Ağdaşda inşa olunan
Habil Əliyev adına Uşaq Musiqi Məktəbinin açılışı olmuşdur
Heydər Əliyev
Fondunun dəstəyi ilə Ağdaş şəhərində
müasir üslubda inşa edilən uşaq musiqi məktəbinin
binası istifadəyə verilmişdir. Tanınmış
kaman ustası, "İstiqlal" ordenli, Prezident təqaüdçüsü,
xalq artisti Habil Əliyevin adını daşıyan uşaq
musiqi məktəbinin açılışından əvvəl
tədbir iştirakçıları ulu öndər Heydər
Əliyevin abidəsi önünə gül dəstələri
qoymuş, xatirəsini anmışlar.
Mərasimdə Heydər
Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov
çıxış edərək fondun prezidenti, YUNESKO-nun və
İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin
deputatı Mehriban xanım Əliyevanın adından tədbir
iştirakçılarını salamlamış və onun ən
xoş arzularını çatdırmışdır. Anar Ələkbərov
bildirmişdir ki, 2004-cü il mayın 10-dan fəaliyyət
göstərən Heydər Əliyev Fondu ölkədə təhsil,
mədəniyyət, səhiyyə, elm və texnologiya,
ekologiya və idman sahəsinin inkişafı istiqamətində
çox böyük işlər görmüş, layihələr
həyata keçirmişdir. Fond bu gün də Azərbaycanın
regionlarında, o cümlədən xarici ölkələrdə
genişmiqyaslı tədbirlər həyata keçirməkdədir.
Xalq artisti Habil Əliyev
kamança ifaçılığı sənətini
yüksək zirvələrə qaldırmışdır. Heydər
Əliyev Fondu tərəfindən Ağdaşda onun adına
inşa olunan uşaq musiqi məktəbi regionda mədəni həyatın
canlanması, yeni istedadların üzə
çıxarılması, gənc nəslin hərtərəfli
inkişafı istiqamətində atılan növbəti
addımdır. Bu, həm də kamança ustasına göstərilən böyük
hörmətin təzahürüdür.
Rayon icra hakimiyyətinin
başçısı Rafiq Niftəliyev, Milli Məclisin Elm və
təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev,
AMEA-nın Ədəbiyyat İnstitutunun direktoru, akademik Bəkir
Nəbiyev, Azərbaycan Yazıçılar Birliyinin katibi,
xalq yazıçısı Fikrət Qoca, Mədəniyyət
və Turizm Nazirliyinin elm və təhsil şöbəsinin
müdiri Yaşar Əliyev çıxış edərək
dahi şəxsiyyət Heydər Əliyevin və onun siyasi xəttini
layiqincə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi
ilə ölkəmizin sürətli inkişaf yolunda inamla irəliləməsindən,
insanların həyat şəraitinin ildən-ilə
yaxşılaşmasından, iqtisadiyyatın, təhsilin, səhiyyənin,
kənd təsərrüfatının, mədəniyyətin,
özəl sektorun inkişaf etməsindən
danışmışlar. Bildirilmişdir ki, Ağdaşda
müasir üslubda yeni musiqi məktəbi binasının
inşa edilməsi və təhsil ocağına xalq artisti
Habil Əliyevin adının verilməsi, eləcə də ən
yüksək fəxri adlara layiq görülməsi dövlətimizin
ona olan diqqət və qayğısının təzahürüdür.
Habil Əliyev
çıxış edərək demişdir ki, musiqi məktəbinin
binası çox gözəl üslubda inşa edilmiş və
gənc istedadların ixtiyarına verilmişdir. Xalq artisti məktəbin
istifadəyə verilməsini çox əlamətdar hadisə
adlandırmış və bu işdə xidmətləri olan
bütün insanlara minnətdarlıq etmişdir. Habil Əliyev
Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun
prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri,
Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın mədəniyyət
və incəsənətin inkişafına göstərdikləri
diqqət və qayğını yüksək qiymətləndirmiş,
onlara təşəkkürünü bildirmişdir.
Tədbirdə məlumat
verilmişdir ki, 1937-ci ildən fəaliyyət göstərən
və özünəməxsus ənənələri olan
Ağdaş musiqi məktəbinin əvvəlki binası
müasir tələblərə uyğun gəlmədiyindən
yeni binanın inşasına ciddi zərurət
yaranmışdı. "Gilan-İnşaat" MMC-nin tikinti
briqadası tərəfindən inşa olunan 3 mərtəbəli
uşaq musiqi məktəbinin binası müasir tələblərə
uyğun maddi-texniki baza ilə təmin olunmuşdur. Təhsil
ocağının 40 sinif otağı, 200 nəfərlik
konsert zalı, qazanxanası, yeməkxanası vardır. Məktəbdə
tar, kamança, qarmon, piano və klarnet ixtisasları üzrə
şöbələr fəaliyyət göstərir.
500-ə yaxın
şagirdi olan 7 illik musiqi məktəbində 70-dən
artıq müəllim çalışır. Məktəbdə
musiqi nəzəriyyəsi, Azərbaycan və Avropa bəstəkarlarının
əsərləri, xor fənni tədris olunur, böyük
ansambl fəaliyyət göstərir. Respublikada bənzəri
olmayan bu uşaq musiqi məktəbinə Heydər Əliyev
Fondu tərəfindən musiqi alətləri, bərk və
yumşaq inventar, kitablar, tanınmış bəstəkarların
və musiqiçilərin mahnıları yazılmış
disklər, onların fotoşəkilləri hədiyyə
olunmuşdur. Binanın fasadı və otaqları müasir
ornamentlərlə xüsusi zövqlə bəzədilmişdir.
Məktəbin foyesində ümummilli lider Heydər Əliyevin
incəsənət xadimləri və məşhur
musiqiçilərlə görüşlərindən çəkilmiş
fotoşəkillərdən ibarət stend
quraşdırılmışdır.
Çıxışlardan
sonra binanın açılışını bildirən rəmzi
lent kəsilmiş və məktəblə tanışlıq
olmuşdur. Mərasim iştirakçıları məktəbin
ansamblının ifasında maraqlı konsert proqramını
dinləmişlər.
AzərTAc
Azərbaycan.- 2009.- 21 iyun.- S. 3.