Azərbaycanın xarici işlər nazirinin Yaponiyaya səfəri başa çatmışdır

 

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Yaponiyaya işgüzar səfəri başa çatmışdır.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, səfər çərçivəsində nazir E.Məmmədyarov vəliəhd əlahəzrət Naruhito, inzibati islahatlar üzrə dövlət naziri, Azərbaycan-Yaponiya Parlamentlərarası Dostluq Liqasının sədri Akira Amari, xarici işlər nazirinin müavini Yasutoşi Nişimura, Azərbaycan-Yaponiya iqtisadi əməkdaşlıq üzrə dövlət komissiyasının üzvləri ilə görüşmüş, Yaponiya Beynəlxalq Münasibətlər İnstitutunda çıxış etmişdir.

Vəliəhd Naruhito ilə görüşdə Azərbaycanın xarici işlər naziri ölkəmizin siyasi, iqtisadi, ictimai vəziyyəti barədə məlumat vermiş, ikitərəfli münasibətləri müzakirə etmişdir. Nazir E.Məmmədyarov, həmçinin xarici işlər nazirinin müavini Yasutoşi Nişimura ilə də görüşmüş, Azərbaycan ilə Yaponiya arasında əlaqələrə dair fikir mübadiləsi aparmışdır.

İnzibati İslahatlar üzrə dövlət naziri, Azərbaycan-Yaponiya Parlamentlərarası Dostluq Liqasının sədri Akira Amari ilə görüşdə Azərbaycan ilə Yaponiya parlamentlərinin əməkdaşlıq məsələləri müzakirə olunmuş, ölkələrimiz arasında münasibətlərdə Liqanın rolunun vacibliyi vurğulanmışdır.

Azərbaycan-Yaponiya iqtisadi əməkdaşlıq üzrə dövlət komissiyasının üzvləri ilə görüşdə nazir E.Məmmədyarov Azərbaycanın iqtisadiyyatı, əlverişli investisiya mühiti, ölkəmizdə həyata keçirilən və tamamlanmış transmilli layihələr haqqında məlumat vermiş, konkret layihələrlə bağlı fikir mübadiləsi aparmışdır.

Nazir E.Məmmədyarov Yaponiya Beynəlxalq Münasibətlər İnstitutunda "Azərbaycan Şərq və Qərb arasında körpü - regional təhlükəsizlik və inkişafda aparıcı rolu" mövzusunda çıxış etmişdir. Tədbirdə Yaponiyanın siyasi-ictimai dairələrinin nümayəndələri, Azərbaycan və region üzrə mütəxəssislər, Tokioda akkreditə olunmuş bir sıra diplomatik nümayəndəliklərin rəhbərləri iştirak etmişlər.

E.Məmmədyarov Azərbaycanın hazırkı siyasi, iqtisadi, ictimai vəziyyəti, ölkəmizin xarici siyasətinin prioritetləri haqqında ətraflı məlumat vermiş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun nizamlanması prosesinə toxunmuş, həmçinin regional və qlobal məsələlərə münasibətdə Azərbaycanın mövqeyini diqqətə çatdırmışdır. Sonda Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri iştirakçıları maraqlandıran sualları cavablandırmışdır.

Nazir E.Məmmədyarov Yaponiyanın NHK telekanalına, "Kyodo News" agentliyinə və "Nikkei" qəzetinə müsahibə vermişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 21 iyun.- S. 3.