Serbiya Azərbaycan münaqişələrin beynəlxalq hüququn normalarına uyğun həllində əməkdaşlıq etməkdə maraqlıdır

 

İyunun 23-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan serbiyalı həmkarı Vuk Yeremiç ilə görüşmüşdür. Görüşdən sonra birgə mətbuat konfransı keçirən nazirlər müzakirə olunan məsələlər haqqında məlumat vermişlər.

Nazir E.Məmmədyarov bildirmişdir ki, görüşdə Dağlıq Qarabağ və Kosovo problemlərinin həlli yolları, Azərbaycan ilə Serbiya arasında iqtisadi, mədəni, xarici işlər nazirlikləri və digər sahələrdə əməkdaşlığın inkişafı ilə bağlı məsələlər müzakirə edilmişdir.

Bundan əlavə, Bakıda və Belqradda biznes forumlarının keçirilməsi də müzakirə mövzusu olmuşdur.

Vurğulanmışdır ki, istər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ, istərsə də Kosovo problemi beynəlxalq hüququn norma və prinsipləri əsasında həll edilməlidir.

Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri qeyd etmişdir ki, beynəlxalq hüququn normaları deyəndə burada dövlətlərimizin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq müstəvidə tanınmış sərhədlərin toxunulmazlığı prinsipindən çıxış etməyin tərəfdarıyıq. Biz belə qərara gəldik ki, həm Azərbaycan, həm də Serbiyanın sərhədləri BMT-yə üzv qəbul edildiyi zaman tanınmış sərhədlər çərçivəsində qəbul olunmalıdır.

Serbiyanın xarici işlər naziri Vuk Yeremiç demişdir ki, XXI əsrdə sülh və sabitlik mühüm bir məsələlərdir. Kosovo ilə bağlı problem isə dünyada bütün ölkələrin ərazi bütövlüyü məsələsində böyük fəsadlar törədə bilər. Məhz bu səbəbdən də Serbiya hökuməti Haaqa Məhkəməsinə müraciət etmişdir. BMT Baş Məclisində səsvermə zamanı Azərbaycanın da dəstəyi nəticəsində biz bu məsələdə qalib gəlmişik. Hazırda məhkəmə bu məsələni nəzərdən keçirir ki, Müstəqillik bəyannaməsinin qəbul edilməsi Nizamnaməyə uyğun şəkildə həyata keçirilmişdir, ya yox?

Azərbaycan ilə Serbiya arasında siyasi münasibətlərin möhkəm olduğunu vurğulayan V.Yeremiç bildirmişdir ki, bu, digər sahələrdə də əməkdaşlıq etmək üçün geniş imkanlar yaradır. Ölkələrimiz arasında bir sıra sazişlərin imzalanmasına ehtiyac vardır. Artıq cari ilin sentyabrında bəzi müqavilələrin imzalanması gözlənilir. Azərbaycan nümayəndələrinin Serbiyaya səfərlərindən sonra bir sıra anlaşmalar da əldə olunacaqdır. Ölkəmiz münaqişələrin beynəlxalq hüquq çərçivəsində həllində Azərbaycan ilə əməkdaşlıq etməkdə maraqlıdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 24 iyun.- S.3.