Daxili İşlər Nazirliyi Göyçay rayonundan olan sahibkar Çingiz Mayılovun həbsilə bağlı açıqlama yaymışdır

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, son günlər müxtəlif kütləvi informasiya vasitələrində Göyçay rayonundan olan sahibkar Çingiz Mayılovun əsassız həbs olunması ilə bağlı məlumatlar yayılır.

Bu istiqamətdə aparılan araşdırmalar göstərmişdir ki, son vaxtlar Çingiz Mayılovun qanunsuz hərəkətləri barədə rayon polis şöbəsinə və prokurorluğuna dəfələrlə şikayətlər daxil olmuşdur. Göyçay şəhər sakini Vüsalə Həsənova ərizə ilə müraciət edərək həyat yoldaşı Çingiz Mayılovun onu silahla hədələyib döydüyünü, atasının verdiyi 10 sot torpaq sahəsinin satılması haqqında sənədləri imzalamağa məcbur etdiyini bildirmiş, təhlükəsizliyinin təmin olunmasını xahiş etmişdir.

Bundan əlavə, vətəndaş Vüsalə Həsənovanın anası Südabə Həsənova kürəkəni Çingiz Mayılovun onu təhqir edərək şəxsiyyətini alçaltması, qızlarını döyməsi və avtomaşınla vurub öldürəcəyi ilə hədələməsi barədə polis şöbəsinə ərizə ilə müraciət etmişdir. 2009-cu il iyunun 7-də isə Südabə Həsənova Çingiz Mayılovun ikinci arvadı olan qızı Vüsaləni döyməsi, mehmanxana, mağazalar və torpaq sahələrini birinci arvadından olan oğlunun adına keçirməsi, onu və qızını təhqir etməsi, nümayişkaranə şəkildə alçaltması, həmçinin onun qanunsuz hərəkətlərinin qarşısının alınması üçün dəfələrlə rayon polis şöbəsinə və prokurorluğuna şikayət ərizələri ilə müraciət etməsi barədə Daxili İşlər Nazirliyinin "102" xidmətinə məlumat vermişdir.

Göstərilən şikayətlərlə əlaqədar Çingiz Mayılov bu il iyunun 11-də rayon polis şöbəsinə dəvət edilmiş, zəruri araşdırmaların nəticələrinə görə onun inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilmişdir. Müvafiq qərar Çingiz Mayılova elan olunduqda o, polis əməkdaşlarını təhqir etmiş, hədələmiş, onu sakitləşdirmək istəyən polis kapitanı Ruhid Tağıyevə xəsarət yetirmiş, növbətçi hissənin pəncərəsini sındırmaqla polis şöbəsinin rəis müavini Xaləddin Eyyubova bədən xəsarəti yetirmişdir.

Xuliqanlıq hərəkətlərini davam etdirən Ç.Mayılov növbətçi hissədə olan stul və stolları, xidməti telefonları sındırıb yararsız hala salmış, onun qanunsuz hərəkətlərinin qarşısını almaq istəyən məsul növbətçi Vahid Cahangirova xəsarət yetirmişdir.

Qeyd edilən xuliqanlıq hərəkətlərinə görə Göyçay Rayon Polis Şöbəsinin istintaq bölməsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə cinayət işi başlanmış, Ç.Mayılov şübhəli şəxs qismində tutulmuş və iyunun 12-də barəsində həbs qətimkan tədbiri seçilmişdir.

Bununla belə, özlərini hüquq müdafiəçiləri adlandıran ayrı-ayrı şəxslər bu hadisədən yararlanmağa cəhd göstərərək hər vəchlə rəsmi dövlət orqanlarını, o cümlədən polisi nüfuzdan salmaq məqsədi güdən aksiyalar təşkil etməyə çalışır, təqsirləndirilən şəxsin yaxınlarını müxtəlif qanunsuz aksiyalar keçirməyə təhrik edirlər. İctimai fikri yanlış istiqamətə yönəltmək məqsədilə müxtəlif mətbu orqanlarında əsl həqiqətdən uzaq olan məlumatlar yayılır, bilərəkdən özlərinin adət etdikləri məntiqdənkənar üsul və vasitələrə əl ataraq xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarını ləkələməyə səy göstərirlər.

Daxili İşlər Nazirliyi belə qanunazidd hərəkətlərin yolverilməzliyini xüsusi qeyd edərək diqqətə çatdırır ki, hazırda bu fakt üzrə istintaq araşdırmaları davam etdirilir.

Çingiz Mayılov özünün seçdiyi vəkil ilə təmin olunmuşdur. İş üzrə istintaqın tam, hərtərəfli və obyektiv aparılması üçün ibtidai araşdırma prosesi ciddi nəzarətdə saxlanılır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 20 iyun.- S. 7.