Dünya dinləri

 

Bəşər tarixində elə bir dövr olmuşdur ki, insanlar dinin nə olduğunu bilməmişlər. Sonralar bu və ya digər səbəblər nəticəsində insanlarda dini etiqad meydana gəlmişdir. Bəzi mütəfəkkirlər dini təsəvvürlərin əmələ gəlməsi barədə fikir söyləyərək sübut etməyə çalışmışlar ki, insanın fövqəltəbii qüvvələrə inamı onun təbiət hadisələri qarşısında acizliyindən yaranmışdır. İnsan öz fəaliyyətinin uğurunu müstəqil surətdə təmin edə bilməyəcəyini yəqin etdikdən sonra öz həyatının axarını fövqəltəbii qüvvələrin ümidinə qoymağı yeganə çıxış yolu seçmişdir.

Tarixin müxtəlif dövrlərində bəşəriyyət dinə və dini inanclara münasibətini bildirməyə çalışmışdır. Din dünya xalqlarının tarixində mühüm yer tutur, bütün qitələrin xalqlarının həyatında mövcuddur. İnsan doğulanda da, dünyadan gedəndə də dini mərasimlər icra olunur. Bir çox ölkələrdə etika, əxlaq qaydaları dini xarakter daşıyır. Memarlıqda, heykəltəraşlıqda, rəngkarlıqda əldə olunmuş nailiyyətlər din ilə əlaqədardır.

Din həm də siyasətdir. Səlib yürüşlərində iştirak edənlər özlərinin istilaçılıq niyyətlərini Allahın adı ilə həyata keçirirdilər. Şərq ölkələrində müxtəlif dini qruplaşmalar arasında mübarizə dəfələrlə qanlı müharibələr ilə nəticələnmişdi.

Hər bir din öz bənzərsizliyi ilə əlamətdardır. Müasir dünyada çox sayda müstəqil dini birliklər mövcuddur. Afrikanın Böyük Səhranın cənubundakı ölkələrinin bir çoxunda və dünyanın bir sıra regionlarında qorunub saxlanmış qəbilə kultları da nəzərə alınsa, dini birliklərin sayı yüz minlərlə ölçülər. Ancaq mahiyyətinin dərinliyi və genişliyi baxımından dünyada üç cahanşümul din mövcuddur: xristianlıq, buddizm və islam.

Din dedikdə insanın mənəvi mədəniyyətinin mühüm elementlərindən biri nəzərdə tutulur. Onun əsasını insanın ilahi qüvvəyə - bir olan Allaha inamı təşkil edir. Din insanların mənəvi birliyidir. Dinin cəmiyyətdə və məişətdə rolu böyükdür. Qərbin iqtisadi cəhətdən inkişaf etmiş ölkələrində kilsə, xüsusilə katolik kilsəsi özünü böyük bankir, torpaq sahibi kimi apararaq siyasətə, tərbiyəyə, məktəb təhsilinə, həyatın bir çox digər sferalarına təsir göstərir. Bu, sosializm sistemi dağılandan sonra "dini bum" hökm sürən keçmiş sosialist ölkələrinə də aiddir. Ümumi mədəniyyət və maarif səviyyəsinin aşağı olduğu inkişafa başlayan ölkələrdə dinin təsiri xeyli dərəcədə böyükdür. Buna görə də əhalinin dini tərkibi ilə tanışlıq dövrümüzün bir çox proseslərini və hadisələrini anlamaq üçün vacibdir.

Dini mənsubiyyətin öyrənilməsi dünyanın ayrı-ayrı regionlarının iqtisadi və sosial coğrafiyasının xüsusiyyətlərinin dərindən anlaşılmasına yardım göstərir. Dinlərin coğrafiyası bütövlükdə dünya sivilizasiyasının, ayrı-ayrı ölkələrin və xalqların mənəvi mədəniyyətinin inkişafı ilə əlaqədar mürəkkəb prosesləri özündə əks etdirir. Xristianlıq, o cümlədən Katoliklik Avropa, Şimali və Latın Amerikası ölkələrində, Asiyada (Filippində), Protestantlıq Avropa, Şimali Amerika ölkələrində, Avstraliyada, Yeni Zelandiyada, Afrikada (Cənubi Afrika Respublikasında, Böyük Britaniyanın keçmiş müstəmləkə ərazilərində), Pravoslavlıq Şərqi Avropa ölkələrində - Rusiyada, Bolqarıstanda, Serbiyada, Ukraynada, Belarusda və s. yayılmışdır. 900 milyon nəfərdən ibarət İslam dini mənsubiyyətliləri Avropa ölkələrində, yəni Albaniyada, Makedoniyada, Bosniya və Hersoqovinada, Rusiyada, Asiya, Şimali Afrika ölkələrində yaşayırlar.

Buddizm və lamaizm mənsubiyyətliləri (onların sayı 350 milyon nəfərdir) Çində, Monqolustanda, Yaponiyada, Myanmada (keçmiş Birmada), Tailandda, Vyetnamda, Kambocada, Laosda, Malayziyada, Şri-Lankada, Rusiyanın Buryatiya və Tuva əyalətlərində məskunlaşmışlar.

İnduizm məzhəblilər (onların sayı 740 milyondur) Hindistanda, Nepalda, Şri-Lankada, Konfusiçilik məzhəbinə qulluq edənlər (onlar 200 milyon nəfərdir) Çində, Sintoizm məzhəbliləri isə Yaponiyada yaşayırlar. Sintoizm yaponların ən qədim və geniş yayılmış dinləridir. Sintoizm sözünün tərcümədə mənası "Allah yolu" deməkdir. Konfusiçilikdən və buddizmdən fərqli olaraq sintoizm ancaq Yaponiya üçün səciyyəvi olan milli dindir. Onun panteonunda (çoxallahlı dinin bütün allahları) 8 milyondan artıq allah (kami) vardır. Onlara ölənlərin ruhları, çayların, dağların, göllərin ruhları və sənət hamiləri aiddir. Bu dini nəzəriyyəyə görə insanlar öləndən sonra kamilərə çevrilir. Bu dində adamlardan dualar oxunması, müqqədəs mətnlər söylənilməsi tələb olunmur, onların məbədlərdə keçirilən dini bayramlarda və mərasimlərdə iştirak etməsi kifayətdir. Mərasimlərin icrası zamanı hər bir məişət məsələsinə (salamlamaqdan tutmuş çay içilməsinə qədər) tamam-kamal riayət edilməlidir. İnsanın məqsədi təbiətlə sıx harmoniya şəraitində yaşamaq istəyidir. Ona görə də yaponların mənzillərində demək olar ki, mebel qoyulmur. Bunun əvəzində hər bir mənzil kiçik də olsa bağ ya çəmənlik, ya da ki, kiçik göllər ilə, bir sözlə, vəhşi təbiət elementləri ilə bəzədilir.

Sintoizmin əsasını yapon imperatorunun hakimiyyətinin ilahi təbiətli olması təşkil edir. Sintoizmdə elan edilir ki, imperatorların içində yaşayan allahlar onların (imperatorların) fəaliyyətini istiqamətləndirir. İmperator sülaləsinin arasıkəsilməzliyi ideyası da buradan irəli gəlir. Sintoizm fəlsəfi məktəbləri ideologiyanın kokutay adlı daha bir hissəsini formalaşdırır.

Kokutay (yəni dövlətin cismi) ideologiyasına görə, hər bir yaponun qəlbində ilahi qüvvə mövcuddur. Həmin ilahi qüvvə öz iradəsini yaponun vasitəsilə həyata keçirir. Açıq-aydın göstərilir ki, yapon xalqı digər xalqlardan üstündür. Yaponiyada allahlar ölkəsidir. Yaponlar elə düşünürlər ki, dünyanın bütün ölkələri Yaponiyanın qarşısında baş əyməlidir. Uzun müddət ərzində buddizm və konfusiçilik həmin ideologiyanın güclü təsirinin qarşısını alırdı. Sintoizm ölkə üçün təhlükə yarananda liderlik mövqeyinə yiyələnirdi. XIII əsrdə monqollar Yaponiyanı istila etmək istəyəndə sintoizm ideologiyasının xalq tərəfindən dəstəklənməsi bu təhlükənin aradan qalxmasına yardımçı olmuşdu. 1868-ci ildə Meydzi inqilabından (maariflənmiş hökumət inqilabından) sonra Yaponiyada başda imperator olmaqla monarxiya elan edilmiş, sintoizm də dövlət ideologiyası kimi rəsmiləşdirilmişdi. Bu, Yaponiyanın işğalçılıq siyasəti yeritməsi ilə nəticələnmişdi. Yapon-Çin (1894-1895), rus-yapon (1894-1895) müharibələri yaponların qələbəsi ilə qurtarmışdı. 1937-ci ildə Çin ilə irimiqyaslı müharibə zamanı yaponlar Çin ordularını və onlara tərəfdar olan ingilisləri darmadağın etmişdilər. Sonrakı illərdə yaponlar Filippini, Malayziyanı, Sinqapuru, Birmanı və s. ələ keçirmişdilər. Yapon döyüşçülərin fanatizmi çox güclü olduğundan onlar qələbə naminə canlarından da keçirdilər. Xüsusi kamikadze hissələrinin yaranması sintoizmlə əlaqədar idi.

Afrika, Cənubi Amerika, Okeaniya ölkələrində, Çində, İndoneziyada yerli ənənəvi dinlər mövcuddur.

Dindarların sayına görə ən böyük müsəlman ölkələrindən biri İndoneziyadır. Həmin ölkədə 150 milyona yaxın müsəlman yaşayır.

Xarici Avropada buddizm, konfusiçilik, sintoizm, iudaizm, habelə Filippində, Livanda (islam dini ilə birlikdə) və Kiprdə xristianlıq yayılmışdır.

Şimali Amerikada, məsələn, ABŞ-da 140 milyon dindarın 72 milyonu protestantlar, 52 milyonu katoliklərdir.

Latın Amerikasında katoliklərin sayı üstünlük təşkil etdiyinə görə dünyanın bütün katoliklərinin yarıdan çoxu Amerikanın payına düşür.

Avstraliyada protestantların sayı katoliklərin sayından təqribən iki dəfə çoxdur.

Bütün xristianların təqribən yarısı Rusiya da daxil olmaqla Avropada, dörddə biri Şimali Amerikada, altıda birindən çoxu Cənubi Amerikada yaşayır. Afrikada, Avstraliyada və Okeaniyada xristianların sayı xeyli azdır.

Son illər beynəlxalq münasibətlərdə, siyasətdə, iqtisadiyyatda, ideologiyada, mədəniyyətdə müsəlman dünyasının ölkələri getdikcə böyük rol oynamağa başlamışdır.

İslamın beşiyi (VII əsr) Səudiyyə Ərəbistanının Məkkə və Mədinə şəhərləri hesab olunur.

İslamın yayılmasında ərəblərin istilaları və onların yaratdığı Ərəb xilafəti böyük rol oynamışdır. İslamın coğrafiyası xristianlıqla müqayisədə daha yığcam xarakterlidir. İslam dövlətləri əsasən Yaxın və Orta Şərqdə yerləşir. Lakin islam dini ərəb istilaçılarının gedib çıxmadıqları ölkələrdə də, məsələn, İndoneziyada, Malayziyada, Qaralar Afrikası ölkələrində, Tatarıstanda, Başqırdıstanda və digər ölkə və regionlarda da yayılmışdır. Onu da demək yerinə düşər ki, İndoneziyada əhalinin 90 faizi , Malayziyada 60 faizi islam dininə etiqad edir. Sayca sünnilər üstünlük təşkil edir. Şiələr isə əsasən İran və İraqda yaşayırlar.

VI əsrdə Cənubi Ərəbistanda hənifilər hərəkatı geniş yayılmışdı. Bu hərəkatın nümayəndələri müxtəlif allahlara və bütlərə sitayiş edənləri bütpərəstlik əməllərindən çəkinməyə və bir olan Allaha sitayiş etməyə çağırırdılar. İslam tarixinə onun böyük və əsas peyğəmbəri kimi daxil olan Məhəmməd peyğəmbərin islamın möhkəmlənməsində və yayılmasında əməyi ölçüyəgəlməzdir. Məhəmməd peyğəmbər öz moizələrində camaatı başa salırdı ki, hamı bir olan böyük Allahın iradəsinə itaət etməlidir. İslam, müsəlman sözləri də itaət mənasındadır.

Məhəmməd peyğəmbər qısa bir müddətdə Allah və yeni din yolunda fəallıq arzusu ilə yaşayan möminlərin yaxşı təşkil olunmuş cəmiyyətlərinin amirinə çevrilmişdi.

Yer kürəsində 1990-cı ildən bəri müsəlmanların sayı 880 milyondan artaraq 1,5 milyard nəfərə çatmışdır. Deməli, bu, ən yüksək sürətlə artan dünya dinidir. Avropada, əsasən də Fransada müsəlmanların sayı durmadan artmaqdadır.

Asiyada 850 milyon nəfər müsəlman yaşayır. Afrikadakı müsəlmanların sayı 400 milyon nəfərdir. Avropada 50 milyon, Amerikada 9 milyon, o cümlədən ABŞ-da 5 milyon müsəlman yaşayır. Müsəlmanların sayı Avstraliya və Okeaniyada 1 milyon nəfərdir.

Albaniya, Bosniya və Hersoqovina və qismən Asiyada yerləşən Türkiyə kimi Avropa ölkələrində əhalinin böyük əksəriyyətini müsəlmanlar təşkil edir. Avropa ölkələri arasında Rusiya müsəlmanların sayına (14 milyon) görə rekordçudur.

Bu il iyun ayının əvvəlində ABŞ Prezidenti Barak Obama Yaxın Şərqə rəsmi səfəri ərəfəsində Fransanın Canal+ telekanalına verdiyi müsahibədə demişdir ki, Amerika Birləşmiş Ştatları dünyada ən böyük islam ölkələrindən biridir. Bu bəyanat bəzi qəzetçilərin təəccübünə səbəb olsa da, prezidentin müvafiq kəlamlarını təkzib etməyə çalışmamışdılar. Ona görə ki, ABŞ konstitusiyasına kilsənin dövlətdən ayrılması barədə vaxtilə verilmiş birinci düzəlişdə ABŞ-ın xristian ölkəsi , yaxud hər hansı bir din mənsubiyyətli ölkə olması barədə fikir söylənilməmişdir.

Barak Obama onu da demişdi ki, ABŞ və bütövlükdə Qərb ölkələri islamla yaxından tanış olmalıdır. Prezidentin fikrincə bu, xalqlar arasında dialoqun yaxşılaşmasına gətirib çıxara bilər.
Bir sıra Avropa və Amerika alimlərinin konsepsiyasına görə, müsəlman dininin dirçəlişi, islamın Şərq xalqlarının iqtisadi, siyasi, mənəvi həyatında rolunun kəskin şəkildə artmasının səbəbi aşağıdakılardır: İslamın cavanlığı, müsəlman dininin həyatiliyi və çevikliyi, totallığı (ümumiliyi), sadəliyi, anlaşıqlığı, fanatizmi və döyüşkən xarakterliliyi, peyğəmbərliyin sonuclanması ideyası, müsəlmanın şəxsiyyətinin mötəbərliyidir.

Müsəlman dini digər dini sistemlərdən xeyli sonra meydana gəlmişdir. Və buna görə də həyata keçirə biləcəyi imkanları tükənməzdir. İslam həmişə tərəqqidə olduğu üçün müasir dünyamızda fəal rol oynayır.

İslamın həyatiliyi, bir çox Qərb mütəxəssislərinin fikrinə görə, Şərq ölkələrinin uzun müddət müstəmləkə əsarətində qalmasına baxmayaraq öz mövqeyindən çəkilməməsidir. Onun çevikliyi vaxtı yetişmiş problemlərin gecikdirilmədən həllinə maneə törədə biləcək mərkəzləşdirilmiş ruhani təşkilatının yoxluğu ilə əlaqədardır.

İslamın totallığı (ümumiliyi) deyildikdə, Qərb alimləri dindarların həyat fəaliyyətinin bütün sferalarında islam dininin oynadığı müsbət rolu başa düşürlər. Bu, təkcə din deyil, həm də iqtisadi və sosial qurumdur, idarəetmədir, ailədir, məişətdir. Müsəlman hüquq kodeksi olan Şəriət həm hüquqi, həm də əxlaqi münasibətləri müəyyənləşdirir. Bütün bunlar islamın sağlam həyat tərzinin, yəni, adamların dünyagörüşünün və davranışının tənzimləyicisi kimi də ciddi rolundan xəbər verir.

İslamın sadəliyi və anlaşıqlılığı özünü onun ehkamlarının və kultunun (dini ayinlərinin) digər dinlərdəkinə nisbətən bir o qədər də mürəkkəb olmamasında göstərir. Tədqiqatçılar islam dininin anlaşıqlığını onun yerli şəraiti maksimum nəzərə almasında və müstəmləkə siyasəti dövründə öz müddəalarını qoruyub saxlaya bilməsində və s. görürlər. Həmin tədqiqatçılar son vaxtlarda islamın Afrikada və digər regionlarda geniş yayılmasının səbəbini bununla izah edirlər.

Peyğəmbərliyin sonuclanması ideyasının məğzi belədir ki, Məhəmməd peyğəmbər Allahın yer üzündəki axırıncı elçisidir və bəşəriyyətə əsl həqiqətləri o, çatdırmışdır. Bütün dünya müsəlmanları eyni hüquqludur. Buna görə də müsəlmanlar yaşadıqları ölkələrdən asılı olmayaraq bir-birlərinə məslək qardaşlığı münasibətləri bəsləyirlər.

İslam 28 Afrika-Asiya ölkəsində - Misirdə, Küveytdə, Səudiyyə Ərəbistanında, İranda, Pakistanda və s. dövlət dini, yaxud rəsmi din kimi qəbul olunmuşdur. Bəzi ölkələrdə "İslam" sözü onların rəsmi adına daxil edilmişdir. Məsələn, İran İslam Respublikası, Pakistan İslam Respublikası, Mavritaniya İslam Respublikası və s. İslam dininin yayıldığı bir sıra ölkələrdə müsəlman partiyaları fəaliyyət göstərir. Məsələn, İranda İslam Respublikası Partiyası, İndoneziyada Birlik və İnkişaf Partiyası, Malayziyada Panmalay İslam Partiyası, Hindistan və Pakistanda Camaat-i islami Partiyası.

Azərbaycanın islamlaşdırılması ərəblərin 618-ci ildə başlamış istilası ilə əlaqədar olaraq həyata keçirilmişdir. Azərbaycan marzbanı (hökmdarı) İsfəndiyar ibn Fərruxzad həmin il ərəblərə qarşı mübarizədə məğlubiyyətə uğradıqdan sonra yadellilərlə sülh müqaviləsi bağlamaq məcburiyyətində qalmışdı. Ərəblər Ərdəbili, Təbrizi, Naxçıvanı, Beyləqanı, Bərdəni, Şirvanı, Muğanı və Aranı işğal etdikdən sonra Xəzər dənizinin sahili boyu Dərbəndə gedib çıxmışdılar. Görkəmli ərəb tarixçisi Əhməd əl-Balazurinin "Kitab futux əl-buldan" ("Ölkələrin fəthi") əsərində verdiyi məlumata görə, Azərbaycan əhalisinin əksəriyyəti xəlifə Əli ibn Əbu Talibin hökmranlığı dövründə islamı qəbul etmişdi. Ərəblər aldıqları ərazilərdə yerli əhalidən vergi yığır, sülh sazişləri bağlayandan sonra yürüşlərini davam etdirirdilər. Vergidən yayılanlar cəzalandırılırdı.

İslamın əsas ehkamı belə idi: "Allahdan başqa Allah yoxdur və Məhəmməd Allahın elçisidir".

Qurani-Kərim Məhəmmədə Məkkə və Mədinədə nazil edilmişdir. Quranda mömin müsəlmanlar üçün beş əsas dini vəzifə nəzərdə tutulmuşdur: Allahın bir olmasını qəbul etmək, gündə beş dəfə namaz qılmaq, ramazan ayında oruc tutmaq, zəkat vermək, Kəbə daşının olduğu Məkkə ziyarətinə getmək.

Dünyanın məşhur adamları islam haqqında dəyərli fikirlər söyləmişlər. İsveç kralı III Qustav demişdir: "İslamın əsası çox sadədir - Allahdan savayı ibadət etməli Tanrı yoxdur. Məhəmmədə də bu həqiqət göndərilmişdir. Müqəddəs kitab olan Quranda indiki dövrün elmlərinə zidd gələn heç nə yoxdur. Bu din ardınca getməyə layiq dindir".

İslam haqqında Lev Tolstoy öz fikrini belə bildirmişdir: "İslam özünün zahiri formalarına görə kilsə pravoslavlığından müqayisəyə gəlməyəcək dərəcədə yüksəkdə durur. Əgər xristian etiqadlı şəxs qarşısında məsələ qoyulsa ki, kilsə pravoslavlığı dalınca getmək, yaxud islamı seçmək yaxşıdır, ağıllı adam əlbəttə ki, Məhəmmədin dinini seçməyə üstünlük verər. Çünki islamda əsas ehkam bir olan Allah və onun Peyğəmbəridir. Xristian dinində isə üç üqnum (troitsa), günahı təmizləmə, dini mərasimlər, övliyalara və onların rəsmlərinə təzimlər və digər mürəkkəb ibadətlər çox çətin və anlaşılmaz məqamlardır". Böyük ədib onun mühitində yaşayan adamlara xitabən demişdi ki, "əgər mənə xeyirxah Məhəmməd dininə mənsub adam kimi baxsanız, onda hər şey yaxşı olar".

Almaniya imperiyasının (reyxinin) birinci kansleri Otto fon Bismark (1815-1898) islamın banisi Məhəmməd peyğəmbər haqqında demişdir: "Ay Məhəmməd! Sənin müasirin olmadığıma görə çox kədərlənirəm. Bəşəriyyət ancaq bir dəfə sənin böyük gücünün şahidi olmuşdur və onu bir daha görməyəcək. Sənə heyran qalmışam".

Görkəmli ingilis yazıçısı Corc Bernard Şounun da fikirləri diqqətçəkəndir. O demişdir: "Əgər Məhəmməd kimi bir adama indiki dünyanı təkbaşına idarə etmək imkanı verilsəydi, onun bütün problemlərinin həllini bacarardı, nəticədə dünyada əmin-amanlıq və xoşbəxtlik hökm sürərdi".

Böyük rus mütəfəkkiri və publisisti Pyotr Yakovleviç Çaadayev islamı yüksək dəyərləndirmişdir. O demişdir: "İslam Qanunun çox yaxşı təzahürlərindən biridir. Məhəmməd insanların müqayisə olunmaz dərəcədə yüksək ehtiramını qazanmışdır. Çünki o, insanların qəlbinə möhkəm inam sala bilmişdir, insanları həmişə birliyə çağırmışdır. Bu keyfiyyətlər heç bir müdrikə müyəssər olmamışdır".

Dünyanın tanınmış mədəniyyət xadimi Riçard Bell belə demişdir: "Avropa böyük tənəzzül qarşısındadır. Üzdən gözəl görünən hər bir şeyin arxasında stress, ağılsızlıq, özünə qəsd, ruhi xəstəliklər, əxlaqsızlıq, narkotiklərdən və alkoqoldan istifadə, quldurluq, zorlama, saatbasaat artan zöhrəvi xəstəliklər gizlənmişdir. Adamlar arasında qarşılıqlı məhəbbət və inam itmişdir.

Hamı ölüm təhlükəsindən əndişələnir. Ailələr dağılır, dövlət başçıları yaranmış vəziyyətdən çıxış yolu tapa bilmirlər. İntellektuallar mənəvi boşluqda fəaliyyət göstərə bilmirlər. Yeganə xilas yolu İslam yoludur. Başqa xilas yolu yoxdur".

 

 

Arif HÜSEYNOV

 

Azərbaycan.- 2009.- 21 iyun.- S. 5.