Bakı Slavyan Universitetində "dəyirmi masa"

 

Bakı Slavyan Universitetində (BSU) "Kitabi-Dədə Qorqud" dastanlarına həsr olunmuş ilk türk-sovet kollokviumunun (1989-cu il, Bakı) 20 illiyinə həsr edilmiş "dəyirmi masa" keçirilmişdir.

Tədbirdə təhsil işçiləri, tələbələr, Azərbaycan, Türkiyə Rusiyadan olan alimlər, "Kitabi-Dədə Qorqud" dastanlarına həsr olunmuş ilk türk-sovet kollokviumuna qatılmış nümayəndələr iştirak etmişlər.

BSU-nun rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Kamal Abdullayev 20 il bundan əvvəl ilk dəfə Bakıda keçirilmiş "Kitabi-Dədə Qorqud" dastanlarına həsr edilmiş türk-sovet kollokviumunun əhəmiyyətindən danışmışdır.

Azərbaycan ilə Türkiyənin tarixi birliyini vurğulayan rektor, eyni zamanda milli mənəvi dəyərlərimizin qorunub saxlanmasının inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdırmışdır.

Professorlar Əhməd Bican Ercilasun (Türkiyə) "Dədə Qorqud" kitabı hansı irsdən qaynaqlanır", Tofiq Məlikli (Rusiya) "Dədə Qorqud" kitabının ortaq türk ədəbiyyatının inkişafına təsiri" mövzularında məruzələr etmişlər.

Digər alim mütəxəssislər "Dədə Qorqud" eposu barədə fikirlərini bildirmiş, bu eposla bağlı araşdırmaların əhəmiyyətini vurğulamışlar.

Sonra mövzu üzrə geniş müzakirələr aparılmış, təkliflər verilmişdir. Kollokvium iştirakçıları ustad dərsləri keçmişlər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 21 iyun.- S. 3.