Daxili İşlər
Nazirliyi və Respublika Baş Prokurorluğunun mətbuat xidmətlərinin
birgə məlumatında bildirilir ki, cari il aprelin 30-da Dövlət
Neft Akademiyasında insanların xüsusi amansızlıqla
öldürülməsi və həyatlarına sui-qəsd
edilməsi faktı ilə əlaqədar başlanmış
cinayət işi üzrə Daxili İşlər Nazirliyi və
Baş Prokurorluğun əməkdaşlarından ibarət
istintaq-əməliyyat qrupu tərəfindən müvafiq tədbirlər
davam etdirilmişdir.
Akademiyanın müəllim
və tələbələri, Fərda Qədirovun
Gürcüstandan Bakı şəhərinə gəldiyi
avtobusun sərnişinləri, paytaxtda olduğu müddətdə
ünsiyyət saxladığı şəxslər,
yaşadığı binanın sakinləri və ətraf ərazidə
yerləşən iaşə və ticarət obyektlərində
işləyənlər, onun ehtimal edilən hərəkət
istiqamətləri üzrə fəaliyyət göstərən
taksi və marşrut avtobuslarının sürücüləri
müəyyənləşdirilərək dindirilmiş,
tanınmalar, üzləşdirmələr və zəruri
axtarışlar aparılmışdır. Cinayətin baş
verdiyi əraziyə yaxın yerlərdə
quraşdırılmış videokameraların qeydə
aldığı görüntülərə baxış
keçirilmiş, iş üzrə maraq doğuran telefon
danışıqları təhlil edilmiş, zəruri
ekspertizalar aparılması təşkil edilərək
müvafiq rəylər alınmışdır.
Fərda Qədirovun əvvəllər
Rusiya Federasiyası və Gürcüstanda yaşaması, həmçinin
Ukrayna və Belarus respublikalarına gedib-gəlməsi ilə
bağlı əlaqələrinin müəyyən edilməsi,
iş üçün əhəmiyyət kəsb edən
istintaq hərəkətlərinin aparılması məqsədilə
istintaq-əməliyyat qrupunun üzvləri həmin ölkələrə
ezam olunmuşlar.
Rusiya
Federasiyasının hüquq-mühafizə orqanlarının
yaxından köməyi ilə aparılmış istintaq hərəkətləri
və əməliyyat-axtarış tədbirləri nəticəsində
müəyyən edilmişdir ki, Fərda Qədirov Podolsk
şəhərinə 2004-cü ilin əvvəlində
getmiş və 2006-cı ilin mart ayınadək valideynləri
ilə birlikdə qardaşı Şeydanın
qayınanası Ayna Tahirbəyovanın mənzilində kirayədə
yaşamaqla "Qrast-info" firmasında işləmişdir.
Bundan sonra o, Marneuli rayonunun Daştəpə kəndinə gəlmiş
və oradan Podolsk şəhərində yaşayan valideynlərinin
yanına qayıdaraq 2006-cı ilin dekabr ayınadək onlarla
birlikdə yaşamışdır.
Bu tarixdən 2008-ci ilin
mart ayınadək bacısı Yeganənin, əmisi
qızı Gülyanağın və onun qardaşının
yaşadığı Stavropol diyarı, Nevinnomıssk rayonunun
Barsukovskaya qəsəbəsində qalaraq yenidən Podolsk
şəhərinə qayıtmışdır. Orada Azərbaycan
Respublikası vətəndaşının saxta pasportunu əldə
edərək "Abilena" firmasında işə düzəlmişdir.
Az müddət sonra firmanın rəhbərliyini xəbərdar
etmədən işdən çıxmış, işlədiyi
günlərin əməkhaqqını ödəməyəcəkləri
təqdirdə isə müəssisənin rəhbərliyinə
hədə-qorxu gəlmişdir. İstintaqla Fərda Qədirovun
2008-ci ilin aprel ayından Podolsk şəhərində fəaliyyət
göstərən, baş direktoru və sex rəisi
keçmiş Bakı şəhər sakinləri Koçarov
Aleksandr Robertoviç və Mkrtumyan Eduard Qraçikoviç
olan, onlaradan başqa daha 28 nəfər erməninin işlədiyi
zavodun parket sexində fəaliyyət göstərməsi
müəyyən edilmişdir.
Şirkətin rəhbərləri
Fərda Qədirovun qeyd edilən müəssisədə
işlədiyini inkar etsələr də, Rusiya Federasiyası
hüquq-mühafizə orqanlarının bilavasitə
yaxından köməyi və istintaqla əldə edilmiş təkzibolunmaz
dəlillər, o cümlədən Fərda Qədirovun müəssisənin
ərazisinə keçməsi barədə
buraxılış vərəqələri, digər sənədlər
və şahid ifadələri ilə onun 2008-ci ilin aprel-avqust
aylarında həmin müəssisədə işləməsi
sübuta yetirilmişdir. Həmçinin Fərda Qədirovun
valideynlərinin zavoda yaxın ərazidə yerləşən
bazarda alverlə məşğul olmalarına, zavodda işləyənlərlə
daim ünsiyyət saxlamalarına baxmayaraq, istintaq zamanı
verdikləri ifadələrində Fərdanın həmin
müəssisədə işlədiyini, zavodun rəhbərliyinin
və əksər işçilərinin milliyətcə erməni
olduqlarını, onlar ilə yaxın münasibətlərini
gizlətmiş, işdən çıxmasının və
Gürcüstana qayıtmasının məqsədinin isə
guya vətənində yaşamaq istəyi ilə izah
etmişlər.
Fərda Qədirovun
valideynlərinin yaşadığı Podolsk şəhərindəki
evdə aparılmış axtarış zamanı onun
adına yazılmış və Ukraynaya gedib-gəlməsi
barədə ştamp vurulmuş Azərbaycan
Respublikasının saxta ümumvətəndaş pasportu
aşkar edilərək götürülmüşdür.
Araşdırmalarla həmin
pasportun hazırda Rusiya Federasiyasının Bryansk şəhərində
yaşayan, Zərdab rayonunda anadan olmuş Azərbaycan
Respublikası vətəndaşı Ceyhun Şirinovun
adına verildiyi müəyyən edilmiş və o, istintaqa cəlb
olunmuşdur.
Ceyhun Şirinov ifadəsində
pasportun istifadə müddətinin 27.11.2007-ci ildə bitməsi
ilə əlaqədar Moskva şəhərində Rəşid
adlı şəxsə verdiyini və onun vasitəsilə 8
min rubla yeni pasport aldığını bildirmişdir. Bu
faktla əlaqədar aidiyyəti nazirliklərdə
araşdırmalar aparılır.
Fərda Qədirovun
Podolsk şəhərində yaşadığı müddət
ərzində bir neçə telefondan istifadə etməsi də
müəyyən olunmuş və həmin dövrdə əlaqələrinin
araşdırılması istiqamətində tədbirlər həyata
keçirilmişdir.
İstintaq
araşdırmaları ilə o da müəyyən
edilmişdir ki, Fərda Qədirov Stavropol diyarının
Koçubeyski rayonunun Barsukovskaya qəsəbəsində
bacısı Yeqanənin evində yaşadığı
müddətdə orada taksi sürücüsü işləyən
milliyətcə rus olan qəsəbə sakininə Moskva şəhərində
zavodda işlədiyi zaman, ermənilərlə azərbaycanlılar
arasında münaqişənin olmasına baxmayaraq, ermənilərlə
yaxın münasibət və ünsiyyət
saxladığını, azərbaycanlıların ona pul vermədikləri
halda, erməni dostlarının borc verdiklərini minnətdarlıq
hissi ilə danışmışdır.
Gürcüstanın
hüquq-mühafizə orqanlarının yaxından köməyi
ilə Fərda Qədirovun Marneuli rayonunun Daştəpə kəndində
yaşayan qohumları, qonşuları, orta məktəb
yoldaşları, əlaqə saxladığı şəxslər,
cinayətdə istifadə etdiyi tapançanın
alınması üçün sənədlər vermiş
müəssisə və təşkilatlarda
çalışanlar, ona silahı satmış "Kula ARMS
Corciya" Məhdud Məsuliyyətli Cəmiyyətin
işçiləri dindirilmiş, müvafiq arayışlar
alınmış və iş üçün əhəmiyyət
kəsb edən sənədlər
götürülmüşdür.
İstintaq göstərmişdir
ki, Fərda Qədirovun "Makarov" tipli tapançanı və
bu silahın patronlarını Gürcüstanın
qanunlarına görə ancaq saxlamaq huququ olduğu halda, o, həmin
silahı qanunsuz olaraq üstündə gəzdirmiş, 2008-ci
ilin payızında isə Marneuli şəhərində yerləşən
fotoatelyeyə gələrək birinci dəfə qara eynəkdə
əlində tapança tutmuş vəziyyətdə
özünün seçdiyi payız fonunda, ikinci dəfə
isə eyni formada ağ fonda cəmi dörd fotoşəkil
çəkdirərək onları sevdiyi qıza göndərmək
istəmişdir. Axtarış zamanı mənzildə
fotoşəkillərdən biri aşkar edilmədiyindən
onun yeri, habelə Fərda Qədirovun silahı qanunsuz olaraq
üstündə gəzdirməklə fotoatelyeyə gəlməsi
barədə oranın işçilərinin
hüquq-mühafizə orqanlarına məlumat verib-verməmələri
ilə bağlı xüsusatların
araşdırılması istiqamətində istintaq-əməliyyat
davam etdirilir.
Fərda Qədirovun "Makarov" tapançasını və
patronları alması faktı üzrə aparılmış
istintaq-əməliyyat tədbirləri ilə orada müəyyən
edilmişdir ki, milliyətcə erməni olan Gürcüstan vətəndaşı
Sergey Qriqoryan əvvəlcədən
razılaşdıqları kimi silah və patronları almaq,
lazım olan sənədləri əldə etmək
üçün 2008-ci ilin oktyabr-noyabr aylarında Fərda Qədirovla
dörd dəfə zəngləşərək
görüşmüşdür. O, sonuncunu Tbilisi şəhərində
yerləşən "Kula ARMS Corciya" Məhdud Məsuliyyətli
Cəmiyyətə, patrul polisi məntəqəsinə, tibbi
arayış almaq üçün "İntermedi" tibb mərkəzinə
aparmaqla zəruri sənədlər toplamışdır.
Fərda Qədirovun
Bakı şəhərinə gəlməsinin səbəbləri
araşdırılarkən onun həmkəndlisi və cinayəti
törətməkdə köməkçisi qismində
iştirak etmiş Nadir Əliyevə gəlişinin məqsədinin
"seyid Qasım" kimi tanınan həmyerlisi Qasım Əsgərovu
öldürmək olmasını bildirdiyi müəyyən
edilmişdir. Aparılmış araşdırmalarla məlum
olmuşdur ki, 2004-cü ilin yay aylarında Marneuli rayonunun
Daştəpə kəndində yaşadıqları vaxt Fərda
Qədirovla həmkəndlisi Qasım Əsgərov arasında
şəxsi münasibətlər zəminində
münaqişə baş vermiş və Fərda Qədirov
onu vurub yıxmışdır. Bir müddət sonra Fərda
Qədirov valideynləri ilə birlikdə Rusiya
Federasiyasına getmiş, Qasım Əsgərov isə 2006-ci
ilin oktyabr ayında oğurluq etdiyinə görə məhkum
olunmuşdur. 2008-ci ilin dekabr ayında cəzaçəkmə
müəssisəsindən azad edildikdən sonra ailəsi ilə
birlikdə işləmək üçün Bakı şəhərinə
gəlmiş və Qaraçuxur qəsəbəsində kirayə
tutduqları mənzildə yaşamışdır. Bakıda
Fərda Qədirov öz həmyerliləri vasitəsilə
Qasım Əsgərovun yaşadığı ünvanı
öyrənmiş və planını həyata keçirmək
məqsədilə 2009-cu il mart ayının axırlarında
Qaraçuxur qəsəbəsinə gəlmişdir. O,
Qasım Əsgərovun yaşadığı evə
yaxınlaşarkən təsadüfən sonuncunun oğlu
Rasimlə rastlaşmış və gəlişinin səbəbi
ilə maraqlandığını gördükdə dərhal
oradan uzaqlaşmışdır. Fərda Qədirov Qasım Əsgərovun
oğlunun toy mərasiminin harada və nə vaxt keçiriləcəyini
hər vasitə ilə Nadir Əliyevdən öyrənmək
istəsə də, buna nail olmadığından, nəticədə
planlaşdırdığı cinayəti həyata keçirə
bilməmişdir.
Davam etdirilən istintaq
hərəkətləri ilə 2009-cu il martın 12-də Fərda
Qədirovun tapança və patronları götürərək
Marneuli-Bakı avtobusunun sürücü köməkçisi
Ariz Qabulova müraciət etməsi, sonuncunun onu Bakı şəhərinə
aparacağını və mənzil ilə təmin edəcəyini
vəd etməsi dəqiqləşdirilmişdir. Sərhəddə
digər sərnişinlərlə bərabər Fərda Qədirov
da piyadalar üçün nəzərdə tutulmuş nəzarət
məntəqəsinə daxil olaraq yoxlamadan keçmişdir. Həmin
vaxt yanındakı şəxsə ailənin yeganə
uşağı olduğunu bildirərək özünü
Ramin adı ilə təqdim etmişdir. Bakıya
çatdıqda Ariz Qabulovla birlikdə onun
qardaşının adına olan mənzilə gələrək
kirayənişin qismində yaşamışdır. Cinayətin
törədilməsi ərəfəsində, yəni 2009-cu il
aprelin 27-28-də Ariz Qabulov Fərda ilə
görüşmüş və iki gün onunla həmin mənzildə
qalmışdır.
Cinayətdə Fərda
Qədirovun köməkçisi qismində iştirak etmiş
həmkəndlisi Nadir Əliyev istintaqa verdiyi ifadəsində
Bakı şəhərində olduğu müddətdə iki
dəfə Fərdanın yaşadığı mənzilə
getdiyini, orada qaldığı vaxt sonuncunun ona
tapançanı və dolu patrondaşları göstərdiyini,
öz planları haqqında danışdığını
bildirmişdir. Həmçinin silahdan istifadəni öyrənmək
üçün Gürcüstanda yaşadığı evdə
məşq etdiyi zaman Nəcəf Süleymanovun da yanında
olduğunu, silahın Azərbaycana gətirilməsində isə
Ariz Qabulovun kömək göstərdiyini demişdir.
Bu istiqamətdə
aparılan istintaq araşdırmaları ilə məlum
olmuşdur ki, Bakıya gəldikdən sonra Fərda Qədirov
2009-cu il martın 31-də Nəcəf Süleymanovla telefon əlaqəsi
saxlamış, lakin sonuncu onunla ünsiyyətdən
yayınmaq üçün başqa nömrəli telefondan istifadə
edərək Fərda Qədirovun 50-dən artıq zənginə
cavab verməmişdir.
Ariz Qabulov əvvəlcədən
hazırlaşmaqla Fərda Qədirova məxsus
"Makarov" tapançası və patronları
gömrük nəzarətindən gizli şəkildə
keçirməklə qaçaqmalçılıq cinayəti
törətdiyinə görə Cinayət Məcəlləsinin
206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən
qaçaqmalçılıq) və 228.2.1-ci (qanunsuz olaraq odlu
silah və onun komplekt hissələrini saxlama və
daşıma) maddələri ilə təqsirləndirilən
şəxs qismində cəlb edilmiş və barəsində
məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri
seçilmişdir.
Fərda Qədirovun
Marneuli rayonunun Daştəpə kəndində qonşusu
olmuş və Bakı şəhərində daim əlaqə
saxladığı Nəcəf Süleymanov, onun əldə
etdiyi silah və patronları özü ilə Bakı şəhərinə
gətirdiyini və ağır cinayət törədəcəyini
bildiyi halda, bu barədə hüquq-mühafizə
orqanlarına məlumat vermədiyinə görə Cinayət
Məcəlləsinin 307.1-ci (ağır və ya xüsusilə
ağır cinayətin hazırlanmasını və ya törədilməsini
bilərək həmin cinayət barəsində xəbər
verməmə) maddəsi ilə təqsirləndirilən şəxs
qismində cəlb edilərək barəsində məhkəmənin
qərarı ilə həbs qətimkan tədbiri
seçilmişdir.
Bütün bunlarla bərabər,
araşdırmalar göstərmişdir ki, Fərda Qədirov
spirtli içki aludəçisi olmaqla tüfeyli həyat tərzi
sürmüş, yaxın qohumları, qonşuları və
tanışları ilə ünsiyyətdən yayınaraq
özünəqapanmış vəziyyətdə
yaşamışdır. Davranışında qeyri-adekvat hərəkətlər
müşahidə edilmiş, daim öz-özü ilə
danışmış, pula həris olduğu halda işləməkdən
yayınmışdır. Varlanacağı təqdirdə
yaxınlarından heç biri ilə əlaqə
saxlamayacağını bildirməklə valideynlərinin ona
qarşı laqeyd münasibəti ilə əlaqədar həmişə
özünü alçaldılmış
saymışdır. Qeyri-sağlam, ictimai mənəviyyata zidd
həyat tərzi keçirməsinin məntiqi nəticəsi
olaraq aparılmış tibbi-tədqiqatlarla meyitindən
götürülmüş qanında "sifilis" xəstəliyi
aşkar edilmişdir.
İstintaq-əməliyyat
tədbirləri ilə Fərda Qədirovun dəfələrlə
olduğu, Bakı şəhərinin Nərimanov rayonunun ərazisində
yerləşən "Eko" barında əxlaqsızlıq
yuvasının təşkil edildiyi və barın
işçiləri tərəfindən oradakı saunada
zöhrəvi xəstəliyə tutulmuş qadınların
müəyyən pul müqabilində intim münasibətdə
olmalarına şərait yaratmaları müəyyənləşdirilmişdir.
Bu fakt üzrə cinayət işinin materiallarından Cinayət
Məcəlləsinin 244.2.2-ci (qabaqcadan əlbir olan bir qrup
şəxs tərəfindən əxlaqsız yuvaları
saxlama) maddəsi ilə iş ayrılaraq istintaq
aparılması üçün Daxili İşlər
Nazirliyinə göndərilmişdir.
Hazırda cinayətin təşkilatçılarının,
təhrikçilərinin, cinayətdə istifadə
edilmiş silahın ölkəyə gətirilməsində
iştirak edən başqa şəxslərin, cinayətin məhz
Neft Akademiyasında törədilməsi səbəblərinin,
Fərda Qədirovun və onunla əlaqəsi olanların
Bakıda yaşadığı müddətdə digər
cinayətlərdə iştirakının
olub-olmamasının, xərclədikləri pulların əldə
edilmə mənbələrinin müəyyənləşdirilməsi,
habelə Rusiya Federasiyası, Gürcüstan və Ukraynada
işin hərtərəfli, tam və obyektiv
araşdırılması istiqamətində zəruri istintaq
hərəkətləri və əməliyyat-axtarış tədbirləri
davam etdirilir.
İstintaqın
gedişatı ilə əlaqədar ictimaiyyətə əlavə
məlumat veriləcəkdir.
AzərTAc
Azərbaycan.- 2009.- 20 iyun.- S. 5.