Dünyaya gəldi bir memar kimi

 

Ölkəmizdəki Heydər Əliyev muzeylərini ömrünün 25 ilini xalça sənətinə həsr etmiş rəssam Afaq Kərimovanın ulu öndərə həsr etdiyi müxtəlif kompozisiyalı, rəngarəng əsərləri, portretləri də bəzəyir. Həmin əsərlər özünəməxsus dəst-xətti ilə biri-birindən seçilir.

Bu yaxınlarda hazırladığı ikili süjetli portret batiklər də diqqəti cəlb edir. Hər iki batikin yuxarı hissəsində tağvari xalçaçılıq sənətinə "ləçək-türünc" adlanan xüsusi üslubla toxunmuş nəfis xalça hissəsi yerləşir. Tağ formasında toxunmuş əsərdə gerbimizin, sülh quşlarının, üçrəngli bayrağımızın ətrafında nəbati ornamentlərlə atlas üzərində işlənmiş mürəkkəb süjetli batik texniki cəhətdən də gözəl vəhdət yaranır. Batikin ana xətti "Müstəqil Azərbaycan dövləti Heydər Əliyevin şah əsəridir. İlham Əliyev" sözləri ilə açılır. Ətrafda İhsan Doğramacının, Mstislav Rastropoviçin, Süleyman Dəmirəlin ulu öndər haqqında ürək sözləri, nəvəsi Leyla Əliyevanın babasına həsr etdiyi "Mənim babam" şeiri və İlham Əliyevin sözləri yazılmışdır.

Rəssamın ilk dəfə müraciət etdiyi bu üsul - həm xalça, həm də batikin vəhdətindən yaranmışdır. Birinci əsərin davamı kimi işlənmiş ikinci batikdə respublikamızın təbiəti, mənzərəli, səxavətli və məhsuldar torpağı çox gözəl əks olunmuşdur. Al-əlvan kontraslı, ara-sıra üçrəngli bayrağımızla əhatələnmiş qollu-budaqlı qocaman bir ağacın Azərbaycan süjetli kökü sanki bizə müxtəlif əsrlərin yadigarı olan qədim Dərbənd qalaları, Qoşa qala qapısı, Əsgəran, Qız qalası, Qazaxda Göyəzən, Tovuzda Koroğlu qalası, Gəncə, Şuşa, Naxçıvan şəhər qalaları, möhtəşəm Azərbaycan xəritəsi diqqəti çəkir. Onun üzərində bu sözlər vardır: "Azərbaycan torpağının hər bir guşəsi hər birimiz üçün müqəddəs yerdir. Heydər Əliyev".

Afaq xanımın ulu öndərə həsr etdiyi digər əsəri bu yaxınlarda istifadəyə verilmiş YAP-ın yeni binasını bəzəyir. Rəssamın başqa bir yeni əsəri də orijinallığı ilə diqqəti cəlb edir. Bu ipək parça üzərində işlənmiş basma üsullu zərif xəttatlıq nümunəsidir. Mövzusu da qeyri-adidir. Neft buruqları, möhtəşəm tikililər, körpülər, İpək yolu, pambıq tarlaları, üzüm bağları... Süjetin ana xəttinin mərkəzində ağ vərəq üzərində ulu öndərin imzaladığı əlləri görünür: "Mən Azərbaycanın xoşbəxt gələcəyini görürəm. Heydər Əliyev".

Bəli, Heydər Əliyevi haqlı olaraq yeni Azərbaycanın qurucusu, memarı kimi təqdim edirlər. Bu, həqiqətən də belədir. Ulu öndər bu adı layiqincə daşımış, Azərbaycanı dünyada tanıtmışdır.

 

 

Şükufə TAĞIZADƏ

 

Azərbaycan.- 2009.- 21 iyun.- S. 2.