"Təhsil haqqında" qanun qəbul olundu
İyunun 19-da Azərbaycan
Milli Məclisinin növbədənkənar sessiyasının
növbəti iclası keçirildi. Gündəliyin
müzakirəsinə keçməzdən əvvəl
deputatlar bir sıra məsələlərə dair fikirlərini
bölüşdülər. İlk söz alan deputat Fazil
Mustafa bildirdi ki, bu günlərdə bir qrup deputatla birgə N
hərbi hissəsində olduqdan sonra "Azadlıq" qəzeti
onu tənqid edərək orduda baş verənləri
şişirtməməkdə ittiham edib. Bundan təəssufləndiyini
bildirən Fazil Mustafa qəzetin mövqeyini bu məsələyə
naqis yanaşma kimi qiymətləndirdi. "Ən
acınacaqlısı isə odur ki, bunu yazan jurnalist heç hərbi
xidmət keçməyib" - deyən deputat əlavə
etdi ki, son illərdə Azərbaycan Ordusunun maddi-texniki təchizatı,
əsgərlərin ərzaq təminatı daha da
yaxşılaşıb. Orduda olan proseslərin yalnız qara rəngdə
verilməsi təəssüf hissi doğurur. Fazil Mustafa deputat
həmkarlarını müntəzəm olaraq hərbi hissələrə
getməyə, əsgərlərin döyüş ruhunun daha
da artırılmasına stimul verməyə
çağırdı.
Deputat Fəzail
İbrahimli də çıxışında bu mövzuya
toxundu. Onun sözlərinə görə, cəbhədə
atəşkəs olsa da, işğalçı Ermənistanla
ideoloji müharibə davam edir. Buna görə ordu ilə
bağlı informasiyaların cəmiyyətə çatdırılması
xüsusi həssaslıq tələb edir. Bəzən ordudan
anlayışı olmayanların silahlı qüvvələr
barədə yazdıqları sanki şəhərdə
yaşayıb kənddən şeir yazan şairlərin hərəkətinə
bənzəyir. Bu yaxınlarda qeyri-hökumət təşkilatlarının,
mətbuat nümayəndələrinin iştirakı ilə
bir qrup deputatın N hərbi hissəsində olduğunu
xatırladan Fəzail İbrahimlinin qənaətinə görə,
ölkəmizdə həyata keçirilən ordu quruculuğu
kifayət qədər bəhrəsini verir. Deputat bildirdi ki, hərbi
hissədə olduqdan sonra bir daha əmin olub ki, bu istiqamətdə
mühüm addımlar atılır. Əsgərlərin əhval-ruhiyyəsi
yüksəkdir. Düşmənlə üzbəüz
dayanmış oğullarımızın vətənpərvərlik
hissləri belə söyləməyə əsas verir ki,
ölkəmizin hərbi qüdrəti və güclü
potensialı var. Əgər Dağlıq Qarabağ
münaqişəsi beynəlxalq hüquq normaları çərçivəsində
həllini tapmasa, məsələ silahlı qüvvələrimizin
Ali Baş Komandanının bircə əmri ilə yoluna qoyula
bilər.
İclasda ilk olaraq
"Azərbaycan Respublikasının İnsan hüquqları
üzrə müvəkkili (ombudsman) haqqında" Azərbaycan
Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi
barədə" Azərbaycan Respublikası Konstitusiya Qanununun
layihəsi (ikinci oxunuşda) müzakirəyə
çıxarıldı. Spiker Oqtay Əsədov bildirdi ki,
Konstitusiya qanununun layihəsi prosedur qaydalara uyğun olaraq
gündəliyə salınmışdır.
Milli Məclisin Hüquq
siyasəti və dövlət quruculuğu komitəsinin sədri
Əli Hüseynov dedi ki, layihənin birinci səsverməsindən
6 aydan artıq vaxt ötür. Komitə sədri bir daha
Konstitusiya qanununa təklif olunan dəyişikliyi diqqətə
çatdırdı. Dəyişikliyə əsasən,
Konstitusiya qanununun 16.1-ci maddəsində "şərti
maliyyə vahidinin 1200 mislinə bərabər məbləğdə"
sözlərinin "1320 manat məbləğində"
sözləri ilə əvəzlənməsi təklif olunur. Konstitusiya
qanununun layihəsi ikinci səsvermədə qəbul olundu.
Sonra "Təhsil
haqqında" Azərbaycan Respublikası Qanununun layihəsi
(üçüncü oxunuşda) müzakirəyə
çıxarıldı. Milli Məclisin Sədri Oqtay Əsədov
bütün aidiyyəti orqanların qanun layihəsinin üzərində
səylə çalışdıqlarını bildirdi və
artıq üçüncü oxunuş olduğu
üçün deputatları müzakirələr
aparılmadan bu məsələyə münasibət bildirməyə
çağırdı.
Milli Məclisin Elm və
təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev
layihəyə ikinci oxunuşdan sonra edilən düzəlişlər
barədə məlumat verdi. Şəmsəddin Hacıyev dedi
ki, qanun layihəsinin yüksək səviyyədə
hazırlanmasında ölkə başçısı cənab
İlham Əliyevin təhsilə diqqət və
qayğısı mühüm rol oynamışdır. Bu layihənin
ikinci oxunuşda təsdiqindən ötən 6 ay ərzində
deputatlar tərəfindən edilən təkliflər nəzərə
alınaraq sənəd üzərində ciddi iş
aparılıb. Bu müddətdə Təhsil, Səhiyyə, Ədliyyə,
Vergilər, Xarici İşlər nazirliklərindən, Azərbaycan
Milli Elmlər Akademiyasından, Tələbə Qəbulu
üzrə Dövlət Komissiyasından, siyasi partiya və
qeyri-hökumət təşkilatlarından daxil olan təkliflərin
böyük əksəriyyəti layihədə öz əksini
tapmışdır.
Milli Məclisin Elm və
təhsi komitəsinin iyunun 16-da keçirilmiş iclasından
sonra da layihədə bəzi düzəlişlər edilib,
müəyyən dəyişikliklər aparılıb. Tələbə
Qəbulu üzrə Dövlət Komissiyasının təklifi
ilə layihəyə iki yeni bənd əlavə edilib. Ən
çox düzəliş isə Maliyyə Nazirliyinin təklifləri
əsasında aparılıb. Beləliklə, bütün təklif
və rəylər nəzərə alınıb.
Parlamentin komitə sədri
deputatların suallarını da cavablandırdıqdan sonra
"Təhsil haqqında" Azərbaycan Respublikası
Qanununun layihəsi üçüncü oxunuşda səsə
qoyularaq qəbul edildi.
Milli Məclisin
İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə
"Büdcə sistemi haqqında" Azərbaycan
Respublikasının Qanununa əlavələr və dəyişikliklər
edilməsi barədə" qanun layihəsini müzakirəyə
təqdim etdi. Bildirdi ki, qanun layihəsinə əlavə və
dəyişikliklər büdcə sisteminin daha da təkmilləşdirilməsinə
xidmət edir. Əlavə və dəyişikliklərin bir
qismi isə redaktə xarakterlidir. Qanun layihəsi təsdiq
olundu.
Parlamentin İqtisadi
siyasət komitəsinin sədri "Azərbaycan
Respublikasının Vergi Məcəlləsinə əlavələr
və dəyişikliklər edilməsi haqqında" qanun
layihəsi barədə də məlumat verdi. Komitə sədrinin
sözlərinə görə, təklif olunan 46 əlavə
və dəyişiklik vergi ödəyicilərinin
hüquqlarının, vergi
inzibatçılığının
artırılmasını və vergi nəzarətinin gücləndirilməsini
özündə ehtiva edir. Bir qisim əlavə və dəyişiklik
isə redaktə xarakterlidir.
İclasda "Azərbaycan
Respublikasının Milli Bankı haqqında" qanuna təklif
olunan dəyişikliklər və əlavələr də təsdiq
edildi.
Sonra Milli Məclisin
Regional məsələlər komitəsinin üzvü Tahir
Rzayev "Azərbaycan Respublikasının Füzuli rayonunun
inzibati ərazi bölgüsündə qismən dəyişikliklər
edilməsi haqqında" qanun layihəsini müzakirəyə
təqdim etdi. Layihədə Füzuli rayonunu Birinci Haramı qəsəbə
inzibati ərazi dairəsi və İkinci Haramı qəsəbə
inzibati ərazi dairəsi tərkibindəki qəsəbələrin
ayrılması və hər bir qəsəbə mərkəz
olmaqla yeni inzibati ərazi dairələrinin yaradılması təklif
olunurdu. Birinci Haramı qəsəbə inzibati ərazi dairəsində
5, İkinci Haramı qəsəbə inzibati ərazi dairəsində
6 qəsəbə var. Qanun layihəsi təsdiq olundu.
Qısa fasilədən
sonra Hacıqabul rayonunun Abdulyan kəndinin adının dəyişdirilməsi
haqqında qanun layihəsi müzakirə edildi. Deputatlardan
Fazil Mustafa, Fəzail İbrahimli bu məsələ ilə
bağlı fikirlərini bildirdilər. Qanun layihəsi
müzakirələrin sonunda səsə qoyularaq qəbul
edildi.
Sonra Milli Məclisin
Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə
"Naxçıvan Muxtar Respublikasında bələdiyyələrin
birləşmə yolu ilə yaradılması haqında"
qanun layihəsini müzakirəyə təqdim etdi. Arif Rəhimzadə
bildirdi ki, qanun layihəsində Naxçıvan Muxtar
Respublikasında 84 bələdiyyənin birləşməsi
yolu ilə 40 böyük bələdiyyənin
yaradılması nəzərdə tutulur. Qanun layihəsinə
bəzi bələdiyyələrin Naxçıvan Muxtar
Respublikasının Babək rayonuna yox, Naxçıvan şəhərinə
aid edilməsi ilə bağlı texniki düzəlişlər
əlavə edilib.
Müzakirələr
zamanı deputat İsa Həbibbəyli bildirdi ki, bələdiyyələrdə
islahatların aparılması zamanın tələbidir. Birləşmə
yolu ilə yeni bələdiyyələrin yaradılması
yerli özünüidarəetmənin təkmilləşdirilməsinə
öz töhfəsini verəcəkdir. Qanun layihəsinin qəbul
edilməsi yerli özünüidarəetmə
orqanlarının cəmiyyətdə nüfuzunun artmasına
müsbət təsir göstərəcək. Müzakirələrin
sonunda qanun layihəsi səsə qoyularaq qəbul edildi.
Deputatlar "Bələdiyyələrin
əraziləri və torpaqları haqında" Azərbaycan
Respublikasının Qanununa əlavə edilmiş "Azərbaycan
Respublikasında bələdiyyələrin
siyahısı"nda dəyişikliklər edilməsi barədə"
qanun layihəsinə də müsbət münasibət
bildirdilər.
Daha sonra iclasda Milli Məclisin
Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli
"Bədən tərbiyəsi və idman haqqında" Azərbaycan
Respublikası Qanununun layihəsini (ikinci oxunuşda) parlamentin
müzakirəsinə təqdim etdi. Sosial siyasət komitəsinin
sədri bildirdi ki, Milli Məclisin yaz sessiyasının plenar
iclasında "Bədən tərbiyəsi və idman
haqqında" Azərbaycan Respublikası Qanununun layihəsi
geniş müzakirə olunaraq birinci oxunuşda qəbul edilib.
Deputatlar qanun layihəsinə konstruktiv təkliflər
vermişdir ki, bu da sənədin daha işlək olmasına
xidmət edirdi.
Ötən müddət
ərzində bu sənəd işçi qrupunun və
parlamentin Sosial siyasət komitəsinin iclaslarında geniş
müzakirə olunmuşdur. Müzakirələr zamanı
qanun layihəsinə redaktələr, dəyişikliklər
edilmiş, bəzi müddəalar mövcud qanunvericiliyə
uyğunlaşdırılmışdır.
Deputatlardan Nazim Məmmədov,
Fazil Mustafa, Elmira Axundova, Adil Əliyev, Siyavuş Novruzov qanun
layihəsi ilə bağlı təkliflərlə
çıxış etdilər. Müzakirələrin sonunda
qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul
edildi.
İclasda Milli Məclisin
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin
sədri Əli Hüseynov "Fərdi məlumatlar
haqqında" Azərbaycan Respublikası Qanununun layihəsini
deputatların müzakirəsinə təqdim etdi. O bildirdi ki,
ötən müddət ərzində Milli Məclis tərəfindən
qəbul olunmuş qanunlarda fərdi məlumatlarla bağlı
müəyyən maddələr olsa da, qanunvericilikdə bu sahənin
tənzimlənməsi mexanizmi hələ də mövcud
deyil. "Fərdi məlumatlar haqqında" qanun layihəsində
Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyanın tələbləri
yerinə yetirilmişdir. Sənəddə fərdi məlumatların
toplanılması, işlənilməsi, mühafizəsinin
qanunvericilik əsasları və elmi prinsipləri öz əksini
tapmışdır. Milli Məclisin Hüquq siyasəti və
dövlət quruculuğu komitəsinin sədri bildirdi ki,
müzakirəyə çıxarılan qanun layihəsi Azərbaycan
Respublikası Konstitusiyasında şəxsi toxunulmazlıq
hüququnu nəzərdə tutan müvafiq maddənin
icrası baxımından zəruridir. "Fərdi məlumatlar
haqqında" qanun layihəsi bu sahəni tənzimləmək
üçün yetərli hazırlanmışdır.
Deputatlardan Ərəstun
Cavadov, Aydın Həsənov qanun layihəsinin fərdi məlumatların
toplanılmasının, işlənilməsinin və
mühafizəsi ilə bağlı münasibətləri tənzimləmək
məqsədi daşıdığını deyərək ona
müsbət münasibət bildirdilər. Qanun layihəsi səsə
qoyularaq qəbul edildi.
Sonra Milli Məclisin
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin
sədri Əli Hüseynov "Dini etiqad azadlığı
haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr
və dəyişiklik edilməsi haqqında qanun layihəsini
və Azərbaycan Respublikasının bəzi qanunvericilik
aktlarına əlavələr və dəyişikliklər
edilməsi haqqında qanun layihələrini Milli Məclisin
müzakirəsinə təqdim etdi.
Əli Hüseynov
bildirdi ki, "Dini etiqad azadlığı haqqında"
qanuna nəzərdə tutulan əlavə və dəyişikliklər
dini etiqad azadlığı məsələsini məhdudlaşdırmır.
Məqsəd ibadət yerlərinə rəhbərlik edən
şəxslərin təyinatında dövlət orqanı ilə
dini icma arasında münasibətləri tənzimləməkdir.
Parlamentin Hüquq siyasəti
və dövlət quruculuğu komitəsinin sədri bildirdi
ki, "Kütləvi informasiya vasitələri
haqqında" Azərbaycan Respublikasının Qanununa və
"Qeyri-hökumət təşkilatları (ictimai birliklər
və fondlar) haqqında qanuna nəzərdə tutulan əlavə
və dəyişikliklər müasir dövün tələblərindən,
bu sahələrdə yaranmış boşluqların aradan
qaldırılması vacibliyindən irəli gəlir. Hər
iki qanuna nəzərdə tutulan əlavə və dəyişikliklərin
bir qismi oxşarlıq təşkil edir.
Qanun layihələri
adların istifadə qaydalarının təkmilləşdiriməsini,
tənzimlənməsini və digər məsələlərdən
ibarətdir.
Qanun layihələrinin
müzakirəsi zamanı deputatlardan Tahir Rzayev, Aydın Mirzəzadə,
Qüdrət Həsənquliyev, Azay Quliyev bu məsələlərə
müsbət münasibət bildirərək bir sıra təkliflərlə
çıxış etdilər. Qanun layihələrinin
müzakirəsi Milli Məclisin növbədənkənar
sessiyasının növbəti iclasında davam etdiriləcəkdir.
Azərbaycan.- 2009.- 20 iyun.- S. 1, 2.