Azərbaycan Serbiya ilə
əlaqələrin inkişafına
böyük əhəmiyyət
verir
İyunun 23-də Milli Məclisin
Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə
olan Serbiya Respublikasının xarici işlər naziri Vuk
Yeremiçin başçılıq etdiyi nümayəndə
heyəti ilə görüşmüşdür.
Milli Məclisin Sədri
bu cür səfərlərin dövlətlərarası
münasibətlərin inkişafında əhəmiyyətli
rol oynadığını diqqətə
çatdırmışdır. Bildirmişdir ki, ölkələrimiz
arasında siyasi və iqtisadi sahədə əməkdaşlığın
daha da dərinləşməsinə heç bir maneə
yoxdur.
Oqtay Əsədov
demişdir ki, Azərbaycan Cənub-Şərqi Avropa dövlətləri,
o cümlədən Serbiya ilə əlaqələrin
inkişafına böyük əhəmiyyət verir. Bu
gün Milli Məclisdə Serbiya parlamenti ilə əlaqələr
üzrə işçi qrupu fəaliyyət göstərir. Biz
qanunvericilik orqanları arasında əlaqələrin
inkişafını önəmli hesab edirik.
Azərbaycan regional
münaqişələrin həllində Serbiyanın ölkələrin
ərazi bütövlüyünün qorunması və beynəlxalq
hüququn normalarına riayət olunması sahəsində
tutduğu prinsipial mövqeni dəstəkləyir. Heç də
təsadüfi deyildir ki, Kosovo birtərəfli qaydada öz
müstəqilliyini elan etdikdən sonra Azərbaycan sülhməramlıları
bölgədən çıxarılmışdır.
Milli Məclisin Sədri
daha sonra qeyd etmişdir ki, biz Azərbaycanın ən
ağrılı problemi olan Dağlıq Qarabağ
münaqişəsinin həllində Serbiyanın ölkəmizin
mövqeyini dəstəkləməsini yüksək qiymətləndiririk.
İnanırıq ki, problem beynəlxalq hüquq normaları
çərçivəsində tezliklə öz ədalətli
həllini tapacaqdır.
Səmimi
görüş üçün minnətdarlığını
bildirən qonaq təmsil etdiyi ölkənin xarici işlər
nazirinin ilk dəfə Azərbaycana səfər etdiyini diqqətə
çatdırmışdır. O, bu missiyanı ilk dəfə
həyata keçirən şəxs kimi böyük qürur
hissi keçirdiyini dilə gətirmişdir.
Serbiyalı nazir
Bakıda gördüklərindən və buradakı
inkişafdan məmnun olduğunu xüsusi
vurğulamışdır. Bildirmişdir ki, ölkələrimiz
arasında istənilən məsələni müzakirə
etmək üçün heç bir problem yoxdur və Serbiya
Azərbaycan ilə əlaqələrin dərinləşməsində
maraqlıdır.
Qonaq Dağlıq
Qarabağ münaqişəsindən söz açaraq bu məsələdə
ölkəsinin Azərbaycanın ərazi
bütövlüyünü birmənalı şəkildə
dəstəklədiyini və bu mövqedən heç vaxt
geri çəkilməyəcəyini diqqətə
çatdırmışdır.
Görüşdə tərəfləri
maraqlandıran məsələlər ətrafında geniş
fikir mübadiləsi aparılmışdır.
AzərTAc
Azərbaycan.- 2009.- 24 iyun.- S. 3.