Milli Təhlükəsizlik Nazirliyi xarici vətəndaşların bank hesablarındakı pul vəsaitlərinin talanması ilə məşğul olan transmilli mütəşəkkil dəstəni zərərsizləşdirmişdir

 

Kompüter informasiyasına qanunsuz daxil olub xarici vətəndaşların müxtəlif bank hesablarındakı pul vəsaitlərinin talanması ilə məşğul olan Azərbaycan Respublikası və xarici ölkələrin vətəndaşlarından ibarət transmilli mütəşəkkil dəstə Milli Təhlükəsizlik Nazirliyi tərəfindən keçirilən növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində ifşa olunaraq zərərsizləşdirilmişdir.

Milli Təhlükəsizlik Nazirliyinin ictimai əlaqələr mərkəzinin məlumatında bildirilir ki, Azərbaycan Respublikasının vətəndaşları - Elqan Hikmət oğlu Vəliyev, Elçin Bəyverdi oğlu Abbasov, Ruslan Abidin oğlu Həsənov, Abidin Nüsrət oğlu Həsənzadə, həmçinin Suriya Ərəb Respublikasının vətəndaşı İbrahim Məhəmməd Əhməd oğlu və hazırda şəxsiyyətləri istintaqla araşdırılan xaricdə yaşayan əcnəbilər mütəşəkkil dəstənin tərkibində qanunla qorunan kompüter informasiyasına qanunsuz daxil olaraq onların surətlərini əldə etmişlər. Mütəşəkkil dəstənin üzvləri həmin informasiyalar vasitəsilə ayrı-ayrı fiziki şəxslərə məxsus elektron bank hesablarından böyük məbləğdə pul çıxarmış və onların mənafeyinə külli miqdarda ziyan vurmaqla həmin pul vəsaitini gizli olaraq talamışlar.

Məlum olmuşdur ki, Elqan Vəliyev, Elçin Abbasov, Ruslan Həsənov, Abidin Həsənzadə və Məhəmməd İbrahim istintaq sirri olduğuna görə adları açıqlanmayan xarici ölkə vətəndaşları ilə cinayət əlaqəsinə girərək Elçin Abbasovun adına "Nur-AB" Məhdud Məsuliyyətli Cəmiyyəti təsis etmiş və onu hüquqi şəxs kimi dövlət qeydiyyatından keçirmişlər. Daha sonra mütəşəkkil dəstənin əcnəbi üzvləri ABŞ, Kanada, Birləşmiş Ərəb Əmirlikləri, Almaniya, İsveç və digər xarici ölkələrin banklarının müştərilərinə məxsus külli miqdarda plastik kartların nömrə və kodlarını qeyri-qanuni əldə edərək dəstənin Azərbaycandakı üzvlərinə göndərmişlər. Qanunsuz əldə olunmuş həmin kompüter informasiyaları əsasında mütəşəkkil dəstənin buradakı üzvləri Elqan Vəliyevin başçılığı və təşkilatçılığı ilə kredit kartlar vasitəsilə nağdsız ödənişlərin həyata keçirilməsi üçün istifadə edilən "Nur-AB" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus "POS-terminal" vasitəsilə təxminən 300 min AZN məbləğində pulun "Nur-AB" MMC-nin hesabına köçürülməsinə nail olmuşlar.

Belə ki, mütəşəkkil dəstə tərəfindən "POS-terminal" vasitəsilə təkcə Almaniya banklarının müştərilərinin plastik kartlarının kodlarından istifadə edilərək 130 min AZN məbləğində saxta nağdsız hesablaşma əməliyyatları aparılmış, həmin vəsaitin "Nur-AB" MMC-nin hesabına köçürülməsi təşkil edilmiş və 2009-cu il may ayının əvvəlində 54 min manat məbləğində pul vəsaiti "Nur-AB" MMC-nin bank hesabından çıxarılmışdır. Dəstənin üzvləri ümumi vəsaitin 73 min manatdan artıq qalan hissəsini isə əvvəlki üsulla bir neçə dəfə hesablardan çıxarmağa cəhd etsələr də, Bakıda fəaliyyət göstərən kommersiya banklarından biri tərəfindən "Nur-AB" MMC-nin hesabı bloklaşdırıldığından onlar öz məqsədlərinə nail ola bilməmişlər.

Bundan başqa, Elqan Vəliyevin başçılığı ilə dəstənin üzvləri 2009-cu ilin iyun ayının əvvəlində növbəti dəfə "Nur-AB" MMC tərəfindən "POS-terminal"la saxta plastik kartlar vasitəsilə 160 min 900 AZN məbləğində nağdsız əməliyyatın aparılmasını təşkil etmişlər. Elqan Vəliyevin göstərişi ilə Elçin Abbasov və Abidin Həsənzadə 2009-cu il iyunun 8-də həmin vəsaitin çıxarılmasını asanlaşdırmaq məqsədi ilə Bakıdakı bir bankın hesabından digər bankın hesabına köçürülməsinə cəhd edərkən Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən xüsusi qabaqlayıcı əməliyyat planı əsasında cinayət başında yaxalanmışlar.

Faktla bağlı Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 271.2.1-ci və 271.2.3-cü, (mütəşəkkil dəstə tərəfindən kompüter informasiyasına qanunsuz daxil olma yolu ilə külli miqdarda ziyan vurma), 177.3.1-ci və 177.3.2-ci (mütəşəkkil dəstə tərəfindən özgənin əmlakını külli miqdarda ziyan vurmaqla gizli olaraq talama) maddələri ilə cinayət işi başlanılmış, Elqan Vəliyev, Elçin Abbasov, Ruslan Həsənov, Abidin Həsənzadə və Məhəmməd İbrahim təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilmişdir.

Cinayət işi üzrə bütün halların araşdırılması, bu hüquqazidd əməllərin digər iştirakçılarının müəyyən olunması üçün zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 24 iyun.- S. 3.