Azərbaycan Prezidenti İlham
Əliyevin xarici siyasət fəaliyyəti
İki il əvvəl Azərbaycan
Respublikası Prezidentinin İşlər İdarəsinin
Prezident Kitabxanası dövlətimizin başçısının
xarici siyasət fəaliyyətinin xronikasını əhatə
edən elektron resurs hazırlayıb internet istifadəçilərinə
təqdim etmişdi. Ötən müddətdə istifadəçilərin
və oxucuların bu mövzuya artan maraq və
ehtiyaclarını nəzərə alaraq kitabxananın əməkdaşları
həmin elektron resursu yeni sənəd və materiallarla zənginləşdirərək,
"Azərbaycan Prezidenti İlham Əliyevin xarici siyasət fəaliyyəti"
adlı elektron nəşr hazırlamışlar. Dörd fəsildən
ibarət olan bu elektron nəşrin birinci fəsli "Xarici
siyasət fəaliyyətinin xronikası", ikinci fəsli
"Xarici siyasətə dair nitqlər,
çıxışlar, bəyanatlar, müsahibələr",
üçüncü fəsli "Xarici siyasətlə
bağlı qanun, fərman və sərəncamların
xronikası", dördüncü fəsli isə "Xarici
ölkələrə səfərlərin fotoxronikası"
adlanır.
Elektron nəşrdə
əsasını ümummilli lider Heydər Əliyevin
qoyduğu və Azərbaycan Prezidenti İlham Əliyevin
uğurla davam etdirdiyi xarici siyasət kursunun prioritetləri, həyata
keçirilən balanslaşdırılmış siyasi xəttin
bütün məqamları əhatə olunmuşdur. Mütəxəssislər
- beynəlxalq icmalçılar, politoloqlar, tədqiqatçılar,
dövlət orqanlarının əməkdaşları, eləcə
də geniş oxucu kütləsi Prezident kitabxanasının
www.preslib.az saytında yerləşdirilmiş zəngin material
bazasından faydalana biləcəklər.
Elektron nəşrin
materiallarının təhlili göstərir ki, Azərbaycan
Prezidenti 2003-cü il oktyabr ayının 31-dən 2009-cu ilin
iyun ayının 20-dək dünyanın 40 ölkəsinə
114 dəfə səfərə getmişdir. Bu səfərlərin
44-ü dövlət və rəsmi, 70-i isə işgüzar
səfərdir. Səfərlərin 75 faizi Avropa ölkələrinin
payına düşür.
Səfərlərin
statistikası göstərir ki, dövlətimizin
başçısı qonşu ölkələrlə daha
sıx münasibətlərin qurulmasına xüsusi önəm
vermişdir. Prezident İlham Əliyev bu dövrdə Rusiya
Federasiyasında 19, Türkiyə Cümhuriyyətində 10,
Gürcüstanda 6, İran İslam Respublikasında 3 dəfə
səfərdə olmuşdur. Dövlətimizin
başçısı 7 dəfə Fransaya, 5 dəfə
Polşa və Qazaxıstana, 4 dəfə Rumıniya və
İsveçrəyə, 3 dəfə Almaniya, Belçika və
Səudiyyə Ərəbistanı Krallığına, 2 dəfə
ABŞ, Macarıstan, Yunanıstan, Slovakiya, İtaliya, Çin,
Belarus, Tacikistan, Vatikan və Litvaya səfərə
getmişdir. Azərbaycan Prezidenti bu dövrdə, həmçinin
Küveyt, Çexiya, Özbəkistan, Pakistan, Böyük
Britaniya, Moldova, Xorvatiya, Bolqarıstan, Yaponiya, Latviya, Birləşmiş
Ərəb Əmirlikləri, Koreya, Misir, İordaniya, Finlandiya
və Türkmənistan dövlətlərinin hər birində
bir dəfə səfərdə olmuşdur.
Göstərilən
dövrdə Azərbaycan Prezidentinin dəvəti ilə
dünyanın 26 ölkəsinin dövlət
başçıları 55 dəfə Azərbaycana səfərə
gəlmişlər. Gürcüstan Prezidenti bu müddətdə
7 dəfə, Türkiyə və Ukrayna prezidentlərinin hər
biri 5 dəfə, İran və Litva prezidentlərinin hər
biri 4 dəfə, Bolqarıstan, Rumıniya və Polşa
prezidentlərinin hərəsi 3 dəfə, Rusiya, Moldova və
İordaniya prezidentlərinin hər biri isə 2 dəfə Azərbaycanda
səfərdə olmuşlar.
Azərbaycan
Respublikasının Prezidenti həm xarici ölkələrə
səfərləri zamanı, həm də ölkəmizə
qonaq gəlmiş dövlət, hökumət və parlament rəhbərləri,
beynəlxalq təşkilatların rəhbərləri və
nümayəndələri ilə çox intensiv
görüşlər keçirmiş, müzakirələr
aparmışdır. Dövlətimizin başçısı
bu səfərləri zamanı dövlət, hökumət və
parlament rəhbərləri ilə 254 görüş və qəbul,
beynəlxalq təşkilatların rəhbərləri və
nümayəndələri ilə 64 görüş və qəbul,
ümumilikdə 486 görüş və qəbul
keçirmişdir.
Azərbaycan Prezidenti
ölkəmizə səfərə gəlmiş yüksək
səviyyəli qonaqlarla 64 görüş və qəbul, beynəlxalq
təşkilatların rəhbərləri və nümayəndələri
ilə 338 görüş və qəbul, ümumilikdə 1295
görüş və qəbul keçirmişdir.
Prezident İlham Əliyev
fəaliyyəti dövründə 2 dəfə BMT-nin Baş
katibi, 10 dəfə ATƏT-in fəaliyyətdə olan sədri,
5 dəfə NATO-nun Baş katibi, 3 dəfə AŞ PA-nın
sədri, 5 dəfə Avropa Şurasının Baş katibi və
10 dəfə İKT-nin Baş katibi ilə
görüşmüşdür.
Fəaliyyəti
dövründə Prezident İlham Əliyev ölkəmizin ən
ağrılı problemi olan Dağlıq Qarabağ
münaqişəsinin sülh yolu ilə həll olunması məqsədi
ilə danışıqlar aparmaq üçün 17 dəfə
Ermənistanın dövlət başçısı (12 dəfə
R.Koçaryanla, 5 dəfə S.Sarkisyanla) ilə
görüşmüşdür. Prezident bu məsələ
ilə əlaqədar ATƏT-in Minsk qrupunun ABŞ, Fransa və
Rusiyadan olan həmsədrlərini 47 dəfə qəbul
etmişdir. Ümumiyyətlə, dövlətimizin
başçısının xaricdə və ölkəmizdə
keçirdiyi görüş və qəbulların sayı
1780-dən çoxdur.
Elektron nəşrin
ikinci fəslində istifadəçilər Prezident İlham Əliyevin
həm xarici ölkələrə səfərləri
zamanı, həm də ölkəmizə qonaq gəlmiş
xarici dövlət, hökumət və parlament rəhbərləri,
beynəlxalq təşkilatların nümayəndələri
ilə keçirdiyi görüş və qəbullarda etdiyi
422 çıxışın, nitqin, mətbuat
üçün bəyanatın və müsahibənin
xronoloji ardıcıllıqla toplanmış tam mətni ilə
tanış ola biləcəklər.
Müqavilə,
saziş, bəyannamə, memorandum, protokol, konvensiya və digər
beynəlxalq sənədlərin təsdiq edilməsi məqsədi
ilə Azərbaycan Prezidentinin imzaladığı qanun, fərman
və sərəncamların xronikası ilə istifadəçilər
bu elektron nəşrin üçüncü fəslində
tanış olacaqlar. Bu qəbildən olan sənədlərin
sayı 1451-dir. Onların 429-u qanun, 13-ü fərman, 1009-u isə
sərəncamdır.
Prezident İlham Əliyevin
xarici siyasət fəaliyyəti ilə bağlı səfərlərinin,
görüşlərinin, qəbullarının, nitqlərinin,
çıxışlarının, bəyanatlarının,
müsahibələrinin, imzaladığı sənədlərin
ümumi sayı 5000-dən çoxdur.
Elektron nəşrin
dördüncü fəslində isə Azərbaycan
Respublikası Prezidentinin xarici ölkələrə səfərləri
zamanı keçirdiyi yüksək səviyyəli
görüşlərinin fotoxronikası istifadəçilərə
təqdim olunur.
Elektron nəşr rəsmi
mətbuat materialları əsasında mütəmadi olaraq
yeniləşdirilir.
AzərTAc
Azərbaycan.- 2009.- 23 iyun.- S. 3.