"Ölülər"in ölməzlik ruhu

 

Naxçıvan Dövlət Universitetində Cəlil Məmməquluzadənin 140 illik yubileyi münasibətilə keçirilən silsilə tədbirlər davam edir.

AMEA-nın Naxçıvan Bölməsi ilə birgə təşkil olunmuş "Ölülər" tragikomediyası və sənətdə ölməzlik" mövzusunda elmi konfrans Azərbaycan teatrı və dramaturgiyası tarixində xüsusi yer tutan "Ölülər" əsərinin yazılmasının 100-cü ildönümünə həsr olunmuşdu.

Konfransı giriş sözü ilə açan rektor, akademik İsa Həbibbəyli "Ölülər"in ideya-bədii məziyyətlərindən danışmışdır.

Universitetin tədris işləri üzrə prorektoru, əməkdar elm xadimi Hüseyn Həşimli "Ölülər və ədəbi-ictimai mühit", NDU-nun "Azərbaycan ədəbiyyatı" kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Əsgər Qədimov "C.Məmmədquluzadənin "Ölülər" əsərində İsgəndər obrazının prototipləri", AMEA-nın Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev "Ölülər" əsərinin dili və üslubu", NDU-nun "Azərbaycan ədəbiyyatı" kafedrasının dosenti, filologiya elmləri namizədi Əbülfəz Əzimli "C.Məmmədquluzadənin "Ölülər" tragikomediyası ədəbi tənqiddə", AMEA-nın Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun musiqi və teatr şöbəsinin müdiri, sənətşünaslıq namizədi Əli Qəhrəmanov "Ölülər" Naxçıvan səhnəsində" mövzularında məruzələr etmişlər.

Konfransda Cəlil Məmmədquluzadənin həyatı və yaradıcılığına aid kitab sərgisi də nümayiş etdirilmişdir.

Naxçıvan Dövlət Universitetinin Tələbə teatr studiyasının hazırladığı "Ölülər" tamaşası Naxçıvan MR Gənclik Mərkəzində göstərilmişdir. Tamaşada rolları universitetin ayrı-ayrı fakültələrində təhsil alan tələbələr ifa etmişlər.

 

 

Mehriban SULTAN

 

Azərbaycan.- 2009.- 23 iyun.- S. 7.