"Hesab
edirəm ki, millətimiz üçün, millətimizi,
xalqımızı düzlüyə, saflığa,
xeyirxahlığa, əməli-salehliyə dəvət etmək
üçün ziyarətgahlar çox əhəmiyyətlidir.
Xüsusilə Mir Mövsüm Ağanın qəbri, bu ziyarətgah...
1943-cü
ildə mənim 20 yaşım vardı. Bizim ailədə
çətinlik vardı. Mən də, anam da bir nəzir
dedik. Mən onda Bakıda yaşamırdım.
Naxçıvanda yaşayırdım. Gəldim Bakıya,
getdim İçərişəhərdə Mir Mövsüm
Ağanın evinə, onu ziyarət etdim və nəzirimi də
verdim. İndi biz onun qəbri üstünə gəlirik, amma
mən sağlığında gedib onu ziyarət etmişəm.
Bacısı da orada idi, evi indi də gözümün
qabağındadır.
Əminəm
ki, Mir Mövsüm Ağanın ziyarətgahı zəhmətkeş
insanların səyi nəticəsində daha da genişlənəcək,
inkişaf edəcək və xalqımız bu ziyarətgahdan
bəhrələnərək mənəvi cəhətdən
daha da sağlam, saf olacaqdır".
Heydər ƏLİYEV
2000-ci ilin
qızılı payızında xalqımızın ulu
öndəri Heydər Əliyevin Mir Mövsüm
Ağanın Şüvəlandakı qəbirüstü ziyarətgahında
ziyarət mərasimi zamanı ictimaiyyət
qarşısında söylədiyi fikirlər onun islami dəyərlərə,
müqəddəslərin ocaq və türbələrinə
olan dərin ehtiramının təzahürüdür. Hələ
gənclik illərindən Mir Mövsüm Ağanın
sirli-möcüzəli daxili gücünə inanan və bu
müqəddəs ziyarətdən rahatlıq tapan dahi Heydər
Əliyev ömrünün sonuna kimi əhdinə sadiq
qaldı.
Böyük Ağa, Mir
Mövsüm Ağa, Yaşıl Seyid, Ət Ağa... bu adlar
nəinki Azərbaycan xalqının, hətta Avropanın və
Yaxın Şərqin müqəddəs xatirəsini dönə-dönə
yad etdiyi Ağa Seyid Əli Mir Əbu Talib oğlu Mir
Mövsümzadəyə məxsusdur. Nəsil şəcərəsi
və nəcabəti Məhəmməd peyğəmbərin nəvə-nəticələrinə
gedib çıxan, 1883-cü ildə İçərişəhərdə
seyid ocağında doğulan Ağa Seyid Əlinin ruhu hər
birimiz üçün müqəddəs nur deməkdir. Xalqın
Mir Mövsüm Ağanı Böyük Ağa
adlandırması onu böyük seyid kimi görməsinə
dəlalət edir. İnsanın çox yaşamaq əlində
olmadığı kimi, adının əbədiyyən
yaşaması da Allahın əmrindədir. Yəni alın
yazısı deyilən şey insanla işıqlı
dünyaya bir doğulur. Ağa Seyid Əli də dünyaya
xoş və bəd qütblərin
çuğlaşmasında doğulub. Fiziki cəhətdən
şikəst və zəif olan bu insan mənəvi cəhətdən
kamil və güclü idi. Mir Mövsüm Ağanın ruhi
gücü və müasirləri tərəfindən hərarətlə
sevilməsinin bir səbəbi də ondadır ki, insanlar ondan
hələ sağ ikən kəramətlər görüblər.
İşi müşkülə düşən, sağalmaz xəstəsi
olan imdad diləmək üçün İçərişəhərdəki
mənzilinə gediblər. Ağanın bir sığal
çəkməsi, bir nəfəs verməsi, bircə nəzəri
kifayət edib ki, çarəsiz və müşküllü
ondan şəfa payını alsın.
Mir Mövsüm
Ağanın daha güclü tərəfi onun mərhəmətində
və xeyirxahlığında idi. Evinə gələn nəzirləri
ehtiyacı qədər saxlar, qalanını isə kasıb və
füqaralara payladarmış. Ağa
uşaqlığından islama və islami dəyərlərə
sədaqətli olub. Onunçün insanların milliyyəti
yox, insanlıq, bəşəri dəyərlər dərin məna
kəsb edib.
Mir Mövsüm
Ağanın güclü mənəviyyat sahibi olduğu
Allahın ona sevgisində, xalqın bu günədək ona
olan istəyində isbatını tapır.
Böyük
Ağanın ölümü də elə
sağlığındakı kimi çox hörmətli və
izzətli, son dərəcə urvatlı və şərafətli
olub. 1950-ci ilin çisəkli payızında
dünyasını dəyişən kəramətli
Ağanın ölümü bütün dünya azərbaycanlılarını
sarsıtmışdı. İran, İraq, Türkiyə, Əfqanıstan,
Rumıniya, Bolqarıstan, Almaniya, Hollandiya və digər
ölkələrdən Azərbaycan xalqına
başsağlığı teleqramları gəlmişdi. Ruslar,
yəhudilər, qeyri-millətlər onunçün
ağlayırdılar.
Xalqın and yerinə
çevrilmiş bu müqəddəs nur mücəssəməsinin
uyuduğu Şüvəlan qəbiristanlığı bu
gün uzaq ellərdən, yurdumuzun bütün bölgələrindən
gələn zəvvarların ən böyük ziyarət
ocaqlarındandır. Ölümündən sonra 60 ildir ki, bu
böyük övliyanı insanlar böyük sevgilərlə
anır, ona tapınır.
Onun ruhunun hikmətinə
inanıb məzarını ziyarətə gələnlər
çox olsa da, keçmiş Sovet qadağaları, Sovet rejimi
burada məqbərə və ya ziyarətgah tikdirmək istəyənlərin
qarşısına sədd qoymuşdu. 1992-ci ildə
şüvəlanlı Hacı Nizam Həbiboğlu öz məsləkdaşları
və həmfikirləri ilə birgə ölkəmizdə din
və vicdan azadlığı bərqərar olduğu vaxtdan
Ağanın cəddinə olan böyük sevgisini gerçəkləşdirmək
yolları aradı. Əvvəlcə kiçik məqbərə
inşa olundu. Lakin müqəddəs övliyanın ziyarətinə
gələnlərə bu azlıq etdi. Dini mərasimlərdəki
insan seylabı dar məqbərəyə
sığmırdı.
Ağanın müqəddəs
ruhuna səmimi qəlbdən inanan və daim onu ziyarət edən
Heydər Əliyev 2000-ci ildə yeni ziyarət kompleksinin
maketini görüb çox bəyənmişdi. Dövlət
tərəfindən nə lazımsa, yardım təklif
etmişdi, tövsiyələrini vermişdi. Bu gün Mir
Mövsüm Ağanın məqbərəsinin yerində
Şərqin ən möhtəşəm və əzəmətli
bir abidəsi ucaldılıb. Səmavi rəngli füruzeyi
kaşılarla bəzədilmiş qoşa günbəzli, tək
minarəli ziyarətgah-məscid kompleksi xalqın dəstəyi
ilə, camaatın verdiyi nəzirlər hesabına tikilib.
Ağa Seyid Əlinin
uşaqlıq dövrü, nəsil şəcərəsi
haqqında müasirlərinin gözəl və hikmətli fikirləri,
onun eşqinə yazılmış poetik nümunələr
insanda dərin fəlsəfi ovqat yaradır. Kainatın,
insanlığın açılmamış sirləri, kəşf
olunmamış, dillə deyiləsi mümkün olmayan
duyğular sözün qüdrəti ilə cilvələndikcə,
bir daha əmin olursan ki, dünyada ən qədim və ən
təzə şey sözdür. Varlığın anası
yaradılışın əvvəlindən sözdən
yaxşı heç bir övlad doğmayıb. Şeyx
Nizaminin təbirincə desək: Ruh kimi eyibsiz olan söz qeyb xəzinəsinin
xəzinədarıdır.
Mir Mövsüm
Ağanın ziyarətinə gələn zəvvarların
söhbətlərinə, tarixi faktlara, elmi və dini mənbələrə,
müqayisə və müşahidələrə istinad etsək,
xalqın qəlbində əziz olan bir insanın pak və
ülvi, müqəddəs ruhuna olan inam və istəyin qəlblərdən
üzlərə süzüldüyünü görərik.
Mir Mövsüm
Ağanın ruhuna olan ehtiram əslində Azərbaycan xalqının
islami dəyərlərə olan ehtiramıdır. Müqəddəslərin
ziyarəti zamanı insanlar mənən bərabərləşir.
Bu gün istər
Bibiheybət ziyarətgahı, yaxud Təzəpir məscidi və
digər müqəddəs ocaqlarımızın ölkə
rəhbərliyi tərəfindən dəfələrlə
ziyarət olunması faktının özü də xalqın
həm müqəddəslərə, həm də dövlətin
başçısına olan inamını gücləndirir. Mir
Mövsum Ağa ziyarətgahının Məşhəddə
İmam Rza məqbərəsi kimi sonuncu təmir-tikinti və
bərpa işlərindən sonrakı görüntüsü
dahi Heydər Əliyevin ən ülvi arzularından idi.
Budur, ruhun şad
olsun ulu öndər! Arzuladığın və görmək
istədiyin müqəddəs
abidə artıq yekunlaşıb. Qızıl və
gümüş şəbəkələrlə
halələnmiş müqəddəsin
məzarı, bütünlüklə
güzgü şəbəkələrlə
naxışlanmış tavanı,
xas mərmər döşənmiş döşəməsi,
zəvvarlar üçün
hər şərait -
namazgah, qurbangah, zəvvarxanalarda yaradılmış
ideal təmizlik, səliqə-sahman
bura ziyarətə gələnləri heyran edir.
...İllər, qərinələr,
əsrlər ötəcək, Mir Mövsüm Ağa ziyarətgahı
və Bibiheybət məscidi minarələrindən qopan azan sədaları
Fəxri xiyabanda, bu cənnət və behişt məkanda əbədiyyətə
qovuşan xalqın sevimli və istəkli rəhbərinin
ruhunu daim şad edəcəkdir. Çünki hər iki ziyarətgahın
yeni möhtəşəm abidəsi ulu öndərin arzu və
diləkləri ilə çox bağlıdır.
Bu gün bu müqəddəs
ziyarətgah həm də dövlət başçısının
və onun xanımının tez-tez ziyarət etdiyi bir
ocaqdır.
Mir Mövsum Ağa ziyarətgahının
pak və müqəddəs ruhu ondan Allah eşqinə kömək
istəyənləri heç vaxt çarəsiz qoymayıb. Ona
öz nurundan, ilahi cazibəsindən aydınlıq verib.
Mirvari RƏHİMZADƏ
Azərbaycan.- 2009.- 21 iyun.- S. 2.