Dövlət qulluğunun əsas meyarı
dövlətə sədaqət və xalqa xidmətdir
Müstəqillik yolunda
uğurla irəliləyən Azərbaycan Respublikasının
regionda gündən-günə güclənməsi və beynəlxalq
aləmdə öz nüfuzunu möhkəmləndirməsi ulu
öndərimiz Heydər Əliyevin dövlət idarəetmə
sistemində həyata keçirdiyi islahatlardan
başlamışdır. Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin bu islahatları qətiyyətlə
davam etdirməsi sayəsində ölkəmizin qüdrəti
gündən-günə yüksəlir. Bu gün inamla demək
olar ki, respublikada müasir tələblərə cavab verən
dövlət idarəetmə sistemi yaradılmış,
hakimiyyətin bütün qollarının funksiyaları dəqiq
müəyyənləşdirilmiş, vətəndaşların
hüquq və azadlıqlarının qorunması və həyata
keçirilməsi üçün bütün zəruri təsisatlar
yaradılmışdır.
Azərbaycanda dövlət
qulluqçusunun funksiyaları, hüquq və vəzifələri
bu sahədə əsas normativ hüquqi akt olan "Dövlət
qulluğu haqqında" Azərbaycan Respublikasının
Qanunudur. Həmin qanun qəbul
edildikdən sonra isə Azərbaycan Respublikasının
Konstitusiyasında müəyyən edilən insan hüquq və
azadlıqlarının təmin olunmasına xidmət göstərən
digər normativ hüquqi aktlar qəbul olunmuş və bu sahədə
dünya təcrübəsini nəzərə alan geniş
hüquqi baza yaradılmışdır.
2000-ci ildə
"Dövlət qulluğu haqqında" qanun
imzalandıqdan sonra indiyədək onun həyata keçirilməsini
təmin edən hüquqi bazanın yaradılması
üçün daha 49 qanun, 103 fərman və sərəncam,
5 qərar qəbul edilmişdir. Həmin aktlardan "Dövlət qulluqçularının
icbari sığortası haqqında", "Dövlət
qulluqçusunun etik davranış qaydaları haqqında"
qanunları, dövlət orqanlarında dövlət
qulluqçularına ixtisas dərəcələrinin verilməsi
qaydalarının, dövlət orqanlarında dövlət
qulluqçusuna vəzifədə qulluq stajına görə əlavə
haqqın müəyyənləşməsi
qaydalarının, inzibati və yardımçı vəzifələrin
Təsnifat Toplusunun təsdiq edilməsi haqqında fərmanları
və s. aktları qeyd etmək lazımdır. Bu sənədlər
Azərbaycanda dövlət qulluğunun əsas istiqamətlərini
əhatə edərək dövlət qulluqçularının
fəaliyyəti üçün lazımi hüquqi zəmin,
müvafiq icra və nəzarət mexanizmini
formalaşdırmışdır.
Bütün bunlar cəmiyyətdə
sosial ədaləti və cəmiyyət üzvlərinin
layiqli həyat tərzini təmin etmək, demokratik təsisatları
inkişaf etdirmək, elmin, mədəniyyətin və təhsilin
səviyyəsini yüksəltmək üçün dövlət
qulluqçuları qarşısında geniş imkanlar
açmışdır. Burada dövlət qulluqçusunun təkcə peşəkarlıq
xüsusiyyətləri deyil, onun şəxsi keyfiyyətləri,
vətəndaş mövqeyi, vətənpərvərliyi və
etik davranışı da mühüm rol oynayır. Ümumiyyətlə,
dövlət qulluğu təkcə geniş səlahiyyətlər
deyil, eyni zamanda cəmiyyətdə gedən proseslərin idarə
olunması və cəmiyyətin inkişafı
üçün məsuliyyət deməkdir. Bu işdə
çalışanlardan rəhbərlik etdiyi sahəni dərindən
bilməklə yanaşı, dövlətinə və
xalqına son dərəcə sədaqətli olmaq, dövlətlə
xalq arasında əlaqələndirici vasitə kimi xalqın
problemlərini və qayğılarını öyrənmək,
onların həlli yollarını axtarıb tapmaq tələb
olunur. Ona görə də bütün dünyada dövlət
qulluğu xüsusi nüfuza malikdir. Dövlət
qulluqçusu heç vaxt unutmamalıdır ki, o, idarəetmə
və digər funksiyalarını icra edərkən ilk
növbədə dövlətin və cəmiyyətin mənafeyini
əsas götürməli, ona tapşırılan hər bir
vəzifəni böyük məsuliyyət və ləyaqətlə
yerinə yetirməlidir. Çünki dövlət
qulluqçusunun andında onun üzərinə
götürdüyü öhdəliklər aydın və
konkret ifadə olunmuşdur: "Dövlət qulluğu
haqqında" qanunda dövlət qulluqçusunun andı təsdiq
olunmuşdur. Orada deyilir: "Azərbaycan Respublikasına sadiq
olacağıma, onun Konstitusiyasına dönmədən əməl
edəcəyimə, dövlət sirrini və xidməti sirri
qoruyacağıma, dövlət qulluğunun mənə verdiyi
hüquqları və üzərimə qoyduğu vəzifələri
qərəzsiz, vicdanla, ancaq qanuna uyğun surətdə, var
gücümlə və Vətənin mənafeyi naminə həyata
keçirəcəyimə and içirəm".
Dövlət
qulluqçusunun bütün fəaliyyətinin müvafiq
qanunlar və digər normativ hüquqi aktlarla tənzimlənməsinə
baxmayaraq onun prinsipiallığından,
işgüzarlığından və səriştəsindən
də çox şey asılıdır. Qanunların icrası lazımınca təmin
edilməli, qanunlar işləməli, real həyatda onlara əməl
olunmalıdır. Bu baxımdan dövlət
qulluqçularının üzərinə xüsusi məsuliyyət
düşür.
Vaxtilə Almaniya kansleri
Bismark göstərirdi ki, pis qanunlarla dövləti yenə bir
təhər idarə etmək olar, ancaq pis məmurlar olarsa,
onda heç bir qanun kömək etməz. Ona görə də dövlət
qulluğunun əsas cəhətlərindən biri yüksək
keyfiyyətli və mütəşəkkil dövlət
qulluqçuları kontingentinin olmasıdır. Çünki
cəmiyyətin idarə olunması funksiyalarını həyata
keçirən dövlət qulluqçuları dövlətlə
xalq arasında mühüm vəsilə olaraq ölkə rəhbərliyinin
siyasi xəttini ardıcıl həyata keçirməkdə
yaxından iştirak edirlər.
Bu gün
respublikamızda fəaliyyət göstərən müxtəlif
nazirliklər, komitələr və digər dövlət
qurumlarında 27 min 977 nəfər dövlət qulluqçusu
çalışır ki, onların da üzərinə
böyük və məsul vəzifələr
düşür. İlk
baxışda dövlət qulluqçularının sayı
çox görünsə də, əslində onlar əmək
qabiliyyətli Azərbaycan əhalisinin çox cüzi bir hissəsini
- 0,3 faizini təşkil edir. Müqayisə üçün
bildirək ki, bu göstərici İsveçdə 9,4 faiz,
Avstriyada 5,9 faiz, Fransada 5 faiz, Almaniyada 3 faiz, Rusiya
Federasiyasında 0,8 faiz, Ukraynada 0,5 faizdir.
Müstəqillik illərində
Azərbaycanda hüquqi dövlətin qurulması, idarəetmə
sisteminin təkmilləşdirilməsi, ölkənin daha
yaxşı idarə olunması üçün zəruri olan
tədbirlər görülmüş, bir çox strukturlar ləğv
edilmiş və yeni idarəetmə orqanlarının
yaradılması davam etdirilmişdir. Hazırda respublikada 20 nazirlik, 11
dövlət komitəsi, 8 mərkəzi icra hakimiyyəti
orqanı, 3 dövlət şirkəti, 20-dək səhmdar cəmiyyəti,
bir sıra məhkəmə və hüquq-mühafizə
orqanları, dövlət agentlikləri, nəqliyyat təşkilatları
və digər mərkəzi təşkilatlar fəaliyyət
göstərir. Bu orqanların dövlət quruculuğunda və
ölkənin idarə olunmasında rolunu artırmaq və
işini səmərəli təşkil etmək
üçün vaxtaşırı olaraq onların əsasnamə
və nizamnamələrində, eləcə də
strukturlarında müvafiq dəyişikliklər edilir, vəzifələri
və funksiyaları dəqiqləşdirilir.
Dövlət idarəetmə
orqanlarının işini daha səmərəli və
müasir tələblər səviyyəsində qurmaq
üçün idarəetmə sistemində informasiya
texnologiyalarının daha geniş tətbiq edilməsi də
nəzərdən qaçırılmır. Bu məqsədlə icra hakimiyyəti
orqanlarının Mərkəzləşdirilmiş
İnformasiya Sistemi yaradılmış və informasiya
sisteminin və infrastrukturunun inkişaf etdirilməsi,
elmi-texniki potensialının yüksəldilməsi
üçün müvafiq işlər aparılır. Bu
sistemin tətbiqi indiki dövlət qulluqçularından
elmi-texniki hazırlığın yüksəldilməsini,
informasiya texnologiyalarından istifadə vərdişlərini
artırmağı tələb edir.
Bu gün respublikada
dövlət qulluqçularının sosial müdafiəsi
kifayət qədər təmin olunmuş, maddi vəziyyətlərinin
yaxşılaşdırılması barədə müvafiq tədbirlər
görülmüş, ölkənin maddi imkanları
artdıqca əhalinin digər təbəqələri kimi bu
sahədə çalışanların da əməkhaqqı
xeyli artırılmışdır.
Dövlət
qulluqçularının vəziyyətini əks etdirən bəzi
məlumatlar, yəqin ki, oxucular üçün maraqlı
olar. Respublikada 2005-ci ilə
nisbətən dövlət qulluqçularının əməkhaqqı
orta hesabla təqribən 50 faizə qədər artaraq 2008-ci
ildə 345 manatdan artıq olmuşdur.
Dövlət
qulluqçularının böyük əksəriyyətini
kişilər, 28,5 faizini isə qadınlar təşkil edir. Onların yaş üzrə tərkibi
göstərir ki, burada təcrübəli insanlarla
yanaşı, gənc nəslin nümayəndələri də
lazımınca təmsil olunur, idarəçilik təcrübəsi
olan mütəxəssislərin fəaliyyəti müasir
düşüncə tərzinə və biliklərə malik
olan gənclərin enerjisi ilə birləşərək
dövlət qulluğunun daha səmərəli təşkil
olunmasına imkan verir. Bütövlükdə, dövlət
qulluğunda çalışanların 30,4 faizi 45-54, 24,7 faizi
35-44, 12,4 faizi 30-34, 16,4 faizi 30 yaşadək olan şəxslərdir.
Onların 84,5 faizi müvafiq ixtisas dərəcəsi
almışdır. Təbiidir ki, dövlət
qulluqçularının 37,6 faizi Bakı şəhərində
fəaliyyət göstərir.
Yuxarıda göstərilən
rəqəmlərdən görünür ki, əhalinin
cüzi bir hissəsini təşkil edən dövlət
qulluqçuları sayının az olmasına baxmayaraq,
çox mühüm vəzifələri yerinə yetirməli,
cəmiyyətin inkişafına təkan verməli, ölkə
Prezidentinin qarşıya qoyduğu böyük vəzifələrin
icrasını təmin etməlidirlər. Fəxrlə demək olar ki, respublika rəhbərliyinin
real və praqmatik siyasəti ölkəmizin sürətli
inkişafına yol açır, iqtisadi potensialımız
artdıqca xalqımızın güzəranı da gündən-günə
yaxşılaşır.
Bu gün bütün
dünya qlobal iqtisadi böhran nəticəsində
böyük çətinliklərlə
qarşılaşır, ancaq Azərbaycanda bu çətinliklər
o qədər də hiss olunmur, əksinə, ölkə
Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan
hətta ən böhranlı günlərdə, aylarda
göstərdi ki, biz uğurla inkişaf edə bilərik. İqtisadiyyatımız
böhrana baxmayaraq 4 ayda 4,5 faiz yüksəlmişdir. Qeyri-neft
sektoru təxminən 14 faiz artmışdır.
Dövlətimizin
başçısı cənab İlham Əliyevin dövlət
qulluqçularının qarşısında qoyduğu əsas
tələblərdən biri budur ki, onlar xalqa xidmət etməli,
xalqın qayğıları ilə yaşamalıdırlar. Cənab Prezident deyir: "İstər
ölkə prezidenti olsun, istər icra hakimiyyətinin
başçısı olsun, hansısa başqa sahəyə rəhbərlik
etsin, hər bir rəhbərin vəzifəsi ondan ibarətdir
ki, mövcud olan problemləri aradan qaldırsın və
insanları narahat edən məsələləri həll
etsin".
Respublikada dövlət
qulluqçularının peşəkarlığını
artırmaq məsələləri daim diqqət mərkəzində
saxlanılır. Bu məqsədlə
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət
İdarəçilik Akademiyası artıq bir neçə
ildir ki, dövlət qulluqçularının
hazırlanmasında, mərkəzi və yerli icra hakimiyyəti
orqanlarında çalışan dövlət
qulluqçularının peşə səviyyəsinin
yüksəldilməsində, bu məqsədlə
açılan ixtisasartırma kurslarında təhsilin təşkil
edilməsində, dövlət qulluğu məsələlərinə
dair elmi-tədqiqat işlərinin aparılmasında, dövlət
qulluğunun nəzəri və praktiki məsələlərinin
öyrənilib müvafiq təkliflər verilməsində
rolu böyükdür. Dövlət İdarəçilik
Akademiyasında fəaliyyət göstərən
qısamüddətli kurslarda hər il yüzlərlə
dövlət qulluqçusu idarəetmənin müasir tələblərini,
bu sahədə olan yenilikləri həvəslə öyrənir,
çalışdıqları idarə və müəssisələrin
işində tətbiq edirlər.
Dövlət
qulluğunun əsas tələblərindən biri də
kadrların seçilməsində şəffaflığın
təmin edilməsi, dövlət qulluğuna qəbulun test və
müsabiqə yolu ilə keçirilməsidir. Hər il respublikanın mərkəzi
və yerli icra hakimiyyəti orqanlarında boş olan yerlərə
kadrların qəbul edilməsi üzrə keçirilən
müsabiqələr buna əyani sübutdur. Müvafiq
dövlət orqanlarının keçirdikləri test
imtahanları və müsabiqələr ilk növbədə
dövlət qulluqçularının işə qəbulunda
neqativ halların qarşısını almağa, ən
layiqli şəxsləri dövlət qulluğuna
götürməyə, bütövlükdə, idarəetmə
sistemini daha peşəkar kadrlarla təmin etməyə xidmət
göstərir. Burada əsas tələb ondan ibarətdir ki, gələcəkdə
xalqına ləyaqətlə xidmət edə biləcək əsl
mütəxəssislər dövlət qulluğu kimi çətin
və şərəfli bir işə cəlb olunsunlar.
Əlbəttə,
dövlət qulluğuna qəbul olmaq istəyənlərin
sayı ildən-ilə artır. İlk növbədə bunun səbəbləri
zahiri atributlarla ölçülsə də, dövlət
qulluğunun heç də asan iş olduğunu demək olmaz.
Dövlət qulluğunun əsas xüsusiyyəti və mahiyyəti
insanın dövlətə və cəmiyyətə
şüurlu surətdə xidmət etməsidir. Bu işin
müəyyən üstünlükləri və güzəştləri
olsa da, bir çox çətinlikləri və mürəkkəblikləri
də var. Dövlət qulluqçusu dedikdə təkcə
imtiyazlar barədə düşünmək düzgün
deyildir. Dövlət qulluğuna gələn hər bir şəxs
bilməlidir ki, o, bu yükü çiyninə götürərkən
özünün bir sıra istəklərini də
şüurlu surətdə məhdudlaşdırmağa, ilk
növbədə ciddi iş rejiminə alışmağa,
müəyyən edilmiş qayda-qanunlara, etik normalara riayət
etməyə, vaxtla hesablaşmadan ona tapşırılan vəzifəni
yerinə yetirməyə borcludur. Bu sahəyə gələn
hər bir şəxs bilməlidir ki, o, elmi və
yaradıcılıq fəaliyyəti istisna olmaqla, işlədiyi
dövlət orqanı rəhbərinin icazəsi olmadan pedaqoji
və başqa ödənişli fəaliyyətlə məşğul
ola bilməz. Dövlət qulluqçularının asudə
vaxtlarının da çox az olduğu yəqin ki, hamıya bəllidir.
"Bu gün Azərbaycana
hansı kadrlar lazımdır" sualına cavab axtararkən,
ilk növbədə ölkənin gələcək
inkişaf istiqamətlərinə nəzər salmaq, bir daha Azərbaycan
Prezidenti cənab İlham Əliyevin böyük inam və
nikbinliklə dediyi sözləri xatırlamaq yerinə
düşərdi: "Həyat yerində durmur, öz
axarı ilə gedir və biz prosesləri qabaqlamalıyıq.
Biz uzağa
baxmalıyıq, gələcəyə baxmalıyıq. Həm
bugünkü problemlərin həlli üçün
çalışmalıyıq, həm də öz
addımlarımızla, siyasətimizlə, qəbul edilmiş
proqramlarla ölkəmizin uzunmüddətli, dayanıqlı
inkişafını təmin etməliyik. On ildən sonra, əlli
ildən sonra elə olmalıdır ki, Azərbaycan daim
çiçəklənsin, Azərbaycan xalqı yaxşı
yaşasın. Azərbaycanın bölgədəki və
dünyadakı mövqeləri daha da möhkəm olsun".
Ölkə rəhbərinin
nəzərdə tutduğu bu uzunmüddətli inkişaf xəttinin
həyata keçirilməsi dövləti idarə edən
kadrlardan, yəni dövlət qulluqçularından çox
asılıdır. Azərbaycanda
böyük elmi və intellektual potensial mövcuddur. Bu gün
ali məktəblərdə təhsil alan minlərlə tələbə
ilə yanaşı, ölkə Prezidentinin 2007-ci ildə təsdiq
etdiyi "2007-2015-ci illərdə Azərbaycan gənclərinin
xarici ölkələrdə təhsili üzrə Dövlət
Proqramı"na əsasən yüzlərlə azərbaycanlı
gənc dünyanın tanınmış universitetlərində
təhsil alır və onlar bu gün respublika
üçün çox vacib olan ixtisaslara yiyələnərək
Vətənə dönəcəklər. Ulu öndər Heydər
Əliyevin ənənələrinin davamı olan bu gözəl
proqramın nəticələrini biz yaxın illərdə
hiss edəcəyik. Vaxtilə ümummilli liderimiz Heydər Əliyevin
köməyi və qayğısı sayəsində
keçmiş SSRİ-nin ən tanınmış ali məktəblərində
təhsil almış mütəxəssislər bu gün
respublikanın idarə olunmasında, onun iqtisadi
inkişafında mühüm rol oynadığı kimi, indi
xarici ölkələrdə nadir ixtisaslar qazanan gənclərimiz
də Azərbaycanın ən qabaqcıl dünya ölkələri
səviyyəsinə çıxmasına böyük kömək
göstərəcəklər. Azərbaycan Respublikası
Prezidentinin sərəncamı ilə təsdiq edilmiş
"2009-2013-cü illərdə Azərbaycan
Respublikasının ali təhsil sistemində islahatlar üzrə
Dövlət Proqramı"nın Azərbaycanın elmi və
intellektual potensialının və son nəticədə
yüksək bilik səviyyəsinə malik dövlət
qulluqçularının yetişməsində böyük
rolu olacaqdır.
Artıq
dördüncü ildir ki, Azərbaycanın dövlət
qulluqçuları özlərinin peşə bayramını
böyük sevinclə qeyd edirlər. Bu müddət ərzində ölkə
Prezidentinin sərəncamları ilə bir çox dövlət
qulluqçusu yüksək ixtisas dərəcəsi
almış, məhz dövlət qulluqçuları
üçün təsis olunmuş "Vətənə xidmətə
görə" ordeninin müxtəlif dərəcələri,
"Dövlət qulluğunda fərqlənməyə görə"
medalı və "Əməkdar dövlət
qulluqçusu" adı ilə təltif olunmuşdur. Bu
peşə bayramı həm də dövlət qulluqçularının
ölkə rəhbərliyi və xalq qarşısında
hesabatı şəklini almışdır. Dövlət
qulluqçuları bilirlər ki, çətin, məsuliyyətli
olduğu qədər, həm də şərəfli olan vəzifələrini
nə qədər vicdanla yerinə yetirsələr, bir o qədər
cəmiyyətin tərəqqisinə kömək etmiş
olarlar. Ona görə də dövlət qulluqçuları
öz gündəlik işlərini yerinə yetirərkən
ilk növbədə dövlətin və xidmət etdiyi
xalqın etimadını doğrultmaq barədə
düşünürlər. Biz də bu işdə onlara
uğurlar arzulayırıq.
Süleyman İsmayılov,
Azərbaycan Respublikası
Prezidenti Administrasiyasının şöbə
müdiri,
Dövlət Qulluğunu İdarəetmə
Şurasının üzvü
Azərbaycan.- 2009.- 23 iyun.- S. 2.