Azərbaycan Ordusu dövlətin dayağı,
xalqın güvənc yeri və qürur mənbəyidir
Bizim ordumuz
güclüdür. Ordumuzun gücü gündən-günə
artır. Ölkəmizin gözəl gələcəyi var. Azərbaycan
xalqı, Azərbaycan dövləti işğal olunmuş
torpaqları mütləq azad edəcəkdir. Onu biz azad edəcəyik,
biz! Biz bunu sülh yolu ilə həll etmək istəyirik. Bu
barədə çoxlu səylər qoymuşuq və bundan
sonra da qoyacağıq. Ancaq bizim bu səylər sonsuz olmayacaqdır.
Biz bütün səylərimizi qoyub məsələni
sülh yolu ilə həll etməyə
çalışacağıq. Əgər bu, mümkün
olmasa, bizim əziz zabitlərimiz, əziz Silahlı Qüvvələrimiz,
siz torpaqlarımızın azad olunması üçün hər
gün hazır olmalısınız!
Torpaqlarımız azad
olacaq, ordumuz inkişaf edəcək, respublikamızın
iqtisadiyyatı yüksələcək və ən yaxın
illərdə Azərbaycan böyük inkişaf yoluna qədəm
qoyacaqdır. Buna əmin
ola bilərsiniz.
HEYDƏR ƏLİYEV
İyunun 26-da
xalqımız Azərbaycan Silahlı Qüvvələrinin
yaradılmasının 91-ci ildönümünü qeyd edəcək.
Mütəmadi olaraq "dəyirmi masa"lar keçirən
"Azərbaycan" qəzetinin Silahlı Qüvvələrin
bayramı ərəfəsində təşkil etdiyi növbəti
tədbirdə Azərbaycan Ordusunun keçdiyi keşməkeşli
yola, mövcud vəziyyətə nəzər salındı,
ordu həyatı ilə bağlı cəmiyyətdə
müzakirə mövzusu olan məsələlər ətrafında
fikir mübadiləsi aparıldı.
"Dəyirmi
masa"da Milli Məclisin Təhlükəsizlik və
Müdafiə Komitəsinin sədr müavini Aydın Mirzəzadə,
Müdafiə Nazirliyi Beynəlxalq Əməkdaşlıq və
Avratlantika İnteqrasiyası İdarəsinin rəisi,
general-mayor Ramiz Nəcəfov, Müdafiə Nazirliyinin mətbuat
xidmətinin rəisi, polkovnik-leytenant Eldar Sabiroğlu,
Müdafiə Nazirliyi Tibb xidməti rəisinin əvəzi,
polkovnik Eldar Əliyev, Müdafiə Nazirliyi Baş Əməliyyat
İdarəsinin planlaşdırma şöbəsinin rəisi,
polkovnik Azər Əliyev və Azərbaycan
Respublikasının xalq artisti, əsgər anası Təranə
Muradova iştirak edirdilər.
Tədbiri "Azərbaycan"
qəzetinin Baş redaktoru, Milli Məclisin Təhlükəsizlik
və Müdafiə Komitəsinin üzvü Bəxtiyar SADIQOV
açaraq dedi:
- 1993-cü ildə ulu
öndər Heydər Əliyevin rəhbərliyi ilə əsası
qoyulan ordu quruculuğu bu gün ölkəmizin dinamik
inkişafına uyğun olaraq özünün yeni keyfiyyət
mərhələsinə qədəm qoyub. Azərbaycan ictimaiyyəti
bunun əyani təsdiqini ötən il, Silahlı Qüvvələrin
yaradılmasının 90 illiyi münasibəti ilə
keçirilən çox möhtəşəm hərbi
paradda gördü. Paradda müxtəlif qoşun növlərini
təmsil edən hərbçilərin, müasir hərbi
texnikanın nümunəvi keçidi, hərbi təyyarələrimizin
nümayiş etdirdikləri yüksək pilotajlıq
bacarıqları vətənini sevən hər kəsdə
qürur və fəxarət hissi oyatdı. Hər kəs bir
daha əmin oldu ki, Azərbaycanın hər an düşmənə
layiqli cavab verə bilməyə qadir olan güclü, qüdrətli
və modern ordusu, hərbi arsenalında isə ən
müasir, dünyanın qabaqcıl ölkələrinin
ordularının silahlanmada istifadə etdikləri texnika var.
Müstəqil dövlətimizin
güclü ordusunun olması təsadüfi deyil. Məlumdur
ki, XX əsrdə Azərbaycan iki dəfə dövlət
müstəqilliyi əldə etmişdir. 1918-ci ildə
xalqımız rus imperializminin əsarətindən xilas olaraq
Azərbaycan Xalq Cümhuriyyətini quranda ordumuz yox idi. Ona
görə də Azərbaycan Xalq Cümhuriyyətinə rəhbərlik
edən insanların dövlət quruculuğu istiqamətində
ilk tədbirlərindən biri müstəqil dövlətin
silahlı qüvvələrinin formalaşdırılması
oldu. Vaxtın az, düşmənin isə çox yaxında
olduğu ziddiyyətli, təbəddülatlarla dolu bir zamanda
ordu quruculuğuna başlandı və qısa müddətdə
bir sıra uğurlar qazanıldı: Bakı erməni-daşnak
işğalından azad edildi, Qarabağda erməni quldur dəstələrinə
qarşı uğurlu əməliyyatlar həyata
keçirildi. Təəssüf ki, Xalq Cümhuriyyəti 23 ay
yaşadı və bu qısa müddət ordu quruculuğunun
yüksək səviyyədə həyata keçirilməsinə
imkan vermədi. Buna baxmayaraq, hələ yeni formalaşmaqda olsa
da, o zaman Azərbaycan Ordusu axıradək düşmənə
layiqli cavab verdi.
Azərbaycan 1991-ci ildə ikinci dəfə dövlət
müstəqilliyini qazandıqdan sonra da xalqımızı
1920-ci ildəki aqibət gözləyirdi. Azərbaycanı
daim əsarət boyunduruğunda saxlamaq istəyən imperiyasevən
qüvvələr ölkəmizi müstəqillikdən məhrum
etmək üçün əvvəlcədən
düşünülmüş şəkildə süni
Qarabağ problemini yaratdılar. Bunun da əsasında Azərbaycanı
uzun sürən dağıdıcı müharibəyə cəlb
etdilər. O zaman ermənilər artıq öz
ordularını yaradıb əsgərlərə hərbi
bilet verdiklərini ittifaqın mərkəzi televiziya
kanalının proqramlarında nümayiş etdirəndə
Azərbaycanda ov tüfəngləri də
yığılırdı və ordu sözünü dilinə
gətirmək yuxarılar tərəfindən qadağan
edilirdi. Xalqımız başsız, silahsız
qalmışdı, torpağımızı qorumaq
üçün əlimizdə yabadan və baltadan başqa
heç nə yox idi. Havadarları tərəfindən təpədən-dırnağadək
silahlandırılan düşmənin qarşısında
durmaq mümkün deyildi.
1991-ci ilin sonlarından
başlayaraq Azərbaycan milli ordusunun yaradılması istiqamətində
ilkin addımlar atılsa da, bu proses çox bərbad vəziyyətdə
gedirdi. Silahlı qüvvələr Müdafiə Nazirliyinin
deyil, ayrı-ayrı siyasi partiyaların nəzarətində
idi. Həmin partiyalar silahlı birləşmələri milli
mənafelər uğrunda deyil, öz maraqları naminə,
hakimiyyətə gəlmək üçün istifadə etməyə
çalışırdılar.
Çox təəssüf,
müharibənin ilkin dövrlərində Azərbaycan
xalqı özünün dahi oğlundan, görkəmli
dövlət xadimi Heydər Əliyevdən uzaq
düşmüşdü. Həmin keşməkeşli,
ağır günlərdə isə ölkəni
düzgün istiqamətdə apara biləcək ikinci bir lider
yox idi. Nəhayət, ölkəyə rəhbərlik edənlər
öz səriştəsizlikləri ilə Azərbaycanı məhvolma
həddinə çatdırdılar və bu zaman xalq
özünün yeganə və düzgün qərarını
verdi: ulu öndər Heydər Əliyevin Bakıya
qayıdışı və hakimiyyət sükanını
öz əlinə alması təkidlə tələb edildi.
Heydər Əliyevin
xalqın arzusu ilə ölkə rəhbərliyinə
qayıdışı müstəqil dövlətçiliyin
digər təsisatları kimi vahid komandanlığa əsaslanan
mütəşəkkil ordunun yaradılmasının da əsasını
qoydu. Bu istiqamətdə ulu öndərin atdığı ən
uğurlu addımlardan biri bütün silahlı dəstələrin
buraxılması, onların silahlarının,
texnikalarının, habelə əhalidə olan
silah-sursatın yığılması oldu.
Hamımız o
ağır dövrü yaşamış, baş verən
hadisələrin şahidləri olmuşuq. Amma ötən illərə
nəzər saldıqda ölkəmizin ulu öndər Heydər
Əliyevin ideyalarının təcəssümü olaraq digər
istiqamətlərdə olduğu kimi, hərbi sahədə də
necə böyük inkişaf yolu keçdiyini görmək
olar. Ən nəhayət, ötən il keçirilən hərbi
parad Azərbaycanın modern silahlı qüvvələrinin
olduğunu bütün dünyaya nümayiş etdirməklə
yanaşı, ölkə əhalisinin hakimiyyətə
etimadını, gələcəyə olan inamını daha
da möhkəmləndirdi. Həmin paraddan sonra
dostlarımız sevindi, düşmənlərimiz isə məyus
oldular. Dünya bir daha şahid oldu ki, Azərbaycan xalqı hər
şeyə qadirdir.
Respublika günü
münasibətilə keçirilən təntənəli tədbirdə
Prezident İlham Əliyev etdiyi çıxışda ordu
quruculuğu ilə bağlı çox dəyərli fikirlər
söyləyərək dedi ki, heç kim bu gün Azərbaycana
döyüş meydanında öz iradəsini diktə edə
bilməz. Ali Baş Komandanın böyük qürurla səsləndirdiyi
bu sözlər hər birimizdə iftixar doğurur. Doğrudan
da, bu gün heç kim döyüş meydanında bizə
iradə diktə edə bilməz. Ordu bizim canımız,
qanımızdır.
Amma çox təəssüf
ki, bəzən ordumuzla bağlı müəyyən xoşagəlməz
söhbətlərin, yalan informasiyaların da meydana
çıxmasının şahidi oluruq. Digər tərəfdən
onu da təəssüf hissi ilə qeyd etmək istərdim ki,
bu cür informasiyalar əsasən kütləvi informasiya vasitələrində
təzahür edir. Son zamanlar bir sıra KİV-lər Azərbaycan
Ordusu ilə bağlı qərəzli, həqiqətə
uyğun gəlməyən, bəzən isə hətta hərbi
sirr xarakteri daşıyan müəyyən məsələləri
xüsusi canfəşanlıqla işıqlandırmağa
başlayıblar. Sanki Silahlı Qüvvələrimizə,
onun rəhbərliyinə qarşı "səlib
yürüşü"nə çıxıblar. Bu
KİV-lər baş vermiş hadisənin əsil mahiyyətini
işıqlandırmayaraq, məqsədyönlü şəkildə
məsələyə tamamilə başqa rakursdan don geyindirməyə
və beləliklə də orduya qara yaxmağa, onun rəhbərliyini,
ali və yüksək zabit heyətini ləkələməyə
cəhd göstərirlər. Birmənalı şəkildə
deyə bilərik ki, silahlı qüvvələrimizlə
bağlı yalan, qərəzli məlumatların mətbuat səhifələrinə
gətirilməsi və müxtəlif kontekstlərdən
hallandırılması Azərbaycanın güclü dövlət
olmasını istəməyənlərin riyakar əməlləridir.
İctimai statutusundan asılı olmayaraq vətənini,
xalqını və ordusunu sevən insanlar bu riyakar əməllərə
qarşı barışmaz olmalı, belə həssas məsələlərdə
özünün vətəndaş mövqeyini ortaya
qoymalıdır. Toplaşdığımız
"dəyirmi masa" da bunun gözəl nümunəsidir.
Aydın MİRZƏZADƏ:
- Mən çox aktual və
cəmiyyətin diqqətində olan bir mövzu ətrafında
"dəyirmi masa" keçirməsinə görə
"Azərbaycan" qəzetinin kollektivinə dərin təşəkkürümü
bildirirəm. Əminəm ki, cəmiyyətin bütün təbəqələri
tərəfindən oxunan, sanballı və səviyyəli bir
nəşr olan "Azərbaycan" qəzetində bu
mövzuda səslənəcək fikirlər ictimai fikirdə
doğru rəy formalaşdırmaq baxımından çox
mühüm əhəmiyyət daşıyacaq.
Ordu ilə bağlı
məsələlərin daim müzakirəsi bütün
ölkələr üçün çox aktualdır. Hətta
yüzillər boyu dövlətçilik tarixi olan ölkələrdə
də ordudakı proseslər mütəmadi olaraq diskussiya
predmeti olur. Ölkəmizdə vaxtaşırı ordu
mövzusuna müraciət edilməsi ilk növbədə
dövlət quruculuğu prosesi ilə bağlıdır. Müstəqillik
tarixmizə nəzər salsaq 1991-ci ildən bəri ölkəmizdə
hər bir dövrün özünəməxsus ordu quruculuğu
faktorunun olduğunu görərik.
İlkin dövrdə
dövlətimizin müstəqilliyi elan edilsə də, milli
atributlar yaradılsa da, dövlət quruculuğu ilə
bağlı heç bir iş görülmədi. Eyni zamanda,
dövlət quruculuğunun əsas tərkib hissəsi olan
ordu quruculuğu da müstəqilliyimizin ilk dönəmlərində
həyata keçirilmədi. Ayaz Mütəllibovun
dövründə ordunun adı vardı, özü isə yox
idi. Ordunun səlahiyyətlərini ayrı-ayrı siyasi
partiyalar və yaxud şəxslər həyata keçirməyə
çalışırdılar. Bu da nəticə etibarilə
erməni silahlı birləşmələrinin asanlıqla Azərbaycan
torpaqlarının bir hissəsini işğal etmələrinə
gətirib çıxardı. Eyni prosesi 1992-ci ildə iqtidara
yiyələnən AXC-Müsavat qaragüruhunun hakimiyyəti
dövründə də görmək olardı. Dövlət
quruculuğu haqqında azacıq belə təsəvvürü
olmayan, məsuliyyət anlayışından çox uzaq olan
və hər məsələyə cılız, sırf
partiya maraqlarından yanaşan bir siyasi qüvvənin hakimiyyətdə
olması dövlətin digər təsisatları kimi ordunun
yaradılması istiqamətində də uğurlu heç nə
vəd etmirdi. Nəticədə isə
işğalçı Ermənistanla müharibədə
uğursuzluqlarımız daha da çoxaldı və indiki
de-fakto vəziyyətə gəlib çıxdıq.
Azərbaycanda ordu
quruculuğu faktiki olaraq 1993-cü ildə ulu öndər Heydər
Əliyevin hakimiyyətə dönüşündən sonra
başladı. Bir neçə gün əvvəl 16-cı ildönümünü
qeyd etdiyimiz Milli Qurtuluş özünü bir çox məsələlərdə,
o cümlədən Azərbaycan Silahlı Qüvvələrinin
formalaşdırılmasında göstərdi. Ümummilli
lider Heydər Əliyevin dövlət, cəmiyyət, eləcə
də dövlət idarəçiliyi sahəsində
böyük təcrübəsi, digər tərəfdən bu
böyük şəxsiyyətin dahi praktik və güclü
nəzəriyyəçi olması ordu quruculuğu məsələsində
də müsbət nəticələr ortaya qoydu. Vaxt
darlığına və resurs məhdudluğuna baxmayaraq,
böyük çətinliklər içərisində Heydər
Əliyev qısa müddətdə Azərbaycan Ordusunun
formalaşdırılmasına nail ola bildi.
Azərbaycan Silahlı
Qüvvələrinin yaradılmasında Heydər Əliyevin
hələ sovet hakimiyyəti illərində Azərbaycana rəhbərlik
edərkən gördüyü işlərin böyük rolu
oldu. Ötən əsrin 70-ci illərində Cəmşid
Naxçıvanski adına Hərbi Məktəbin fəaliyyətə
başlaması, ulu öndər tərəfindən azərbaycanlı
gənclərin keçmiş SSRİ-nin ayrı-ayrı hərbi
məktəblərinə oxumağa göndərilməsi
1993-cü ildə yaradılan Azərbaycan Ordusunun peşəkar
kadrlarla təmin olunmasında mühüm rol oynadı.
Onu da qeyd etmək yerinə
düşər ki, əgər 1993-cü ildə Azərbaycan
Ordusunun ilkin formalaşmasından söhbət gedirdisə,
artıq bu gün regionun ən güclü silahlı qüvvəsi
məhz Azərbaycan Ordusudur. Bu, Heydər Əliyevin ordu
quruculuğu ilə bağlı dahiyanə,
düşünülmüş siyasi xəttinin və bu siyasətin
hazırda Prezident İlham Əliyev tərəfindən
ardıcıl davam etdirilməsinin nəticəsidir. Bu gün
Prezident İlham Əliyevin ölkəmizin dinamik
inkişafına uyğun olaraq Azərbaycan Silahlı Qüvvələrinin
modernləşməsinə hesablanmış addımlar
atması ordumuzun yüksək səviyyəyə gəlib
çatmasını şərtləndirmişdir. Prezident
İlham Əliyevin vaxtilə elan etdiyi "Azərbaycanın
hərbi büdcəsi ümumilikdə işğalçı
Ermənistanın dövlət büdcəsinə bərabər
olmalıdır" tezisi qısa müddətdə öz təsdiqini
tapmışdır. İndi Azərbaycan Silahlı Qüvvələrinin
timsalında ən müasir tələblərə cavab verən,
modern maddi-texniki təchizata, mükəmməl
döyüş əməliyyatları aparmaq qabiliyyətinə
malik bir ordunun nümunəsini görürük.
İşğalçı
Ermənistanın ordusunu artıq Azərbaycanın Silahlı
Qüvvələri ilə müqayisə etmək ən
azından sadəlövhlük olardı. Azərbaycan Ordusunu
yalnız dünyanın ən inkişaf etmiş dövlətlərinin
silahlı qüvvələri ilə müqayisə etmək
olar. Hazırda Azərbaycan Ordusunun ən son elmi nailiyyətlərin
bəhrəsi olan müasir hərbi-texniki bazası və bu
texnikanı işlətməyə, ən əsası hərbi
birləşmələrlə istənilən
döyüşdən qalib çıxmağa qadir olan peşəkar
zabit korpusu var. Azərbaycan Ordusu çoxdan
arzuladığımız səviyyəyə çatıb.
Xalqımız öz silahlı qüvvələri ilə fəxr
edir, hər bir azərbaycanlı ailəsi övladını
çox həvəslə ordu sıralarında qulluğa
göndərir. Güclü
ordu Azərbaycanın müstəqilliyinin və azərbaycançılıq
məfkurəsinin zəmanətlərindən biridir.
Azərbaycanda həyata
keçirilən ordu quruculuğunda digər ölkələrdə
də mövcud olan, amma bizdəki kimi olmayan bir məsələ
daim diqqət mərkəzindədir. Bu, orduya ictimai nəzarətin
həyata keçirilməsidir. Mən keçmiş sovet
ordusunun sıralarında, ən nümunəvi hərbi hissələrdən
birində qulluq etmişəm. Amma xidmət etdiyim müddətdə
orada hərbi hissə ilə ictimaiyyətin əlaqəsini,
ictimaiyyət nümayəndələrinin əsgərlərə
baş çəkmələrini, onların şəraiti ilə
maraqlanmalarını görmədim. İndinin özündə
də bir çox ölkələrdə ictimaiyyət
nümayəndələrinin orduya buraxılması xarakterik
deyil. Amma ölkəmizdə ordu ictimaiyyətin birbaşa nəzarətindədir
və bu, qazandığımız ən böyük müsbət
nəticələrdən sayıla bilər. İctimai nəzarətin
real və obyektiv nəticələri göz önündədir.
Azərbaycanda orduya
ictimai nəzarət üçün maneə olmasa da, amma təəssüf
ki, silahlı qüvvələrimizlə bağlı cəmiyyətə
səhv məlumatlar vermək, uğurlu nəticələrə
kölgə salmaq istəyən cəhdlər də var. Fikir
versək görərik ki, ölkəmizdə bir neçə
cəbhəyə edilən hücumlar orduya edilən
hücumlarla dəst-xətt baxımından üst-üstə
düşür. Bu cəhdin təşkilatçıları
dövlətçiliyimizə, müstəqilliyimizə və
azərbaycançılığımıza qarşı
mübarizə aparırlar. Ordu barəsində
informasiyaların cəmiyyət üçün maksimum
açıq olmasına baxmayaraq, kifayət qədər məlumatların
təhrif edilməsinə səy göstərirlər.
Ordu böyük bir
qurumdur. Bir bölmədə onlarla, yüzlərlə, minlərlə
əsgər xidmət edir. Təbii ki, ordu həyatı, əsgərlər
arasında münasibətlər hərbi nizamnamələrlə
müəyyən olunur.
Amma hətta ən qabaqcıl ordularda müəyyən
problemin meydana çıxması mümkündür və belə
hallar mütəmadi olur. Hərbi quruculuqda əldə etdiyimiz
nailiyyətlərə kölgə salmaq istəyənlər
isə baş vermiş hadisələri şişirdir, yaxud
hansısa məsələni tamam başqa rakursdan
işıqlandırmaq, şərh etmək niyyətlərini
ortaya qoyurlar. Xarici ölkələrdə bir qayda olaraq ordu ilə
bağlı məlumatlar rəsmi səviyyədə verilir. Bu
məlumatların qəsdən şişirdilməsinə və
özünəməxsus şəkildə şərh edilməsinə
qətiyyən yol verilmir. O ki qaldı hərbi sirr sayılan məsələlərin
işıqlandırılmasına, buna görə cinayət
işi açılır. Bizdə isə az qala hərbi hissələrin
yerinə, təyinatına, xarakterinə, komandirlərin
adlarına və vəzifələrinə qədər
informasiyaları yayırlar.
Bütün bunların
qarşısını almaq üçün qanunvericilikdə
nəzərdə tutulan məsuliyyət həddi daha da sərtləşdirilməlidir.
Çünki söhbət dövlətçilikdən və
özümüzdən gedir. Ordunu sarsıtmaq
özümüzü, Azərbaycanı sarsıtmaq deməkdir.
Ordu o anlayışlardandır ki, onu tənqid etmək olmaz.
Orduya ancaq hörmətlə yanaşmaq, sevgi ilə qüdrətləndirmək
olar. Orduya ehtiram göstərmək dövlətçiliyimizin
qüdrətlənməsinə xidmət etmək deməkdir.
Hesab edirəm ki, bu "dəyirmi masa" cəmiyyətdə
vaxtaşırı orduya edilən "hücumlara"
qarşı ən yaxşı cavablardan biri olacaq. Ediləcək
çıxışlar, gətiriləcək arqumentlər
qara qüvvələrin niyyətlərini darmadağın edəcək.
Ramiz NƏCƏFOV:
- Rəsmi dövlət
nəşri olan "Azərbaycan" qəzeti redaksiyasına
mütəmadi olaraq öz səhifələrində ordu
mövzusuna kifayət qədər geniş yer
ayırdığı üçün Müdafiə
Nazirliyinin rəhbərliyi adından dərin təşəkkürümü
bildirirəm. Toplaşdığımız "dəyirmi
masa" da bu səmərəli və faydalı əməkdaşlığın
növbəti bariz nümunəsidir. Burada səslənən
fikirlər ordu ilə bağlı ən dürüst
informasiyaları bir daha cəmiyyətə çatdıracaq.
Qeyd olunduğu kimi, həqiqətən
də bu gün məlum media şəbəkələrində
ordu haqqında həqiqətə uyğun olmayan məlumatlar
yayılmaqdadır. Təəssüf hissi keçirirsən
ki, görülən bu qədər işin müqabilində bəziləri
cəmiyyətdə silahlı qüvvələrlə
bağlı yanlış rəy yaratmağa cəhd göstərirlər.
Əlbəttə, onlar istəklərinə nail ola bilmirlər
və bilməyəcəklər də! Bu mənada belə bir
"dəyirmi masa"nın keçirilməsi ordumuz
haqqında cəmiyyətə doğru məlumatların
çatdırılması istiqamətində vacib tədbirlərdən
biridir.
1993-cü ildə Heydər
Əliyevin hakimiyyətə qayıdışından sonra
qısa zaman ərzində Azərbaycan Ordusunun
formalaşdırılması prosesinə start verildi və az
müddətdə ordu quruculuğunun ilkin mərhələsi
uğurla başa çatdı. Ordu quruculuğunun elə ilkin
dövrlərindən başlayaraq ölkəmiz hərbi sahədə
beynəlxalq əməkdaşlığa xüsusi diqqət
yetirməyə başladı. Artıq 1994-cü ilin əvvəllərində
ulu öndər Heydər Əliyev Azərbaycanın NATO-nun
"Sülh naminə tərəfdaşlıq"
proqramına qoşulması barədə təqdimat sənədini
alyansın mənzil-qərargahında ovaxtkı baş katibə
təqdim etdi. Bu, ulu öndərin uzaqgörənliyinin nəticəsi
idi. Proqrama qoşulmaqla ölkəmiz NATO dəyərlərini
mənimsəmək baxımından mükəmməl imkanlar
qazandı.
Ötən 15 ildən
artıq dövr həmin proqramla əlaqədar ölkəmizin
hansı uğurlara nail olduğunu əyani göstərir.
1996-cı ildə Azərbaycanla
NATO-nun əməkdaşlığının davamı olaraq təşkilatın
"Planlaşdırma və analiz prosesi" proqramına
qoşuldu. Bu, Azərbaycan Ordusunun NATO standartlarına
uyğunlaşdırılmasını özündə ehtiva
edən bir proqram idi. 1997-ci ildən Azərbaycanın
bütün hərbi təhsil müəssisələri NATO
standartlarına keçdilər. Artıq neçə ildir ki,
NATO standartları ilə hərbi təhsili başa vuran zabitlərimiz
Azərbaycan Ordusu sıralarında ləyaqətlə xidmət
edirlər. 2001-ci ildən etibarən bizim hərbi təhsil
müəssisələrimiz ordumuzu NATO standartlarına
uyğun proqramla təhsil almış kadrlarla təmin edir. Bununla
yanaşı, Azərbaycan Ordusunun zabitləri müxtəlif
ölkələrdə də təhsil alırlar. Məsələn,
il ərzində ABŞ-da 23-25 nəfər təhsil alır.
Türkiyədə isə hazırda 165 zabitimiz oxuyur. Almaniyada
il ərzində 8-10 nəfər akademik kursları bitirir. Bir
neçə zabitimiz İngiltərədə kral kollecini bitirərək
vətənə qayıdıb. Rumıniya, Bolqarıstan,
Litva, Estoniya, Pakistan və Çində hər il zabitlərimiz
hərbi təhsil alırlar. Biz bunu ona görə edirik ki, digər
ölkələrin hərbi təcrübəsini öyrənək
və öz məktəblərimizdə tətbiq edək. Xarici
ölkələrdən qayıdan hər bir zabitin təklifi
öyrənilir və nəzərə alınır.
2004-cü ildə isə
ölkəmiz NATO-nun "Fərdi Tərəfdaşlıq
üzrə Əməliyyat Planı"na qoşuldu. 2008-ci
ilin sonunda bu əməliyyat planının ikinci mərhələsi
başladı. Bu plana qoşulmağımız da Azərbaycan
Ordusunun müasir, o cumlədən NATO standartlarına
uyğunlaşdırılmasına mühüm töhfələr
verdi.
Hazırda Azərbaycan
Silahlı Qüvvələrinin zabitləri ölkəmizin
NATO ilə əməkdaşlığı çərçivəsində
hərbi təlimlərdə, ekspert və işçi
görüşlərində, konfranslarda, müxtəlif
kurslarda iştirak edərək NATO üzvü olan ölkələrin
qabaqcıl təcrübəsini öyrənirlər. İl ərzində
Azərbaycanın 2 mindən çox zabiti NATO proqramlarında
və digər ikitərəfli əməkdaşlıq
proqramlarında iştirak edir. Azərbaycan hərbçiləri
NATO ilə ölkəmiz arasında həyata keçirilən
"Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat
Planı" proqramında da iştirak edərək ən son
hərbi yenilikləri dərindən mənimsəyirlər. Nəticə etibarilə hərbçilərimizin
əldə etdikləri təcrübə ordumuzda tətbiq
olunur.
İngiltərənin
Vişkov adlı təlim mərkəzi var. İki il bundan qabaq
həmin mərkəzdən Azərbaycan ərazisində təlim
keçirmək təklifi gəldi. Onlar 40 gün müddətində
bizim 50 nəfərə yaxın hərbçimizə təlim
keçdilər. Həqiqətən o təlim bizə
böyük fayda verdi. Vişkov təlim mərkəzinin qərargah
rəisi Azərbaycana işçi səfərə gələrkən
Qaraheybət təlim mərkəzinə baş çəkdi
və gördüklərinə heyran qaldı. Dedi ki, 20 ildir
müxtəlif təlim mərkəzlərində qərargah rəisidir,
amma Qaraheybət təlim mərkəzində
gördüyü yüksək standartları heç yerdə
görməyib.
Hazırda zabitlərimiz
dünyanın müxtəlif yerlərindəki NATO qərargahlarında
NATO zabitləri qismində qulluq edirlər.
Heydər Əliyev
adına Ali Hərbi Məktəbdə 1998-ci ildən
"Sülh naminə tərəfdaşlıq"
kafedrası fəaliyyət göstərir. Bu kafedra kursantlara
NATO-nun tətbiq etdiyi əməliyyatları, siyasəti və
NATO ölkələrindəki ordu quruculuğundakı nailiyyətləri
öyrədir. Bundan əlavə, Müdafiə Nazirliyi nəzdində
sülh naminə tərəfaşlıq təlim mərkəzləri
yaradılıb. Həmin mərkəzlərdə müxtəlif
ölkələrdən gələn mobil təlim qrupları
ilə birgə hərbi ixtisas kursları keçirilir.
İndiyədək Azərbaycan
hərbi əməkdaşlıq sahəsində 26 ölkə
ilə saziş və müqavilələr
imzalamışdır. Bütövlükdə isə 50-dən
çox ölkə ilə hərbi əməkdaşlıq həyata
keçiririk. Bu əməkdaşlıqda əsas yeri NATO
üzvü olan dövlətlər, habelə ərəb
ölkələri - Bəhreyn, Qətər, Birləşmiş
Ərəb Əmirlikləri, İordaniya tutur. Hazırda hərbi
əməkdaşlıqla bağlı Küveyt və Səudiyyə
Ərəbistanı ilə danışıqlar gedir. Xüsusilə
qeyd etmək istərdim ki, ölkəmizlə Pakistan
arasında hərbi sahədə çox geniş əməkdaşlıq
var. Bir sözlə, Müdafiə Nazirliyi hərbi sahədə
dünyanın ən qabaqcıl ölkələrinin əksəriyyəti
ilə əlaqə yaradır.
Yaxınlarda Bakıda Azərbaycan-NATO
əlaqələrinin 15 illiyinə həsr olunmuş beynəlxalq
konfrans keçirildi. Konfransda onlarla ölkənin nümayəndəsi,
o cümlədən NATO-nun Baş Mənzil-Qərargahını
təmsil edən qonaqlar iştirak edirdilər. Onlar Azərbaycan
Ordusu haqqında danışarkən ölkəmizin 15 il ərzində
hərbi quruculuq sahəsində əldə etdiyi uğurlara
çox böyük qiymət verdilər. Həqiqətən
də kənardan qiymət veriləndə işlərin miqyası
və nəticəsi daha yaxından görünür. Xarici
qonaqlar Azərbaycan Ordusu haqqında çox dəyərli
fikirlər söylədilər. Qeyd etdilər ki, Azərbaycan
Ordusu qısa müddətdə NATO standartlarına
uyğunlaşma istiqamətində böyük uğurlar
qazanıb.
Hər dəfə
NATO-nun hərbi təlimlərindən sonra təşkilatın
rəsmiləri Azərbaycan hərbçilərinin təlimlərində
iştirakını yüksək qiymətləndirir və
bununla bağlı Azərbaycan Müdafiə Nazirliyinə məktub
ünvanlayırlar. Məktublarda onlar belə hərbçilərlə
təlim keçməkdən fəxr duyduqlarını yazırlar.
Yeri gəlmişkən qeyd edim ki, hərbi bölmələrimiz
2003-cü ilin avqustundan 2008-ci il dekabrın sonunadək
İraqdakı sülhyaratma əməliyyatlarında ölkəmizi
layiqincə təmsil etdilər. Onlarca zabit və əsgərimiz
orden və medallarla təltif olundu. Beynəlxalq sülhməramlıların
həm İraqdakı komandanından, həm də
ABŞ-ın Florida ştatında yerləşən sülhməramlı
əməliyyatları koordinasiya edən mərkəzdən Azərbaycan
Müdafiə Nazirliyinə gələn məktublarda hərbçilərimizin
xidməti yüksək qiymətləndirilir. Deməli, Azərbaycan
hərbçisi beynəlxalq tədbirlərdə ölkəmizi
fəxr edə biləcək səviyyədə təmsil etmək
iqtidarındadır. Bu, Azərbaycanın uğurlu hərbi
quruculuğunun, xarici ölkələrdən öyrəndiyimiz
müsbət təcrübənin bəhrəsidir. Eyni zamanda,
bu uğurlar ordu rəhbərliyinin modernləşmə ilə
bağlı düzgün istiqamət seçməsindən,
dünyanın ən qabaqcıl nailiyyətlərinə yiyələnmək
niyyətini uğurla gerçəkləşdirməsindən
irəli gəlir.
Böyük fəxr
hissi ilə qeyd etmək istərdim ki, ölkəmizin hərbi
dəniz qüvvələri də inkişaf edir, gəmilərimiz
modernləşdirilir. Artıq 8 gəmini modernləşdirmişik,
müasir radarlarla, naviqasiya sistemilə təmin etmişik.
Bizim gəmi təmiri zavodunda müasir təmir
avadanlıqları quraşdırılıb. Hərbi
aerodromumuzun biri müasir NATO standartına
uyğunlaşdırılıb, enmə-qalxma radarları ilə
təmin olunub və bu istiqamətdə ardıcıl
inkişaf proqramı müvəffəqiyyətlə həyata
keçirilir.
Eldar SABİROĞLU:
- Öncə qeyd etməyi
borc bilirəm ki, rəsmi dövlət nəşri olan "Azərbaycan"
qəzeti dövlətçilik maraqlarının və
ölkənin mənafeyinin qorunmasına istiqamətlənən
yaradıcı fəaliyyəti ilə ordunun yaxın dostuna
çevrilmişdir. Bu mənada Müdafiə Nazirliyinin rəhbərliyi
"Azərbaycan" qəzetini ordu ilə xalq, Silahlı
Qüvvələrlə ictimaiyyət arasında ən
sarsılmaz dayaqlardan biri hesab edir. Ordu həyatının,
ayrı-ayrı hərbi hissələrin, xüsusən ön
xətdə döyüş tapşırığını
yerinə yetirən bölmələrimizin əsgər və
zabitlərinin həyatını, xidmətini qəzet səhifələrində
əks etdirməklə bağlı "Azərbaycan" qəzetinin
daim yüksək fəallıq və ardıcıllıq
nümayiş etdirməsi, bu məsələlərdə
dövlətçilik və milli mənafeləri rəhbər
tutmasını təqdir edirik.
Hər bir xalqı
dünyada tanıdan, məşhurlaşdıran,
aparıcı söz sahibinə çevirən amillərdən
biri də onun ordusu, silahlı qüvvələridir. Tarixən
hər bir millət ordusuna güvənib, onu milli qürur və
fəxarət ünvanı sayıb. Qüdrətli ordusu olan
dövlət nəinki maraq və mənafeyini layiqincə
qoruya bilib, eyni zamanda, dünya siyasətinə əsaslı təsir
imkanları əldə edib. Bəli, güclü dövlətin
təməl prinsiplərindən biri qüdrətli ordunun
mövcudluğudur. Ona görə ulu öndər Heydər Əliyev
1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra məhz
bu prinsipə söykənərək ilk növbədə
güclü ordunun formalaşdırılması
üçün təxirəsalınmaz tədbirlərin həyata
keçirilməsinə start verdi.
Ümummilli lider Heydər
Əliyevin rəhbərliyi altında 1994-cü ildən ordu
quruculuğu sahəsində keyfiyyətcə yeni mərhələ
başlanmış, ordunun elmi əsasda qurulması, peşəkar
kadr potensialının hazırlanması, nizam-intizamın
gücləndirilməsi, maddi-texniki təchizatın yüksəldilməsi
baxımından bir sıra vacib tədbirlər həyata
keçirilmişdir. Dövlət müstəqilliyini
qazandıqdan sonra çoxqütblü inkişaf modelləri
sırasından Qərb dəyərlərini seçən Azərbaycan
hərbi-siyasi təhlükəsizliyinə təminatı
gücləndirmək, beynəlxalq birliyin tamhüquqlu subyektinə
çevrilmək üçün aparıcı beynəlxalq təşkilatlarla,
o cümlədən NATO ilə əməkdaşlığa
mühüm önəm vermişdir.
Heydər Əliyevin ordu
quruculuğu ilə bağlı siyasi dəst-xətti,
ideyaları bu gün Azərbaycan Respublikasının
Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı
cənab İlham Əliyev tərəfindən çox
böyük fədakarlıqla həyata keçirilir. Dövlət
başçısı ordu quruculuğu və Silahlı
Qüvvələrin yüksək döyüş
hazırlığı səviyyəsinə gətirilməsi
istiqamətində çox gərgin, səmərəli və
məqsədyönlü iş ararmaqdadır.
Yaranmasının 91-ci
ildönümü tamam olacaq Azərbaycan Ordusu bu gün
mövcudluq tarixinin çoxşaxəli hərbi quruculuq və
islahatlar mərhələsi kimi səciyyələnə biləcək
yeni mərhələsini yaşayır. Silahlı Qüvvələrin
kəmiyyət və keyfiyyət baxımından komplektləşdirilməsi,
peşəkarlıq səviyyəsinin yüksəldilməsi,
maddi-texniki bazasının gücləndirilməsi, hərbçilərin
maddi rifah halının ildən-ilə
yaxşılaşdırılması, ordu hissələrinin
müasir texnika və avadanlıqlarla təchiz edilməsi,
habelə beynəlxalq təcrübənin mənimsənilməsi
istiqamətində həyata keçirilən kompleks tədbirlər
praktik nəticələrini verməkdədir. Ordu quruculuğu
siyasətini yeni dövrün tələbləri səviyyəsində
davam etdirən Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham
Əliyev bu məqsədlə bütün zəruri tədbirlərin
həyata keçirilməsini təmin etmişdir.
Dövlət
başçısı İlham Əliyev ilk gündən bəyan
etmişdir ki, ordunun möhkəm, qüdrətli olması
üçün ölkə iqtisadiyyatının güclü
olması vacib şərtdir. Bu reallıq fonunda ölkə rəhbərliyi
iqtisadiyyatın inkişaf tempinə adekvat olaraq ordu
quruculuğu istiqamətində də qətiyyətli
addımlar atır. Təkcə bir faktı demək kifayətdir
ki, son beş ildə respublikanın hərbi büdcəsi on dəfədən
çox artaraq bütövlükdə işğalçı
Ermənistanın dövlət büdcəsinə
çatmışdır. 2 milyard dollardan artıq hərbi
büdcəyə malik Azərbaycan Ordusu bu gün regionda NATO
standartları səviyyəsində inkişaf edən nizami,
peşəkar və çevik orduya çevrilmişdir. Eyni
zamanda, Azərbaycan Silahlı Qüvvələri bu gün
yüksək döyüş hazırlığına malik və
peşəkar, hərbi-texniki vərdişlərə dərindən
yiyələnmiş savadlı, vətənpərvər
kadrlardan ibarətdir.
Bu gün Silahlı
Qüvvələrimizin fəaliyyətinin ən parlaq səhifələrindən
biri də əsgər və zabitlərimizin beynəlxalq
miqyasda nümayiş etdirdikləri böyük
döyüş şücaəti və qəhrəmanlıqlarıdır.
Qeyd edim ki, bəşəriyyət üçün potensial təhlükə
mənbəyinə çevrilən transmilli cinayətlərə
qarşı effektiv mübarizənin təşkili
baxımından ayrı-ayrı dövlətlərin birgə
fəaliyyətinin təmini müasir dövrün son dərəcə
vacib və aktual məsələlərindəndir. Dünyanın
bir sıra qaynar nöqtələrində sabitliyi və təhlükəsizliyi
pozan beynəlxalq terrorizm, təcavüzkar separatizm, narkotik
qaçaqmalçılığı və digər qlobal təhdidlərlə
mübarizədə NATO-ya üzv olan, habelə bu hərbi-siyasi
blokla sıx əməkdaşlıq edən ölkələrin
koalisiyasının formalaşdırılması da məhz bu
zərurətlə şərtlənmişdir. Azərbaycan da
tarixən erməni terrorizmindən əziyyət çəkmiş
dövlət kimi Kosovo, Əfqanıstan və İraqda həyata
keçirilən antiterror əməliyyatlarına ilk gündən
hərbi-siyasi dəstək vermiş, Silahlı Qüvvələrimizin
mətin hərbçiləri NATO qoşunlarının tərkibində
sülhməramlı əməliyyatlarda fəal iştirak
etmişlər.
Azərbaycan sülhməramlıları
son 10 ildə üzərlərinə düşən sülhməramlı
missiyanı daim yüksək məsuliyyətlə, şərəflə
həyata keçirərək dövləti və xalqı
layiqincə təmsil etmişlər. Qlobal miqyasda sülh və
sabitliyə töhfə vermək, sülhməramlı əməliyyatlara
qoşulmaq respublikamızın beynəlxalq aləmdə
nüfuzunun daha da artmasına, dünya birliyində öz
yerini möhkəmləndirməsinə, bəşəriyyəti
narahat edən problemlərin həllində yaxından
iştirakına əlverişli zəmin yaratmışdır.
1994-cü ildən NATO-nun bir sıra hərbi proqramlarında
yaxından iştirak edən Azərbaycanın məqsədi həm
də nizami ordu quruculuğu prosesində təşkilatın
geniş təcrübəsindən və imkanlarından istifadə
etməkdir. 1997-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin
tərkibində sülhməramlı bölüyün, daha
sonra isə sülhməramlı taburun yaradılması da məhz
NATO xəttilə həyata keçirilən hərbi-humanitar
aksiyalarda fəal iştirak etməkdən, münaqişə
ocaqlarında təhlükəsizliyin, sülhün təminatına
əsgəri dəstək verməkdən ibarət
olmuşdur.
Ordu quruculuğu konkret
zamanla məhdudlaşmayan, daim gərgin səy göstərilməsini
tələb edən çətin və mürəkkəb
prosesdir. Bu sahədə uğurları təmin edən
başlıca amillərdən biri də polad nizam-intizamın
yaradılması, habelə şəxsi heyətin yüksək
vətənpərvərlik ovqatında yetişdirilməsidir. Təcrübə
göstərir ki, döyüş ruhu olmayan orduya uğur
qazanmaqda ən müasir silahlar belə kömək etmir. Bu
gün Azərbaycan Ordusunda şəxsi heyətin mənəvi-psixoloji
durumu, habelə hərbi-vətənpərvərlik əhval-ruhiyyəsi
yüksək səviyyədədir. Bunun əsas səbəblərindən
biri də ön xətdə yerləşən hərbi hissələrdə
yüksək vətənpərvərlik əzmi ilə
düşmənlə üz-üzə dayanan, hücum əmrinə
daim hazır olan hərbçilərimizin sosial müdafiəsinin
ildən-ilə gücləndirilməsidir.
Dövlətin hərtərəfli
qayğısını hər addımda hiss edən mətin əsgər
və zabitlərimiz üzərinə düşən məsuliyyəti
yetərincə dəyərləndirir, komandanlığın əmr
və göstərişlərini yüksək səviyyədə
yerinə yetirməyə çalışırlar. Müdafiə
Nazirliyinin həyata keçirdiyi kompleks tədbirlər nəticəsində
bu gün ön xətdə keşik çəkən əsgər
və zabitlərin vəziyyəti əhəmiyyətli dərəcədə
yaxşılaşıb. Hər cür qayğı və
ehtiyacdan azad olan şəxsi heyətin əsas diqqəti
nizam-intizama, hərb elminin incəliklərini dərindən mənimsəməyə
yönəlib. Xüsusən də düşmənlə təmas
xəttində xidmət keçən hərbçilərin
geyim və silah-sursatla təchizatı, normativə uyğun
şəkildə qidalanması, gigiyenik-sanitar tələblərə
riayət etməsi üçün hər cür şərait
yaradılıb. İnşa olunmuş əsgər
sığınacaqları zəruri hərbi ləvazimat və
əşyalarla təmin olunub.
Azərbaycan Prezidenti,
Ali Baş Komandan İlham Əliyevin son beş ildə ordu hissələrində
şəxsi heyətlə müntəzəm keçirdiyi
görüşlər zaman keçdikcə ordunun
döyüş ruhunun yüksəlməsində və əzmkarlığının
artmasında özünü büruzə verir. Dövlət
başçısının hərbi hissələrdəki vəziyyətlə,
əsgər və zabitlərin qayğıları ilə
bilavasitə maraqlanması, xidmətdə fərqlənən əsgər
və zabitlərə xüsusi hədiyyələr təqdim
etməsi, bir sözlə, onlarla səmimi ünsiyyətdə
olması şəxsi heyətdə özünəinam hissini
gücləndirir.
Bu gün Azərbaycan
Ordusunun beynəlxalq standartlar səviyyəsində
inkişafı üçün bütün zəruri
addımlar atılır. Ordu quruculuğuna dair bütün
mühüm tədbirlər müvəffəqiyyətlə,
ardıcıl surətdə, mövcud siyasi kursun tələblərinə
uyğun şəkildə yerinə yetirilir. Silahlı Qüvvələrin
sıralarında hərbi xarakterli cinayətlərin, xüsusən
də fərarilik hallarının azalması da məhz
ordumuzun gücləndirilməsi istiqamətində həyata
keçirilmiş tədbirlərin, hərbi-vətənpərvərlik
əhval-ruhiyyəsinin nəticəsidir. Azərbaycan Ordusunun
mütəşəkkilliyi sahəsində görülən
irimiqyaslı işlər ictimaiyyət tərəfindən də
razılıqla qarşılanır.
Ordu quruculuğu
işinin sürətli və keyfiyyətli aparılması
baxımından dövlətlə yanaşı, ictimaiyyətin
diqqəti, qayğısı da son dərəcə vacib
amildir. Xalq öz ordusunu o zaman sevir ki, ona güvənir,
döyüş qüdrətinə, qələbə əzminə
inanır və mənəvi-psixoloji dəstəyini ondan əsirgəmir.
Bu dəstək dövlət başçısının
orduya, onun maddi-texniki təchizatının, sosial-məişət
şəraitinin yaxşılaşdırılmasına
göstərdiyi qayğı ilə vəhdət təşkil
edəndə həyata keçirilən islahatlar daha səmərəli
nəticələr verir.
Bu gün ardıcıl
və sistemli şəkildə aparılan ordu quruculuğu
prosesi elə mühüm mərhələyə qədəm
qoymuşdur ki, qazanılan nailiyyətlərlə yerində hərtərəfli
tanış olmadan Azərbaycan Ordusunun real vəziyyətini
obyektiv qiymətləndirmək, dolğun fikir söyləmək
mümkün deyildir. İndi nəinki arxa cəbhədə, hətta
düşmənlə üzbəüz təmas xəttində
yerləşən hərbi hissələrdə
özünü qabarıq göstərən nizam-intizam, səliqə-sahman,
yüksək döyüş ovqatı qürur və sevinc
hissi doğurur. Əlində silah düşmənlə
üz-üzə dayanaraq müşahidə aparan əsgər
və zabitlərin vətən, torpaq sevgisini duymaq,
döyüş ruhunu, düşmənlə mübarizə
ovqatı üzərində köklənən yüksək mənəvi-psixoloji
durumunu yaxından hiss etmək və bütün bunları olduğu
kimi qələmə almaq əsl jurnalist üçün
peşə fəaliyyətindən savayı, həm də mənəvi
borcdur.
Bir məqama toxunum ki, mən
Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi kimi fəaliyyətə
başladığım ilk gündən nazirimiz,
general-polkovnik Səfər Əbiyevin birinci tapşırığı
ondan ibarət oldu ki, KİV-lə yaxından və
qarşılıqlı əməkdaşlıq quraq. Cənab
nazirin tapşırığına uyğun olaraq dövlətçilik
və milli maraqlardan çıxış edən, vətənini
sevən, orduya doğma münasibət bəsləyən
bütün KİV-lərlə əməkdaşlıq edirik.
Bu sarıdan hər hansı problemimiz yoxdur. Azərbaycan
Müdafiə Nazirliyi ordu ilə xalq arasında əlaqəni,
ünsiyyəti yaratmaq və inkişaf etdirmək
üçün KİV-in gücünə arxalanır və
bu məsələdə "Azərbaycan" qəzeti də
bizə böyük kömək göstərir.
Bəzən belə cəfəng
iddialar səsləndirirlər ki, guya orduya ictimai nəzarət
həyata keçirilmir. Ancaq əslində fakt ondan ibarətdir
ki, orduya neçə illərdir güclü ictimai nəzarət
tətbiq olunub. İctimaiyyətin nümayəndələri -
deputatlar, jurnalistlər, qeyri-hökumət təşkilatların
təmsilçiləri müntəzəm olaraq hərbi hissələrə
gedirlər, əsgərlərin həyatı, bölmələrin
döyüş hazırlığı ilə yaxından
maraqlanırlar. Əgər hansısa problemi və ya
çatışmazlığı müəyyən edirlərsə,
onu bizim diqqətimizə çatdırırlar.
Hər bir sahədə problem meydana çıxa bilər. Heç kim, heç bir qurum problemdən sığortalanmayıb. Təbii ki, ən yaxşısı problemin olmamasıdır. Amma əgər fakt varsa, biz tənqid olunmaqdan da çəkinmirik və problemin aradan qaldırılması üçün dərhal Müdafiə Nazirliyi tərəfindən müvafiq tədbirlər görülür. Elə başa düşülməməlidir ki, biz nəyisə tənqiddən kənarda saxlamaq istəyirik. Xüsusilə qeyd etmək istərdim ki, orduda yaranan istənilən problem şəxsən müdafiə nazirinin diqqətində olur və aradan qaldırılması üçün çox ciddi ölçülər götürür.
İradlardan biri də ondan ibarətdir ki, guya
Müdafiə Nazirliyi orduya ictimai nəzarət həyata
keçirilərkən hərbi hissələrə
özünə sərf edən insanları göndərir.
Tamamilə yalandır. Bu
yaxınlarda əsasən müxalifəti təmsil edən
deputatlardan və QHT təmsilçilərindən ibarət
geniş bir qrupun hərbi hissələrə səfərini təşkil
etdik. Bu şəxslərin hər biri hərbi
hissələrdən çox yüksək təəssüratla
qayıtdılar.
Çox təəssüf
ki, ordudan incik düşmüş, xidmətdə yol verdiyi
nöqsanlara görə hərbi xidmətdən
uzaqlaşdırılmış bəzi adamlar günahı
özlərində axtarmaq əvəzinə Silahlı Qüvvələrə
qarşı çıxır, onu cəmiyyətdə gözdən
salmağa cəhd göstərirlər. Bəzən baş
vermiş hər hansı hadisəni olduğu kimi yox,
şişirdib elə təqdim edirlər, elə faciəvi
şəkilə salırlar ki, adam təəccüb qalır.
Qəzetlərdən biri yazır ki, o, ordudakı vəziyyəti
araşdırmaq üçün bütün reportyor qrupunu
ölkə boyu səpələyib. Bu qəzet həmin
kampaniyada nə məsqəd güdür? Tutaq ki, ordumuz bəzilərinin
istədiyi kimi zəiflədi, bəs bunun acısını
kim çəkəcək? Təbii ki, xalq. Ona görə ordu
elə bir həssas qurumdur ki, ona pis, məkrli məqsədlərlə
yanaşmaq olmaz. Orduya dövlətin simvolu olaraq xüsusi
ehtiram göstərmək lazımdır! Azərbaycan xalqı
öz ordusunu sevir! Ayrı-ayrı adamların ordunu sevməməsi
isə bizim üçün fəlakət sayıla bilməz!
Hərbi hissələrdə
bu yaxınlarda baş vermiş son arzuolunmaz hadisələrlə
bağlı həm Müdafiə Nazirliyi, həm də Hərbi
Prokurorluq çox ciddi araşdırmalar aparır. Bir-iki hissədə
baş verən hadisəni ümumiləşdirib
bütövlükdə ordunun ayağına yazmaq
düzgün deyil və bu niyyət məkrli məqsədlərə
xidmət edir.
Eldar ƏLİYEV:
- Azərbaycan Ordusunun
döyüş qabiliyyətinin yüksək olmasının əsas
səbəblərindən biri də əsgərlərin
sağlamlığıdır. Bu, Müdafiə Nazirliyinin Tibb
xidmətinin üzərinə düşən ən vacib vəzifədir.
Xidməti layiqincə yerinə yetirmək üçün
çoxlu sayda hospitalımız, bütün hərbi hissələrdə
tibb məntəqələrimiz mövcuddur. Bununla
yanaşı, hərbi birləşmələrin özlərinin
də əlahiddə tibb taborları mövcuddur. Zabit heyətinin
sağlamlığının qorunması üçün isə
Mərdəkanda və Goradildə hərbi istirahət yerləri
var.
Əsgərin
sağlamlığı ilk çağırış
günündən nəzarət altında olur. Çağırışçılar
bütün tibbi müayinələrdən keçirilir. Onların
hər biri üçün tibbi kitabçalar tərtib olunur
və hərbi qulluq müddətində bütün müraciətləri
həmin kitabçada qeyd edilir. Ehtiyac yarandığı halda
hər bir əsgərə ambulator və ya stasionar müalicə
göstərilir. Bəzən
çağırışçılar arasında fiziki
inkişaf səviyyəsi aşağı olanlara da rast gəlinir.
Onların üzərində həm komandirlər, həm də
tibb işçiləri tərəfindən birinci gündən
dinamik müşahidələr aparılır. Çəkisi az olan
çağırışçılara xüsusi tibbi
baxış keçirilir.
Azərbaycan Ordusunda
şəxsi heyətin sağlamlığının
keşiyində dayanmaq üçün kifayət qədər
səriştəli və savadlı kadrlar
çalışırlar. Eyni zamanda, hərbi həkim
kadrların hazırlanmasına da xüsusi diqqət yetirilir.
"Azərbaycanda ordu
quruculuğu işlərinə də çox böyük diqqət
veririk. Son illərdə bu istiqamətdə çox
böyük nailiyyətlər əldə edilib. Bizim artıq
peşəkar ordumuz var. Ordunun döyüş qabiliyyəti
çox yüksəkdir. Ordumuzun maddi-texniki bazası son illər
ərzində yüksək dərəcədə gücləndirilibdir.
Heç kim bu gün Azərbaycana döyüş
meydanında öz iradəsini diktə edə bilməz".
İlham ƏLİYEV
Hərbi həkimlərin
hazırlanması məqsədilə Azərbaycan Tibb
Universiteti nəzdində hərbi tibb fakültəsi fəaliyyət
göstərir. Bu fakültə həm hərbi tibb
kadrlarının - zabitlərin, həm də feldşerlərin-gizirlərin
hazırlanması üçün əsas bazamızdır. Tibb
Universitetinin 4-cü kursunu bitirən tələbələrdən
hərbçi olmaq istəyənlər öz müraciətləri
əsasında sonrakı kurslarda təhsillərini hərbi
tibb fakültəsində davam etdirirlər. 6-cı kursu
bitirdikdən sonra həkim zabitlər orduda qulluğa
başlayırlar. Tibb kadrlarının hazırlanmasında
Gülhanə Hərbi Tibb Akademiyası bizə böyük
kömək göstərir. Hər il 4-5 nəfər oxumaq
üçün ora göndərilir. Tibb işçilərinə
ehtiyacın artması səbəbindən artıq 3 ildir ki, hərbi
tibb fakültəsinə qəbul 75 nəfər
artırılıb.
Silahlı Qüvvələrdə
feldşerlərin hazırlığı prosesinə xüsusi
diqqət yetirilir. Keçmiş sovet ordusundakı taburlarda
yalnız feldşerlər fəaliyyət göstərirdi.
Ancaq bizim ordumuzda taburda ştat üzrə tibb məntəqəsinin
rəisi vəzifəsi var və ora komandir vəzifəsinə
təbii ki, zabit rütbəsi daşıyan həkimlər təyin
olunurlar. Həkimdən başqa taburda feldşer və digər
tibbi işçilər çalışırlar.
Orduda tibb heyətinin təcrübəsinin
artırılması, həkimlərin təkmilləşdirilməsi
işinə də xüsusi diqqət yetirilir. Səhiyyə
Nazirliyi Həkimləri Təkmilləşdirmə İnstitutunda
kadrların müəyyən sahələr üzrə
hazırlığı prosesində bizə böyük
kömək göstərilir. Həkimlərin peşə vərdişlərinin,
bilik səviyyəsinin artırılması üçün zərurət
yarandığı halda müvafiq yerlərdə 1-2 aylıq
kurslar təşkil edirik. Bu sahədə çətinliyimiz
yoxdur. Odur ki, əsgərlərin tibbi təminatında ciddi
nöqsanlara yol verilmir. Müdafiə nazirinin xüsusi göstərişinə
əsasən Mərkəzi Hərbi Klinik Hospitalın yerləşdiyi
ərazidə hərbi tibb şəhərciyi salınacaq. Bu
yaxınlarda Ukraynada ezamiyyətdə olarkən oranın hərbi
tibb işçiləri mənə bildirdilər ki, biz
Müstəqil Dövlətlər Birliyi məkanında Azərbaycanın
Mərkəzi Hərbi Klinik Hospitalı kimi yüksək
keyfiyyətə, göstəricilərə malik hərbi tibb
müəssisəsi görməmişik. Fəxrlə demək
olar ki, Mərkəzi Hərbi Klinik Hospitalda bütün
müasir tələblərə cavab verən şərait,
maddi-texniki baza yaradılıb. Bu imkanları daha da genişləndirmək
üçün müdafiə nazirinin şəxsi nəzarəti
altında terapiya korpusu tikilməkdədir. Gələn il
burada kardiocərrahiyə şöbəsi də fəaliyyət
göstərəcək. Eləcə də daxili orqanların
köçürülməsi əməliyyatlarının həyata
keçirilməsi reallaşacaq.
Orduda sanitariya nəzarətinin
gücləndirilməsi tibb xidmətinin əsas vəzifələrindəndir.
Bunun üçün Müdafiə Nazirliyinin Sanitar
Epidemiologiya Mərkəzinin yeni binası inşa olunur. Yaxın
zamanlarda digər hərbi tibb müəssisələrinin
binaları istifadəyə veriləcək. Həkimlər əsgərlərin
qidalanmasını da daim yoxlayır, yeməyin keyfiyyətini
kalori ilə hesablayırlar. Fəxr ilə deməliyik ki,
ordumuzda əsgərlərə verilən ərzağın
kalorisi keçmiş sovet ordusunda verilən yeməyin
kalorisindən çox yüksəkdir. Azərbaycan Ordusunda əşya
xidmətinin təminatı çox yüksək səviyyədədir.
Əsgərlərə geyimlər mövsümlərə
uyğun olaraq verilir.
Ordumuzun NATO ilə əməkdaşlığı
çərçivəsində keçirilən tədbirlərdə
tibb xidmətinin zabitləri də yaxından iştirak edirlər.
Zabitlərimiz bu beynəlxalq
tədbirlərdə müvafiq sertifikatlar alıblar.
Eldar SABİROĞLU:
- Nəzərə
almalıyıq ki, düşmənlə təmas xəttimiz
1000 kilometrə qədərdir. Əsgərlərimiz belə
geniş hüdudları olan döyüş xəttində
düşmənlə üz-üzə dayanıblar. Cəbhə
xəttində elə yerlər var ki, orada düşmənlə
məsafə 50 metrdir. Tibbi xidmətimizin ən böyük
nailiyyəti ondan ibarətdir ki, hazırda cəbhə bölgəsinin
hər yerində səhra xəstəxanalarımız fəaliyyət
göstərir. Əgər bir vaxtlar atəşkəs pozulanda
əsgər adi yaralanmadan həlak olurdusa, indi səhra xəstəxanalarında
hərbçilərimizin həyatını xilas etmək
üçün bütün imkanlar yaradılıb. Biz sevinməliyik
ki, orduda həm tibbi xidmət, həm də döyüş
hazırlığı yüksək səviyyədədir.
Azər ƏLİYEV:
- "Dəyirmi
masa"da müzakirə mövzusu olan ordu ilə birbaşa əlaqəli
məsələlər, problemlər bir hərbçi, ən əsası
vətəndaş kimi məni də dərindən narahat edir,
düşündürür. Nəzərə almalıyıq
ki, ordu düşmən qarşısındadır və məhz
xalqa arxalanır. Ona görə bir sıra mətbu
orqanların səhifələrində yer alan orduya kölgə
salmaq niyyətini güdən yazıları Silahlı Qüvvələrə
arxadan zərbə kimi qiymətləndirirəm. Təbii ki,
belə olanda ordunun dostları sayılan kütləvi
informasiya vasitələri böhtan yazan qəzetlərə
tutarlı cavab verirlər.
Bəs orduya bu
"hücumlar"ın məqsədi nədir? Məncə
bu, dövlətçiliyimizə, müstəqilliyimizə
qısqanclıqla bərabər, öz daxilimizdəki bəzi
insanların cılızlığından, milli duyğulardan
uzaq düşməsindən irəli gəlir. Ordu hər bir
ölkənin güzgüsüdür. Zəif dövlət
güclü orduya malik ola bilməz! Bizim ordu quruculuğumuz həm
də dövlət quruculuğumuzun mühüm hissəsidir.
Ötən il möhtəşəm hərbi parad keçirdik
və ordumuzun gücünü bütün dünyaya
nümayiş etdirdik. Parad həm də sübut etdi ki, Azərbaycan
inkişaf etmiş dövlətdir. Bu, düşmənə və
onun havadarlarına bir mesaj idi. Amma nəyə görəsə
radikal müxalifət və onun inhisarındakı məlum qəzetlər
bu nailiyyətlərdən ciddi təşvişə
düşdülər.
Bəzi müxalifət
qəzetlərində dərc edilən yazılarda diqqət
çəkən məqamlardan biri də informasiya təhlükəsizliyinə
riayət olunmamasıdır. Həqiqətən, bəzi mətbu
orqanlar hərbi hissələrin yeri bir yana dursun, təyinatı
və digər hərbi sirr xarakerli məlumatları çox həvəslə
dərc edirlər. Hər eşitdiklərini qələmə
alırlar və buna görə heç bir məsuliyyətə
cəlb edilmirlər. Bu çox ciddi məsələdir.
Çünki o yazıları, onların elektron
variantını təbii ki, düşmənlərimiz də
oxuyurlar. Həmin yazılar obyektivlikdən o qədər uzaq
olur ki, bu məqalələr hərbçilərdə
gülüş hissi doğurur. Bəzən hərb barəsində
ən elementar məsələr barədə
anlayışı olmayanlar belə "məqalələrdə"
ekspert kimi təqdim edilirlər. Bu məqalələri yazan
jurnalistlərin peşəkarlıq səviyyəsi də
aşağıdır. Dünyanın heç bir dövlətində
ordudan yazmağa ölkəmizdə olduğu kimi sərbəstlik
verilməyib. Amma bu sərbəstlikdən sui-istifadə etmək
olmaz. Qabaqcıl ölkələrdə hərb sahəsi ilə
bağlı məqalələri bu peşəni bilən,
ixtisaslaşmış jurnalistlər yazırlar. Onlar hansı
informasiyanın yayılıb-yayılmamasını çox
gözəl bilirlər. Bizdə isə təəssüf ki, bəzi
mətbu orqanlar qeyri-peşəkarlıq nöqteyi-nəzərindən,
yaxud da məkrli niyyətdən bu məsələyə fikir
vermirlər.
Hesab edirəm ki,
kütləvi informasiya vasitələrinin hərbi sahəyə
aid yazıları informasiya təhlükəsizliyi
baxımından çox ciddi yoxlanılmalıdır. Qəzetlər
ölkənin təsbit olunmuş informasiya təhlükəsizliyinə
riayət etmədiklərinə görə qanun
qarşısında cavab verməlidirlər. Bildiyiniz kimi, Azərbaycan
Respublikasının Milli Təhlükəsizlik Konsepsiyasında
informasiya təhlükəsizliyinə geniş yer
ayrılır. Həmçinin mövcud qanunvericilikdə də
informasiya təhlükəsizliyinin təmin olunması məsələsinə
bir daha baxılmalı, informasiya təhlükəsizliyini
pozmağa görə məsuliyyət daha da sərtləşdirilməlidir.
Nə qədər
güclü texnikaya, şəxsi heyətə malik olsa da, hər
bir ordunun gücü məhz dəmir nizam-intizama malik vahid
komandanlıqdadır. Nizam-intizamsız ordu məğlubiyyətə
məhkumdur. Azərbaycanda 1993-cü ildə başlanan ordu
quruculuğunun müharibə şəraitində aparılmasına
baxmayaraq, ulu öndər Heydər Əliyev Azərbaycan
dövlətçiliyinin gücləndirilməsi
üçün bütün işlərin sistemli şəkildə
həyata keçirilməsinə nail oldu. Ümummilli lider ordu
quruculuğuna möhkəm təməllər üzərində
başladı. İlk növbədə təsadüfi adamlar
ordudan kənarlaşdırıldı, güclü struktur,
vahid komandanlıq, nizam-intizam yaradıldı. Bütün bunlara
paralel olaraq Silahlı Qüvvələrin döyüş
hazırlığının gücləndirilməsinə və təkmilləşdirilməsinə
xüsusi diqqət yetirildi. Ötən il Silahlı Qüvvələrimizin
yaradılmasının 90 illik yubileyi münasibətilə
keçirilən möhtəşəm parad ordumuzun
döyüş hazırlığının hansı səviyyədə
olduğunu göstərdi. Nümunəvi keçidlər
həm hərbi texnikanın səviyyəsini, həm də
paradı yüksək səviyyədə təşkil etməyi
bacaran zabitlərimizin peşəkarlığını
bütün dünyaya nümayiş etdirdi.
İl ərzində Azərbaycan
Ordusunda döyüş hazırlığının yüksəldilməsi
məqsədi ilə irili-xırdalı 100-dən artıq hərbi
təlimlər keçirilir. Bunlar intensiv təlimlərdir və
bütün şəxsi heyət iştirak edir. Eyni zamanda
komanda-qərargah təlimləri də keçirilir ki, burada
da bir neçə qoşun növü iştirak edir. Bütün
hərbi təlimlər NATO standartlarına uyğun
aparılır. Təlimlərin daha da inkişaf etdirilməsi,
döyüş hazırlığının
artırılması ilə bağlı əldə edilən
yeni təcrübələrin praktik tətbiqi
üçün Müdafiə Nazirliyi tərəfindən
intensiv iş aparılır. Bəzən isə biz bir
çox ölkələrin təcrübəsini üstələyirik.
Artıq 3-4 ildir ki, Azərbaycan
Ordusunda kompüter vasitəsilə də hərbi təlimlər
keçirilir. Bu əsasən qabaqcıl ordular
üçün xarakterikdir. Bunun üçün Silahlı
Qüvvələrin Akademiyasında simulyasiya mərkəzi
yaradılıb.
Onu da qeyd edim ki, hərbi
texnikanın - tankların, piyada döyüş
maşınlarının idarə olunmasının mənimsənilməsi
böyük maddi vəsait tələb edir. Qabaqcıl ordularda
bu məqsədlə trenajorlardan istifadə olunur. Şəxsi
heyətə döyüş texnikasının öyrədilməsi
həmin trenajorlar vasitəsilə həyata keçirilir. Artıq ölkəmizdə də
bu cür trenajorlardan istifadə olunur.
Bir ökənin ordusu başqa ölkənin ordusu ilə eyni ola bilməz. Amma standartlar hamı üçün eynidir. Bu standartlar heç nəyi məhdudlaşdırmır. Əsgərin döyüş hazırlığı bütün səviyyələrdə eyni kriteriyalara söykənir. Azərbaycan Ordusunun imkanları ən müasir standartlar səviyyəsində döyüş hazırlığı keçməyə yol verir. Yalnız strateji səviyyədə fərqlər ortaya çıxa bilər. Bu mənada bizim Silahlı Qüvvələrimizin qarşısında duran vəzifələr də mütləq nəzərə alınır.
Ordu riskli sahədir, çünki hər zaman hərbi döyüş texnikasının, atıcı silahların əhatəsindəsən. Biz mülki həyatda 18 yaşlı yeniyetmənin bir neçə nəfərin əyləşdiyi maşını idarə eməsinə razı ola bilmərik. Amma orduda bu, məcburidir. Təbii ki, əvvəlcədən bütün təhlükəsizlik tədbirləri görülür. Amma hər bir təlim təkcə döyüş fəaliyyəti deyil, həm də riskdir. Bu baxımdan ordunun üzərinə düşən vəzifələrə uyğun olaraq biz risklərə getməliyik. Çünki müharibə hər bir dövlət üçün ölüm-qalım deməkdir.
Təranə MURADOVA:
- Mən fəxr edirəm ki, əsgər anasıyam. Bu elə bir hissdir ki, sözlə ifadə etməyə çətinlik çəkirsən. Bu hissi yaşamaq üçün mütləq əsgər anası olmaq lazımdır! Ona görə əsgərlərdən söz düşəndə qəlbim sənətkar, xalq artisti kimi yox, məhz ana kimi döyünür. Bir ana kimi qürur duyuram ki, qəhrəman oğullarımız ordu sıralarında ləyaqətlə xidmət edirlər. Tez-tez hərbi hissələrdə olan bir vətəndaş kimi qənaətim belədir ki, istənilən anda Azərbaycan əsgəri işğal altındakı ərazilərimizi düşməndən azad etməyə qadirdir.
İncəsənət ustası kimi bir çox hərbi hissələrə getmişəm. Açığı əvvəllər əsgərlərin nə yedikləri, necə yatdıqları barədə aydın təsəvvürüm yox idi. Amma oğlum hərbi xidmətə gedəndən sonra hərbi hissədən asılı olmayaraq, həm də bir ana kimi, əsgərlərin şəraiti ilə maraqlanmağa başladım. Hər dəfə hərbi hissələrdə olanda əsgər yeməkxanalarına, kazarmalara, tibb məntəqələrinə baş çəkirəm və görürəm ki, Azərbaycan əsgərinin şəraiti mən düşündüyümdən qat-qat yüksəkdir. Bütün analar övladlarını dövlətimizə etibar edə bilərlər.
Bütün analara müraciətlə deyirəm ki, övladlarınızın əsgər həyatından narahatlığınız olmasın.
Bütün bunlar üçün ilk növbədə Azərbaycan Respublikasının Prezidentinə, Ali Baş Komandan cənab İlham Əliyevə bir ana kimi təşəkkürümü bildirirəm. Təbii ki, nümunəvi Ali Baş Komandanın nümunəvi də ordusu olmalıdır. Biz görürük ki, cənab Prezident bölgələrə səfərləri zamanı tez-tez hərbi hissələrdə olur. Ali Baş Komandanın xüsusən cəbhə xəttinə mütəmadi səfərləri, ön xətdə qulluq edən əsgərlərlə çay süfrəsi ətrafında söhbəti hər birimizdə qürur doğurur. Bununla da bütün analar övladlarının şəxsən Prezidentin qayğısı ilə əhatələndiyinin şahidi olurlar. Mən müdafiə naziri Səfər Əbiyevə də minnətdarlığımı bildirirəm. Çünki onun bir peşəkar hərbçi, general, təşkilatçı kimi fəaliyyəti göz önündədir.
Mənim oğlum Əfqanıstanda xidmət edir. Keçən il hərbi paradı seyr etdikdən sonra həvəslə ordu sıralarına qoşulan övladım öz arzusu ilə sülhyaratma əməliyyatlarında iştirak etmək üçün Əfqanıstana göndərildi. Əvvəllər bir az narahat idim. Amma oradan göndərdiyi şəklinə baxanda tanımadım. Maşallah, kökəlmiş, kişiləşmişdi. Bir əsgər anası kimi onunla fəxr edirəm.
Bizim öz övladlarımızdan arxayınçılığımızın əsas səbəbi zabitlərin əsgərlərə doğma münasibətidir, əvvəllər sovet dövründə tez-tez eşitdiyimiz "dedovşina"nın aradan qaldırılmasıdır. Bu gün Azərbaycan Ordusunun zabitləri NATO standartları ilə təhsil alırlar. Bu isə təhsillə yanaşı əsgərə və hərbi həyata münasbətin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması, yeni davranış tərzi deməkdir.
Təəssüf ki, bu gün bir çox sahələrdə
hər hansı hadisənin şişirdilməsinə rast gəlirik.
Sənət aləmində də belədir və
təbii ki, burada söhbət əsl incəsənət xadimlərindən
getmir. Mən əvvəldə də qeyd
etdiyim kimi, bir çox hərbi hissələrdə olmuşam
və hər dəfə əsgərlərə onların
şəraiti ilə bağlı suallar vermişəm. Bütün əsgərlər birmənalı şəkildə
razılıq ediblər. Təbii ki, hərbi
hissədə verilən yemək hardasa evdə bişirilən
xörəyin yerini verməyə bilər. Amma bu o demək deyil ki, əsgərin qidalanması
aşağı səviyyədədir. Əsgərin bir
günlük qida rasionu ilə
Bu baxımdan qətiyyətlə deyərdim ki, ordu ilə bağlı yayılan xoşagəlməz məlumatlar şişirtmədən başqa bir şey deyil. Problemin meydana çıxması qaçılmazdır. 4-5 nəfərlik ailədə də problem yarana bilər. Ona görə hansısa hərbi hissədə baş vermiş xoşagəlməz hadisəni ordunun problemi kimi ümumiləşdirərək qələmə vermək mənəviyyatsızlıqdır.
Bəxtiyar SADIQOV:
- Doğrudan da, bir sıra məlum qəzetin orduya qərəzli münasibəti təəssüf doğurur. Nədənsə, həmin qəzetlərin səhifələrində hərbçilərimizin, ictimaiyyət nümayəndələrinin, Milli Məclis deputatlarının ordu barədə söylədikləri müsbət fikirlər işıqlandırılmır. Onlar çalışırlar ki, Azərbaycan Ordusunu ötən əsrin 90-cı illərinin əvvəllərində olduğu kimi qələmə versinlər. Hər hansı xoşagəlməz hadisə baş verdikdə onu şişirdərək qəzetin ilk səhifələrinə çıxarırlar. Günlərlə mənasız, cəfəng versiyaları qəzet səhifələrində hallandırırlar və "ekspertlər"dən münasibət "öyrənirlər". Bu insanların azərbaycanlı, Azərbaycan vətəndaşı olduqlarına inanmaq olmur.
Ordu bizim övladlarımızdan təşkil olunub. Necə ola bilər ki, övladını istəməyəsən? Sən övladını istəyirsənsə, ordunu da sevməlisən! Çünki bu ordunun sıralarında sənin övladın da xidmət edir! Ona görə də bu məkrli münasibət ölkə ictimaiyyətini çox narahat edir. Bu cür məqamlar dünyada tutduğumuz mövqeyə, bugünkü ərazi problemlərimizin doğurduğu şəraitlə bağlı gerçəkliyə uyğun deyil! Düzgün qeyd edildi ki, ordu xalqa söykənir və düşmənə doğru baxır. Məgər sən bu xalqın övladı deyilsən?! Əgər yalan yazırsansa, ordunu aşağılayaraq ona arxadan zərbə vurursansa, deməli, düşmən mövqeyindəsən!
İstərdim ki, psixoloji məqamlarla da bağlı fikir mübadiləsi aparaq. Yeniyetmələr və gənclər arasında münasibətlər həmişə öz emosionallığı, çılğınlığı ilə fərqlənir. Orduda isə onlarla, yüzlərlə gənc bir hərbi hissədə qulluq keçir. Düzdür, onlar arasında münasibətlər hərbi nizamnamələrlə tənzimlənir. Amma buna qədər hər bir əsgər müxtəlif ailədə, mühitdə böyüyür, aldıqları tərbiyə də bir-birindən fərqlənir. Ona görə əsgərlər arasında hər hansı mübahisənin, münaqişənin, ixtilafın yaranmayacağına zəmanət vermək mümkün deyil. Amma əsgərin əsgərlə mübahisə etməsi, dalaşması nəticəsində yaranan xoşagəlməz hadisənin ictimaiyyətə "ordunun faciəsi" kimi təqdim etmək nə dərəcədə düzgündür?
Təəssüf ki, bu cür yalan yazan qəzetlər ictimaiyyətin orduya olan sağlam münasibətini görməzliyə vururlar. Məsələn, yazdılar ki, Qaraheybətdə yüzlərlə əsgər zəhərlənib. O zaman hospitala gətirilən əsgərlər yoxlandılar və orqanizmlərində zəhərlənmə olmadığı müəyyən edildikdən sonra hərbi hissəyə qaytarıldılar. Buna baxmayaraq müxalifət qəzetləri həmin hadisəni son dərəcə şişirtdilər. Yayılan xəbərlərdə yaxın ətrafda olan insanların öz avtomobilləri ilə hərbi hissəyə köməyə getdikləri və əsgərləri hospitala gətirdikləri də qeyd olunurdu. Lakin o qəzetlərin heç biri mülki insanlarımızın yüksək vətəndaşlıq mövqeyindən çıxış edərək əsgərlərə göstərdikləri bu qayğıdan, orduya olan sağlam münasibətdən söz açmadılar. Əslində jurnalist bu sağlam münasibətdən yazmalıdır, müsbət məqamları daha tez görməlidir, xoş niyyət nümayiş etdirməlidir.
Aydın MİRZƏZADƏ:
- Bu "dəyirmi masa" ordu haqqındakı müxtəlif fikirləri, təsəvvürləri demək olar ki, bütövləşdirdi. Bu müzakirələrin yazı variantını oxuyan hər kəs ordu barədə daha dolğun məlumat alacaq, Silahlı Qüvvələrimizin fəaliyyətinə daha düzgün qiymət veriləcək.
Heç kəs orduya
sağlam baxışa və düzgün tənqidə,
buradakı durumun təhlilinə etiraz etmir. Amma bu məsələnin
də sərhədini müəyyən etməyə
böyük ehtiyac var! Bununla bağlı qanunvericilikdə də
təkmilləşdirmə aparmağa ehtiyac duyulur.
Tarixi bir fakta nəzərə
salmağa ehtiyac duyuram. Hələ 1937-ci ildə alman kəşfiyyatı
Stalinin xüsusi xidmət orqanlarına marşal
Tukaçevskinin guya faşistlərlə əlaqəsinin
olması haqqında məqsədyönlü yanlış məlumat
verir. Marşal repressiya olunaraq güllələnir. 1941-ci ildə
isə Stalin bildirir ki, Tukaçevskini onun gözündən
salmaları həmin dövrdə alman kəşfiyyatının
ən böyük nailiyyəti olub. Vaxtaşırı Azərbaycan
Ordusu və ali rütbəli komandanlar haqqında qərəzli
materialların verilməsi ilə bu tarixi məqam arasında
bir oxşarlıq var. Bu planı həyata keçirənlər
həm məkrli siyasi məqsədlər güdən daxili
qüvvələr, həm də xaricdə olan Antiazərbaycançı
şəbəkədir. Amma ordunun real vəziyyəti, əldə
edilən mühüm nailiyyətlər bu gün həmin qərəzli,
məkrli planlara layiqli cavab verir.
Orduya hamı kömək
etməlidir. Adətən belə deyirlər ki, əsgərlər
övladımız, zabitlər qardaşımız, generallar
isə atamızdır. Biz onları sevirik və güclü
olmalarını istəyirik. Ordumuzda müsbət nümunələr
kifayət qədər çoxdur. Amma bəzi mətbu orqanlar
bu barədə söz açmaq belə istəmirlər. Məsələn,
Qarabeybətdə əsgərlərin kütləvi zəhərlənməsi
təsdiqini tapmasa da, bu məsələyə qara niyyətlə
yanaşanlar hələ də var. Amma ümumən ölkə
ictimaiyyətinin orduya münasibəti sağlamdır. Bu
gün orduya çağırış normal qaydada gedir, hər
kəs övladını hərbi xidmətə göndərir.
Hamı haqlı olaraq inanır ki, övladı sağ-salamat
evinə qayıdacaq.
Bəzi qəzetlərin
ordu barədə qərəzli yazıların dərcini
dayandıracaqlarını düşünmək sadəlövhlükdür.
Onların sağlam mövqeyə gəlmələri
inandırıcı deyil. Buna baxmayaraq ordunu sevənlər
öz mövqeylərini ortaya qoymalıdır. Obyektiv
yazılala ordu haqqındakı çirkin niyyətlərə
qarşı mübarizə aparmalıdır. Ordusevərlər
hərəkatı ictimai fikirdə ordunu sevməyənləri
üstələməlidir və bu, əslində elə belədir
də. Vaxtaşırı keçirilən hərbi təlimlər
ordu haqqında müsbət fikirlərin ortaya qoyulmasına
xidmət etməlidir.
Ordumuzun müasir vəziyyəti
göz qabağındadır. Cənab Prezidentin uğurlu siyasəti
ordu sahəsində də özünü göstərir. Ordu
quruculuğunda ən müasir yeniliklərin tətbiq edilməsi
müsbət nəticələrini verir. Altı il ərzində
ordu büdcəsinin 10 dəfəyə qədər artması,
ən müasir texnikanın alınması, peşəkar zabit
korpusunun yaradılması görülən uğurlu işlər
sırasındadır.
Hərbi
qulluqçuların sosial şəraiti ildənilə yüksəlir.
Hesab edirəm ki, bütün bu sadalanan məsələlərə
əsl vətəndaş mövqeyi həmişə ortada
olmalıdır. Ordumuza münasibət özümüzə,
kimliyimizə münasibətdir. Hər birimiz daim ordumuza
qayğı göstərməliyik. Ordunun gücünün
artmasında maraqlı olmalıyıq. Azərbaycanın
hüquqi-demokratik dövlət imicinin yaradılmasında da
ordu faktoru önəmli rol oynayır. Çünki bu gün
Azərbaycan dünyaya təkcə uğurlu xarici siyasəti,
iqtisadiyyatı və mədəniyyəti ilə deyil, həm
də ordusu ilə inteqrasiya edir.
Ramiz NƏCƏFOV:
- Qeyd etməliyəm ki,
orduda heç də özündən razılıq əhvali-ruhiyyəsi
yoxdur! Ordu daim inkişafdadır. Biz özümüz daim
çatışmazlıqları axtarırıq və
onları aradan qaldırmağa çalışırıq.
Nail olduğumuz müsbət
halları isə yalnız belə tədbirlərdə
danışırıq. Qalan vaxtlarda, ümumiyyətlə, bu
haqda heç fikirləşmirik. Yalnız o barədə
düşünürük ki, döyüş
hazırlığını artırmaq üçün daha nə
edək! Bir daha orduya olan dost münasibətinizə görə
təşəkkür edirik.
Bəxtiyar SADIQOV:
- Ordudakı qüsuru da
qələmə alanda ordunu sevə-sevə yazmaq
lazımdır. Ordudakı nöqsanı sağlam mövqedən
tənqid etmək lazımdır. Yalnız bu halda obyektiv
olarıq və ordumuza bir fayda verə bilərik.
Dəyərli
çıxışlarda da qeyd olundu ki, Azərbaycan Ordusu
qısa zaman ərzində böyük inkişaf yolu
keçib. Azərbaycan Silahlı Qüvvələri ona
görə tez bir zamanda tam formalaşdı və inkişaf
etdi ki, onun təməlini ulu öndər Heydər Əliyev
çox dahiyanə və uzaqgörənliklə qoymuşdur.
Ona görə ki, cənab İlham Əliyev birinci prezidentlik
dövrünün ilk günlərindən başlayaraq ordunun
inkişafına və döyüş qabiliyyətinin
artırılmasına böyük diqqət göstərir.
Qüdrətli Azərbaycan
Ordusunun olması hər bir Azərbaycan vətəndaşının
arzusu idi. Artıq bu arzu deyil, reallıqdır! Bu gün
ordumuzun qarşısında duran əsas vəzifə odur ki,
Ali Baş Komandan əmr verərsə, torpaqlarımız
müharibə yolu ilə işğaldan azad edilsin! Həm
ordumuzun bugünkü vəziyyəti, həm də tədbirimizdəki
zabitlərin gətirdikləri faktlar göstərir ki, Azərbaycan
Silahlı Qüvvələri tarixi vəzifənin öhdəsindən
gəlməyə tam hazırdır! Azərbaycan Ordusu müstəqilliyimizi
əbədi qorumaq, ərazi bütövlüyümüzü
bərpa etmək gücündədir! Azərbaycan Ordusu
dövlətin dayağı, xalqın güvənc yeri və
qürur mənbəyidir! Biz ordumuza güvənirik, ordumuzu
sevirik və hər zaman da ordumuzun arxasındayıq!
Azərbaycan.- 2009.- 23 iyun.- S. 3, 4, 5.