Dövlət Sərhəd
Xidməti və Baş Prokurorluğun mətbuat xidmətlərinin
birgə məlumatında bildirilir ki, cari il iyunun 18-də saat
22.45 radələrində Cəlilabad rayonunun Əsədli kəndi
yaxınlığında yerləşən sərhəd
zastavasının xidməti ərazisində iki şəxsin
Azərbaycandan İran istiqamətində dövlət sərhədini
nəzarət-buraxılış məntəqələrindən
kənarda qanunsuz olaraq keçməyə cəhd göstərməsinin
qarşısının alınması zamanı sərhəd
naryadına qarşı 2 əl qumbarası atılmaqla
silahlı müqavimət göstərilmişdir.
Sərhəd naryadı
tərəfindən təlimata uyğun olaraq silah tətbiq
olunmuş və sərhəd pozucuları məhv edilmişlər.
Hadisə zamanı öz bədəni ilə qumbaranın
üstünü örtməklə digər sərhədçi
yoldaşlarını xilas edən, 2008-ci ilin oktyabrında
Samux Rayon Hərbi Komissarlığı tərəfindən hərbi
xidmətə çağırılmış 1990-cı il təvəllüdlü
İsgəndərov Elton Xaləddin oğlu həlak olmuş,
iki sərhədçi zabit isə ağır
yaralanmışdır.
Zərərsizləşdirilmiş
sərhəd pozucularının üzərindən Füzuli
rayon sakini, 1981-ci il təvəllüdlü Məmmədov
Ramin Ramiz oğluna və Bakı şəhər sakini,
1986-cı il təvəllüdlü Həşimov Sadiq Vaqif oğluna
məxsus Azərbaycan Respublikası vətəndaşının
şəxsiyyət vəsiqəsi, 600 ABŞ dolları, 800 min
İran rialı və 1 ədəd kompas aşkar olunaraq
götürülmüşdür.
Araşdırmalar
zamanı onların tam əksəriyyətinin ifşa olunaraq
cinayət məsuliyyətinə cəlb olunmuş "Meşə
qardaşları" kimi tanınan qanunsuz silahlı
qruplaşmanın üzvləri olan Azər Misirxanov və
"Əbdüləziz" ləqəbli Elşən
adlı şəxslərlə yaxın əlaqədə
olduqları müəyyənləşdirilmişdir.
Aparılan istintaq-əməliyyat
tədbirləri nəticəsində həmin şəxslərin
dövlət sərhədindən qanunsuz olaraq keçmələrini
təşkil edən Saatlı rayonunda anadan olmuş,
hazırda Qaradağ rayonunun Sahil qəsəbəsində
yaşayan 1984-cü il təvəllüdlü Əliyev Zaur
Zabit oğlu istintaqa cəlb edilməklə üzərindən
1 ədəd mobil telefon, 1 xəncər, 1 bıçaq və
1 kompas aşkar olunaraq götürülmüşdür.
Hadisə ilə
bağlı dərhal Azərbaycan Respublikasının Dövlət
Sərhəd Xidməti və Baş Prokurorluğun əməkdaşlarından
ibarət istintaq-əməliyyat qrupu
yaradılmışdır. Sərhəd pozucularının əlaqələrinin
müəyyənləşdirilməsi istiqamətində həyata
keçirilmiş tədbirlər nəticəsində
Füzuli rayonu və Qaradağ rayonunun Sahil qəsəbəsinin
müxtəlif ünvanlarında axtarışlar
aparılmış və həmin ünvanlarda dini təbliğatla
bağlı xeyli miqdarda dini ədəbiyyat, video və SD
yazılar, fotoşəkillər aşkar edilərək
götürülmüşdür. Eyni zamanda, cinayətkar
qrupun üzvləri ilə yaxın münasibətlərdə
olan və sərhəd pozucusu Sadiq Həşimovun
qardaşı Həşimov Natiq Vaqif oğlu istintaqa cəlb
edilməklə baxış zamanı üstündə narkotik
vasitə aşkar edilmiş və şübhəli şəxs
qismində saxlanılmışdır.
Faktla bağlı Cəlilabad
Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin
müvafiq maddələri ilə cinayət işi
başlanılmış və Əliyev Zaur Zabit oğlu təqsirləndirilən
şəxs qismində cəlb edilməklə barəsində
məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri
seçilmişdir.
Hazırda iş üzrə
cinayətin başvermə səbəblərinin, cinayətin təşkilatçılarının,
təhrikçilərinin və digər
iştirakçılarının müəyyənləşdirilməsi
istiqamətində hərtərəfli, tam və obyektiv zəruri
istintaq hərəkətləri və əməliyyat-axtarış
tədbirləri davam etdirilir.
AzərTAc
Azərbaycan.- 2009.- 21 iyun.- S. 5.