Son illər ölkədə
aparılan ardıcıl islahatlar nəticəsində iqtisadi
inkişaf həyatımızın bütün sahələrini
əhatə etmiş, iqtisadi potensial güclənmiş,
dövlət büdcəsi artmış, sosial sahənin və
infrastrukturun inkişaf etdirilməsi istiqamətlərində
büdcə vəsaitləri hesabına maliyyələşdirilən
dövlət proqramlarının və onlara sərf olunan vəsaitin
həcmi əhəmiyyətli dərəcədə
artmışdır. Ölkənin iqtisadi cəhətdən
qüdrətlənməsi artan maliyyə vəsaitlərinin səmərəli
xərclənməsinə ciddi nəzarətin həyata
keçirilməsini zəruri edir.
Vətəndaşlardan
daxil olan müraciətlərin ümumiləşdirilməsi
göstərir ki, bəzi hallarda dövlət və bələdiyyə
vəsaitləri, o cümlədən dövlət büdcəsi
hesabına maliyyələşdirilməsi nəzərdə
tutulan dövlət proqramları çərçivəsində
ayrılan vəsaitlər təyinatı üzrə xərclənmir,
dövlət və bələdiyyə əmlakının və
maliyyə vəsaitlərinin idarə olunmasında nöqsanlar
nəzərə çarpır, vəsaitlərin istifadə
olunmasına, tənzimləyici və nəzarət
funksiyalarının yerinə yetirilməsinə cavabdeh olan vəzifəli
şəxslərin fəaliyyətində korrupsiya halları
müşahidə olunur. Korrupsiya ilə əlaqədar
hüquqpozmalar dövlət vəsaitlərinin nəzərdə
tutulmuş istiqamətlərdə xərclənməsinin
qarşısını almaqla dövlətə və cəmiyyətə
böyük ziyan vurur, ölkəmizin daha sürətlə inkişafına
mane olur, əhalinin rifahının artırılması sahəsində
görülən tədbirlərin səmərəsini
azaldır.
Keçən dövr ərzində
ölkəmizdə korrupsiyaya qarşı mübarizənin
gücləndirilməsi məqsədilə qəbul edilmiş
dövlət proqramlarına müvafiq olaraq kompleks tədbirlər
həyata keçirilmiş, normativ-hüquqi baza təkmilləşdirilmiş,
vəzifəli şəxslər tərəfindən qulluq
mövqeyindən sui-istifadə etməklə törədilən
hüquqpozmaların qarşısının alınması məqsədilə
dövlət nəzarət mexanizmləri inkişaf
etdirilmiş, korrupsiya cinayətlərinə qarşı cinayət
təqibinin səmərəliliyini artırmaq
üçün bu sahədə ixtisaslaşmış qurum
yaradılmışdır.
Lakin görülən tədbirlərlə
kifayətlənməyərək ümumbəşəri
sosial bəla olan korrupsiyanın tam aradan qaldırılması
üçün daha sərt və qətiyyətli
addımların atılması tələb olunur. Bunun
üçün dövlətin büdcə və digər
maliyyə vəsaitlərinin, bələdiyyələrin vəsaitlərinin
istifadə olunması, dövlət və bələdiyyə əmlakına
sahiblik, istifadə və sərəncam verilməsi, habelə
tamamilə dövlət mülkiyyətində olan və ya səhmlərinin
(paylarının) nəzarət zərfi birbaşa və ya
dolayısı ilə dövlətə məxsus olan hüquqi
şəxslərin (bundan sonra - dövlət müəssisəsi)
idarə olunması sahələrində istifadə, tənzimləmə
və nəzarət funksiyalarının yerinə yetirilməsinə
cavabdeh olan vəzifəli şəxslərin fəaliyyətində
şəffaflıq təmin edilməli, qanun pozuntuları ilə
mübarizə gücləndirilməli, qeyd olunan sahələrdə
hüquqpozmalar barədə müraciətlərdə göstərilən
halların yoxlanılmasına diqqət
artırılmalıdır.
Bu məqsədlə qərara
alıram:
1. Azərbaycan
Respublikasının icra hakimiyyəti orqanlarına
tapşırılsın ki:
1.1. dövlətin
büdcə və digər maliyyə vəsaitlərinin, həmçinin
bələdiyyələrin vəsaitlərinin istifadə
olunması, dövlət və bələdiyyə əmlakına
sahiblik, istifadə və sərəncam verilməsi, dövlət
müəssisələrinin idarə olunması sahələrində
dövlət nəzarətinin səmərəliliyinin
artırılması və bu sahədə korrupsiya ilə əlaqədar
hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi
istiqamətində zəruri tədbirlərin görülməsini
təmin etsinlər;
1.2. bu fərmanın
1.1-ci bəndində nəzərdə tutulmuş sahələrdə
cinayət əlamətləri olan hüquqpozmalar aşkar
etdikdə müvafiq sənədləri Azərbaycan
Respublikasının Baş Prokurorluğuna göndərsinlər;
1.3. müvafiq prokurorun
mütəxəssislərin cəlb edilməsi və ya yoxlama
materiallarının tələb edilməsi barədə qərarının
təxirəsalınmadan icra olunmasını təmin etsinlər,
müvafiq sahələr üzrə təcrübəli və
peşəkar mütəxəssislərin
ayrılmasını təşkil etsinlər;
1.4. dövlətə
vurulan ziyanın mülki-hüquqi vasitələrlə aradan
qaldırılması zərurəti müəyyən olunduqda
məhkəmələrdə müvafiq iddiaların
qaldırılmasını təmin etsinlər və ya bu məqsədlə
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə
uyğun olaraq Azərbaycan Respublikasının Baş
Prokurorluğuna müraciət etsinlər;
1.5. Azərbaycan
Respublikası Prezidentinin 2007-ci il 28 iyul tarixli 2292 nömrəli
sərəncamı ilə təsdiq edilmiş “Şəffaflığın
artırılması və korrupsiyaya qarşı mübarizə
üzrə Milli Strategiya”nın icra edilməsi vəziyyətinə
dair Azərbaycan Respublikasının Korrupsiyaya qarşı
mübarizə üzrə Komissiyasına təqdim edilən məlumatlarla
birgə bu fərmanın icrası ilə əlaqədar
görülən tədbirlər barədə hesabat versinlər.
2. Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan
Respublikasının Əmlak Məsələləri Dövlət
Komitəsi, Azərbaycan Respublikasının Satınalmalar
üzrə Dövlət Agentliyinə
tapşırılsın ki:
2.1. öz səlahiyyətləri
daxilində bu fərmanın 1.1-ci bəndində nəzərdə
tutulan sahələrdə aparılan yoxlamaların və digər
dövlət nəzarət tədbirlərinin gücləndirilməsi
və effektivliyinin yüksəldilməsi məqsədilə
müvafiq yoxlama və nəzarət tədbirlərinin həyata
keçirilməsi mexanizmlərinin təkmilləşdirilməsini
təmin etsinlər;
2.2. bu fərmanın
1.1-ci bəndində nəzərdə tutulan sahələrdə
korrupsiya ilə əlaqədar hüquqpozmaların aşkar
olunması və qarşısının alınması məqsədilə
konkret tədbirlər həyata keçirsinlər,
görülmüş tədbirlərin nəticələri
barədə 3 ay ərzində Azərbaycan
Respublikasının Prezidentinə məlumat versinlər.
3. Azərbaycan
Respublikasının Ədliyyə Nazirliyi bələdiyyələr,
bələdiyyə orqanları və onların vəzifəli
şəxsləri tərəfindən bu fərmanın 1.1-ci
bəndində nəzərdə tutulmuş sahələrdə
qanunvericiliyin tələblərinə riayət edilməsinə
nəzarəti artırsın, qanunvericiliklə müəyyən
edilmiş qaydada bələdiyyələrin fəaliyyətinə
inzibati nəzarətin həyata keçirilməsi zamanı
cinayət əlaməti olan korrupsiya ilə əlaqədar
hüquqpozmalar aşkar etdikdə müvafiq sənədləri
dərhal Azərbaycan Respublikasının Baş
Prokurorluğuna göndərsin.
4. Hüquq-mühafizə
orqanlarına tapşırılsın ki,
“Sahibkarlığın inkişafına mane olan müdaxilələrin
qarşısının alınması haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2002-ci il 28 sentyabr tarixli 790 nömrəli
fərmanının sahibkarlıq subyektlərinə müdaxilələrin
qadağan edilməsinə dair tələbinə həmin
orqanların əməkdaşları tərəfindən ciddi
riayət olunmasını təmin etsinlər və bu sahədə
pozuntulara yol vermiş əməkdaşlar barəsində məsuliyyət
tədbirləri tətbiq etsinlər.
5. Azərbaycan
Respublikasının Korrupsiyaya qarşı mübarizə
üzrə Komissiyasına tövsiyə edilsin ki:
5.1. Komissiyaya daxil olan
korrupsiya ilə əlaqədar hüquqpozmalar haqqında
müraciətlərin mütəmadi olaraq ümumiləşdirilməsini
həyata keçirsin;
5.2. ümumiləşdirmənin
nəticələrinə əsasən fəaliyyətinə
dair daha çox şikayətlərin daxil olduğu dövlət
və ya bələdiyyə orqanlarının, habelə
dövlət müəssisələrinin fəaliyyətinin
yoxlanılmasının dövlət orqanlarına və ya
auditor təşkilatlarına həvalə edilməsini və
cinayət əlaməti olan hüquqpozmalar aşkar edildikdə
yoxlama materiallarının Azərbaycan Respublikasının
Baş Prokurorluğuna göndərilməsini təmin etsin;
5.3. bu fərmanın
icrası ilə əlaqədar görülən tədbirlər
haqqında dövlət orqanları tərəfindən təqdim
olunmuş hesabatları təhlil etsin və bu barədə Azərbaycan
Respublikasının Prezidentinə ildə iki dəfə məlumat
versin.
6. Azərbaycan
Respublikasının Baş Prokurorluğuna tövsiyə
edilsin ki:
6.1. dövlətin
büdcə və digər maliyyə vəsaitlərinin, həmçinin
bələdiyyələrin vəsaitlərinin istifadə
olunması, dövlət və bələdiyyə əmlakına
sahiblik, istifadə və sərəncam verilməsi, dövlət
müəssisələrinin idarə olunması sahələrində
korrupsiya cinayətləri, mənimsəmə, israf etmə və
şəxs tərəfindən xidməti vəzifəsinin
icrası ilə əlaqədar törədilən digər
cinayətlərə dair prokurorluq orqanlarına daxil olan
müraciətlərə “Prokurorluq haqqında” Azərbaycan
Respublikası Qanununun 20-ci maddəsinə, Azərbaycan Respublikasının
Cinayət-Prosessual Məcəlləsinə, “Vətəndaşların
müraciətlərinə baxılması qaydası
haqqında” Azərbaycan Respublikasının Qanununa və digər
qanunvericilik aktlarına müvafiq olaraq aşağıdakı
qaydada baxılması məqsədəuyğun hesab edilsin:
6.1.1. müraciət
üzrə ilkin yoxlamanın aparılması və bunun
üçün kifayət qədər əsas olduqda
müvafiq sahədə mütəxəssislərin cəlb
edilməsinə dair ibtidai araşdırmaya prosessual rəhbərliyi
həyata keçirən prokuror tərəfindən qərarın
qəbul edilməsi;
6.1.2. dövlət və
ya bələdiyyə orqanlarında, dövlət müəssisələrində
müraciətdə göstərilən halların mövcud
olub-olmamasının prokurorluq orqanları tərəfindən,
zərurət olduqda mütəxəssislərin
iştirakı ilə yoxlanılması;
6.1.3. müraciətdə
göstərilən halların yoxlanması ilə əlaqədar
zərurət yarandıqda dövlət və ya bələdiyyə
orqanlarında, dövlət müəssisələrində
müəyyən edilmiş dövr ərzində aparılan
yoxlamaların materiallarının müvafiq prokurorun qərarı
əsasında həmin yoxlamaları həyata keçirən
dövlət orqanlarından tələb edilməsi;
6.1.4. araşdırılan
faktların cinayət işinin başlanmasına kifayət qədər
əsas verib-verməməsindən asılı olaraq
müvafiq qərarın qəbul edilməsi;
6.2. daxil olan şikayətlərin
baxılmaq üçün qanuna zidd hərəkətlərindən
(hərəkətsizliyindən) şikayət edilən
orqanlara və ya vəzifəli şəxslərə göndərilməməsinə
ciddi nəzarət etsin;
6.3. yoxlamalar zamanı
fiziki və hüquqi şəxslərin qanuni hüquq və mənafelərini
qorumaq məqsədilə prokurorluq orqanlarına daxil olan
müraciətlərin araşdırılmasında
qanunvericiliyin tələblərinə əməl edilməsinə
nəzarətin həyata keçirilməsini təmin etsin;
6.4. dövlət nəzarətinin
səmərəliliyinin artırılması məqsədilə
bu fərmanın 1.1-ci bəndində nəzərdə tutulan
sahələrdə yoxlamalar və digər nəzarət tədbirləri
həyata keçirən dövlət orqanları ilə məlumat
mübadiləsinin və qarşılıqlı əlaqəli
fəaliyyətin həyata keçirilməsi üçün
zəruri tədbirlər görsün;
6.5. dövlət mənafeyinin
müdafiəsi üçün məhkəmələrdə
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə
uyğun olaraq iddiaların qaldırılması məqsədilə
müvafiq tədbirlər görsün;
6.6.
“Sahibkarlığın inkişafına mane olan müdaxilələrin
qarşısının alınması haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2002-ci il 28 sentyabr tarixli 790 nömrəli
fərmanının sahibkarlıq subyektlərinə müdaxilələrin
qadağan edilməsinə dair tələblərinin
hüquq-mühafizə orqanları tərəfindən icra
olunmasına öz səlahiyyətləri daxilində nəzarət
etsin;
6.7. Bu fərmanın
6.1-ci bəndinə müvafiq olaraq həyata keçirilən
yoxlamaların vahid uçotunun aparılması məqsədilə
müvafiq reyestrin yaradılmasını və reyestrə daxil
olan məlumatların mütəmadi olaraq ümumiləşdirilməsini
təmin etsin, reyestrə daxil olan məlumatların ümumiləşdirilməsinin
və müraciətlərin araşdırılmasının
nəticələri barədə ildə iki dəfə Azərbaycan
Respublikasının Korrupsiyaya qarşı mübarizə
üzrə Komissiyasına məlumat versin.
7. Azərbaycan
Respublikasının Hesablama Palatasına tövsiyə olunsun
ki:
7.1. dövlət əmlakının
idarə edilməsinə, onun barəsində sərəncam
verilməsinə, dövlət büdcəsinin icra
olunmasına, dövlət əmlakının özəlləşdirilməsindən
əldə edilən vəsaitlərin dövlət büdcəsinə
daxil olmasına, hüquqi şəxslərə və bələdiyyələrə
dövlət büdcəsindən vəsaitlər
ayrıldıqda həmin vəsaitlərin təyinatı
üzrə istifadə edilməsinə nəzarətin həyata
keçirilməsi zamanı cinayət əlamətləri olan
hüquqpozmalar aşkar etdikdə təxirəsalınmadan
müvafiq materialların Azərbaycan Respublikasının
Baş Prokurorluğuna göndərilməsini təmin etsin;
7.2. müvafiq prokurorun
müraciətinə əsasən təcrübəli və
peşəkar mütəxəssislərin
ayrılmasını təmin etsin.
8. Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay
müddətində:
8.1. dövlət
büdcəsinin formalaşdırılmasına və dövlət
büdcəsindən ayrılan vəsaitlərin təyinatı
üzrə istifadə olunmasına, dövlət əmlakının
və vəsaitlərinin idarə olunmasına dövlət nəzarətinin
gücləndirilməsi və nəzarət mexanizmlərinin təkmilləşdirilməsi,
bu sahələrdə şəffaflığın
artırılması məqsədilə qanunvericilik
aktlarına müvafiq əlavə və dəyişikliklərin
edilməsi barədə təkliflərini, habelə qüvvədə
olan qanunvericilik aktlarının bu fərmana uyğunlaşdırılması
barədə təkliflərini Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
8.2. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının bu fərmana
uyğunlaşdırılmasını təmin etsin və bu
barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
8.3. öz səlahiyyətləri
daxilində bu fərmandan irəli gələn digər məsələləri
həll etsin.
9. Azərbaycan
Respublikası Prezidentinin Administrasiyasına
tapşırılsın ki, bir ay müddətində korrupsiyaya
qarşı mübarizə ilə əlaqədar normativ
hüquqi aktların ekspertizasının aparılması
qaydası haqqında müvafiq layihəni təqdim etsin.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 iyun 2009-cu il
Azərbaycan.- 2009.- 23 iyun.- S. 1.