Teleradio İstehsalat
Birliyinin Teleqüllə kompleksi ümummilli lider Heydər Əliyevin
Azərbaycanda qurub-yaratdığı saysız-hesabsız obyektlərdən
biridir. Kompleks SSRİ Nazirlər Sovetinin qərarı əsasında
Azərbaycan Respublikası Rabitə Nazirliyinin sifarişi ilə
SSRİ Rabitə Nazirliyinin Dövlət Layihə İnstitutu
tərəfindən layihələşdirilmişdir. Tikinti
işlərinə 1979-cu ildə
başlanılmışdır. Layihəyə əsasən
inşaat işləri 1985-ci ildə başa
çatdırılmalı idi. Lakin müəyyən səbəblər
üzündən kompleksdə tikinti işləri
dayandırılmışdır. 1993-cü ildə
ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə
gəlişindən sonra Teleqüllənin tikintisi davam etdirilmiş
və 1996-cı ildə ulu öndərin iştirakı ilə
kompleksin rəsmi açılış mərasimi
keçirilmişdir.
2003-cü ildə
İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti
seçildikdən sonra ölkədə bütün digər
sahələrdə olduğu kimi, rabitə və informasiya
texnologiyaları sahəsində də böyük inkişafa
nail olunmuşdur. İnformasiya və kommunikasiya
texnologiyaları sektorunu prioritet sahələrdən biri elan edən
dövlətimizin başçısı bu sahənin daha da
inkişaf etdirilməsi istiqamətində tədbirlərin həyata
keçirilməsi ilə bağlı müvafiq qərarlar
vermişdir.
Azərbaycanda elektron
kütləvi informasiya vasitələrinin sürətli
inkişafı və genişmiqyaslı tətbiqi ölkədə
yeni informasiya sistemlərinin yaradılmasına və
radio-televiziya yayım texnologiyalarının yeniləşdirilməsinə
də əlverişli zəmin yaratmışdır. Bu sahədə
görülən işlərin daha da sürətləndirilməsi,
həyata keçirilən tədbirlərin səmərəliliyinin
artırılması, ölkə ərazisində radio və
televiziya verilişlərinin yüksək keyfiyyətli
yayımının təmin edilməsi, mövcud
yerüstü televiziya yayım sistemlərinin dünya
standartlarına uyğunlaşdırılması, eləcə
də efir məkanının informasiya təhlükəsizliyinin
möhkəmləndirilməsi məqsədi ilə 2008-ci il
iyul ayının 10-da Prezident İlham Əliyev "Azərbaycan
Respublikasında televiziya yayımının genişləndirilməsi
və efir məkanında informasiya təhlükəsizliyinin
möhkəmləndirilməsinə dair əlavə tədbirlər
haqqında" sərəncam imzalamışdır.
Sərəncama
müvafiq olaraq, ölkədə efir televiziya
yayımının əhatə dairəsinin genişləndirilməsi
və efir məkanının informasiya təhlükəsizliyinin
möhkəmləndirilməsi üçün 2008-ci il
dövlət büdcəsində nəzərdə tutulmuş
Prezidentin Ehtiyat Fondundan Azərbaycan Respublikası Rabitə və
İnformasiya Texnologiyaları Nazirliyinə 2,5 milyon manat məbləğində
vəsait ayrılmışdır. Qısa vaxt ərzində
kompleksdə əsaslı yenidənqurma işləri həyata
keçirilməyə başlanmışdır.
Görülən tədbirlər
nəticəsində kompleks ən qabaqcıl rabitə
avadanlığı ilə təchiz olunmuşdur. Rabitə və
İnformasiya Texnologiyaları Nazirliyi Radio-Televiziya
Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyinin yeni
inşa olunmuş inzibati binası yüksək tələblər
səviyyəsindədir. Burada çalışan əməkdaşlar
üçün hər cür şərait
yaradılmışdır.
Azərbaycan Prezidenti
İlham Əliyev və xanımı Mehriban Əliyeva
Teleqüllənin yenidənqurmadan sonrakı vəziyyəti ilə
yaxından tanış olmaq üçün əraziyə gəlmişlər.
Dövlətimizin
başçısına məlumat verildi ki, ümumi
hündürlüyü 310 metr, çəkisi 40 min ton olan
Teleqüllə dəniz səviyyəsindən 136 metr
hündürlükdə yerləşir. Kompleksin beton hissəsi
200 metr, metal hissəsi isə 110 metrdir. Qüllənin üzərində
milli ornamentli 4 şəbəkə yerləşir ki,
bunların hər biri bir qütbə istiqamətlənmişdir.
Dövlətimizin başçısının sərəncamı
ilə Prezidentin Ehtiyat Fondundan ayrılmış vəsait
hesabına yeni televiziya vericiləri
quraşdırılmışdır ki, bunlar da yayımın
keyfiyyətini yüksək standartlar səviyyəsinə
qaldırmışdır.
Bakı şəhəri
və ətraf ərazilərdə televiziya və radio
proqramlarının yayımının əhatə dairəsi,
respublikada mövcud televiziya və radio yayım şəbəkəsi,
Bakı və Abşeron yarımadasında rəqəmsal
televiziya yayımının inamlı qəbul xəritəsi,
respublika ərazisində DVB-T rəqəmsal televiziya yayım
planı, Azərbaycan Respublikasının Radiomonitorinq Şəbəkəsi
və kompleksin digər fəaliyyət istiqamətləri barədə
dövlətimizin başçısına ətraflı məlumat
verildi. Bildirildi ki, qüllədə Yaponiya istehsalı olan və
hər biri 12 nəfərlik iki "Hitachi" lifti
quraşdırılmışdır.
Qüllənin 28-ci mərtəbəsində
yerdən 180 metr hündürlükdə televiziya və radio
yayım avadanlığı, 1712 kilometr uzunluğa malik RRX
şəbəkəsinin baş stansiyası, mobil
operatorların SDH şəbəkələri yerləşdirilmişdir.
10-cu mərtəbədə isə televiziya və
radioverici-yayım avadanlığı, peyk yayımı
avadanlığı, audio-video kommunikasiya qurğuları, habelə
dispetçer xidməti, radio-rele kommunikasiya qurğuları və
digər xidməti avadanlıq yerləşdirilmişdir.
Prezident İlham Əliyev
Teleqüllə kompleksinin təmirdən əvvəlki və
sonrakı vəziyyətini əks etdirən fotostendlə tanış
oldu.
Sonra dövlətimizin
başçısı və xanımı qüllənin 27-ci
mərtəbəsində, yerdən 175 metr
hündürlükdə olan döşəməli restorana
baxdılar. Bildirildi ki, ümumi sahəsi 330 kvadratmetr olan
restoranın yükgötürmə qabiliyyəti 15 tondur. Restoranın
zalında eyni vaxtda yüz nəfərə xidmət göstərilə
bilər. Burada hər şey zövqlə
quraşdırılmışdır və xidmət ən
yüksək standartlar səviyyəsindədir. Zal 1 saat 10 dəqiqə
müddətində bir dəfə dövrə vuraraq şəhərin
və Xəzər dənizinin gözəl mənzərəsi
ilə bura gələnləri valeh edir. Burada paytaxt sakinlərinin,
eləcə də qonaqların istirahəti üçün
lazım olan hər cür şərait
yaradılmışdır.
Görülən
işlər və yaradılan şəraitlə bağlı
dövlətimizin başçısına ətraflı məlumat
verildi.
Tanışlıqdan
sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva
buradan şəhərin mənzərəsini seyr etdilər.
AzərTAc
Azərbaycan.- 2009.- 21 iyun.- S. 1.