Azərbaycan ilə İndoneziya
arasında əməkdaşlığın
perspektivləri müzakirə
olunmuşdur
İyunun 22-də Milli Məclis
Sədrinin birinci müavini Ziyafət Əsgərov ölkəmizdə
səfərdə olan İndoneziya-Azərbaycan parlamentlərarası
dostluq qrupunun üzvləri ilə
görüşmüşdür.
Z.Əsgərov qonaqlara
Milli Məclisin fəaliyyəti, qanunvericilik bazasının
yaradılması prosedurları barədə ətraflı məlumat
vermişdir. Bildirmişdir ki, Azərbaycan dövlət müstəqilliyini
bərpa etdikdən sonra Milli Məclisdə iqtisadi, siyasi, mədəni,
elm, təhsil, sosial, müdafiə, təhlükəsizlik və
ölkə həyatının digər məsələlərinə
dair minlərlə qanun qəbul edilmişdir.
Milli Məclis Sədrinin
birinci müavini demişdir ki, İndoneziya Azərbaycanın
özünə strateji tərəfdaş bildiyi çox
mühüm dövlətlərdən biridir. Ölkəmizə
belə bir geniş tərkibdə nümayəndə heyətinin
gəlməsi onu göstərir ki, İndoneziyada da Azərbaycana
maraq böyükdür. Ölkəmizin İndoneziyada səfirliyinin
fəaliyyət göstərdiyini deyən Z.Əsgərov,
yaxın vaxtlarda dost dövlətin də Azərbaycanda
diplomatik missiyasının açılacağına ümid
etdiyini demişdir.
Azərbaycan ilə
İndoneziya arasında müxtəlf sahələri əhatə
edən əməkdaşlıq əlaqələrinə
toxunan Z.Əsgərov illik ticarət dövriyyəsinin 1,5
milyard dollar təşkil etdiyini bildirmiş, bu rəqəmin
mövcud potensial imkanlarla müqayisədə çox az
olduğunu vurğulamışdır.
Z.Əsgərov
parlamentin beynəlxalq əlaqələrindən söhbət
açaraq demişdir ki, Milli Məclis NATO, ATƏT, Avropa
Şurası, Avropa İttifaqı, İslam Konfransı Təşkilatı
və digər beynəlxalq təşkilatlar, eləcə də
onların parlament assambleyaları ilə sıx əməkdaşlıq
edir.
Milli Məclis Sədrinin
birinci müavini Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsi barədə ətraflı məlumat
vermiş, Ermənistanın təcavüzü nəticəsində
bir milyondan çox insanın doğma yurd-yuvalarından didərgin
düşdüyünü, 200 mindən artıq azərbaycanlının
isə işğalçı dövlətin ərazisindən
deportasiya edildiyini diqqətə çatdırmış,
İndoneziya tərəfinə bu münaqişədə Azərbaycanın
ədalətli mövqeyini daim dəstəklədiyinə
görə təşəkkürünü bildirmişdir.
İndoneziya parlamenti
nümayəndə heyətinin başçısı Hənif
İsmayıl Bin M.Rıdvan Azərbaycana səfərlərdən
və aldıqları məlumatlardan məmnun
qaldığını bildirmişdir.
Azərbaycanın daha
parlaq gələcəyi olduğunu vurğulayan qonaq, təmsil
etdiyi dövlətin ölkəmizlə əməkdaşlığı
daha da genişləndirməyə böyük maraq göstərdiyini
qeyd etmişdir. Qonaq İndoneziyanın bundan sonra da Azərbaycanın
ərazi bütövlüyünün bərpası istiqamətində
diplomatik səylərini davam etdirəcəyini
vurğulamışdır.
Daha sonra
görüşdə Azərbaycanın Cənubi Qafqazdakı
rolu, İndoneziya iş adamlarının ölkəmizə
investisiya qoymaq imkanları, qanunvericilik sahəsində təcrübə
mübadiləsi və əməkdaşlığın
perspektivləri müzakirə olunmuşdur.
Görüşdə Azərbaycanın
İndoneziyadakı səfiri İbrahim Hacıyev iştirak
etmişdir.
* * *
Ölkəmizdə səfərdə
olan İndoneziya parlamentində İndoneziya-Azərbaycan
parlamentlərarası dostluq qrupunun üzvləri iyunun 22-də
Milli Məclisə gəlmişlər.
Qonaqlar əvvəlcə
Milli Məclisin iclas salonuna baxmış, burada deputatlar
üçün yaradılmış iş şəraitini
yüksək qiymətləndirmişlər. Parlamentin
binasındakı Heydər Əliyev Xatirə zalı ilə də
tanış olan indoneziyalı deputatlar xalqımızın
ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətini,
dünyanın tanınmış siyasətçilərinin Azərbaycana
səfərlərini və ulu öndərlə
görüşlərini əks etdirən fotoşəkilləri,
tarixi sənədləri maraqla izləmişlər.
Sonra qonaqlar Milli Məclisdə
Azərbaycan-İndoneziya parlamentlərarası dostluq qrupunun
üzvləri ilə görüşmüşlər.
Azərbaycan-İndoneziya
parlamentlərarası dostluq qrupunun rəhbəri Bəxtiyar Əliyev
ölkəmizdə parlamentin yaranması tarixi barədə məlumat
verərək demişdir ki, 1918-ci ildə müsəlman Şərqində
ilk olaraq Azərbaycanda demokratik respublika qurulmuşdur. O vaxtlar
ABŞ və Avropanın bir çox inkişaf etmiş ölkələrində
qadınların seçib-seçilmək hüququ
tanınmadığı halda, müstəqil Azərbaycanın
parlamenti bu demokratik prinsipi qanunla təsbit etmişdir.
Bugünkü Milli Məclisin
Azərbaycanda 91 il əvvəl yaradılmış parlamentin xələfi
olduğunu qonaqların diqqətinə çatdıran B.Əliyev
Milli Məclisin iş prinsipi, burada qəbul olunan qanun və qərarlar,
Azərbaycan-İndoneziya parlamentlərarası dostluq qrupunun fəaliyyəti
haqqında danışmış, ölkələrimiz və
ali qanunverici orqanlar arasında əlaqələrin daha da
genişləndirilməsinin vacibliyini
vurğulamışdır.
İndoneziya parlamenti
nümayəndə heyətinin rəhbəri Hənif
İsmayıl Bin M. Rıdvan dost Azərbaycan torpağında
səmimiyyətlə qarşılandıqlarını qeyd edərək
bildirmişdir ki, səfərin əsas məqsədi ölkələrimiz
arasında əlaqələrin, o cümlədən parlamentlərarası
əməkdaşlığın daha da genişləndirilməsinə
nail olmaqdır. Qonaq bunun üçün potensial imkanların
mövcud olduğunu vurğulamış, İndoneziya-Azərbaycan
parlamentlərarası dostluq qrupunun bu məqsədin
reallaşması üçün əlindən gələni
edəcəyini bildirmişdir.
Görüşdə hər
iki ölkənin parlamentlərası dostluq qrupları
arasında əməkdaşlığı daha da genişləndirmək
və qarşılıqlı maraq doğuran digər məsələlər
ətrafında işgüzar fikir mübadiləsi
aparılmışdır.
* * *
Ölkəmizdə səfərdə
olan İndoneziya parlamentinin nümayəndə heyəti iyunun
22-də Milli Məclisin Beynəlxalq münasibətlər və
parlamentlərarası əlaqələr komitəsinin üzvləri
ilə görüşmüşdür.
Beynəlxalq münasibətlər
və parlamentlərarası əlaqələr komitəsinin
üzvü Asim Mollazadə ölkələrimizin, habelə
eyni dinə mənsub olan xalqlarımızın tarixi əlaqələrindən
söz açaraq xarici təcavüzün və onun nəticələrinin
nə olduğunu yaxşı bilən dost İndoneziyanin
bütün beynəlxalq təşkilatlarda, o cümlədən
BMT və İslam Konfransı Təşkilatı çərçivəsində
ardıcıl surətdə Azərbaycanın ərazi
bütövlüyünü dəstəkləməsini minnətdarlıq
hissi ilə qeyd etmişdir.
Görüşdə
Milli Məclisin deputatları bildirmişlər ki, Azərbaycan
dünyanın ən böyük müsəlman dövləti
olan və mənəvi cəhətdən özünə ən
yaxın tərəfdaş bildiyi İndoneziya ilə əməkdaşlığın
inkişafına böyük önəm verir. Bu işdə
parlamentlərin, o cümlədən parlamentlərarası
dostluq qruplarının da üzərinə mühüm vəzifələr
düşür. Şübhəsiz ki, dost İndoneziyadan belə
bir geniş tərkibli nümayəndə heyətinin Azərbaycana
səfəri münasibətlərimizin yeni pilləyə
qalxmasında mühüm rol oynayacaqdır.
İndoneziya-Azərbaycan
parlamentlərarası dostluq qrupu nümayəndə heyətinin
rəhbəri Hənif İsmayıl Bin M. Rıdvan Azərbaycanda
iqtisadiyyatın inkişafı, xalqın həyat səviyyəsinin
yüksəlməsi istiqamətində qazanılan nailiyyətlərdən,
ölkənin beynəlxalq aləmdə nüfuzunun gündən-günə
artmasından xəbərdar olduqlarını və bu
uğurlara sevindiklərini bildirmişdir. Dağlıq
Qarabağ münaqişəsinin tezliklə beynəlxalq
hüquq normaları əsasında, Azərbaycanın ərazi
bütövlüyü çərçivəsində həllinə
ümid etdiyini bildirən indoneziyalı qonaqlar təmsil etdikləri
dövlətin bundan sonra da respublikamızın ədalətli
mövqeyini dəstəkləyəcəyini
vurğulamışlar.
Görüşdə hər
iki parlamentin nümayəndələri əməkdaşlığın
inkişafına dair fikir və mülahizələrini
bölüşmüşlər. Qeyd olunmuşdur ki, parlamentlərarası
əlaqələr qanunvericilik fəaliyyətini də əhatə
etsə, daha faydalı olar, xalqlarımızın bir-birini daha
yaxşı tanıması üçün turizm əlaqələrinin
inkişafı xeyli səmərə verər.
Görüşdə
qarşılıqlı maraq doğuran bir sıra məsələlərə
toxunulmuşdur.
AzərTAc
Azərbaycan.- 2009.- 23 iyun.- S. 6.