Dövlət qulluqçusu xalqın xidmətçisidir,
insanların qayğıları
ilə yaşamaq onun əsas vəzifəsidir
Müsahibimiz Azərbaycan Respublikasının Prezidenti
yanında Dövlət Qulluğu Məsələləri
üzrə Komissiyanın sədri Bəhram Xəlilovdur
- Bəhram müəllim,
rəhbərlik etdiyiniz qurum 2006-cı ildən fəaliyyət
göstərir. Və təbii ki, komissiya yaradılarkən
onun qarşısında müəyyən vəzifələr
qoyulmuşdur. İstərdik öncə bu vəzifələrin
yerinə yetirilməsi barədə
danışasınız...
- Komissiyanın hansı
vəzifələri həyata keçirməsi barədə
danışmazdan öncə onun yaranmasını şərtləndirən
amilləri qeyd etmək lazımdır. Bildiyiniz kimi,
ümummilli lider Heydər Əliyev çox ağır bir
dövrdə hakimiyyətə gəlmişdir. Ölkəmiz
parçalanmaq üzrə idi, dövlət hakimiyyəti iflic
olmuşdu. Dövlət qulluğunda çalışanlar
xalqın gözündən düşmüş, dövlət
rəhbərliyinə inamsızlıq yaranmışdı. Məhz
ulu öndərin zəngin dövlətçilik təcrübəsi
və gərgin əməyi nəticəsində dövlətimiz
təhlükədən qurtara bildi. Dövlət qulluğuna və
dövlət qulluğunda çalışanlara xalqın
inamının bərpa edilməsi, habelə milli və
müasir dövlət qulluğu sisteminin qurulması məqsədilə
Heydər Əliyevin siyasəti bu istiqamətləri əhatə
edirdi: ölkəmizdə səmərəli, məsuliyyətli
və demokratik idarəçiliyin yaradılması, dövlət
orqanlarının fəaliyyətində çevikliyin və
şəffaflığın gücləndirilməsi, vətəndaşların
qayğı və ehtiyaclarının daha dolğun təmin
edilməsi və dövlət orqanlarının üzərinə
düşən funksiyaların səmərəli şəkildə
yerinə yetirilməsinə xidmət edən təcrübəli
və peşəkar dövlət qulluqçusu korpusunun
formalaşdırılması.
Cənab İlham Əliyevin
dövlət başçısı seçilməsi
Böyük Azərbaycançı Heydər Əliyevin
bütün sahələrdə başladığı işlərin
uğurlu inkişafını sürətləndirdi. Respublikamızda
dövlət qulluğunun daha yaxşı təşkili və
idarə olunması məqsədi ilə məhz Prezident
İlham Əliyevin 2005-ci il 19 yanvar tarixli fərmanı əsasında
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət
Qulluğu Məsələləri üzrə Komissiya
yaradılmışdır. Komissiya bilavasitə Azərbaycan
Respublikasının Prezidentinə tabedir və onun
qarşısında hesabat verir.
2006-cı ilin
oktyabrından fəaliyyətə başlayan komissiyanın əsas
məqsədləri dövlət qulluğu sahəsində qəbul
edilmiş normativ hüquqi aktların tətbiqinin təşkil
edilməsi, dövlət qulluğu üçün
kadrların müsabiqə və şəffaflıq əsasında
seçilməsi, dövlət qulluqçularının əlavə
peşə təhsilinin əsaslarının müəyyən
edilməsi, həmçinin dövlət qulluğu ilə
bağlı digər məsələlər barədə
qanunvericilikdə nəzərdə tutulmuş siyasətin həyata
keçirilməsini təmin etməkdən ibarətdir.
Bundan əlavə,
dövlət qulluqçuları üçün təlim tələbatlarının
müəyyənləşdirilməsi və təlim
strategiyasının hazırlanması kimi vəzifələr
də komissiyanın məsul olduğu məsələlərdəndir.
- Bu vəzifələrin
həyata keçirilməsi üçün komissiya hansı
işləri görür?
- Bu vəzifələrin
həyata keçirilməsi ilə əlaqədar komissiya
dövlət qulluğu və kadr məsələləri sahəsində
fəaliyyətin təkmilləşdirilməsi
üçün tələb olunan normativ hüquqi aktların
layihəsini hazırlayır, dövlət
qulluqçularının peşə hazırlığı və
ixtisasının artırılması sahəsində dövlət
orqanlarının fəaliyyətini əlaqələndirir, bu
sahədə işlərin vəziyyətini təhlil edir və
təkliflər hazırlayır, mərkəzləşdirilmiş
qaydada vətəndaşların dövlət qulluğuna qəbulunu
müsabiqə və şəffaflıq əsasında həyata
keçirilməsini təmin edir, dövlət
qulluqçularının idarə edilməsinə dair mərkəzləşdirilmiş
məlumat bazasını inkişaf etdirir və Azərbaycan
Respublikasının qanunvericiliyi ilə komissiyaya həvalə
olunmuş digər vəzifələri yerinə yetirir.
Komissiya
qarşısına qoyulan əsas məqsədlərdən
birinə çatıb. Belə ki, 2007-ci ildən başlayaraq
vətəndaşların dövlət qulluğuna qəbulu
şəffaflıq və müsabiqə əsasında
keçirilir. Bu gün biz qətiyyətlə deyə bilərik
ki, dövlət qulluğuna qəbulda əksər neqativ
halların qarşısı alınmışdır. Artıq
dövlət qulluğuna vətəndaşlar yalnız və
yalnız öz bilik və bacarıqları sayəsində qəbul
olunurlar. Nəticədə bu da, həm dövlət
qulluğunda təcrübəli və peşəkar dövlət
qulluqçusu korpusunun formalaşmasına, həm də bu sahədə
aparılan dövlət siyasətinə ictimai etimadın
artırılmasına xidmət edir. Bu, istər vakant dövlət
qulluğu vəzifələrinin tutulması üçün
müsabiqənin keçirilməsi məqsədi ilə
komissiyaya müraciət edən dövlət
orqanlarının və onların təqdim etdiyi vəzifələrin,
istərsə də bu müsabiqələrdə iştirak etmək
üçün qeydiyyatdan keçən namizədlərin
sayında özünü göstərir. Belə ki, birinci
müsabiqədə 15 dövlət orqanı iştirak edirdisə,
bu gün biz 40 mərkəzi icra hakimiyyəti orqanı üzrə
vakant vəzifələri müsabiqə və ya müsahibəyə
təqdim edirik. Namizədlərə gəldikdə isə
birinci müsabiqədə 930 namizəd iştirak edirdisə,
sonuncu, altıncı müsabiqədə 2862 namizəd sənəd
vermişdir. Namizədlərin sayının 3 dəfə
artması elə ictimai etimadın bariz nümunəsidir.
- Bu günə qədər
komissiyanın təşkil etdiyi müsabiqə və
müsahibələr əsasında neçə nəfər
dövlət qulluğuna qəbul edilmişdir?
- İndiyədək
komissiyanın keçirdiyi 5 müsabiqə və 5 müsahibə
əsasında 622 nəfər vakant dövlət qulluğu vəzifəsinə
təyin olunmuşdur. Onların 343 nəfəri müsabiqə,
222 nəfəri müsahibə nəticəsində, 57-si isə
ehtiyat kadrlar siyahısından dövlət orqanlarında
işlə təmin olunmuşlar. Bu gün ehtiyat kadrlar
siyahısında 85 namizəd var. Onlar yüksək potensiala
malik və dövlət qulluqçusu olmağa tam hazır
olan namizədlərdir. Biz yeni müsabiqə elan etməmişdən
öncə ehtiyat kadrlar siyahısında olan namizədlərin
şəxsi işlərini onların uyğun gəldiyi vakant
vəzifənin tutulması üçün dövlət
orqanına təqdim edirik. İnzibati vəzifələrin
6-9-cu təsnifatına uyğun olan vakant vəzifəsi olan
dövlət orqanları bu namizədlərin potensialından
yararlana bilərlər.
Oxucularınızla bir məsələni
də bölüşmək istəyirəm. "2007-2015-ci
illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə
təhsili üzrə Dövlət Proqramı" üzrə
təhsil almış vətəndaşlar birbaşa ehtiyat
kadrlar siyahısına daxil edilirlər. Komissiyanın
gördüyü tədbirlər nəticəsində indiyə
qədər xaricdə bu proqram əsasında təhsil alan 5
namizəddən 3-ü müvafiq dövlət orqanında
vakant vəzifəyə qəbul edilmişdir.
- Biz müşahidə
etmişik ki, test imtahanı mərhələsində uğur
qazanan namizədlərin yalnız 30 faizi müsahibədə
uğur əldə edir...
- Komissiyanın indiyə
qədər təşkil etdiyi 5 müsabiqə üzrə
qeydə alınmış 7772 namizəddən 1543-ü test
imtahanı mərhələsində uğur qazana bilmişdir.
Bu da namizədlərin orta hesabla 20 faizini təşkil edir.
Bunların da orta hesabla 31 faizi müsahibə mərhələsini
uğurla adlamışdır. Mart ayında elan olunmuş
6-cı müsabiqənin ikinci mərhələsi hələ
davam etdiyindən neçə namizədin uğur
qazanacağını öncədən demək mümkün
deyil. Amma 6-cı müsabiqədə də iştirak edən
2862 namizəddən təxminən 19 faizi, yəni 539 namizəd
test imtahanı mərhələsindən uğurla
keçmişdir. Göründüyü kimi, müsabiqələrdə
iştirak edən namizədlərin sayı artsa da, test mərhələsini
keçənlərin statistik göstəriciləri o qədər
də dəyişmir.
- Test imtahanında
uğur qazananların cəmi 20 faiz olmasını nə ilə
izah edərdiniz?
- Dəfələrlə
bildirmişik ki, müsabiqələrdə iştirak edən
namizədlərin təhsil səviyyəsi bizi tam qane etmir. Bir
çox vakant vəzifə müsabiqə və yaxud
müsahibədən sonra boş qalır. Bu, namizədlərin
təhsil səviyyəsi ilə bağlıdır. Qeyd etdiyim
kimi, test imtahanı mərhələsində iştirak edən
namizədlərin təxminən 19-20 faizi uğur qazana bilir. Nəzərə
alsaq ki, biz namizədlərin test imtahanına
hazırlığını təmin etmək
üçün test bankı və onların tərtibində
istifadə edilmiş ədəbiyyat siyahısını elan
verdiyimiz gündən öz internet səhifəmizdə yerləşdirməklə
bütün namizədlərə bərabər şərait
yaradırıq, bu, olduqca zəif göstəricidir. Baza təhsili
yaxşı olan namizəd üçün bu şərtlər
içində 100 sualdan 80-nə düzgün cavab vermək elə
də çətin olmamalıdır.
Bunu ali məktəblərə
bir siqnal kimi də qiymətləndirmək olar. Çünki
namizədlərin əksəriyyətini ali məktəbləri
yeni bitirmiş şəxslər təşkil edir.
- Bəzən belə
fikirlər səslənir ki, namizəd test imtahanını
uğurla keçibsə, müsahibəyə nə lüzum
var. Sizin buna münasibətiniz necədir?
- Komissiya müsabiqələrin
müsahibə mərhələsinə xüsusi önəm
verir. Yalnız test imtahanı ilə namizədlərin dövlət
qulluğuna yararlı olub-olmamasını müəyyən
etmək mümkün deyil, bu heç doğru da olmazdı. Çünki
dövlət qulluğuna gələn abituriyent deyil ki, hələ
4-6 il ali təhsil ocağında bilik və təcrübə
toplasın. Dövlət qulluğuna gələn vətəndaş
bu şərəfli və məsuliyyətli işə
hazır olmalıdır. Bunun üçün onun bilik və
təcrübəsi ilə yanaşı, şəxsi keyfiyyətləri
də çox yüksək olmalıdır. Çünki
dövlət qulluğunda o, dövlətin adından vətəndaşlarımıza
xidmət göstərəcəkdir.
Test imtahanı mərhələsində
namizədlərin zəruri peşə-ixtisas, qanunvericilik və
kompüter bilikləri, habelə məntiqi düşünmə
qabiliyyəti yoxlanılır. Müsahibədə isə
müsahibə qrupu namizədlərin müvafiq vəzifəyə
yararlılığını dörd meyara əsasən qiymətləndirir.
Bunlar namizədin bilik səviyyəsi, peşə
hazırlığı, ümumi dünyagörüşü
və müvafiq vəzifə üçün lazım olan digər
keyfiyyətlərdir. Sözsüz ki, müsahibə qrupu namizədlərin
şəxsi keyfiyyətlərini, yəni vətənpərvərlik
duyğularını, səmimilik, özünütənqid
hisslərini, ünsiyyət qurmaq, analitik təhlil, problem həlletmə
qabiliyyətlərini də qiymətləndirir. Bu keyfiyyətləri
də yalnız namizədlə birbaşa müsahibə əsasında
qiymətləndirmək olar.
- Adi bir müsahibədə
namizədin şəxsi keyfiyyətlərini necə təyin
edirsiniz?
- Müsahibənin
aparılma texnologiyaları var. Komissiyanın əməkdaşları
həm xaricdə, həm də Bakıda müsahibənin
aparılması üçün hazırlıq keçiblər.
Qiymətləndirmə formaları işləyib
hazırlamışıq. Dövlət orqanlarının
müsahibə komissiyasına təqdim etdiyi üzvləri
üçün də müsahibə aparılması
texnologiyalarını öyrətmək üçün bir
neçə dəfə treninqlər keçirmişik.
- Müsahibədə
3-4 namizəddən birinin keçməsini namizədlərə
qarşı subyektiv yanaşma kimi qiymətləndirənlər
də var. Bu mərhələnin şəffaflığını
təmin etmək məqsədilə hansı tədbirlər
görülür?
- Doğrudan da,
müsabiqənin ikinci mərhələsi olan müsahibəyə
gələn namizədlərin təxminən 3-də biri
keçir. Müsahibədən keçməyənlər də,
təbii ki, narazı qalır. Komissiyanın fəaliyyəti
tam açıqdır. Kimin əlində hər hansı bir
fakt varsa, buyursun müraciət etsin. Komissiya müraciət edənin
iştirakı ilə hər bir faktı araşdırmağa
hazırdır.
Müsahibə mərhələsində
subyektivliyin aradan qaldırılması üçün
komissiya işini tam şəffaflıq əsasında qurub. Birincisi,
biz, istisnasız olaraq, bütün namizədlərin elektron
ünvanlarına hansı mövzularda müsahibənin gedəcəyi
barədə email vasitəsi ilə geniş məlumat göndəririk.
Bu, subyektivliyin qarşısını almaqla yanaşı, həm
də namizədlərin start vəziyyətində bərabərliyini
saxlayır. İkincisi, obyektivlik və şəffaflığı
təmin etmək məqsədilə müsahibələrin
video çəkilişləri aparılır və 1 il
komissiyada saxlanılır. Video yazılışlar
aparıldıqdan sonra namizədlərin özlərinə
verdiyi qiymətlə müsahibə qrupu üzvlərinin qiymətləndirməsi
demək olar ki, tam üst-üstə düşür.
Eyni zamanda, bu mərhələdə
şəffaflığı tam təmin etmək
üçün müsahibələri açıq elan etdik. KİV,
QHT və beynəlxalq təşkilatların nümayəndələri
komissiyada qeydiyyatdan keçməklə müsahibələrdə
müşahidəçi kimi iştirak edə bilərlər.
Üçüncüsü, müsahibə qrupu üzvlərinin
namizədin vakant vəzifəyə uyğun olub-olmaması barədə
verdikləri qiymətlərdə 3 baldan artıq fərq
yaranarsa, bu müsahibənin nəticəsi ləğv edilir və
yeni müsahibə keçirilir. Bu halda müsahibə qrupunun
üzvləri tam dəyişir. İndiyə qədər
keçirilən müsahibələrdə bir neçə
belə hal baş vermişdir. Həmin müsahibələrin
nəticəsi ləğv edilmiş, yeni müsahibə qrupu təşkil
olunmuş, yenidən müsahibə keçirilmişdir. Dördüncüsü,
komissiyada müsahibələri qiymətləndirmək
üçün yaradılan daxili nəzarət qrupu həmin
müsahibənin video çəkilişinə baxır və
müsahibə qrupu üzvlərindən hansının
subyektivliyə yol verdiyini araşdırır. Subyektivliyə
yol verən müsahibə qrupunun üzvü müsahibələrdən
tamamən kənarlaşdırılır. Müsahibədə
keçid balı 16-dır. Daxili nəzarət qrupu hətta
15 və artıq bal qazanan, amma keçid balı toplamayan namizədlərin
də müsahibəsini araşdırır.
- Bəs müsahibələrdə
iştirak etmək hüququ əldə etmiş namizədlərin
belə zəif göstəricilərinin səbəbi nədir?
- Komissiyanın
apardığı araşdırma nəticəsində bunun
bir neçə səbəbi üzə
çıxmışdır: Birinci səbəb kimi namizədlərin
komissiyanın saytında yerləşdirilən və
müsabiqə qaydalarını tam əhatə edən
"Dövlət qulluğuna qəbul və inzibati vəzifələrin
tutulması üçün müsahibənin keçirilməsi
Qaydaları" ilə maraqlanmamalarını göstərmək
olar. Bu qaydalarda isə namizədin hansı meyarlar əsasında
qiymətləndiriləcəyi dəqiq qeyd olunur. İkinci səbəb
namizədlərin iddia etdikləri vakant dövlət
qulluğu vəzifəsinin qulluq funksiyalarını öyrənməmələridir.
Baxmayaraq ki, komissiya həm kütləvi informasiya vasitələrində
yerləşdirdiyi elanda, həm də özünün internet
səhifəsində bu barədə ətraflı məlumat
yerləşdirir. Üçüncü səbəb namizədlərin
işləmək istədikləri dövlət orqanı barədə
məlumatlarının olmamasıdır. Bu da namizədin
işləmək istədiyi dövlət orqanına
etinasızlığı kimi dəyərləndirilə bilər.
Dördüncü səbəb kimi namizədlərin ümumi
dünyagörüşünü qeyd etmək olar. Bəzi
namizədlər əsasən ölkədə və
dünyada baş verən ən önəmli hadisələrdən
ya xəbərsiz olurlar, ya da çox zəif məlumatlıdırlar.
Beşinci səbəb kimi bəzi namizədlərin vətənpərvərlik
duyğularını və şəxsi keyfiyyətlərini
göstərmək olar. Onların müsahibə zamanı
dövlətimizə qarşı biganəliyi, qeyri-səmimiliyi,
analitik qabiliyyətinin zəif olması üzə
çıxır.
- Komissiyanın fəaliyyətindən
kənar işə götürmə halları olurmu?
- Bir neçə belə
faktlar olub, lakin qarşısını almışıq. Biz həmişə
açıq bir qurum olmuşuq.
Kimdə elə faktlar
varsa, bizə məlumat verməyi tövsiyə edirik. Əmin
edirik ki, biz həmin faktları araşdırıb nəticəsi
barədə ictimaiyyətə məlumat verəcəyik.
- Müsahibələrinizin
birində bildirmişdiniz ki, dövlət
qulluqçularının etik davranış qaydaları ilə
bağlı problemlər hələ də qalmaqdadır. Bunlar
hansı problemlərdir?
- Problemlər
olmasaydı, "Dövlət qulluqçularının etik
davranış qaydaları haqqında" qanunun qəbul edilməsinə
də ehtiyac olmazdı. Həmin qanunun icrasına nəzarəti
həm dövlət orqanları, həm də komissiya həyata
keçirir. Etik davranış qaydalarının pozulması
barədə komissiyaya bir neçə müraciət olub. Komissiya
bu müraciətləri qanunvericiliyə uyğun olaraq
araşdırmış və müvafiq tədbirlərin
görülməsi üçün dövlət orqanı rəhbərinə
təqdimat vermişdir. Əsas problemlərdən biri dövlət
qulluqçularının vətəndaşlarla
davranışındadır.
Bundan başqa,
bütün dövlət orqanlarından etik davranış
qaydalarına riayət edilməsi barədə hesabatlar
almışıq. Avropa Şurasının Korrupsiyaya
qarşı mübarizə üzrə AZPAC layihəsi var. Həmin
layihə çərçivəsində xarici ekspertləri cəlb
etməklə dövlət qulluqçuları
üçün treninq-seminarlar keçirmişik. Bizdə
olan məlumata görə, bu tədbirlərin faydası olub.
- Komissiyanın əsas
vəzifələri barədə danışarkən dövlət
qulluqçularının əlavə peşə təhsilinə
cəlb edilməsini də qeyd etdiniz. Bu barədə nə deyə
bilərsiniz?
- Komissiya dövlət
qulluqçularının peşə və ixtisas
artımını daim diqqətdə saxlayır. Dövlət
qulluqçuları üçün təlimlərin
keçirilməsinin əsas məqsədi dövlət
qulluqçularının qarşısına qoyulan vəzifələrə
nail olunmasıdır.
Komissiya Almaniya Texniki Əməkdaşlıq
Cəmiyyəti (GTZ) ilə birgə həyata keçirdiyi
layihə çərçivəsində dövlət
orqanlarının kadr qurumları rəhbərləri
üçün 2008-ci ilin may-iyul aylarında Litva
Respublikasının paytaxtı Vilnüs şəhərində
"Kadrların idarəedilməsi" mövzusunda təlim
kursları təşkil etmişdir. Bundan əlavə, komissiya
Birləşmiş Millətlər Təşkilatının
İnkişaf Proqramı ilə regionlarda fəaliyyət
göstərən dövlət qulluqçuları
üçün silsilə təlimlər keçirir.
Komissiya qanunvericiliyin tətbiqi
zamanı meydana çıxan problemləri müəyyən
edərək və dövlət qulluğu sahəsində beynəlxalq
təcrübəni öyrənərək "Dövlət
qulluğu haqqında" qanuna dəyişikliklər və əlavələr
edilməsi barədə qanun layihəsi
hazırlamışdır. Həmin layihə Milli Məclis tərəfindən
qəbul edilmiş 2008-ci ilin sonlarında qüvvəyə
minmişdir. Qanunda dövlət qulluqçularının
peşəkarlığının inkişaf etdirilməsi məqsədi
ilə əlavə peşə təhsili keçmə,
dövlət qulluğunda rotasiya sisteminin tətbiq edilməsi
və digər məsələlər nəzərdə
tutulmuşdur. Dövlət qulluqçularının əlavə
peşə təhsilinə cəlb ediməsi, təcrübə
keçməsi, yenidən hazırlanması və
ixtisasartırması üçün dövlət
sifarişinin hazırlanması Nazirlər Kabinetinin 19 mart
2009-cu ildə qəbul etdiyi "Dövlət
qulluqçularının əlavə peşə təhsilinin
növü, forması, müddəti və maliyyə təminatı
qaydaları" ilə komissiyaya həvalə olunmuşdur. Bu
qaydalar 2010-cu il yanvarın 1-dən qüvvəyə minir.
- Bildirdiniz ki, dövlət
qulluqçularının idarə edilməsinə dair mərkəzləşdirilmiş
məlumat bazasının yaradılması da komissiyanın əsas
fəaliyyət istiqamətlərindəndir. Bu sahədə nə
kimi tədbirlər görülür?
- Komissiya bu sahədə
görülən işlərin genişləndirilməsi, beynəlxalq
standartlara uyğun idarə olunması və səmərəli
istifadə edilməsi üçün səlahiyyətləri
daxilində bütün zəruri işləri görür. Bilirsiniz
ki, dövlət qulluqçuları reyestrinin aparılması
Azərbaycan Respublikasının Prezidentinin fərmanı ilə
komissiyaya həvalə edilmişdir. Dövlət reyestrinin məqsədi
dövlət qulluqçuları haqqında məlumatları əhatə
edən vahid informasiya sisteminin yaradılmasıdır.
Hazırda reyestrin məlumat
bazasında 7000-dən artıq dövlət qulluqçusu barədə
məlumat toplanmışdır. Bu məlumatlar hər ayın
1-dən gec olmayaraq yenilənir. 2008-ci ilin sonundan başlayaraq
yerli icra hakimiyyəti orqanlarında çalışan
dövlət qulluqçuları ilə bağlı məlumatların
da reyestrə daxil edilməsinə
başlanılmışdır.
Dövlət reyestri bizə
hər bir dövlət qulluqçusu barədə dolğun məlumat
əldə etmək imkanı verir. Dövlət reyestrinin ən
önəmli xüsusiyyətlərindən biri də onun
dövlət qulluğunda çalışan kadr resurslarının
idarə edilməsində oynadığı roldur. Belə ki,
reyestr dövlət qulluğunda kadrların hərəkətinin
idarə olunması ilə yanaşı, dövlət
qulluqçusunun qulluqda yüksəlişinin də şəffaflıq
və ədalətlilik prinsiplərinə uyğun həyata
keçirilməsini təmin edir.
- Dövrümüz
İKT dövrüdür. Komissiya bu sahədə hansı tədbirlər
keçirir?
- Bu gün Prezident
İlham Əliyevin siyasəti dövlətimizdə
"elektron hökumət"in qurulmasına yönəlib. Bunu
nəzərə alan komissiya dövlət qulluğuna qəbulla
bağlı keçirilən test imtahanlarında 10 sualı məhz
İKT sahəsinə aid edib. Bundan başqa, keçirilən
müsahibələr zamanı da namizədlərin İT sahəsində
bilikləri yoxlanılır. Yəni İKT-nin dövlət
idarəedilməsində, "elektron hökumət"in və
"informasiya cəmiyyəti"nin təşəkkül
tapmasında önəmini nəzərə alan komissiya
dövlət qulluğuna kompüter və əsas ofis
proqramlarını bilən, habelə internetlə işləmək
bacarığı olan vətəndaşların qəbulunda
maraqlıdır. Bu da karyerasını dövlət
qulluğunda qurmaq istəyən vətəndaşların
İKT sahəsini daim diqqətdə saxlamasına xidmət
edir.
Bundan başqa, komissiya vətəndaşlarla
münasibətini əsasən İT-nin yaratdığı
imkanlar vasitəsi ilə qurur. Bu da komissiya ilə vətəndaşlar
arasında yaranmış qarşılıqlı etibar və
güvənin göstəricisidir.
Komissiya
özünün rəsmi internet saytını "İnformasiya
əldə etmək haqqında" qanununa uyğun olaraq
ictimai informasiyaların ilkin mənbəyi kimi qiymətləndirərək
həmin qanunun 29-cu maddəsinin tələblərinə
uyğun olaraq tərtib etmişdir. İnternet səhifəsində
komissiyaya birbaşa müraciət etmək üçün
imkan yaradılmışdır.
Müsabiqə və
müsahibələrin elan mərhələsindən tutmuş
namizədin vakant vəzifəyə uyğun olub-olmaması barədə
yekun qiymətləndirməyədək bütün
informasiyalar komissiyanın rəsmi internet səhifəsində
gündəlik yerləşdirilir. Müsabiqə və
müsahibələr zamanı sənəd qəbulu prosesinin
gedişi və müsabiqə vəziyyəti haqqında
gündəlik məlumat internet istifadəçiləri olan
namizədlərin nəzərinə
çatdırılır. Bu həm də imkan verir ki, vakant
dövlət qulluğu vəzifəsi seçən namizədlər
bir yerə neçə nəfərin iddia etdiyini bilsinlər.
Yəni seçim edərkən rəqabətlilik vəziyyətini
də bilsinlər. Bu ildən başlayaraq elektron ünvanı
olan bütün namizədlərə müsabiqənin
gedişi ilə bağlı gündəlik statistik məlumatlar
çatdırılır.
Sonda bir vacib məqama
da toxunmaq istərdim. Azərbaycan
Respublikasında demokratik,
hüquqi və dünyəvi dövlət
qurulması prosesində
dövlət qulluğunun
rolunu və Birləşmiş Millətlər
Təşkilatının Baş
Assambleyasının tövsiyəsini
nəzərə alan Azərbaycan Respublikasının Prezidenti
hər il iyunun 23-nün Azərbaycan
Respublikasında Dövlət
qulluqçularının peşə
bayramı kimi qeyd olunması barədə 2006-cı il
26 may tarixində sərəncam
imzalamışdır. Həmin ildən
də dövlət qulluqçuları iyunun
23-də peşə bayramlarını
qeyd edirlər.
Bu bayram münasibətilə
bütün dövlət qulluqçularını ürəkdən
təbrik edir, onların hər birinə gördükləri
şərəfli və məsuliyyətli işdə
uğurlar arzu edirəm. Hər bir dövlət
qulluqçusunun uğuru ümumilikdə dövlətimizin
uğurudur. İstərdim ki, hər bir dövlət
qulluqçusu dövlət qulluğuna qəbul olunarkən təntənəli
şəraitdə Azərbaycan Respublikasının Dövlət
bayrağı altında Azərbaycan Respublikasının
Konstitusiyasına əl basmaqla içdiyi dövlət
qulluqçusu andına daim sadiq qalsın, Azərbaycan dövlətinin
onun qarşısında qoyduğu vəzifələri layiqincə
yerinə yetirsin. Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin dediyi kimi, "...müstəqil Azərbaycan
Respublikasında dövlət qulluğunda çalışmaq
hər bir insan üçün son dərəcə şərəfli
işdir. Bu o deməkdir ki, həmin vətəndaşa
müstəqil, demokratik dövlət və vətəndaş
cəmiyyəti quruculuğunun ön sıralarında olmaq
imkanı etibar edilmişdir. Hər bir şəxs bilməlidir
ki, dövlət qulluğunda olmaq imtiyaz deyil, məsuliyyətdir,
insanlara xidmət imkanıdır. Tutduğu vəzifənin səviyyəsindən
və əhəmiyyətindən asılı olmayaraq, dövlət
qulluqçusu həmişə xatırlamalıdır ki, o,
xalqın xidmətçisidir, insanlara xidmət, onların
qayğıları ilə yaşamaq onun əsas vəzifəsidir".
Rəşad CƏFƏRLİ
Azərbaycan.- 2009.- 24 iyun.- S. 5.