Moskvada Azərbaycanın diplomatik xidmətinin 90 illiyinə həsr edilmiş elmi konfrans keçirilmişdir

 

Ölkəmizin Moskvadakı səfirliyində Azərbaycanın diplomatik xidmətinin 90 illiyinə həsr olunmuş "Azərbaycan-Rusiya münasibətləri postsovet məkanında praqmatik əməkdaşlığın modeli kimi" mövzusunda elmi-praktiki konfrans keçirilmişdir.

hTədbiri açan Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu ölkəmizdə diplomatik xidmətin yaranması tarixindən danışaraq demişdir ki, 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti böyük çətinliklərlə üzləşmişdi. Lakin buna baxmayaraq, həmin dövrdə müstəqil Azərbaycanın diplomatik xidməti olan Xarici İşlər Nazirliyi yaradıldı, Azərbaycan nümayəndə heyəti xarici ölkələrlə fəal işləməyə, diplomatik siyasət qurmağa başladı, müxtəlif konfranslarda, o cümlədən 1919-cu ildə Paris Sülh Konfransında iştirak etdi. Səfir vurğulamışdır ki, Azərbaycan xalqı müstəqilliyini bərpa etdikdən sonra Yaxın Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin ənənələrini davam etdirmək qərarına gəldi. İki il əvvəl Azərbaycan Prezidenti İlham Əliyevin fərmanı ilə ölkədə Diplomatik Xidmət günü təsis edildi. Hər il iyulun 9-da Azərbaycanda diplomatların peşə payramı qeyd olunur. Bu gün Azərbaycanın müxtəlif ölkələrdə və bütün dünyada böyük iş aparan ayrı-ayrı qurumlarda 50-dək diplomatik missiyası vardır. Səfir demişdir: "Heç kəsə sirr deyildir ki, Dağlıq Qarabağ məsələsi ilə bağlı Ermənistanla yaranmış ciddi münaqişə həyatımızı çətinləşdirir. Bu, köhnə, lakin çox ciddi və həlli çətin münaqişə olsa da, Azərbaycan davamlı surətdə bu münaqişənin sülh yolu ilə həlli yolundadır və həmin işdə hər bir ölkədə və hər bir nümayəndəlikdə bu problem üzərində dərindən və ciddi surətdə işləyən Azərbaycan diplomatlarının rolu böyükdür".

Sonra o, tədbiri aparmaq üçün sözü konfransın moderatoruna - postsovet məkanında ictimai-siyasi proseslərin öyrənilməsi üzrə MDU-nun İnformasiya-Təhlil Mərkəzinin baş direktoru Aleksey Vlasova vermişdir.

Azərbaycan diplomatik xidmətinin veteranı, tanınmış publisist və ictimai xadim Ramiz Abutalıbov Azərbaycanda diplomatik xidmətin yaranması tarixindən, Xalq Cümhuriyyəti dövründə Azərbaycanın görkəmli diplomatlarından, Azərbaycan nümayəndə heyətinin 1919-cu ildə Paris Sülh Konfransında iştirakından ətraflı söhbət açaraq vurğulamışdır ki, Azərbaycanın indiki rəhbərliyinin səyləri, habelə Xarici İşlər Nazirliyinin fəal köməyi ilə ilk diplomatlarımızın fəaliyyətinə dair arxiv materiallarından istifadə etmək mümkün olmuşdur. O bildirmişdir ki, həmin arxivlərin müasir Azərbaycan tarixçiləri tərəfindən tədqiq edilməsi Azərbaycanın diplomatik tarixinə dair üçcildliyin çapdan buraxılmasına imkan verəcəkdir. Birinci cild Azərbaycan dövlətinin 1918-1920-ci illərdəki diplomatik fəaliyyətinə həsr ediləcəkdir.

RF XİN MDBMİ-nin Postsovet Tədqiqatları Mərkəzinin direktoru Stanislav Çernyavski Azərbaycanın indiki rəhbərliyinin dövlət həyatının bütün sahələrindəki uğurlarından, ilk növbədə ölkənin milli maraqlarına söykənən, dünyanın bütün dövlətləri ilə dostluq, bərabərhüquqlu və qarşılıqlı surətdə faydalı tərəfdaşlıq siyasəti yeridən müasir Azərbaycan diplomatiyasının geniş fəaliyyətindən danışmışdır. Alim qeyd etmişdir ki, Azərbaycan diplomatiyası Cənubi Qafqaz və Xəzər hövzəsi regionunda bütün qonşu ölkələrlə münasibətlərdə tarazlaşdırılmış yanaşma vəzifəsinin öhdəsindən məharətlə gəlir. Onun sözlərinə görə, mehriban qonşuluq, dostluq münasibətlərinə, habelə strateji tərəfdaşlığa, ilk növbədə, 80-dən yuxarı dövlətlərarası və hökumətlərarası sazişdən ibarət zəngin normativ-hüquqi bazaya söykənən Azərbaycan-Rusiya münasibətləri nümunə ola bilər. S.Çernyavski dövlətlərarası münasibətlərdə iki ölkənin liderləri İlham Əliyev və Dmitri Medvedev arasındakı şəxsi dostluğun və qarşılıqlı anlaşmanın da yüksək rolunu vurğulamış, ölkələr arasında indiki qarşılıqlı fəaliyyətin əsasını təşkil edən səmərəli görüşlər və bəyanatlar üzərində ətraflı dayanmışdır. O, təkcə Rusiya və Azərbaycan arasında mehriban qonşuluq əlaqələrinin yaranmasında deyil, həm də müasir Azərbaycan dövlətinin və deməli, müstəqil Azərbaycan diplomatiyasının təşəkkülündə və inkişafında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rolunu və müstəsna xidmətlərini xüsusi vurğulamışdır.

Qərb Universitetinin (Azərbaycan) politologiya və beynəlxalq münasibətlər kafedrasının professoru Fikrət Sadıqov "Azərbaycan və regionun geosiyasi reallıqları" mövzusunda məruzəsində Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesində Ermənistanın qeyri-konstruktiv mövqeyi üzərində ətraflı dayanaraq demişdir ki, Azərbaycanın suverenliyinə təcavüz etmiş Ermənistan indi bu təcavüzün nəticələrini sadəcə möhkəmləndirməyə çalışır. Bu da istənilən baxımdan qəbuledilməzdir. F.Sadıqov bildirmişdir ki, Azərbaycan diplomatiyası ölkənin sırf milli maraqlarına söykənir. Bunu belə bir fakt da göstərir ki, bu yaxınlarda Kosovonun İslam Konfransı Təşkilatına daxil olmasına məhz Azərbaycan etiraz etmişdi. Halbuki bunun təşəbbüskarları Səudiyyə Ərəbistanı və Azərbaycanın yaxın strateji tərəfdaşı olan Türkiyə idi. F.Sadıqov demişdir: "Bu, Azərbaycanın ərazi bütövlüyü prinsipindən və beynəlxalq sabitliyin və təhlükəsizliyin əsasını təşkil edən beynəlxalq hüququn digər prinsiplərindən geri çəkilməyəcəyindən xəbər verir". Onun fikrincə, işğal altında olan ərazilərinin azad edilməsi üçün Azərbaycanın Rusiyadan və ATƏT-in Minsk qrupunun digər həmsədrlərindən real kömək gözləməyə hər cür əsası vardır.

REA-nın Avropa İnstitutunun Aralıq dənizi və Qara dəniz ölkələri problemlərinin öyrənilməsi üzrə Mərkəzinin rəhbəri Alla Yazıkova ümumavropa regional təhlükəsizliyi kontekstində Rusiya və Azərbaycan arasındakı münasibətlərdən danışmışdır.

Xarici Siyasətin və Strateji Tədqiqatların Planlaşdırılması İdarəsinin ikinci katibi, Azərbaycan XİN-in "Mir diplomatii" jurnalının məsul katibi Hüseyn Hüseynov "Rusiya mənbələrində Ermənistan-Azərbaycan münaqişəsi tarixinin qısa oçerki"ni təqdim etmişdir.

Çıxış edənlər müasir mərhələdə Rusiya-Azərbaycan əməkdaşlığının aktual cəhətlərinə toxunmuş, dövlətlərarası münasibətlərin yüksək səviyyədə olduğunu vurğulamışlar.
Tədbirdə Rusiya rəsmi dairələrinin nümayəndələri, ictimai-siyasi xadimlər, politoloqlar, ekspertlər və Rusiya elmi ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

 

 

Asya HACIZADƏ,

AzərTAc-ın xüsusi müxbiri

Moskva

 

Azərbaycan.- 2009.- 21 iyun.- S. 5.