Avropa ədliyyə nazirlərinin 29-cu konfransı
keçirilmişdir
İyunun 17-19-da
Norveçin Tromso şəhərində Avropa
Şurasının və Norveç hökumətinin təşkilatçılığı
ilə Avropa ədliyyə nazirlərinin 29-cu konfransı
keçirilmişdir. "Sükutu pozaq - məişət
zorakılığına qarşı birləşək"
mövzusuna həsr olunmuş tədbirdə Azərbaycanı ədliyyə
naziri Fikrət Məmmədov təmsil etmişdir.
Ədliyyə Nazirliyinin
mətbuat xidmətindən bildirmişlər ki, Avropanın
40-dan çox ölkəsinin ədliyyə orqanları rəhbərlərinin
iştirak etdiyi konfransda Avropa Şurası Baş katibinin
müavini Mod de Bur-Bukikkio, Norveçin ədliyyə naziri Knut
Storberqet və BMT Baş katibinin müavini Aşa-Rouz Migiro
çıxış etmişlər.
Vurğulanmışdır
ki, gender bərabərliyi dünyada xüsusi əhəmiyyət
kəsb edən məsələlərdən biridir. Məişət
zorakılığı insan hüquqlarının
pozulmasıdır və bu məsələ uzun müddət
qapalı, qadağan olunmuş mövzu idi. Halbuki statistikaya əsasən,
dünyada hər üç qadından biri
zorakılığın qurbanı olur. Avropa Şurası bu
problemin aradan qaldırılması məqsədilə
xüsusi konvensiya layihəsi hazırlayır.
Ölkəmizin ədliyyə
naziri tədbirdə çıxış edərək
ümummilli lider Heydər Əliyevin gender probleminə
xüsusi diqqəti nəticəsində Azərbaycanda
qadınların cəmiyyətdə rolunun
artırılması, bu sahədə dövlət siyasətinin
gücləndirilməsi, ayrı-seçkiliyin aradan
qaldırılması istiqamətində mühüm tədbirlərin
görüldüyünü diqqətə
çatdırmışdır.
Nazir
vurğulamışdır ki, bu siyasətin davamı olaraq Azərbaycan
Prezidenti İlham Əliyev tərəfindən mühüm qərarlar,
o cümlədən məişət zorakılığı
ilə mübarizənin gücləndirilməsini nəzərdə
tutan İnsan hüquqlarının müdafiəsi üzrə
Milli Fəaliyyət Planı, Demokratik cəmiyyətdə
gündəlik zorakılıqla mübarizə üzrə
Respublika Kompleks Proqramı qəbul edilmiş, beynəlxalq təcrübə
nəzərə alınmaqla hazırlanmış "Məişət
zorakılığına qarşı mübarizə
haqqında" qanun layihəsinin Milli Məclisin müzakirəsinə
verilmişdir.
Tədbir
iştirakçılarının diqqəti Ermənistanın
təcavüzü nəticəsində 1 milyona yaxın soydaşımızın
qaçqın və məcburi köçkün vəziyyətinə
düşməsi faktına, 250 min ailənin üzləşdiyi
sosial, mənəvi və məişət problemlərinə
və bundan irəli gələn psixoloji gərginliyə cəlb
edilmişdir.
Çıxışda
məişət zorakılığına qarşı
mübarizənin gücləndirilməsinə dair bir sıra
təkliflər irəli sürülmüşdür.
Maraqla
qarşılanmış ingilis dilində
çıxışın rus dilində mətni, habelə məişət
zorakılığının qarşısının
alınması ilə bağlı xüsusi broşürlər
və videoçarxlar yazılmış DVD-lər tədbir
iştirakçılarına paylanmışdır.
Tədbirdə məişət
zorakılığına qarşı mübarizənin
gücləndirilməsi, beynəlxalq hüquqi yardımın
səmərəliliyinin artırılması, qanunun aliliyinin
möhkəmləndirilməsinə dair 3 qətnamə qəbul
olunmuş, Avropa Şurasının bir sıra konvensiyaları
imzalanmaq üçün açıq elan edilmişdir.
Konfrans çərçivəsində
Azərbaycan ədliyyə naziri Avropa Şurası Baş
katibinin müavini, insan hüquqları üzrə Avropa
komissarı və digər rəsmi şəxslərlə
görüşmüş, əməkdaşlığa dair
danışıqlar aparmışdır.
Səfər çərçivəsində
bir sıra dövlətlərin, o cümlədən Türkiyə,
Niderland, Macarıstan, Slovakiya, Avstriya və digər ölkələrin
ədliyyə nazirləri ilə işgüzar
görüşlər keçirilmiş,
qarşılıqlı fəaliyyət barədə
faydalı fikir mübadiləsi olmuşdur.
AzərTAc
Azərbaycan.- 2009.- 23 iyun.- S. 7.