifadələr
vardı, ancaq etiraf yox idi ki, işğalçı Ermənistan
bir neçə il öncə BMT kimi nüfuzlu beynəlxalq
qurumun qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrini
eyninə almayıb, Azərbaycan torpaqları hələ də
işğal altındadır. Baş nazirin müavini,
Qaçqınlar və Məcburi Köçkünlər
üzrə Dövlət Komissiyasının rəhbəri Əli
Həsənov Bakıda keçirilən Ümumdünya
Qaçqınlar Gününə həsr olunmuş beynəlxalq
toplantıda dəfələrlə bu məqamın üzərində
dayandı və Avropa Şurası Parlament
Assambleyasının Miqrasiya, Qaçqınlar və Əhali
üzrə məruzəçisi Con Qrinveyin
hazırladığı məruzədə və BMT-nin
Qaçqınlar üzrə Ali Komissarlığının
2008-ci ildə hazırladığı hesabatında Azərbaycandakı
qaçqın və məcburi köçkünlərin
sayının 600 min nəfər göstərilməsinə də
münasibət bildirdi: "1999-cu ildə BMT-nin
"Qaçqınların statusu" haqqında
konvensiyasına riayət edərək Azərbaycandakı
qaçqınlara vətəndaşlıq verəndən sonra
çox təəssüf ki, BMT-nin Qaçqınlar üzrə
Ali Komissarlığı onların adlarını öz
siyahısından çıxarıb. Təəssüf ki,
onlar bu qaçqınların artıq vətəndaşlıq
aldıqlarını, yerləşdiklərini və Azərbaycan
hökuməti tərəfindən təmin edildiklərini əsas
gətirir. Halbuki 2001-ci ildə Dövlət Neft Fondu
yaradılarkən ümummilli lider Heydər Əliyevin
imzaladığı fərmanın ilk bəndində də Ermənistandan
qovulmuş qaçqınların siyasi statuslarının
doğma torpaqlarına qayıdanadək sabit
saxlandığı qeyd olunur.
Azərbaycan hökuməti
bunu dəfələrlə deyib. Ermənistandan qovulmuş soydaşlarımız
qaçqın statusuna
malikdir. Düzdür, onların imtiyazları ləğv olunub, çünki məskunlaşıblar.
Ancaq bu o demək deyildir ki, onlar
bu statusu da itiriblər. Xeyr, Azərbaycanın qədim
torpaqları olan Ermənistandan qovulmuş vətəndaşlarımız öz yurd-yuvalarına qayıdanadək qaçqın
statusunu saxlayacaqlar".
Hazırda dünyada 40
milyondan çox qaçqın və məcburi
köçkün var. Təəssüf ki, bu statistikanın
bir milyonu Azərbaycanın payına düşür. Onlardan
250 mini 1988-1992-ci illərdə Ermənistandan qovulmuş azərbaycanlılar,
50 mini 1992-ci ildə Özbəkistanda baş verən Fərqanə
hadisələri zamanı qovulmuş Axısxa türkləri,
600 minə qədəri Azərbaycanın işğal
olunmuş rayonlarından zorla çıxarılmış
ölkə vətəndaşları, 100 min nəfər isə
sərhəd zonalarından və cəbhə xəttindən
geri çəkilən məcburi köçkünlərdir. Qaçqın
və məcburi köçkünlər ölkənin 62
şəhər və rayonunda, 1600-dən çox
yaşayış məntəqəsində müvəqqəti
məskunlaşıblar.
BMT-nin Qaçqınlar
və Məcburi Köçkünlər üzrə Ali Komissarlığının
Azərbaycandaki nümayəndəsi Arun-Sala Ngarm Azərbaycanda
qaçqın və məcburi köçkünlərin vəziyyətindən
danışarkən bu sahədə atılan uğurlu
addımlardan danışdı. O xüsusilə
vurğuladı ki, dünyanın heç bir münaqişə
zonasında hər bir qaçqın və ya məcburi
köçkün üçün ildə 660 ABŞ
dolları dəyərində vəsait xərclənmir, yəni,
belə bir rəqəm qeydə alınmayıb. Azərbaycanda
qaçqın və məcburi köçkünlər
arasında yoxsulluğun səviyyəsi də azalıb. Bu
göstərici bir neçə il öncə 75 faiz olduğu
halda, bu gün 25 faizə düşüb. Bu, müsbət
haldır. Arun-Sala Ngarm dünyadakı qaçqınların və
məcburi köçkünlərin problemlərindən də
danışdı: "Hazırda qaçqın və məcburi
köçkünlərin sığınacaq, səhiyyə
xidmətləri, təhsil, qida, təmiz su, sanitariya,
zorakılıq, sui-istifadədən müdaifə kimi əsas
ehtiyaclarının ödənilməsində boşluqlar var. Zəif
qidalanmanın, o cümlədən ölüm
hallarının səviyyəsi yurd-yuvalarından didərgin
düşmüş əhali arasında daha yüksəkdir. Təhna
qadınların istismara məruz qalması tez-tez baş verir.
Lakin təcrübə göstərir ki, təhsilini davam etdirənlər
bu cür sui-istifadələrə daha az məruz qalırlar. Beynəlxalq
aləmdə qaçqın və məcburi
köçkünlər arasında fərq qoyulur. Bu, həmin
faciəni yaşayan insanlar üçün absurddur. Axı,
onların hər ikisi eyni problemi yaşayıb. Ali Komissarlıq
bu problemlərin həllinə çalışır. Əlbəttə,
bu sahədə dövlətin rolu çox böyükdür.
Bu istiqamətdə Azərbaycanın göstərdiyi səyləri
və dövlətin dəstəyini yüksək dəyərləndiririk.
Məhz bu dəstəyin sayəsində biz
mandatımızı yerinə yetiririk. Dövlət
qaçqın və məcburi köçkünlərin evlə
təmin olunmasından tutmuş sosial-məişət
qayğılarının
yaxşılaşdırılmasına qədər
bütün məsələlərə diqqətlə
yanaşır, mikrokredit və infrastruktur layihələri həyata
keçirir. Azərbaycan hökuməti bu istiqamətə ildə
2 milyard manat xərcləyir. Bu, həqiqətən də,
örnəkdir".
1992-ci ildə Özbəkistanda
baş verən Fərqanə hadisələrindən sonra 50
mindən çox axısxalı türk də qardaş bildiyi
Azərbaycana pənah gətirib. Artıq onlar da neçə
illərdir burada məskunlaşıb, özlərinə
yurd-yuva salıblar. Ancaq arzuları vətənlərinə
qayıtmaqdır. Məhəmməd Noageli gürcü
soyadı daşımasını Stalin repressiyasının bu
xalqa gətirdiyi bəlalardan biri kimi izah etdi:
"Qaçqın olsaq da, neçə illərdir ki, Azərbaycanda
evimizdəki kimi yaşayırıq. Ancaq bir neçə nəsildir
ki, yaşadığımız yerlərdən didərgin
düşmüşük. Fərqanə hadisələrindən
sonra Azərbaycanda bizi mehribanlıqla qarşıladılar. Atamgil
təzəcə Xocalıda məskunlaşmışdılar.
Xocalı facisi bizim ailəni yenidən soyqırıma məruz
qoydu, sağ qalanlarımız növbəti dəfə
qaçqın düşdü. Məskunlaşdığı
yerdə yaşamamaq sanki bizim alın yazımızdır.
Ən böyük
arzumuz vətənimizə - Gürcüstana, Axıshaya
dönməkdir.
Azərbaycan xalqı
bizim qan-can qardaşımızdır. Ancaq bizlərin
kökü, ulu yurdu Axıshadır. Burada bizi yerli
qaçqın və məcburi köçkünlərdən
fərqləndirmirlər, ancaq nə qədər hörmətli
də olsa, qonaq bir gün öz evinə dönməlidir. Azərbaycan
xalqı neçə illərdir ki, qaçqınlıq,
köçkünlük kimi ağır bir yükü
çiyinlərində daşıyır. Ancaq bizim bölgələrimizdə,
özü də məhz ərazisinin yarısı
işğal olunmuş rayonlarımızda salınmış qəsəbələrdə
Azərbaycan vətəndaşları kimsənin əlinə
baxmadan yaşayır, işləyir, kənd təsərrüfatı
ilə məşğul olur. Dövlətimizin diqqət və
qayğısı nəticəsində ona yaradılan bu
gözəl şəraitdən yararlanmağa
çalışır. Əkib-becərməklə, mal-qara
saxlamaqla, yaradılmış iş şəraiti ilə
özünə gün-güzəran qurub dövlətinə,
millətinə daha az yük olmaq istəyən Azərbaycanın
qaçqın və məcburi köçkünlərinin ən
böyük arzuları doğma yurd yerlərinə
qayıtmaqdır. Ötən gün keçirilən tədbirdə
o da vurğulandı ki, məcburi köçkünləri
öz doğma torpaqlarına qayıdacağı zaman
lazımi şəraitlə təmin edilməsini nəzərdə
tutan "Böyük qayıdış" proqramı tam
hazırdır. Torpaqlar işğaldan azad olunan kimi, Azərbaycan
dövləti həmin ərazilərdə bərpa işlərinə
başlayacaq.
R.RZALI
Azərbaycan.- 2009.- 20
iyun.- S. 4.