Tamaşaçını bezdirmiş mövzunun uğursuz dramaturji variantı

 

Akademik Milli Dram Teatrının binası təmirə dayandığından bu mədəniyyət məbədinin hazırladığı tamaşalar ayrı-ayrı teatrların səhnələrində pərəstişkarlarına təqdim edilir. Bu günlərdə Şıxəli Qurbanov adına Musiqili Komediya Teatrında yaradıcı kollektivin hazırladığı yeni səhnə əsərinin ilk tamaşası oldu. Yazıçı-dramaturq Əli Əmirlinin "Sevən qadın" adlı pyesi əsasında əməkdar incəsənət xadimi, rejissor Bəhram Osmanovun quruluş verdiyi yeni tamaşa iki hissədən ibarətdir. Quruluşçu rəssam Sevinc Həsənova, musiqi tərtibatçısı Elşad Şabanovdur.

Əslində "Sevən qadın" tamaşası sadə və sürətlə inkişaf edən süjet xətti üzərində qurulmuş bir oyundur. Burada məşhur aktrisanın həyatında baş verən dəyişikliklərdən, keçirdiyi hisslərdən, yaşadığı mənəvi-psixoloji məqamlardan danışılır. Əsərin qəhrəmanı Elmina adlı bir aktrisadır.

Onun obrazını səhnədə əməkdar artist Sənubər İsgəndərova yaradıb. Həyatına daxil olaraq onu pulları və şirin vədləri ilə cazibəsində saxlayan Qalib (rolun ifaçısı əməkdar artist Füzuli Hüseynovdur) mənəviyyatı aşınmış tipdir. Birinci hissədə Elmina çox xoşbəxt görünür və o, bu sevincini tamaşaçılarla bölüşür, duyğularını rəfiqəsi Şöləyə (rolu təqdim edən əməkdar artist Mehriban Xanlarova), anası Minaya (rolun yaradıcısı xalq artisti Laləzar Mustafayeva) çatdırır. Qəfildən səhnədəki xoş büsatın ahəngi pozulur, Qalibin gəlişi sevinc yox, Elminaya ağır dərd və sarsıntı bəxş edir. Çünki onlar ayrılmalı olurlar.

İkinci hissədə isə Elminanın ağır durumda olduğu görünür. Bu gərginliyin içində onun evinə müxbir gəlir. Bu rolun ifaçısı Füzuli Hüseynovdur. Cibində gəzdirdiyi diktafona aktrisanın etiraflarını, çəkdiyi zillətləri ifadə edən söhbəti yazaraq qəzetdə dərc etdirir. Bu hadisədən əsəbləşən Elmina müxbirlə hikkəli söhbət edir. Müsahibənin maraqlı bir məqamında telefon zəng çalır, məlum olur ki, Qalib peşmandır, geri qayıtmaq istəyir. Elmina buna sevinmir, nə qapını açır, nə Qalibin telefon zənglərinə cavab verir. Beləliklə də, tamaşanın yaradıcı heyəti sonluğun nidasını tamaşaçıların ixtiyarına verir.

Əli Əmirli bir dramaturq kimi öz sözünü demiş müəlliflərdəndir. Onun müxtəlif teatrlarda, eləcə də televiziya kanallarında səhnələşdirilmiş əsərləri həmişə rəğbətlə qarşılanıb. Eləcə də quruluşçu rejissor Bəhram Osmanovun hazırladığı tamaşalar həmişə maraqlı süjet xətti, yozumu ilə diqqət çəkib. Bu tamaşada iştirak edən aktrisa və aktyorların ayrı-ayrı əsərlərdə yaratdığı rollar uzun müddət yaddaşlardan silinməyib. Maraqlı bir sual meydana çıxır. İndi televiziyaların çox səxavətlə səviyyəsiz musiqiçilərə, şou əhlinə geniş yer verdiyi bir zamanda dramaturgiyaya bu cür mövzunun gətirilməsi nə ilə bağlıdır? Əlbəttə, məzəli əhvalatın içində mənəviyyatsızlığın tənqidi yeni tamaşanın əsas ideyasıdır. Əsərin qəhrəmanı məşhur aktrisadır, bir neçə dəfə ərdə olub, oğlunu xarici ölkədə tərbiyə etdirir, vurulduğu biznesmenin "məziyyət"lərindən danışmaqdan doymur. Onun anası Mina da dörd dəfə ərə gedib. Rəfiqəsi Şölə onlara həsədlə baxır. Elminanın yeni sevgilisi təkcə ona deyil, anasına da bahalı maşın bağışlayır, onlara neçə yerdə villalar, mülklər alır. Söhbət bu hadisənin həyat gerçəkliyində olub-olmamasından getmir.

Elminanın anası Mina ilə nəzakətsiz davranışı inandırıcı görünmür. Heç bir halda cinayətkar da, əxlaqsız da öz anası ilə bu tonda, bu səviyyədə söhbət etməz. Müəllif nəyi təlqin, nəyi tənqid etmək istəyir? Braziliya seriallarının motivləri hiss olunan yeni tamaşada müəllifin özünün "Bala başa bəla" komediyasından gəlmə ştrixlər var. Məsələn, müxbirin gəlişi.

Mina rolu Laləzar Mustafayevanın ampluasına uyğun deyildir. Çünki onun teatr səhnəsində yaratdığı çox cazibəli, ciddi, yaddaqalan, sevilən obrazları olub. Bu təzə rolu başqa obrazları ilə müqayisədə zəifdir. Aktrisa nə qədər istedadlı olsa da, mətn öz işini görürdü.

Mehriban Xanlarovanın yaratdığı obraz təbii görünür. Əsərdəki Şölə obrazı zəif qələmə alınsa da, aktrisa içindəki daxili potensialdan məharətlə istifadə edərək bu maraqsız rolun daxili aləmini tamaşaçıya mükəmməl göstərə bilmişdir. Füzuli Hüseynovun da birinci rolu - Qalib quru və sxematik alınıb. Müxbir obrazını isə məharətlə yaradıb. Doğrudan da, bu gün belə cızmaqaraçılar aramızda çoxdur. Məhz belələri aktyor və aktrisaların şəxsi həyatlarını qəzet səhifələrinə çıxardaraq bayağı, şit, səviyyəsiz yazıların dərc olunmasına rəvac verirlər. Tamaşanın ikinci hissəsində həyatın bu parçası təbii görünürdü.

Əsərin baş qəhrəmanı Elmina obrazının libası Sənubər İsgəndərovaya yaraşmır. Tamaşada mənasız bir deklomasiya var. Sünilik, əzbərçilik, çox bərkdən danışmaq, qışqırmaq tamaşaçıya xoş gəlmir. Nədənsə, aktrisanın rola yaxınlaşmasında, təqdimində bir soyuqluq duyulur. Nə parıltılı geyimlər, nə ehtiraslı sözlər, çılğın jestlər rolu tamaşaçıya maraqlı edə bilmir. Sadəcə əzbərlənmiş monoloqlar yorucu təsir bağışlayır. Tamaşaçı salonundan qulağımıza gələn kinayəli səslərdən bu bir daha duyulurdu.

Əslində yeni tamaşaya nə komediya demək mümkündür, nə də psixoloji dram. Bəlkə də yeni "janr"dır. Çox istərdik ki, yaradıcılıqlarına böyük hörmət və ehtiramımız olan Əli Əmirli, Bəhram Osmanov onsuz da hər an rastlaşdığımız, televiziya ekranlarında gecə-gündüz nümayiş etdirilən mənəviyyatsızlığın tənqidini daha qabarıq vermək üçün rol seçiminin üzərində diqqətlə düşünəydilər. Yeni tamaşada cəmi beş obraz və dörd ifaçı var. Və bütün surətlər də baş rolla bağlıdır. Məhz Sənubər İsgəndərovanın öz rolunda təbii görünə bilməməsi o biri həmkarlarının zəhmətini bir növ kölgədə qoyur.

 

 

Flora XƏLİLZADƏ

 

Azərbaycan.- 2009.- 20 iyun.- S. 6.