Yeni Azərbaycan Partiyası Qəbələdə zona müşavirəsi keçirmişdir

 

Bu ilin dekabrında ölkədə keçiriləcək bələdiyyə seçkilərinə hazırlığa həsr olunan toplantıda YAP icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov, parlamentin deputatları Fəttah Heydərov və Eyvaz Qurbanov iştirak etmişlər.

Tədbirdə YAP Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayon təşkilatlarının sədrləri çıxış edərək, bələdiyyə seçkilərinə hazırlıqla bağlı görülən işlərdən ətraflı danışmışlar.

Milli Məclisin deputatları Fəttah Heydərov və Eyvaz Qurbanov demişlər ki, təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi böyük nəticələr verməkdədir. Bildirilmişdir ki, artıq hər bir Azərbaycan vətəndaşı bu uğurlu siyasətin bəhrəsini görür və hiss edir. Vətəndaşlar dövlətin möhkəmlənməsində YAP-ın rolunu yüksək qiymətləndirirlər.

Müşavirədə çıxış edən YAP icra katibinin müavini Siyavuş Novruzov qarşıda duran vəzifələrdən danışmışdır. Qeyd etmişdir ki, bu il keçiriləcək bələdiyyə seçkilərində bir sıra yeniliklər və təkmilləşmələr nəzərdə tutulur. "Biz ilk növbədə partiyamızı təmsil edəcək layiqli namizədləri müəyyən etməliyik. Sənədləşdirmə prosesi başa çatandan sonra təbliğat-təşviqat işlərinə start veriləcəkdir".

Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov bələdiyyələrin fəaliyyəti ilə bağlı konkret məqamlar üzərində dayanaraq seçkilərdə bələdiyyə üzvlüyünə təhsilli, təcrübəli və daha səriştəli olan namizədlərin irəli sürülməsi təklifi ilə çıxış etmişdir.

Sonda Siyavuş Novruzov partiyanın şəhər və rayon təşkilatlarına qarşıdan gələn bələdiyyə seçkilərinə məsuliyyətlə yanaşmağı, əvvəlki seçkilərdə əldə olunan təcrübədən istifadə etməyi tövsiyə etmişdir.

 

 

AzərTac

 

Azərbaycan.- 2009.- 21 iyun.- S. 3.