Səhiyyə sahəsi dövlət
qayğısı ilə
əhatə olunmuşdur
Ölkə
başçısı cənab İlham Əliyev tibb
işçiləri günü münasibətilə iyunun 3-də
"Azərbaycan Respublikasının səhiyyə
işçilərinə fəxri adların verilməsi
haqqında" və "Azərbaycan Respublikasının səhiyyə
işçilərinin "Tərəqqi" medalı ilə
təltif edilməsi haqqında" sərəncamlar
imzalamışdır. Sərəncamlara əsasən 10 nəfər
əməkdar həkim, 2 nəfər əməkdar elm xadimi
adına layiq görülmüş, 11 nəfər isə
"Tərəqqi" medalı ilə təltif edilmişdir.
Azərbaycanda
bütün sahələrlə yanaşı, səhiyyə
sistemi, həkimlər də daim dövlətin diqqət və
qayğısı ilə əhatə olunmuşdur. Son illərdə
respublika Prezidentinin təşəbbüsü ilə ən
vacib sahələr üzrə - "Qanın, qan komponentlərinin
donorluğu və qan xidmətlərinin inkişafına dair
Dövlət Proqramı", "Hemofiliya və talassemiya irsi
qan xəstəliyi üzrə Dövlət Proqramı",
"Xroniki böyrək çatışmazlığı
üzrə Tədbirlər Proqramı", "Yoluxucu xəstəliklərin
immunoprofilaktikasına dair Tədbirlər Proqramı",
"Onkoloji xəstələrin həyati vacib şiş əleyhinə
preparatlarla təminatı üzrə Tədbirlər
Proqramı", "Ana və uşaqların
sağlamlığının qorunması haqqında Tədbirlər
Proqramı" hazırlanmış və təsdiq
edilmişdir. Respublikada bir sıra səhiyyə
ocaqlarının, o cümlədən Bakıda Zərifə Əliyeva
adına Elmi-Tədqiqat Oftalmologiya İnstitutunun, psixiatriya xəstəxanasının
adi rejimli məcburi müalicə şöbəsinin
Göygöl Mərkəzi rayon xəstəxanasının
açılışı olmuşdur.
Bundan başqa, Şəmkir
rayonunun Zəyəm qəsəbəsində, Goranboy rayonunun
Saroğlu kəndində, Şəki rayonunda Cəfərabad və
Turan həkim məntəqələri fəaliyyətə
başlamışdır. Heydər Əliyev Fondunun prezidenti,
YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin
deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü
ilə irimiqyaslı layihələrin, o cümlədən
"Diabetli uşaqlara ən yüksək qayğı",
"Talassemiyasız həyat naminə", "Uşaq Kardiocərrahiyyə
Mərkəzinin yaradılması" və
başqalarının həyata keçirilməsi, ən
ağrılı problemlərdən biri olan böyrək
çatışmazlığından əziyyət çəkən
xəstələrin pulsuz (bilavasitə fondun maddi dəstəyi
və təşəbbüsü ilə) hemodializ seansları
alması, habelə yeni tikilmiş və əsaslı təmirdən
çıxmış, ən müasir texniki avadanlıqla təchiz
edilmiş yeni xəstəxana və poliklinikaların
açılması bütövlükdə tibb sahəsinə,
burada çalışan insanlara göstərilən diqqətin
bariz nümunələridir. Dövlətimizin
başçısının səhiyyə sahəsində
imzaladığı sənədlər, aparılan
genişmiqyaslı islahatlar səhiyyə işçilərinə
lazımi şəraitin yaradılmasına və onların
rifah halının yaxşılaşdırılmasına
yönəldilmişdir. Prezident İlham Əliyevin tibb
işçiləri günü ilə əlaqədar
imzaladığı hər iki sərəncam da bu istiqamətdə
atılan addımlardandır.
Adilə QOCAYEVA
Azərbaycan.- 2009.- 20
iyun.- S. 6.