Unudulmaz günlər, unudulmaz anlar

 

Zaman ötdükcə biz Heydər Əliyev şəxsiyyətinin böyüklüyünü, ucalığını, dahiliyini daha qabarıq görürük. Ulu öndərin rəhbərliyi altında mən də uzun illər işləmişəm. O, 1969-cu ildə Azərbaycan KP MK-nın birinci katibi kimi respublika rəhbərliyinə gələndən sonra Azərbaycanın xalq təsərrüfatında yeni dövr başlandı.

Elm, təhsil, səhiyyə, mədəniyyət sahələrində misilsiz dönüş yarandı. Qarlı, şaxtalı qışdan sonra qar necə əriyir, bahar suları necə çağlayır, təbiət yazda oyanıb necə canlanırsa, Azərbaycan cəmiyyətində də həyatın bütün sahələrində yeni nəfəs, yeni ab-hava duyulurdu. O zaman mən Füzuli Rayon Partiya Komitəsinə rəhbərlik edirdim. Kənd təsərrüfatının inkişafına xüsusi diqqət yetirən Heydər Əliyev aqrar sahədəki potensialı, istifadə olunmayan ehtiyat mənbələrini hərəkətə gətirmək üçün təşəbbüslər qaldırır, kəndə və kəndliyə diqqəti, qayğını artırırdı. Tez-tez bölgələrə səfər edən, bol məhsullu tarlaları, zəmiləri, bağları gəzməkdən, kənd əməkçiləri ilə iş başında görüşməkdən yorulmayan Heydər Əliyev dəfələrlə Füzuli rayonunda da olmuşdur.

Heç yadımdan çıxmaz. 1976-cı ilin avqustu idi. Heydər Əliyev Füzuli rayonuna gəlmişdi. Hər yerdə bayram əhvali-ruhiyyəsi duyulurdu. Ulu öndər əvvəlcə İranın və Azərbaycanın müştərək istifadə etdiyi Horadiz su bəndinin açılışında iştirak etdi. Belə bir bəndin tikilməsi məhz onun təşəbbüsü idi. Yuxarı Mil kanalı öz mənbəyini bu bənddən götürür, Füzuli, Beyləqan, Ağcabədi rayonlarında yüz min hektarlarla sahəni suvarma suyu ilə təmin edirdi. Horadiz su bəndinin istifadəyə verilməsi böyük bir ərazidə kənd təsərrüfatının inkişafına güclü təkan verdi. Su bəndi ilə tanışlıqdan, respublika iqtisadiyyatında mühüm hadisə olan böyük irriqasiya obyektinin istifadəyə verilməsindən son dərəcə məmnun qalan Heydər Əliyev rayon mərkəzində 420 yerlik mədəniyyət sarayının açılışında iştirak etdi. O zaman bölgələrdə belə böyük mədəniyyət obyektlərinə az təsadüf olunardı. Bu möhtəşəm mədəniyyət ocağı Füzuli camaatına gözəl töhfə idi.

Bol məhsul istehsal edən kəndli yaxşı işlədiyi kimi, yaxşı da yaşayırdı. Kəndlərin siması aydan-aya dəyişib gözəlləşirdi. Ağ daşdan tikilmiş yeni-yeni evlər hesabına kəndlər böyüyür, kənd camaatında şəxsi minik maşınlarının sayı artırdı.

Heydər Əliyev Füzuliyə səfəri zamanı beş il əvvəl verdiyi tapşırıqla da maraqlandı. Dahi rəhbərin tövsiyəsi ilə böyük bir ərazidə üzüm bağları salmışdıq. Havanın isti və bürkülü olmasına baxmayaraq, bol məhsullu bağları gəzdi. Yaşıl tənəklərin arasında ayaq saxlayıb mənə dedi: "Bunlar çox yaxşıdır, Qədim Əhmədov, amma hələ çox azdır. Daha sudan korluğunuz da yoxdur. Yeni su anbarının imkanlarından səmərəli istifadə etmək, Araz boyu ərazilərdə yeni üzüm bağları salmaq lazımdır. Belə bol məhsul yetirən torpaqların hər qarışı qızıldır. Biz ona nail olacağıq ki, neft kimi, pambıq kimi, üzüm də Azərbaycanın şöhrətinə çevrilsin".

Heydər Əliyev sözünə sahib rəhbər idi. Onun təşəbbüsü ilə SSRİ Nazirlər Sovetinin "Azərbaycanda üzümçülüyü və şərabçılığı inkişaf etdirmək tədbirləri haqqında" məlum qərarı qəbul edildi. Bu, sadə sənəd deyildi. Onun arxasında Azərbaycanda üzüm plantasiyalarını genişləndirmək, şərabçılıq sənayesini inkişaf etdirmək üçün İttifaq hökumətinin ayırdığı yüz milyonlarla manat vəsait dayanırdı. Üzümçülük sahəsindəki perspektivləri düzgün qiymətləndirən Heydər Əliyevin proqnozları real həyatda özünü uğurla doğruldurdu. Bir neçə il də keçdi, 130 min ton üzüm istehsal edən Füzuli rayonu Şamaxı və Cəlilabaddan sonra respublikada üçüncü yerə çıxdı.

Heydər Əliyevin Azərbaycan hakimiyyətinə ikinci gəlişi isə Azərbaycanı məhv olmaq təhlükəsindən xilas edib bütün dünyaya tanıtdı. Biz böyük təsəlli tapır, qürur və iftixar hissi keçiririk ki, bu gün Azərbaycan görünməmiş sürətlə inkişaf edir. Xalqın həyat səviyyəsi günbəgün yaxşılaşır. Bakı da, bölgələr də simasını dəyişib gözəlləşir. Bir neçə ildir təqaüddəyəm. Hərdən paytaxtımızı gəzməyə çıxıram. Hər yerdə gördüyüm inkişaf, tərəqqi, yenilik ürəyimi dağa döndərir.

 

 

Qədim ƏHMƏDOV,

təqaüdçü

 

Azərbaycan.- 2009.- 21 iyun.- S. 2.