Avropa İttifaqı Azərbaycan ilə əməkdaşlığa böyük önəm verir

 

İyunun 22-də Azərbaycanda səfərdə olan Avropa İttifaqının (Aİ) Şərqi Avropa və Mərkəzi Asiya Ölkələri üzrə işçi qrupunun üzvləri ilə Milli Məclisdə görüş keçirilmişdir.

Avropalı qonaqlar Azərbaycan parlamentinin son vaxtlar qəbul etdiyi qanun və qərarlarla yaxından tanış olmuşlar.

Aİ-nin Şərqi Avropa və Mərkəzi Asiya Ölkələri üzrə işçi qrupunun üzvü Mixal Stroxal demişdir ki, Avropa İttifaqı Cənubi Qafqaz və Azərbaycan ilə əməkdaşlığa böyük önəm verir. İşçi qrupunun Azərbaycana səfər etməsi, ölkənizlə və qanunverici orqanın fəaliyyəti ilə yaxından tanış olması bunu bir daha təsdiqləyir. Qonaq əlavə etmişdir ki, Azərbaycanın qurumun "Şərq tərəfdaşlığı" təşəbbüsünə qoşulması təqdirəlayiqdir. Bu, Azərbaycan ilə Avropa İttifaqı arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafına yaxşı zəmin yaradacaqdır.

Qurum regionda, o cümlədən Azərbaycanda sabitliyin və firavanlığın təminatında maraqlıdır deyən nümayəndə heyətinin üzvü, ölkələrin parlamentləri arasında əməkdaşlığın vacibliyindən danışmışdır. Bildirmişdir ki, Aİ-nin bu ilin mayında Praqada keçirilmiş zirvə toplantısında qəbul olunan bəyannamədə də bu məsələ xüsusi olaraq öz əksini tapmışdır.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov ölkəmizin Avropaya inteqrasiya istiqamətində atdığı addımlardan danışaraq bildirmişdir ki, müstəqillik qazandıqdan sonra əldə etdiyimiz uğurlardan biri Azərbaycanın Aİ təsisatları ilə əməkdaşlıq əlaqələri qurması olmuşdur. Ölkədə müxtəlif sahələrdə həyata keçirilən islahatların əsas məqsədi də Avropaya inteqrasiyadır. Azərbaycan "Şərq tərəfdaşlığı" təşəbbüsü prosesində də fəal iştirak edir.

Görüşdə qonaqlara Milli Məclisin ölkənin qanunvericilik bazasının təkmilləşdirilməsi sahəsində görülən işlər barədə məlumat verilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 23 iyun.- S. 6.