Azərbaycan iqtisadi inkişaf dinamikasına görə lider mövqeyini qoruyur

 

İnkişaf etmiş dövlətlərin təcrübəsi göstərir ki, sahibkarlığın inkişafı sosial-iqtisadi sistemin səmərəli qurulmasında, hökumətin qarşıya qoyduğu strateji məqsədlərin reallaşdırılmasında mühüm rol oynayır. Milli inkişaf prioritetlərini düzgün müəyyənləşdirən Azərbaycan Prezidenti İlham Əliyev bu reallığı düzgün dəyərləndirməklə özəl sektorun inkişafına, yerli və xarici iş adamlarının fəaliyyətinə hərtərəfli imkanların yaradılması, iqtisadi mühitin liberallaşdırılması yolu ilə əlverişli biznes və investisiya mühitinin formalaşdırılması üçün bütün zəruri tədbirləri həyata keçirir.

Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu ilin fevral ayında regionların sosial-iqtisadi inkişafına dair I Dövlət Proqramının yekunlarına həsr olunmuş konfransda vurğuladığı kimi, son illərdə qazanılan makroiqtisadi uğurlarda milli sahibkarlar ordusunun da müstəsna payı var. Ötən müddətdə bazar iqtisadiyyatının tələblərinə uyğun funksional idarəetmə mexanizmlərinin formalaşdırılması, liberal iqtisadi münasibətlərin inkişaf etdirilməsi və dövlət strukturlarının iqtisadi fəaliyyət sahələrinə nəzarətinin təkmilləşdirilməsi nəticəsində azad bazar prinsiplərinin daha geniş vüsət alması özəl sektorun inkişafına ciddi təkan vermiş, iş adamlarının fəaliyyətini stimullaşdırmışdır. Bu tədbirlərin mahiyyəti və konseptual məzmunu iqtisadiyyatın liberallaşdırılması və sərbəst bazar prinsiplərinin dərinləşdirilməsindən ibarət olmuş, nəticədə milli sahibkarların ÜDM-dəki xüsusi çəkisi 85 faizə çatmışdır.

İqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilmiş əməli tədbirlər sayəsində qeyri-neft sektoruna qoyulan investisiyalar son beş ildə 6,2 dəfə artmış, onun xüsusi çəkisi 2003-cü ildəki 26,8 faizdən 2008-ci ildə 69 faizə yüksəlmişdir. Bölgələrin inkişafına xidmət edən bu və digər dövlət proqramlarının uğurla həyata keçirilməsi nəticəsində əhalinin, xüsusən də regionlarda yaşayan əhalinin məşğulluğu artmış, 27 min 500 yeni müəssisə yaradılmış, 766 min 300 iş yeri açılmışdır. Ötən beş ildə dövlət büdcəsindən sahibkarlığın inkişafına ayrılan vəsaitin həcmi ilbəil artırılmış, Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə 7 min investisiya layihəsinə 324 milyon manat kredit verilmişdir. Bu layihələrin 87 faizi, kreditlərin isə 70 faizi regionların payına düşür.

Dövlət başçısı İlham Əliyev Nazirlər Kabinetinin 2009-cu ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasında qlobal maliyyə böhranına baxmayaraq, ölkə iqtisadiyyatının sürətlə inkişaf etdiyini bildirmiş, bu prosesdə sahibkarlığın rolunu önə çəkmişdir: "İndiki durumda bütün sənaye müəssisələri dayanır, ixrac dayanır, investisiyalar dayanır, banklar kreditlər vermir, banklarda likvidlik, demək olar ki, çox aşağı səviyyədədir. Azərbaycanda isə xarici investorların, beynəlxalq maliyyə qurumlarının və Azərbaycanın İnvestisiya Şirkətinin birgə iştirakı ilə nəhəng, bölgə üçün çox böyük sənaye müəssisəsi yaradılır. Biz düşünülmüş siyasətlə, investisiyaların cəlb edilməsi və lazımi səviyyədə qorunması nəticəsində Azərbaycanda çox gözəl investisiya mühiti yarada bilmişik. Eyni zamanda, yerli sahibkarlığın inkişafı üçün də əməli-praktik işlər görürük. Biz bu il Sahibkarlığa Kömək Milli Fondundan veriləcək kreditlərin məbləğini artırdıq".

Son illərdə inhisarçılıq meyilləri, sahibkarlara süni maneələrin yaradılması, hüquq-mühafizə orqanlarının iş adamlarının fəaliyyətinə müdaxiləsi azalmış, neqativ halların qarşısının alınması üçün qətiyyətli addımlar atılmışdır.

Anti-inhisar fəaliyyətinin gücləndirilməsi, infilyasiyanın qarşısının alınması üçün əsaslı tədbirlərin görülməsi, "Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramının (2004-2006-cı illər) təsdiqlənməsi, ədliyyə sistemində aparılan islahatlar, biznes subyektlərinin qeydiyyatı və lisenziya sisteminin sadələşdirilməsi, yerlərlə regional iqtisad məhkəmələrinin yaradılması və s. kimi tədbirlər də bunun əyani təcəssümüdür.

Sahibkarlığın inkişafı baxımından respublikada azad iqtisadi zonanın bir növü olan xüsusi iqtisadi zonanın yaradılması istiqamətində həyata keçirilən tədbirlər də xüsusi əhəmiyyət kəsb edir. Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev hələ 2007-ci il martın 6-da "Azərbaycan Respublikasında xüsusi iqtisadi zonaların yaradılması haqqında" fərman imzalamışdır. Fərmanda ölkə iqtisadiyyatının və onun ayrı-ayrı regionlarının inkişafı üçün əlverişli şəraitin yaradılması, investisiyaların təşviqi və prioritet sahələrə yönəldilməsi, yeni iş yerlərinin açılması, müasir idarəetmə təcrübəsinin istifadə edilməsi, rəqabət qabiliyyətli mal və xidmətlərin təqdim edilməsi kimi məsələlərin həllinə nail olmaq məqsədi ilə xüsusi iqtisadi zonaların yaradılmasının vacibliyi göstərilmişdir. 2009-cu il aprelin 14-də təsdiq edilmiş "Xüsusi iqtisadi zonalar haqqında" Azərbaycan Respublikasını Qanunu da bu sahənin fəaliyyətini hüquqi cəhətdən tənzimləyəcək mühüm sənəddir. Sosial-iqtisadi tərəqqinin keyfiyyətcə yeni mərhələsində ərsəyə gəlmiş bu qanun iqtisadçılar və mütəxəssislər tərəfindən regional inkişafa və sahibkarlığın inkişafına xidmət edən kompleks tədbirlərin tərkib hissəsi və davamı kimi dəyərləndirilir.

XX əsrin 30-cu illərindən başlayaraq dünyanın iqtisadi cəhətdən inkişaf etmiş bir sıra dövlətlərində azad iqtisadi zonaların formalaşdırılması məsələsi ön plana çəkilmişdir. İlk azad iqtisadi zona 1956-cı ildə İrlandiyanın "Şeron" aeroportunda yaradılmışdır. Hazırda dünyanın müxtəlif ölkələrində ayrı-ayrı adlar altında 1000-dən artıq iqtisadi zona fəaliyyət göstərir.

Onların 200-ü Amerika qitəsi ölkələrində, 500-ə yaxını Asiya və Sakit okean regionunda, 100-dən artığı Avropada, 200-ü Yaxın Şərq və Afrika ölkələrində yerləşir. Təkcə Çində 173 iqtisadi zona mövcuddur və orada çalışanların sayı 30 milyon nəfərdən çoxdur. Bu gün ixrac potensialının 50 faizini məhz azad iqtisadi zonalar hesabına təmin edən ölkələr var. Azad iqtisadi zonalar iqtisadi və biznes fəaliyyəti baxımından da bir sıra üstünlüklərə malikdir.

Xüsusi iqtisadi zonalarla azad iqtisadi zonaların fərqi isə tətbiq olunan güzəştlərə münasibətdə nəzərə çarpır. Əgər azad iqtisadi zonalarının ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslər gömrük və vergi rüsumlarından tam azad olunurlarsa, xüsusi iqtisadi zonalarda belə güzəştlər müəyyən həddə qədər tətbiq olunur. Azad iqtisadi zonaların okeana çıxışı olmalıdırsa, xüsusi iqtisadi zonalar üçün bu vacib sayılmır. Azərbaycan Prezidentinin imzaladığı fərmanda və qanunda da məhz xüsusi iqtisadi zonaların yaradılması nəzərdə tutulmuşdur. Xüsusi iqtisadi zona ölkənin mövcud qanununa, gömrük və vergi qanunvericiliyinə uyğun olaraq sahibkarlıq subyektləri üçün xüsusi sahibkarlıq fəaliyyəti rejiminin mövcud olduğu ərazi sayılır. Xüsusi iqtisadi zonada istər istehsalçıların, istərsə də istehlakçıların qərar qəbul etməklə bağlı müstəqillik səviyyəsi də digər ərazilərdə olduğundan fərqlidir. Belə iqtisadi zonaların üstünlükləri sırasında, ilk növbədə, etibarlı və sərfəli xidmətlər, vahid infrastruktur, cəlbedici və təhlükəsiz mühit, professional və effektiv menecment, inteqrasiya və əlaqələrin genişləndirilməsi, yüksək imic kimi məqamlar göstərilə bilər.

Xüsusi iqtisadi zonalar beynəlxalq nəqliyyat üçün açıq olan hava, dəniz limanlarında, magistral yolların yerləşdiyi sahədə, eləcə də digər yerlərdə rezident və qeyri-rezident hüquqi və fiziki şəxslərin, yerli icra hakimiyyəti orqanlarının əsaslandırılmış təklifləri əsasında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının qərarı ilə yaradılır. Xüsusi iqtisadi zonalar fəaliyyət istiqamətlərinə uyğun olaraq müxtəlif müddətlərə yaradılır. Təyinatına uyğun olaraq yaradılan xüsusi iqtisadi zonalarda idxal-ixrac əməliyyatları və tranzit daşınmasında gömrük vergi güzəştləri tətbiq olunur.

"Xüsusi iqtisadi zonalar haqqında" Azərbaycan Respublikası Qanununa görə, xüsusi iqtisadi zonada sahibkarlıq fəaliyyətinin bir sıra növləri qadağan edilmişdir. Bura qanunvericiliyə əsasən mülki dövriyyəsi qadağan edilmiş və ya məhdudlaşdırılmış əşyaların istehsalı, saxlanılması və satışı, yerin təkindən faydalı qazıntıların çıxarılması, habelə qiymətli metalların, neftin, neft məhsullarının və təbii qazın hasilatı və emalı; teleradio yayımı fəaliyyəti; spirtli içkilərin və tütün məmulatlarının istehsalı daxildir.

Sosial-iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələsində xüsusi iqtisadi zonaların yaradılması sırf obyektiv zərurətdən irəli gəlir. Müasir mərhələdə Azərbaycanın mövcud iqtisadi potensialını səmərəli hərəkətə gətirmək üçün beynəlxalq təcrübənin mənimsənilməsinə geniş yer verilməlidir. Bu baxımdan xüsusi hüquqi rejimə malik müstəqil ərazi təsərrüfat kompleksi, mütərəqqi təsərrüfatçılıq forması olan xüsusi iqtisadi zonaların yaradılması iqtisadi inkişaf və sahibkarlığın inkişafı prosesində ciddi təkan rolunu oynaya bilər. Xüsusi iqtisadi zonaların yaradılması sahibkarlığın inkişafına müsbət təsir göstərməklə yanaşı, iqtisadiyyata əlavə investisiyaların cəlb edilməsinə, yeni iş yerlərinin yaradılmasına, məşğulluğun və əhalinin gəlirlərinin artmasına da geniş imkanlar açacaqdır.

 

 

S.ELMANOĞLU

 

Azərbaycan.- 2009.- 21 iyun.- S. 3.