Azərbaycan Mətbuat
Şurası "Mətbuatda peşə etikası norma və
qanunlarının gözlənilməsi" adlı
bülleten nəşr etdirmişdir.
Mətbuat
Şurasından bildirmişlər ki, 45 səhifəlik
bülleten ABŞ-ın Azərbaycandakı səfirliyinin
maliyyə dəstəyi ilə çap olunmuşdur. Bülletendə
diqqəti cəlb edən əsas məqam şuranın
ABŞ-ın maliyyə dəstəyi ilə
reallaşdırdığı "Mətbuatda peşə
etikası norma və qanunlarının gözlənilməsi"
layihəsi çərçivəsində aparılan
monitorinqin üç aylıq müqayisəli
hesabatının yer almasıdır.
Qeyd edək ki, layihə
çərçivəsində ölkənin qəzet, jurnal
və xəbər portalları da daxil olmaqla, ümumilikdə
60-dək KİV-də monitorinq aparılır.
Bülletendə
monitorinqin aprel ayı üçün nəticələrinə
ayrıca diqqət yetirilmişdir. Bu sırada monitorinqi
aparılan kütləvi informasiya vasitələrində
peşə prinsiplərinin pozulması hallarının
üç aylıq hüquqi təhlili də qeyd edilməlidir.
Sənəddə monitorinqin keçirilməsi
üçün lazım olan vəsaitlər - "Azərbaycan
jurnalistlərinin peşə davranışı
qaydaları" və monitorinqin iştirakçıları
üçün təlimat da dərc olunmuşdur.
Bülletenin "Qəzetlər
peşə etikasını niyə pozur?"
başlıqlı bölümündə peşə prinsiplərini
pozan KİV-lərdə şuranın monitorinq qrupunun
apardığı görüşlərin nəticələri
təhlil olunmuş, pozuntu faktlarının təzahür
formalarına, onların başvermə səbəblərinə
aydınlıq gətirilmişdir.
Hesabatın nəticələrinin
əks olunduğu cədvəldə peşə
etikasının gözlənilmədiyi materialların konkret
adları göstərilmişdir. Cədvəllər monitorinq
iştirakçıları üçün təlimatın
müvafiq kateqoriya və kodları əsasında tərtib
edilmişdir. Materiallar əsasən üç kateqoriyada -
"Həqiqətə xidmət, dəqiqlik və
obyektivlik", "Məlumat mənbəyinə hörmətli
münasibət" və "Adın qorunması (şərəf
və ləyaqət, şəxsi həyatın
toxunulmazlığı prinsipi)"
araşdırılmışdır. Müqayisəli cədvəllərdə
ən çox pozuntu müşahidə olunan kodlara və qəzetlərə
diqqət yetirilmişdir.
AzərTAc
Azərbaycan.- 2009.- 20 iyun.- S.2.