Azərbaycan Prezidenti İlham Əliyev Serbiyanın xarici işlər naziri Vuk Yeremiçin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 23-də Serbiyanın xarici işlər naziri Vuk Yeremiçin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Dövlətimizin başçısı Azərbaycanla Serbiya arasında ikitərəfli münasibətlərin uğurlu inkişafından məmnunluğunu bildirdi. Prezident İlham Əliyev ölkələrimizin beynəlxalq təşkilatlarda bir-birini bundan sonra da dəstəkləyəcəyini dedi. Ölkələrimiz arasında münasibətlərin sürətli inkişafının zəruri olduğunu deyən dövlətimizin başçısı ümidvar olduğunu bildirdi ki, Serbiyanın xarici işlər nazirinin Azərbaycana səfəri bu istiqamətdə atılan mühüm addım olacaqdır. Münasibətlərin inkişafı üçün yaxşı potensialın mövcud olduğunu bildirən Prezident İlham Əliyev dedi ki, beynəlxalq təşkilatlarda ölkələrimizin qarşılıqlı dəstəyini nəzərə alsaq, bu sahədə əməkdaşlıq, əlaqələrimizin daha da genişlənməsi üçün möhkəm əsas yaradır.

Dövlətimizin başçısı təkcə siyasi sahədə deyil, iqtisadi, mədəni və digər sahələrdə məhsuldar əməkdaşlıq üçün yeni sahələrin müəyyənləşdirilməsi istiqamətində konkret addımların atılacağını vurğuladı və əlaqələrimizin bundan sonra da inkişaf edəcəyinə əminliyini ifadə etdi.

Bakıda, Xarici İşlər Nazirliyində aparılan danışıqlara toxunan qonaq dedi ki, biz siyasi sahədə uğurla inkişaf edən əlaqələrimizin daha da genişləndirilməsinin vacibliyi barədə yekdil qərara gəldik. Bakıya gəlməzdən əvvəl ölkəsinin Prezidenti ilə söhbət etdiyini bildirən xarici işlər naziri Vuk Yeremiç qeyd etdi ki, Serbiya rəhbərliyi Azərbaycan ilə ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, habelə beynəlxalq əməkdaşlıq sahəsində sürətlə inkişaf etməsində maraqlıdır. Nazir əlaqələrimizin bundan sonra daha da inkişaf edəcəyinə əminliyini bildirdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 24 iyun.- S. 1.