Hər il iyunun 14-ü
dünyada Ümumdünya Qan Donor Günü kimi qeyd olunur. Ümumdünya
Səhiyyə Təşkilatı 2005-ci ilin may ayında
keçirilən Assambleyasında dünya ölkələrinin
səhiyyə nazirləri ilə birgə könüllü və
təmənnasız qan donorluğunun inkişafına, dəstəklənməsinə
dair qərar çıxarmışdır.
Ümumdünya Səhiyyə
Təşkilatı ilə yanaşı, Beynəlxalq
Qızıl Xaç, Qızıl Aypara Cəmiyyətləri
Federasiyası, Beynəlxalq Donorlar Federasiyası və Beynəlxalq
Qanköçürmə Təşkilatı bu tədbirin təşkilatçılarıdır.
Günün əsas məqsədi qan verən insanlara xeyirxah
addıma görə təşəkkür bildirməkdir. "Azərbaycan
Qızıl Aypara Cəmiyyəti haqqında",
"Qanın, qan komponentlərinin donorluğu və qan xidmətləri
haqqında" Azərbaycan Respublikasının qanunlarına
uyğun olaraq Azərbaycan Qızıl Aypara Cəmiyyəti bu
sahədə silsilə tədbirlər həyata keçirir.
İyunun 17-də
paytaxtın "Ambassador" hotelində keçirilən tədbirdə
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin vitse-prezidenti
Qafar Əsgərzadə, B.Eyvazov adına Elmi-Tədqiqat
Hematologiya və Transfiziologiya İnstitutu Mərkəzi Qan
Bankının direktoru İlhamə Zeynalova və
başqaları çıxış edərək mərasimdə
iştirak edən müxtəlif dövlət
qurumlarının, ictimai təşkilatların, əmək kollektivlərinin,
ali təhsil ocaqlarının nümayəndələrinə
könüllü qanvermə aksiyalarında fəal iştirak
etdiklərinə görə təşəkkür etmiş,
onlara cansağlığı, işlərində uğurlar
arzulamışlar. Könüllü qan donorlarına və Azərbaycan
Qızıl Aypara Cəmiyyəti ilə əməkdaşlıq
edib respublikamızda könüllü, təmənnasız qan
donorluğunun inkişafında geniş fəaliyyət
göstərən təşkilatlara mükafat və hədiyyələr
təqdim olunmuşdur. Mükafat alan qurumlar arasında Heydər
Əliyev Fondunun hemofiliyalı uşaqlara könüllü qan
verilməsi ilə bağlı təşəbbüsünə
ilk səs verən kollektivlərdən biri də "Azərbaycan"
qəzetinin əməkdaşları idi. Qeyd edək ki, "Azərbaycan"
qəzetinin kollektivi Qızıl Aypara Cəmiyyətinin
mükafatını alan yeganə mətbuat orqanıdır.
Qəzetin kollektivi iki
ildən artıqdır ki, B.Eyvazov adına Elmi-Tədqiqat
Hematologiya və Transfiziologiya İnstitutu Mərkəzi Qan
Bankı ilə əməkdaşlıq edir, hemofiliyalı
uşaqların, eləcə də cəbhə bölgəsində
yaralanan əsgərlərin qana olan tələbatının
ödənilməsində öz payını verir.
Tədbirdə
iştirakçılar arasında depatlar, müzakirələr,
viktorinalar keçirilmiş, gənc könüllü qan
donorları üçün diskoteka təşkil
olunmuşdur.
Azərbaycan.- 2009.- 20 iyun.- S. 5.