Respublika Veteranlar Şurasının plenumu olmuşdur

 

Plenumun əvvəlində təşkilati məsələyə baxılmış, Surxay Tağızadə yekdilliklə Respublika Veteranlar Şurası sədrinin birinci müavini seçilmişdir.

Sonra gündəlikdəki məsələlərin müzakirəsinə başlanmışdır.

Şuranın sədri Əlövsət Baxışov "2009-cu il oktyabrın 4-dən 7-dək Azərbaycanda "Biz Qələbənin varisləriyik" beynəlxalq aksiyasının keçirilməsi ilə əlaqədər olaraq respublika veteranlar təşkilatlarının qarşısında duran vəzifələr" mövzusunda geniş məruzə ilə çıxış etmişdir.

Bildirmişdir ki, MDB Xarici İşlər Nazirləri Şurasının 2006-cı ilin oktyabrında keçirilmiş iclasında hər il Böyük Vətən müharibəsində Qələbəyə həsr olunmuş "Biz Qələbənin varisləriyik" devizi altında beynəlxalq aksiyanın keçirilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərara uyğun olaraq 2007-ci ildən bəri hər il bu beynəlxalq aksiya keçirilir.

Məruzəçi qeyd etmişdir ki, MDB İcraiyyə Komitəsinin təklifi Azərbaycan Prezidenti İlham Əliyevin dəstəyi ilə "Biz Qələbənin varisləriyik" beynəlxalq aksiyası 2009-cu il oktyabrın 4-dən 7-dək ölkəmizdə keçiriləcəkdir. Bu aksiyanın 1941-1945-ci illər Böyük Vətən müharibəsində tarixi Qələbənin təmin olunmasında misilsiz xidməti olmuş Azərbaycanın paytaxtı Bakıda keçirilməsinin müstəsna əhəmiyyətini vurğulayan Ə.Baxışov demişdir ki, beynəlxalq tarixi Qələbədə xalqımızın rəşadətli oğullarının, arxa cəbhənin fədakar insanlarının qəhrəmanlığını bir daha bütün dünyaya bəyan edəcək, onların bugünkü varislərinin hərbi vətənpərvərlik tərbiyəsində mühüm rol oynayacaqdır. Eyni zamanda, Azərbaycanda dövlət səviyyəsində keçiriləcək bu aksiyada nəzərdə tutulmuş tədbirlər Qələbənin 65-ci ildönümü ərəfəsində müharibə arxa cəbhə veteranlarına dövlət qayğısının yeni təzahürü olacaqdır.

Məruzədə aksiyanın keçirilməsi ilə əlaqədar hazırlanmış tədbirlər planı ətraflı təhlil olunmuşdur.

Gündəliyin ikinci məsələsi - "1941-1945-ci illər Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 65 illiyinin təntənəli bayram edilməsinə hazırlıqla əlaqədər veteran təşkilatlarının vəzifələri haqqında" Respublika Veteranlar Şurasının 2008-ci il 10 iyun tarixli plenumunun qərarının icrasının gedişi haqqında" şura sədrinin müavini Çingiz Həsənovun məruzəsi dinlənilmişdir. Bildirilmişdir ki, həmin qərarda nəzərdə tutulan tədbirlərin icrası tam təmin edilmişdir. Məlumat verilmişdir ki, Qələbənin 65 illiyi ilə bağlı həm MDB dövlətlərinin ümumi proqramı, həm Azərbaycan Respublikasının Milli Proqramı müzakirə olunmuş, imzalanması üçün ölkə Prezidentinə təqdim edilmişdir.

Plenum iştirakçıları, həmçinin bu ilin aprelində Respublika Veteranlar Şurasının Gəncə, Ağdaş Cəlilabad şəhərlərində keçirdiyi regional seminar- müşavirələrin yekunları barədə şuranın məsul katibi Əlfayım İsmayılovun məlumatını dinləyib müzakirə etmişlər.

Müzakirə olunan məsələlər ətrafında çıxış edənlər ölkəmizdə ön arxa cəbhə veteranlarına, onların ailələrinə dövlət qayğısını yüksək qiymətləndirmiş, Böyük Vətən müharibəsi veteranlarının bundan sonra da gənc nəslin hərbi vətənpərvərlik tərbiyəsində fəal iştirak edəcəklərini bildirmişlər.

Plenum müzakirə olunan məsələlərlə bağlı müvafiq qərarlar qəbul etmişdir.

Sonda plenum iştirakçılarına "Xatirə kitabı"nın yenicə çapdan çıxmış VIII cildi paylanmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 20 iyun.- S. 7.