Ömür bitər, yol bitməz

 

Cəmi 60 il ömür sürmüş Rəfiq Zəka Xəndan Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri idi. Onu tanıyanlar bu qələm sahibini necə təqdim etməkdə bəzən çətinlik çəkirlər. Çünki Rəfiq Zəka Xəndan cəfakeş ədəbiyyatşünas alim, filosof, tərcüməçi, şair, pedaqoq və böyük türkçü idi. Hələ sovet dövrünün qılıncının iti çağlarında qələmə aldığı şeirlərdə soya, kökə, türklüyə böyük məhəbbət və bağlılıq duyulurdu. O, keçən əsrin sonlarında yazırdı:

 

Ey, Zəka, millətimin mən quluyam,

Yurdumun qayğılarıyla doluyam.

Nə qədər bizlər üçün duyğuluyam,

O qədər yadlar üçün qorxuluyam.

 

O, XX əsr Azərbaycan ədəbiyyatşünaslığının görkəmli nümayəndələrindən biri, unudulmaz Cəfər Xəndanın oğlu idi. Rəfiq Zəkanın milli ruhlu vətəndaş kimi formalaşmasında təbii ki, ata ocağının böyük rolu olub. Bu barədə Rəfiq Zəka yazırdı: "Xəndan" adı əslində təxəllüs deyil, soy adıdır. Bizim kökənimiz İrəvan xanları nəslinə aiddir. Atamın atası Zeynalabdin Hasan xanın oğlu idi. Atam deyərdi ki, onun adı "Cəfər Xəndan" deyil, "Cəfər Xandan" olmalı idi. Ancaq o dövrün şərtləri altında "Xandan" "Xəndan" şəklini almışdı..." Beləliklə də, "Xandan" xan nəslinə işarə imiş.

Bakıda anadan olmuş Rəfiq Zəka orta və ali məktəbi bitirərək əmək və yaradıcılıq fəaliyyətinə başlamışdır. Onun yaradıcılığı çoxşaxəli idi. Bir tərəfdən ədəbi yaradıcılıqla məşğul olur, digər tərəfdən pedaqoji fəaliyyət göstərir, eləcə də elmi araşdırmalar aparırdı. O, 1983-cü ildə fəlsəfə üzrə doktorluq işi müdafiə etmişdir. Rəfiq Zəka Xəndan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət, Azərbaycan Dövlət Bədən Tərbiyəsi universitetlərində dərs demiş, bu ali məktəblərin professoru olmuşdur. İstər həmkarları, istərsə də mütəxəssislər bu fikri təsdiqləyirlər ki, Rəfiq Zəka həqiqətən də Cəfər Xəndanın çox ləyaqətli davamçısı olubdur.

Onun yaradıcılıq yolu ilə bağlı müxtəlif illərdə görkəmli sənət adamları, yazıçılar, şairlər xoş sözlər demiş, kitablarına ön sözlər yazmışlar. Xalq yazıçısı Mirzə İbrahimov bu istedadlı şair haqqında belə yazırdı: "Rəfiq Zəka əlinə qələm aldığı gündən gənclik ehtirası ilə şeir və gözəllik məftunu olduğunu sübut edib. O bir neçə ildir ki, yazır, kitabları nəşr olunur, seçdiyi mövzuya müvafiq bədii forma tapmağa çalışan şair əruzun bəhrlərindən, hecanın əlvan şəkillərindən məharətlə faydalanır. Rəfiqin şeirlərində canlı xalq dilinə bağlılıq, axıcılıq, səlistlik nəzərə çarpır. O daim axtarışdadır, şeirin, sənətin mürəkkəb, dolaşıq, cazibədar dağ zirvələrinə qalxmaq üçün öz cığırını açmağa səy edir. Onun sənət eşqinə, gözəllik duyğusuna, iradəsinə, istedadına ürəkdən inanıram. Onun hafizəsinin kəskinliyini, həyəcanının daşqınlığını, zəngin Şərq ədəbiyyatını dərindən duyduğunu, təşnə ürəkli yolçunun duru bulağın gözünə qapıldığı kimi, klassiklərin əsərlərini sonsuz məhəbbətlə mənimsədiyini, şeir, sənət haqqında ehtiraslı düşüncələrə malik olduğunu görməmək mümkün deyil".

Mövzu dairəsi çox geniş olan Rəfiq Zəka yurdumuzun bütün gözəlliklərini poeziyaya gətirən, Vətən, millət haqqında ən gözəl şeirlər yazan müəllif kimi səciyyələnib. İlk kitabı 1962-ci ildə işıq üzü görən şairin 30-dan çox şeir kitabı çap edilib. Onun əsərləri müxtəlif dillərə çevrilmiş, xarici ölkələrdə dəfələrlə nəşr edilmişdir. O, həm də nəğməkar şair idi. Peşəkar və tanınmış bəstəkarların demək olar ki, əksəriyyəti onun şeirlərinə mahnılar bəstələmişlər. İndi də dillər əzbəri olan "Qurban verərdim", "Ana Kür", "Səadət", "Qarabağım", "Gül gözəlim gül" adlı mahnıları müğənnilərin ifasını təravətləndirir.

Rəfiq Zəkanın adı türk dünyasında da məşhur idi. O, dəfələrlə Türkiyənin müxtəlif şəhərlərində keçirilmiş elmi konqreslərdə, beynəlxalq konfranslarda, simpoziumlarda iştirak edib. Azərbaycan-Türkiyə əlaqələrinin inkişafında Rəfiq Zəka Xəndanın xüsusi xidmətləri var idi. Demək olar ki, ötən əsrin 80-ci illərində Türkiyə və Azərbaycan arasında mədəni körpülərin yaradılmasının bünövrəsini qoyanlardan biri də məhz Rəfiq Zəka Xəndan olub. Onun bu xidmətləri Türkiyədəki bir çox nüfuzlu ictimai təşkilatlar tərəfindən mükafatlandırılmışdır. Əməkdar incəsənət xadimi (1987) Rəfiq Zəka Xəndan beynəlxalq Atatürk mükafatı laureatı kimi yüksək ada layiq görülüb. Rəfiq Zəka Xəndanın Ankara və İstanbulda kitabları çap edilibdir. Türkiyədə dəfələrlə olan Azərbaycan şairi Türk Dünyası Araşdırmaları Vakfının fəxri professoru və doktoru idi. Qardaş ölkədə Rəfiq Zəka haqqında monoqrafiyalar nəşr edilirdi, görkəmli türk alimləri onun yaradıcılığından məhəbbətlə, ehtiramla, həm də qürurla söz açırdılar.

Tənqidçi Vaqif Yusifli haqlı olaraq yazır: "Rəfiq Zəka haqqında düşünəndə onun möhkəm türkçü olduğunu xatırlayıram. O, sovet dönəminin ən qızğın, türkçülyün yasaq olduğu, bu barədə ucadan danışılmadığı çağlarda şeir salonlarında, ədəbi məclislərdə türkçülüyü təbliğ edən şeirlər söylərdi". Bu həqiqətdir. Onun dilinin bir şüarı var idi: "Türk millətinə Tanrı yar olsun, türk yurdu əsrlərcə var olsun!" Heç nədən çəkinmirdi. İti yaddaşı, dərin hafizəsi var idi Rəfiq Zəkanın. Saatlarla türk şairlərindən şeirlər söyləyərdi. Onun heyrətamiz hafizəsindən Nəsiminin, Hamidin, Kamalın, Fikrətin, Hadinin, Cavidin şeirləri süzülərdi. Sonda da belə deyərdi:

 

Dədə Qorqud, Dədə Oğuz andımız,

Canımızda, qanımızda ürkü yox!

Yağılara tük saldırıb adımız,

Ruhumuzda bir yabançı türkü yox.

 

Doğma Vətənini, böyük türk dünyasını, ana dilini çox sevirdi Rəfiq Zəka və bu dildə təkcə həmyaşıdları üçün deyil, balaca uşaqlara da ana laylası qədər şirin təsir bağışlayan şeirlər yazardı. Oğlu Xəndana üz tutaraq belə tövsiyə edərdi:

 

Dönüşlər uçarıdır,

Uçarı qaçarıdır,

Dil elin açarıdır,

Dili yadırğamayın.

 

Rəfiq Zəka Xəndan həm də görkəmli alim idi. Klassik Şərq ədəbiyyatını dərindən bilirdi. O, saatlarla ərəb, fars, türk və başqa dillərdə şeirlər deyərdi. Elə bu dilləri dərindən bildiyindən də türk dünyasının söz ustadları haqqında monoqrafiyalar nəşr etdirmişdir. Rəfiq Zəka həm də dramaturq idi. O bir tərəfdən dünya klassik ədəbiyyatının nümunələrini tərcümə edərək teatrlara göndərirdisə, digər tərəfdən də onun librettosu əsasında musiqili komediyalar tamaşaçılara təqdim edilirdi. Rəfiq Zəka bütün mövzularda şeirlər yazırdı. Amma onun şeirlərinin sarı simi Vətən, bütövlük arzusu, türklərin birliyi idi. Xüsusilə də bir-birindən ayrı düşmüş soydaşlarımızın vətən həsrəti Rəfiq Zəkanın şeirlərində çox təsirli ifadə edilirdi:

 

Araz gözümün qorası,

Sağalan deyil yarası.

Bir ulusun göz yaşıdır

İki sahilin arası.

 

Xalq şairi Hüseyn Arif deyirdi ki, Rəfiq Zəkanın şeirlərində həzin bir musiqi dolaşır.

Həqiqətən də onun qələmindən süzülən poetik fikirlərin bağlanışında qəribə bir ritm, məlahət var. Bəzən özün zümzümə etmək istəyirsən. Misraların ahəngindəki musiqi köməyinə gəlir. Məsələn,

 

Bir nəğməli quş idim,

Bir gülə vurulmuş idim.

Yay kimi qurulmuş idim,

Qırıldı kamanım mənim.

 

Ümumiyyətlə, Rəfiq Zəkanın şeirlərində bayatı şirinliyi və dərinliyi var.

Şairin bu yaxınlarda yeni kitabı işıq üzü görüb. "Azərbaycan cahandır" adlanan bu kitabın tərtibçisi müəllifin qızı Aydan Xəndandır. Nədənsə yadıma şairin öz sözü düşdü: "Ömür bitər, yol bitməz". Bu həqiqətən də belədir. İndi 70 yaşı tamamlanan Rəfiq Zəka Xəndan 60-a çatmamış öz ömrünə "əlvida" dedi. Amma yolu bitmədi. Bir vaxt atası Cəfər Xəndanın saldığı yolla ədəbiyyata gələn Rəfiq Zəkanın bitməyən yolunun davamçısı övladları Xəndan və Aydandır. Nə gözəl ki, yollar sona çatmır... Hardasa dünyaya bir cocuq gəlir. Yollara yeni işıq düşür.

 

 

Flora XƏLİLZADƏ

 

Azərbaycan.- 2009.- 23 iyun.- S. 7.