Cənubi Qafqazın ən qüdrətli, modern
və hazırlıqlı ordusu
Artıq Azərbaycanın
müasir tələblərə cavab verə biləcək
nizami ordusu vardır. Orduda lazımi nizam-intizam, qanun-qayda var və
Azərbaycanın bugünkü ordusu, Silahlı Qüvvələri
Azərbaycan torpaqlarını etibarlı müdafiə etməyə
qadirdir. Biz buna çətin yollardan keçərək nail
olmuşuq. Ancaq əldə etdiyimiz nailiyyət bizi
arxayınlaşdırmamalıdır. Azərbaycanda ordunun
inkişaf etməsi, möhkəmlənməsi dövlətimizin
və xalqımızın ən əsas vəzifəsidir.
Heydər Əliyev
1991-ci ildə Azərbaycan
dövlət müstəqilliyini əldə etdikdən sonra
müstəqil dövlətin mövcudluğu
üçün gərəkli olan strukturların
formalaşdırılmasına başlanıldı. Bu dövlət
orqanlarından biri də Müdafiə Nazirliyi idi. Təəssüflə
qeyd edilməlidir ki, o zaman hakimiyyətdə olanlar ordu
quruculuğunun əsasını düzgün qoya bilmədilər.
Əksər hərbi hissələrin yaradılması
demokratik inkişaf yolu seçmiş bir cəmiyyət
üçün normal sayıla bilməyəcək yolla
aparılırdı ki, onların da Müdafiə Nazirliyinə
tabeçiliyi sadəcə kağız üzərində idi.
Nəticə etibarilə hərbi hissələrin hakimiyyət
çəkişmələrinə cəlb edilməsi, cinayətkarlıq
girdabına yuvarlanması həm ordu quruculuğunun
üstündən xətt çəkdi, həm də cəbhədə
Ermənistanın üstünlük qazanmasına gətirib
çıxardı.
Ordu quruculuğunda dönüş
Yalnız Heydər Əliyevin
hakimiyyətə qayıdışından sonra Azərbaycan
Silahlı Qüvvələrində əsaslı
dönüş mərhələsi başladı. Məhvə
doğru gedən Azərbaycan dövlətçiliyinin
xilası yollarını arayan ulu öndərin ilk
addımı məhz əsl, nizami ordunun yaradılması oldu.
Heydər Əliyev böyük uzaqgörənliklə əsasını
qoyduğu ordu quruculuğuna mərkəzi komandanlığa
tabe olmayan bütün hərbi hissələrin
buraxılması ilə başladı. Cəbhədə
qızğın döyüşlərin getdiyi bir vaxtda vahid
komandanlıq əsasında idarə olunan yeni hərbi hissələr
formalaşdırıldı və cəbhə xəttində
vəziyyət tədricən ölkəmizin xeyrinə dəyişməyə
başladı. Bir sıra yaşayış məskənləri
düşməndən azad edildi.
1994-cü il mayın
12-də atəşkəsin əldə edilməsindən sonra
hərbi hissələrin formalaşdırılması tam
başa çatdırıldı. Orduya
çağırış, fərarilik halları ilə
bağlı bütün problemlər həll edildi. Dövlətçiliyi
və hərbi andı hər şeydən uca tutan, hərbçi
olmağı şərəf bilən, mənəvi
baxımdan sağlam zabitlər hərbi hissələrin rəhbərliyinə
cəlb olundular. Tezliklə Silahlı Qüvvələrin mərkəzləşdirilmiş
maddi-texniki təminatı yoluna qoyuldu. Hərbi təhsillə
də bağlı bütün problemlər aradan
qaldırıldı, bu sahədə dünyanın ən
qabaqcıl standartları tətbiq olunmağa başladı.
Bu gün böyük
iftixar hissi ilə deyə bilərik ki, müstəqil Azərbaycanın
güclü ordusunun yaradılması ümummilli lider Heydər
Əliyevin xalqın tələbi ilə 1993-cü ildə
hakimiyyətə dönüşündən sonra həyata
keçirilən dövlət quruculuğunun ən şərəfli
səhifələrindən biridir. Ümummilli lider Heydər Əliyev
ordu quruculuğu sahəsində əldə olunan
uğurları davam etdirməyi, silahlı birləşmələri
möhkəmləndirməyi mühüm vəzifə kimi
qarşıya qoymuşdur: "Artıq Azərbaycanın
müasir tələblərə cavab verə biləcək
nizami ordusu vardır. Orduda lazımi nizam-intizam, qanun-qayda var və
Azərbaycanın bugünkü ordusu, Silahlı Qüvvələri
Azərbaycan torpaqlarını etibarlı müdafiə etməyə
qadirdir. Biz buna çətin yollardan keçərək nail
olmuşuq. Ancaq əldə etdiyimiz nailiyyət bizi
arxayınlaşdırmamalıdır. Azərbaycanda ordunun
inkişaf etməsi, möhkəmlənməsi dövlətimizin
və xalqımızın ən əsas vəzifəsidir".
Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevin milli təhlükəsizlik
siyasəti və strategiyası, ordu quruculuğu ilə
bağlı başladığı işlər onun layiqli
davamçısı Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 2003-cü
ildə andiçmə mərasimindəki nitqi zamanı Prezident
İlham Əliyev deyirdi: "Azərbaycanda ordu quruculuğu
sahəsində də böyük işlər
görülmüşdür. Ölkəmizdə güclü
ordu yaradılmışdır və bu proses davam edəcəkdir.
Bu məsələ daim mənim diqqət mərkəzimdə
olacaqdır. Azərbaycanın çox güclü ordusu
olmalıdır. O, qarşıda duran bütün məsələləri
həll etmək iqtidarında olmalıdır. Əminəm ki,
Azərbaycanın iqtisadi potensialı ordumuzun ən yüksək
standartlara cavab verməsinə və qarşıda duran
bütün vəzifələri yerinə yetirməsinə
imkan verəcəkdir".
Ümumiyyətlə,
son 6 ildə ölkəmizin təhlükəsizlik sisteminin
möhkəmləndirilməsi, Silahlı Qüvvələrdə
aparılan modernləşmə islahatları və bunun nəticəsi
olaraq baş verən keyfiyyət dəyişiklikləri
dövlət başçısının öz vədinə
sadiq olduğunu təsdiq edir... Azərbaycanda iqtisadi
inkişafın sürətlənməsi bu strukturun da fəaliyyətinə
bilavasitə təsirsiz ötüşməmiş, dövlət
büdcəsinin artması digər sahələr kimi müdafiə
ilə bağlı görülən işlərə daha
çox maliyyə vəsaitlərinin ayrılmasını
şərtləndirmişdir. Bu baxımdan Azərbaycan
iqtisadiyyatında baş verən yeni keyfiyyət dəyişikliklərinin
fonunda ordumuzun, ümumilikdə ölkəmizin təhlükəsizlik
sisteminin qüdrətlənməsi daha aydın şəkildə
görsənir. Maliyyə imkanlarının artmasının nəticəsi
olaraq Silahlı Qüvvələrin maddi-texniki bazası tam
yeniləşdirilmiş, fəaliyyətlərində ən
qabaqcıl və müasir texnologiyaların tətbiqi
genişlənmiş, şəxsi heyətin sosial vəziyyəti
və mənzil şəraiti daha da
yaxşılaşdırılmışdır.
Demokratik, hüquqi,
dünyəvi dövlət quruculuğu və sosial-iqtisadi
inkişaf istiqamətində ildən-ilə uğurlarını
artıran Azərbaycan Respublikasında ölkənin
etibarlı müdafiəsinin təşkil edilməsi və hərbi
potensialın gücləndirilməsi və modernləşdirilməsi,
bütün növ qoşun birləşmələrinin
döyüş hazırlığının müasir
standartlar səviyyəsinə çatdırılması kimi
məsələlər də diqqət mərkəzindədir.
Dövlət
başçısı cənab İlham Əliyev təhlükəsizlik
siyasətini həyata keçirən və bu istiqamətdə
praktik fəaliyyət göstərən orqan və qurumlar
içərisində ilk növbədə ölkəmizin hərbi
təhlükəsizliyinin qarantı olan ordu quruculuğu və
Silahlı Qüvvələrin yüksək döyüş
hazırlığı səviyyəsinə gətirilməsi
istiqamətində çox gərgin, səmərəli və
məqsədyönlü iş aparmaqdadır.
Güclü iqtisadiyyat və
güclü ordu formulu qüdrətli ordumuzun təşəkkül
tapmasında çox önəmli rol oynayır. Prezident
İlham Əliyev bu barədə deyib: "Biz orduya
böyük vəsait ayırırıq və heç kim
üçün sirr deyil ki, böyük həcmdə
silah-sursat, texnika, döyüş təyyarələri
alırıq və bunu, bu siyasəti davam etdirəcəyik".
Etibarlı rabitə qələbənin əsas şərtidir
Ölkəmizin ildən-ilə
artan iqtisadi inkişaf tempi Silahlı Qüvvələrimizin
müasir standartlara cavab verən peşəkar orduya
çevrilməsində mühüm amildir. Son illərdə
dövlət büdcəsindən orduya ayrılan xərclər
milyardlarla dollar həcmində ölçülür. Bu vəsaitlər
hesabına Azərbaycan Ordusu sürətlə güclənir,
yeni texniki vasitələr, təyyarələr alınır, ən
müasir silah-sursat qoşunların arsenalına daxil edilir.
Döyüşdə qələbənin
qazanılmasında hər bir qoşun növünün -
artilleriyanın, hava və dəniz qüvvələrinin,
piyada qoşunlarının, kəşfiyyatın və s.
müstəsna rolu var. Təbii ki, bir qoşun
növünün rolu digəri ilə müqayisə oluna bilməz,
çünki hər biri öz özəlliyi ilə fərqlənir.
Döyüşün uğurla başa
çatdırılmasında və qələbənin təmin
edilməsində mühüm rol oynayan vasitələrdən
biri də hərbi bölmələr arasında möhkəm
və etibarlı rabitə əlaqəsinin təmin edilməsidir.
Məlumdur ki,
miqyasından asılı olmayaraq hərbi əməliyyat
başlandığı andan məhz rabitə vasitəsilə
idarə olunur. Yuxarı komandanlıq hücumun və ya
müdafiənin təşkil edilməsi ilə bağlı
tabeliklərində olan bölmələrin komandirlərinə
rabitə və radioteleqram vasitəsilə əmr verirlər.
Digər tərəfdən,
döyüş zamanı adətən bir neçə
qoşun növü iştirak edir. Məsələn, kəşfiyyat
düşmənin içərisindən xəbər verir,
artilleriya və təyyarələr bombalayır, piyada
qoşunu isə hücuma keçir. Bu zaman qoşun növləri
arasında əlaqələr rabitə vasitəsilə təmin
edilir. Bu mənada rabitənin döyüşdə rolu
müstəsna əhəmiyyət kəsb edir və hətta ən
kiçik əməliyyat zamanı rabitə əlaqəsinin
qırılmasının hansı nəticələrə və
ya faciəyə gətirib çıxaracağını təsəvvür
etmək mümkündür. Təsadüfi deyil ki, hazırda
bütün dövlətlərin ordularında ayrıca rabitə
bölmələri mövcuddur. Ulu öndər Heydər Əliyevin
rəhbərliyi ilə ordu quruculuğuna başlandıqdan
sonra Azərbaycan Silahlı Qüvvələrində də əlahiddə
rabitə birlikləri yaradılıb və zəruri texnika ilə
komplektləşdirilib. Hərbi rabitəçilərimizin
arsenalında ən müasir hərbi rabitə
avadanlıqları, komanda qərargah maşınları və
digər müxtəlif təyinatlı texnika var. Bu günlərdə
baş çəkdiyimiz "N" Əlahiddə Təlim
Rabitə Taburunda dediklərimizin əyani şahidi olduq.
Ədalət
Çobanov Rusiyanın Kemerovo şəhərində hərbi
təhsilini başa vurduqdan sonra Azərbaycan Ordusunda hərbi
qulluğa başlayıb və rabitəçi zabit kimi
bütün vəzifə pillələrində qüsursuz xidmət
keçib. "Zabit çox şərəfli peşədir.
Müstəqil dövlətimizin ordusunda zabit kimi xidmət etməkdən
qürur hissi keçirirəm. Ulu öndər Heydər Əliyevin
rəhbərliyi ilə ölkəmizdə ordu quruculuğuna
başlandığı ilk vaxtlardan Azərbaycan Silahlı
Qüvvələrinin sırasında olduğum
üçün ordumuzun inkişafını daha yaxından
hiss etmişəm. Bütün qoşun növləri ilə
yanaşı rabitə birlikləri də son illərdə ən
müasir hərbi-texniki vasitələrlə təmin ediliblər.
Eyni zamanda son vaxtlarda sosial şəraitimiz də əhəmiyyətli
dərəcədə yaxşılaşıb" - deyir Ədalət
Çobanov və əlavə edir ki, bütün bunlar təbii
ki, vəzifənin öhdəsindən daha uğurla gəlmək
üçün güclü stimul verir.
Bu hərbi hissədə də Silahlı Qüvvələrin
digər bölmələrində olduğu kimi NATO
standartlarına keçmə prosesi gedir. Artıq hərbi hissənin ştat
strukturu NATO hərbi prinsiplərinə
uyğunlaşdırılıb.
Taburun ərazisini gəzdikcə
səliqə-sahman diqqəti cəlb edirdi. Bütün ərazisi
asfaltla örtülü olan hərbi hissənin dörd bir
yanındakı təmizlik gözoxşayırdı. Bütün
binaların, kazarmaların daxilinin və çöl hissənin
təmizliyi, səliqəliliyi bir-birini tamamlayırdı. Ərazidəki
ağacların hamısının dibi bellənmiş və əhənglənmişdi.
Hərbi hissə ilə tanışlığımız əsgər kazarmalarından başladı. Aydın məsələdir ki, hərbi hissələrdən söz açılanda ilk yada düşən əsgərlərin məişət şəraiti olur. Taburda hər təlim bölüyünün ayrıca kazarması var. Kazarmalarda əsgərlərin yataq otağı ilə yanaşı, istirahət, məişət, yuyunma otaqları var. Yataq otaqlarında əsl intizam hökm sürürdü. Bütün yataqlar son dərəcə diqqətlə yığılmış, hər bir çarpayının baş və ayaq hissəsində əsgərlərin əl-üz və ayaq dəsmalları səliqə ilə asılmışdı. Kazarmalarda əsgərlərin asudə vaxtlarını mənalı keçirmələri üçün televizorlar da qoyulub. Əsgərlər asudə vaxtlarında istirahət otaqlarında şahmat, dama, domino oynaya, kitab və qəzet oxuya bilərlər. İstirahət otaqlarında bunun üçün hər bir şərait yaradılıb.
Məişət otağında isə əsgərlərin
növbəti günə hazırlaşmaları,
paltarlarını ütüləmələri,
saçlarını qaydaya salmaları üçün
bütün texniki imkanlar var. Ən müasir ütülər, saçvuran cihazlar əsgərlərin
ixtiyarına verilib. Yuyunma otaqlarının da kazarma daxilində olması əsgərlərin
işini xeyli asanlaşdırır.
Şəxsi heyətin mənəvi-psixoloji vəziyyəti
ürəkaçandır
Sirr deyil ki, ordunun
qarşısında duran vəzifələri uğurla yerinə
yetirməsi üçün əsas şərtlərdən
biri şəxsi heyətin mənəvi-psixoloji vəziyyətidir.
Əgər əsgərin psixoloji durumu yüksək səviyyədə
olarsa, ən müasir texnika ilə təchiz olunmuş
düşmənə belə asanlıqla qalib gələ bilər.
Fərəhli haldır ki, bu gün ölkəmizdə həyata
keçirilən uğurlu sosial-iqtisadi siyasətin nəticəsi
olaraq xalqımızın maddi rifahına təsir edən
bütün tədbirlər eyni zamanda, Azərbaycan Silahlı
Qüvvələrinin şəxsi heyətində də
döyüş hazırlığı və mənəvi-psixoloji
hazırlıqda yeni uğurlar qazanmaq üçün ruh
yüksəkliyi yaratmışdır.
Hər əsgər bir
ailədən çıxdığı üçün
onlarla fərdi iş aparmaq zabitlərdən böyük məsuliyyət
tələb edir. Amma hazırkı dövrdə bəzi gənclərin
hərbi xidmətə qədər içərisində
olduqları xoşagəlməz mühit, eləcə də
orta məktəblərdə hərbi dərslərin lazımi
səviyyədə tədris olunmaması zabitlərin işini
bir qədər də artırır. Bəzən bunun
ucbatından müəyyən problemlərin yaranması da
mümkündür. Təəssüf ki, məkrli insanlar əsgərlər
arasında baş verən xoşagəlməz halları
ümumillikdə ordunun ayağına yazırlar. Amma
bütün hallarda Silahlı Qüvvələrdə hökm
sürən mənəvi ab-hava sağlamdır və əsgər-zabit
münasibətləri qarşılıqlı etimad və
ehtiram əsasında formalaşıb.
(Ardı var)
İxtiyar HÜSEYNLİ,
Rəşad CƏFƏRLİ,
Azərbaycan.- 2009.- 24 iyun.- S. 4.