Azərbaycanda bir dənə olsun çadır şəhərciyi qalmamışdır

 

BMT Baş Assambleyası tərəfindən 2000-ci il 4 dekabr tarixdə yekdilliklə qəbul olunmuş qətnamə ilə 20 iyun -Ümumdünya Qaçqınlar Günü kimi qeyd edilir. O vaxtdan hər ilin bu günü dünya qaçqınlarına dəstək və ehtiram nümayiş etdirilir. İyunun 18-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Ümumdünya Qaçqınlar Günü qeyd edilmişdir.

Bir sıra beynəlxalq təşkilatların, maliyyə və humanitar qurumların nümayəndələrinin də qatıldığı tədbirdə Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov son illər Azərbaycan dövlətinin qaçqın və məcburi köçkünlərin çoxsaylı problemlərinin həlli istiqamətində həyata keçirdiyi tədbirlərdən, qarşıya çıxan çətinliklərin aradan qaldırılması yollarından, doğma yurd-yuvalarından didərgin düşmüş soydaşlarımızın statusunun müəyyənləşdirilməsi və hüquqlarının tənzimlənməsi istiqamətində görülən işlərdən ətraflı məlumat vermişdir. Dövlət Neft Fondunun vəsaiti hesabına məcburi köçkünlər üçün son illər bütün sosial-texniki infrastrukturu ilə birlikdə salınmış yeni qəsəbələr və həyata keçirilən digər tədbirlər bu kateqoriyadan olan insanların həyat şəraitinin yaxşılaşdırılmasında, onların gələcəkdə doğma yurdlarına qaytarılması istiqamətində həyata keçirilən qlobal işlərin böyük perspektivlərindən xəbər verir.

Ötən beş ildə Azərbaycan dövləti qaçqın və məcburi köçkünlərin problemləri ilə bağlı böyük işlər görmüş, dünyanın bir sıra aparıcı dövlətlərinin, beynəlxalq qurumların iştirakı ilə əhəmiyyətli layihələr həyata keçirmişdir. Hələ 2003-cü il oktyabrın 1-də prezident seçkiləri ərəfəsində Biləsuvar rayonu ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbələrdə görüş keçirən cənab İlham Əliyevin "Ölkədə bir dənə də çadır düşərgəsi qalmayacaq" bəyanatı artıq reallığa çevrilmişdir. Dövlət başçısının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı apardığı uğurlu xarici siyasət nəticəsində beynəlxalq səviyyədə mühüm tədbirlərin həyata keçirilməsi davam etdirilir.

2008-ci ilin martında BMT-nin Baş Assambleyasının 62-ci sessiyası çərçivəsində "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" adlı qətnamə qəbul edilmişdir. Bu mühüm sənəddə erməni silahlı qüvvələrinin Azərbaycanın işğal altında olan bütün ərazilərindən çıxarılması tələb edilərək bir daha göstərilmişdir ki, problemin həlli birmənalı şəkildə Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində, ölkəmizin ərazi bütövlüyü və suverenliyinə hörmət prinsipinə əsaslanmalıdır.

Redaksiyamız "Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi" İctimai Birliyinin 20 iyun - Ümumdünya Qaçqınlar Günü ilə bağlı bəyanatını almışdır. Bəyanatda qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üçün müxtəlif layihələrin həyata keçirildiyi təqdir olunur, dövlətin uğurlu xarici siyasəti problemin həlli istiqamətində atılan qətiyyətli addımlar göstərir ki, öz vətənlərində didərginə, məcburi köçkünə dönmüş insanların doğma yurdlarına qayıdacaqları günə çox qalmadığına ümid ifadə edilir. "Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi" İctimai Birliyi BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığını, ATƏT üzrə olan ölkə rəhbərlərinin, Avropa Şurasını, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutunu və digər beynəlxalq qurumları Ermənistan silahlı qüvvələrinin işğal altında saxladığı Azərbaycan ərazilərinin sülh yolu ilə azad etməsi, bir milyona qədər qaçqın və məcburi köçkünün doğma yerlərinə qaytarılması üçün təsirli tədbirlər görməyə çağırır.

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Dünya Qaçqınlar Günü ilə bağlı keçirilən tədbirdə diqqətə çatdırılmışdır ki, məcburi köçkünlərin doğma torpaqlarına qayıdacağı zaman lazımi şəraitlə təmin edilməsini nəzərdə tutan Böyük Qayıdış Proqramı tam hazırdır. Torpaqlar işğaldan azad olunan kimi, Azərbaycan dövləti həmin ərazilərdə bərpa işlərinə başlayacaq.

Azərbaycan torpaqlarının işğalı ilə bağlı doğma yurd-yuvalarını itirmiş bir milyondan artıq soydaşımız dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin problemin həlli ilə bağlı siyasi səylərinin uğurlu nəticələr verəcəyinə inanır, öz əzəli yurdlarına dönəcəkləri günü səbirsizliklə gözləyirlər.

 

 

Akif CABBARLI

 

Azərbaycan.- 2009.-  20 iyun.- S. 4.